Məhkəmə qərarları › İş №2(3-6)-3035/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3035/2026

07.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3035/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Məhkəmə icraatı 1.Iddia ərizəsində tələb olunub ki, cavabdehdən iddiaçının xeyrinə göstərilən pul vəsaiti tutulsun: 1) iki ayın əmək haqqı olan 1.000 manat; 2) satışdan əldə olunan pulun 25 faizi olan 63.888 manat, habelə həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 1 faiz; 3) mənəvi zərərin əvəzi kimi 5.000 manat. Bundan başqa, iddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də tələb olunub. 2.Tələb onunla əsaslandırılıb ki, cavabdeh daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur. Iddiaçı ##.##.2022-ci il tarixdən etibarən cavabdeh təşkilatda ofis müdiri vəzifəsində işləyib. Tərəflərin arasında olan razılığa əsasən, iddiaçıya hər ay 500 manat əmək haqqı ödənilməli, əlavə olaraq daşınmaz əmlakın hər satışından əldə olunan pulun 25 faizi iddiaçıya verilməli idi. Iddiaçının ##.##.2022-ci il tarixdən 2023-cü ilin iyun ayınadək cavabdeh təşkilatda işləməsinə baxmayaraq cavabdeh razılaşmanı pozaraq vəd etdiyi aylıq 500 manat əmək haqqını, habelə satışdan əldə olunan pulun 25 faizini iddiaçıya ödəməyib. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh təşkilat Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 manat cərimə olunub. Inzibati xəta ilə bağlı iş üzrə keçirilən məhkəmə iclası zamanı iddiaçının cavabdeh təşkilatın işçisi olması öz təsdiqini tapıb, əmək müqaviləsi olmasa da iddiaçının işə gəlib-getməsi ilə bağlı müvafiq qeydlər aparılıb. Bundan başqa, dindirilmiş şahidlər öz ifadələrində iddiaçıya işçi kimi cavabdeh təşkilatın ofisində yer ayrılmasını və onun mütəmadi olaraq işə gəlib-getməsini təsdiq ediblər. Buna baxmayaraq, cavabdeh iddiaçıya borclu olduğu pulu ödəməkdən boyun qaçırıb. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətində problemlər yaranıb, mənəvi sarsıntı və iztirab keçirib. 3.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 5.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmənin mövqeyi 7.Iddia ərizəsində üç tələb olduğuna görə, məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Birinci tələb barədə 8.Qətnamə birinci tələbin, yəni 1.000 manat pul tələbinin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 9.Iddiaçı iddia ərizəsində bildirib ki, ##.##.2022-ci il tarixdən 2023-cü ilin iyun ayınadək, yəni təxminən 6 ay cavabdeh təşkilatda faktiki işləyib, əmək haqqı kimi ona hər ay üçün 500 manat, 6 ay üçün cəmi 3.000 manat pul ödənilməli idi. Cavabdeh iddiaçıya 4 aya görə 2.000 manat ödəyib. Iddiaçı bu faktı polisin apardığı araşdırmada verdiyi izahatda etiraf edib. Həmin izahat Nəsimi RPI Istintaq Şöbəsinin müstəntiqinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2023-cü il tarixli qərarında əks olunub (iş v. 7). Hazırda iddiaçı 6 ayın qalan 2 ayına görə 1.000 manat tələb edir. 10.Cavabdeh tələbə etiraz edib və etirazı onunla əsaslandırıb ki, iddiaçı cavabdehin işçisi olmayıb, tərəflərin arasında əmək müqaviləsi bağlanmayıb və cavabdeh iddiaçıya əmək haqqı verməyi öhdəsinə götürməyib. 11.Tələbin əsaslandığı 6 aylıq dövrün təxminən 1 ayı 2022-ci ilə, qalan 5 ayı isə 2023cü ilə aiddir. Ölkə üzrə minimum aylıq əmək haqq 2022-ci ildə 300 manat, 2023-cü ildən isə 345 manat təşkil edib. Minimim əmək haqqı əsasında hesablama aparıldıqda 1 ay üçün iddiaçıya 300 manat, 5 ay üçün 1.725 manat (5 ay x 345 manat), 6 ay üçün ümumilikdə 2.025 manat (300 manat + 1.725 manat) ödənilməlidir. Əmək müqaviləsi bağlanmasa da, iddiaçı təxminən 6 ay cavabdehin ofisində işlədiyinə görə, minimum əmək haqqı həddində pul tələb etmək hüququ yaranıb. Iddiaçı cavabdehin ona 2.000 manat verdiyini etiraf edib, bununla da təxminən 6 aylıq dövrə görə iddiaçının hüququ təmin olunub. 12.Iddiaçının həmin məbləğdən artıq pul tələb etmək hüququ yaranmayıb. Belə ki, əmək müqaviləsi bağlanmadığına görə iddiaçının əmək haqqı tələb etmək hüququ yoxdur. Əmək müqaviləsi bağlanmadan görülən işə və ya göstərilən xidmətə onun xarakterindən asılı olaraq podrat və ya tapşırıq müqaviləsinə aid qaydalar tətbiq edilə bilər. Iddiaçının podrat və ya tapşırıq müqaviləsi üzrə muzd tələb etmək hüququnun yaranması üçün o, cavabdehin xeyrinə gördüyü işin və xidmətin məzmununu və həcmini sübut etməlidir. Lakin iddiaçı bu barədə sübut təqdim etməyib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752 və 777-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Ikinci tələb barədə 13.Qətnamə ikinci tələbin, yəni satışdan əldə olunan pulun 25 faizi olan 63.888 manatın, habelə həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 1 faizin ödənilməsi barədə tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 14.Iddiaçı iddia ərizəsində bildirib ki, cavabdehlə onun arasında olan razılığa əsasən, cavabdeh daşımaz əmlakın hər satışından əldə olunan pulun 25 faizini ona verməli idi. Iddiaçı “razılıq” deyəndə müqavilə nəzərdə tutur. Cavabdeh belə bir müqavilənin bağlanmadığını bildirdiyinə görə, müqavilənin bağlandığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə sübut təqdim etməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Daşımaz əmlakın hər satışından əldə olunan pulun 25 faizinin iddiaçıya verilməsi barədə müqavilə olmadığına görə, birinci instansiya məhkəmə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Üçüncü tələb barədə 15.Qətnamə üçüncü tələbin, yəni mənəvi zərərin əvəzi kimi 5.000 manat tutulması barədə tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 16.Iddiaçı mənəvi zərərin ödənilməsi barədə tələbi onunla əsaslandırıb ki, cavabdeh onun qarşısında olan pul öhdəliyini icra etmədiyinə görə, mənəvi zərər çəkib. Pul öhdəliyinin icra edilməsi barədə birinci və ikinci tələblər əsassız olduğuna görə rədd olunub. Bu isə onu təsdiq edir ki, mənəvi zərərin ödənilməsi barədə tələb də əsassızdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi tələbi rədd etməklə düzgün nəticəyə gəlib. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar