Məhkəmə qərarları › İş №2(3-6)-312/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-312/2026

18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-312/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3478/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 nömrəli Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işlədiyi vaxt cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması, qanunsuz həbsdə saxlanılması və ev dustaqlığında olması səbəbindən ona dəymiş maddi və mənəvi zərərə görə ümumilikdə 170.295 manat məbləğində pul vəsaitinin kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1986-cı il tarixdə Naxçıvan MR Ordubad rayonu Anabad kəndində doğulmuş, Azərbaycan Beynəlxalq Universitetinin və Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 2009-cu ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti) müxtəlif ərazi idarələrində hüquqşünas, qeydiyyat şöbəsinin rəisi, idarə rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 14 aprel 2020-ci il tarixli QK-39 nömrəli əmri, struktur dəyişikliyi ilə əlaqədar həmin Əmlak Məsələləri Dövlət Xidməti rəisinin 14 fevral 2022-ci il tarixli, K-51 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 nömrəli Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 18 noyabr 2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. Uzun illər layiqli kadr kimi qüsursuz işləmiş, dəfələrlə mükafatlandırılmış, işğaldan azad olunmuş ərazilərdə də xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 nömrəli Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işlədiyi vaxt Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsi tərəfindən qanunsuz və əsassız olaraq 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilməklə, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və istintaq Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilmişdir. Ona verilmiş ittiham ondan ibarət olmuşdur ki, o, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 nömrəli Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işləyərkən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən 12 ha torpaq sahəsinin, sonra isə 0,24 ha torpaq sahəsinin Beyləqan rayonu Türklər bələdiyyəsinin mülkiyyətində olmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə görə həmin bələdiyyənin sədri X4 özü üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 nömrəli Beyləqan Ərazi İdarəsinin arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən X1 vasitəsi ilə 2022-ci ilin may ayında 1.500 manat məbləğində pul vəsaitini rüşvət qismində almış, təkrar olaraq 15 noyabr 2022-ci il tarixdə maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitini birbaşa yolla rüşvət qismində istəmiş və 16 noyabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 nömrəli Beyləqan Ərazi İdarəsinin inzibati binasında almış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə Dəyanət Atakişiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 26 dekabr 2022-ci il tarixli, K 397 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən işdən kənarlaşdırılmış hesab edilmişdir. Barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən bir il bir ay həbsdə saxlanıldıqdan sonra 17 dekabr 2023-cü il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. X10 Cinayətlər Məhkəməsinin 1(099)-22/2024 nömrəli, 19 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən həmin cinayətləri törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-562/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-768/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı ilə bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iki ildən çox kobud qanun pozuntuları ilə barəsində davam edən ibtidai istintaq və sonra məhkəmə baxışı dövründə qanunsuz olaraq 16 noyabr 2022-ci il tarixdən 17 dekabr 2023-cü il tarixə kimi 1 il 1 ay müddətində həbsdə saxlanılmış, 17 dekabr 2023-cü il tarixdən 19 aprel 2024-cü il tarixədək həbsdə saxlanılma müddətinə daxil hesab edilən ev dustaqlığında olmuşdur. Cinayət təqibinə qalanadək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 nömrəli Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işləmiş, aylıq sabit əmək haqqı 2.501 manat, mükafat da 20.501 manat olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 25 dekabr 2023-cü il tarixli, F-137 nömrəli İşçilərin sosial rifahının yaxşılaşdırılması barədə Əmri ilə 01 dekabr 2023-cü il tarixdən əmək haqqı artılıraq 4.600 manat olmuşdur. Cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində qanunsuz olaraq istintaq təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində, yəni 16 noyabr 2022-ci il tarixdən 17 dekabr 2023-cü il tarixə kimi 1 il 1 ay müddətində həbsdə saxlanıldığı və 17 dekabr 2023-cü il tarixdən 19 aprel 2024-cü il tarixədək ev dustaqlığında olduğu, həmçinin ondan sonrakı dövrdə Lənkəran Ağır Cinayətər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verildiyi üçün Şirvan Apellyasiya Məhkəməsinin qərarınadək, yəni 17 oktyabr 2024-cü il tarixə olan müddətdə o, iş yerindən 105.295,55 məbləğində aylıq əmək haqqı, mükafatlar, vəzifə maaşına əlavələr olan pul vəsaiti almaqdan məhrum olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən o, vəzifəsindən kənarlaşdıqdan sonrakı müddətdə aylıq əmək haqqı, əmək haqqına əlavələr və mükafatların məbləği barədə arayışı iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində qanunsuz olaraq Bakı İstintaq Təcridxanasında, məhkəmə baxışı dövründə Lənkəran rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri, atası və anasının Naxçıvan MR Ordubad rayonundan onun yanına təyyarə ilə gəlib-getmələrinə, yemək və ərzaq gətirmələrinə, xəstəliyi ilə əlaqədar dərmanlar alıb gətirməyə görə ümumilikdə 10.000 manatdan çox pul vəsaiti sərf olunmuşdur. Həmin məsrəfi də cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışlar. Bundan əlavə, heç bir təqsiri olmadığı, heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu və 1 il 1 ay müddətdə haqsız yerə həbsdə saxlanıldığı, 4 ay ev dustaqlığında olduğu müddətdə ona böyük mənəvi zərər də vurulmuşdur. Belə ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu, ürək ağrısına və digər xəstəliklərin yaranmasına səbəb olmuşdur. Barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış, qanunsuz olaraq 1 il 1 ay müddətdə həbsdə, 4 ay müddətində isə ev dustaqlığında qalmağa məcbur olmuşdur. Nəticədə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Odur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin dəyərini haqlı olaraq tələb etmək hüququ vardır. Bu səbəbdən hesab edir ki, maddi ziyanla yanaşı 55.000 manat məbləğində mənəvi zərər də cavabdehdən tutularaq iddiaçı olaraq ona ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və burunla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Göstərilənlərə əsasən hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsdə saxlanılması səbəbindən ona dəymiş maddi və mənəvi zərərə görə ümumilikdə 170.295 manat məbləğində pul vəsaiti kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməlidir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3478/2025 nömrəli qətnaməsi ilə (hakim V.Musayeva) iddia qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.500 (on beş min beş yüz) manat, maddi ziyana görə 77.848,03 (yetmiş yeddi min səkkiz yüz qırx səkkiz manat, üç qəpik) manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərcinin dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur və ona yuxarıda qeyd edilən hallarla bağlı mənəvi zərərin vurulması aşkardır. Bundan başqa, iddiaçı işini yerinə yetirməkdən özündən asılı olmayan səbəbdən, ona qarşı edilmiş qanunsuz hərəkətlər nəticəsində kənarda qalmış, hər ay almalı olduğu əmək haqqı və s. ödənişlərdən məhrum olmuşdur. Bunun nəticəsində ona 77.848,03 manat məbləğində maddi ziyan dəymişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır; - 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; -1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

12. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

13. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: -4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. -5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

14. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

15. “Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli 20 nömrəli qərarı: 4.45. ... təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir. 4.46. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət). 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, K-51 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47 və 59cu maddələrinə müvafiq olaraq 6 nömrəli Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

20. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 nömrəli Beyləqan ərazi idarəsinin rəisi İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi və həmin idarənin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən X3 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 32.5, 311.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir. Bu barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi məsələsinə baxılması xahiş olunmuşdur.

21. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, K397 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə əsasən işdən (6 nömrəli Beyləqan Ərazi İdarəsinin rəisi) kənarlaşdırılmış hesab edilmişdir.

22. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil vəsatəti təmin edilərək, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsi və onun həbsdən azad olunması qərara alınmışdır.

23. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-22/2024 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş; onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dərhal ləğv edilmiş; onun Azərbaycan Respublikası CPM-nin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir.

24. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)- 562/2024 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı X5 apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 311.3.2 və 308.1-ci maddələri ilə, X2 Azərbaycan Respublikası CM-nin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 1(099)-22/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.

25. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-768/2025 nömrəli qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı və X2 Azərbaycan Respublikası CM-nin sadalanan maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)-562/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

26. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 6 nömrəli Beyləqan Ərazi İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş əmək haqqı və gəlir barədə arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2022-ci il tarixlərini əhatə edən dövr ərzində 95.932,73 manat və xx.xx.2022-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində 105.295,25 manat məbləğində gəlir əldə etmişdir.

27. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3570 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan və təqdim edilmiş sənədlər əsasında rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 nömrəli Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək itirilmiş əmək haqqısı və həmin vəzifə üzrə əlavələr, mükafatlar və digər ödənclər nəzərə alınmaqla, ümumilikdə 105.295,55 manat məbləğində hesablandığı və qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 77.848,03 manat məbləğində təşkil etdiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı qanunsuz və əsassız olaraq kifayət qədər uzun müddət ərzində törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilmiş, barəsində cinayət işi ilə əlaqədar araşdırma aparılmış, ittiham aktı tərtib olunaraq prokurorluğa, daha sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilərək, bu vəziyyətin uzun müddət (öncə həbsdə, daha sonra isə ev dustaqlığında saxlanılması) davam etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş; onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dərhal ləğv edilmiş; onun Azərbaycan Respublikası CPM-nin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir.

29. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əsassız olaraq təhqiqat orqanları tərəfindən təqibə məruz qaldığından, iddiaçının bu orqanların hərəkətləri nəticəsində məruz qaldığı mənəvi iztirablara görə zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin ödənilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şəxsin xx.xx.2022- ci il tarixdən tutulması, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi və xx.xx.2023cü il tarixədək həbsdə, həmin tarixdən etibarən isə ev dustaqlığında saxlanması və nəticə etibarilə barəsində xx.xx.2024-cü il tarixdə bəraət hökmü çıxarıldıqdan və barəsində seçilmiş qətimkan tədbiri ləğv edildikdən sonra isə verilmiş apellyasiya protestinə əsasən iş üzrə apellyasiya instantiyası məhkəməsinin qərarının xx.xx.2024-cü il tarixdə qəbul edilməsi (1 il 1 ay həbsdə və 5 ay ev dustaqlığında saxlandığı müddət) nəzərə alınmaqla, onun xeyrinə 15.500 manat məbləğində pul vəsaitinin tutulması tamamilə ədalətlidir.

31. Bundan əlavə, iddiaçı işini yerinə yetirməkdən özündən asılı olmayan səbəbdən, ona qarşı edilmiş qanunsuz hərəkətlər nəticəsində kənarda qalmış, hər ay almalı olduğu əmək haqqı və s. ödənişlərdən məhrum olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşaraq hesab edir ki, təqdim olunmuş sübutlarla və ekspert rəyi ilə iddiaçıya 77.848,03 manat məbləğində maddi ziyan dəyməsi sübut olunduğundan, bu məbləğdə iddia tələbinin təmin edilməsi düzgün olmuşdur.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi - Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsasının olmaması dəlilinə münasibət bildirərək qeyd edir ki, “Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli 20 nömrəli qərarının 4.46 və 4.47-ci bəndlərinə əsasən iddiaçıya vurulmuş zərər təhqiqat orqanı tərəfindən vurulduğuna görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır. Həmçinin, həmin qərarın 4.50 və 4.51-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir; bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3478/2025 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar