Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-309/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazilriyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (" maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4847/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsindən vurulmuş maddi ziyana görə 19000 manat və mənəvi zərərə görə 50000 manat, cəmi 69000 manat pulun tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə müraciət etmiş, tələb onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X4 01 oktyabr 2023-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-724/2023 nömrəli qərarına əsasən İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 may 2025-ci il tarixli, 1(124)-72/2025 saylı qərarına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aparılan cinayət təqibinə, dövlət ittihamçısının təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməməsi əsası ilə cinayət təqibindən imtina etməsinə görə xitam verilməsi ilə bağlı cinayət işi üzrə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin azyaşlılalarla iş üzrə inspektoru X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin tərkibinin, X2 isə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.2-ci maddəsinin tərkibinin olması ehtimalının yoxlanılması ilə əlaqədar məhkəmə istintaqı zamanı müəyyən edilmiş cinayət haqqında məlumat araşdırılıb müvafiq qərar qəbul edilməsindən ötrü Abşeron rayon prokuroruna göndərilmişdir. İddiaçı qanunuz olaraq 01 oktyabr 2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək, yəni 1 il 7 ay müddətinə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində qətimkan tədbiri tətbiq edilmiş və qanunsuz məhkəməyə verilmişdir. Bu müddət ərzində onun və ailəsinin maddi durumları olduqca acınacaqlı vəziyyətə düşərək böyük mənəvi sarsıntılarda keçirmişlər. Belə ki, İddiaçı qanunuz olaraq 30 sentyabr 2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək, yəni 1 il 7 ay müddətinə həbs qətimkan tədbiri tətbiq edilərək həbsdə saxlanılmasına görə ona qanunsuz həbsi hər ayına görə 1000 manat olmaqla, cəmi 19000 manat pul vəsaiti ödənilməlidir. Habelə, qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyinə görə hələ də fiziki və psixi əzab və iztirablar çəkməkdədir. Hesab edir ki, onun qanunsuz və əsassız olaraq təqsirli bilinməyi onun şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən bir hal kimi çıxış etməkdədir və bu vəziyyət ona şəxsi həyatında hələ də problemlər yaratmaqdadır. Hesab edir ki, cavabdehdən iddiaçıya vurulmuş ziyana görə 50000 manat tutulub ona ödənilməlidir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4847/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 19000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1100, 1101.1, 1101.2; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5, 6, 7, 12; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına; Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, işin araşdırılan və müəyyən edilən hallarından göründüyü kimi iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində 01 oktyabr 2023-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri məhkəmənin 01 may 2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bu işin mübahisəsiz halıdır. Göründüyü kimi 19 ay müddət ərzində iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 19000 manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. Buna görə də iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 19000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar, qeyd edilməlidir ki, iddiaçı, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar olaraq ona maddi ziyan dəydiyini iddia etsə də, o, bu zərərin real olmasını (müvafiq əmək müqaviləsinin, vergi ödəyicilərindən çıxarışın, olmadığı təqdirdə konkret qazancının olmasını) sübuta yetirməmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, iddia tələbi bu hissədə təmin edilməməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(012)-724/2023 saylı qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəlinin tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 14:00-dan hesablanması qərara alınmışdır; - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(124)- 72/2025 saylı qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 41.3-cü maddələrinə əsasən dövlət ittihamçısının irəli sürülmüş ittihamın müdafiəsindən və təqsirləndirilən şəxs barəsində cinayət təqibindən, təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə imtina etdiyinə görə, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad edilməsi, İddiaçı cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunması qərara alınmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2025-ci il 10 dekabr tarixli e-2(006)- 4847/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına; “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17- ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrıayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçünQanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatıNazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə iddiaçı tərəfindən tələb olunan kompensasiya məbləğinin əsasını araşdırmadan və mötəbər sübutlara istinad etmədən yalnız iddiaçının mülahizələrinə əsaslanaraq onun hüquq mühafizə orqanları tərəfindən qanunsuz olaraq cinayət təqibinə məruz qalması ilə əlaqədar ona vurulmuş mənəvi zərərə görə 19000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımdan tərəflərindən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin, habelə Avropa məhkəməsinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Məhkəmə tərəfindən mənəvi zərərə görə təyin edilmiş məbləğ işin hallarına, habelə bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil. Belə ki, məhkəmə aktında mənəvi zərərə görə ayrı məbləğ, kompensasiya qismində isə ayrıməbləğ təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 19000 manat məbləğində pul vəsaitinin ödənilməsi ağlabatan və ədalətli deyildir. Həmçinin iddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsinin olması zəruri şərt olmasına baxmayaraq tərəflərindən mübahisələndirilən qətnamədə sadəcə dolayı sübutlara istinad edilərək səthi şəkildə araşdırma aparılmışdır. Məhkəmənin zərərə görə kompensasiya verməsinin məqsədi pozuntu nəticəsində baş vermiş faktiki zərərin əvəzinin iddiaçıya ödənilməsidir. Məhkəmə təcrübəsində adətən maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məlumatlandırılması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin və mübahisə premdeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Prosessual Məcəllənin 385-390-cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibinin əsassız həyata keçirilməsi, şəxsin azadlığının məhdudlaşdırılması və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. Cavabdeh tələbin ona yönəlmiş cavabdehliyi mübahisələndirərək kompensasiyanın düzgün hesablanmadığını qeyd edir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri isə özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, bir tərəfədən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə zərərin məbləğinin düzgün müəyyən edilmədiyinə yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlərə görə, habelə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi məhkəmələrin vəzifələrinə aid deyildir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
10. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
11. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər;5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur.
12. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respulikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4847/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.