Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-314/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(3-6)-314/2026 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4019/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2026-cı il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh miras şəriki kimi hər birinə ödənilməli olan 1.571 manat olmaqla, ümumilikdə 3.142 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum ataları X4 1992-ci il may ayının 21-də birinci Qarabağ müharibəsində vəfat etmiş, bundan sonra 1992-ci ildə vərəsəlik işi açılmış və onun qanun üzrə vərəsələri hesab edilmişlər. Atalarının ikinci nikahından olan övladı Cavabdeh da onun qanun üzrə vərəsəsi sayılmışdır. 2025-ci ilin əvvələrində iddiaçılara məlum olmuşdur ki, cavabdeh məhkəmə qaydasında atalarına şəhidlik statusu almış və bununla bağlı onlara məlumat verməmişdir. Bundan xəbər tutduqdan sonra şəhid adının verilməsi üçün müvafiq qurumlara müraciət etmişlər, araşdırma aparılarkən o da məlum olmuşdur ki, cavabdeh onların miras şəriki olduqlarını bildiyi halda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən onlara ödənilməli olan 11.000 manat pulu təkbaşına almışdır. Belə ki, Bakı şəhəri 29 saylı Notariat Ofisindən verilmiş cavaba görə vəsaitin alınması ilə bağlı Cavabdeh xx.xx.2018-ci il tarixli, 8İ-6926 və 8İ-6927 saylı ərizələrlə müraciət etmişdir. Bundan başqa AR ƏƏSMN tərəfindən sorğuya verilmiş cavaba əsasən qeyd edilən ərizələr əsasında Cavabdeh bank hesabına birdəfəlik ödəniş həyata keçirilmişdir. Halbuki, cavabdeh iddiaçıların miras şəriki olduqlarını bilirdi. Nəticə etibari ilə həmin məbləğ 7 vərəsə arasında bərabər bölünməli və iddiaçılara düşən hissə onlara ödənilməli idi. Ancaq cavabdeh bunu nəzərə almayaraq əsassız varlanmışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4019/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbi təmin edilməsi, Cavabdeh 1.571 (min beş yüz yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 və 1.571 (min beş yüz yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 425.1, 1091.1, 1091.2, 1092.1, 1133, 1134.1, 1159.1.1-ci maddələrinə, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanuna 1 və 2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə Mülki Məcəllənin 1091-ci maddəsinə istinadla qeyd edir ki, guya o, iddiaçıların hesabına hüquqi və qanuni əsas olmadan əmlak əldə etmişdir. Lakin məhkəmə həmin maddəyə istinad etməklə kifayətlənir və bunu əsaslandıra bilmir. Ona görə ki, iddiaçıların əsassız olan əsassız varlanma iddiası qanuni və hüquqi şəkildə mənə ödənilmiş sığorta ödənişinin əsassız varlanma kimi qiymətləndirilməsinə əsas ola bilməz. Belə ki, Məhkəmə Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Halbuki məhkəmə bunların heç birini etməmişdir. Qeyd olunmalıdır ki, icbari sığorta münasibətləri üzrə sığorta ödənişinin, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərərin pensiya və ya sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır. Mərhum atası vəfat etdiyi vaxt 2 yaş və 6 aylıq olan iki azyaşlı övladı və həyat yoldaşı ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdir və məhz həmin sığorta ödənişi də ailə başçısının itirilməsinə görə sosial dövlət olan Azərbaycan Republikasının müəyyən etdiyi kompensasiyadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. İddiaçı2 apellyasiya şikayətinə qarşı münasibət təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya baxışı zamanı İddiaçı2 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Həmçinin tərəfindən verilən apelyasiya şikayətinə münasibəti də müdafiə edərək qeyd etmişdir ki, cavabdehin verdiyi şikayət əsaslandırılmadan, məhkəmə icraatının gedişatının əsassız uzadılması niyyəti ilə verilmişdir. Belə ki, cavabdeh özü tərəfindən məhkəməyə təqdim olunan xx.xx.1992-ci ilə dair vərəsəlik haqqında şəhadətnaməni sübut kimi qəbul etdiyi halda, tərəfindən təqdim olunmuş xx.xx.1992-ci il tarixli vərəsəlik haqqında şəhadətnamə sübut kimi qəbul edilməmişdir. Bu vərəsəlik şəhadətnamələri cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Əsassız varlanma hissəsinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh yalnız birdəfəlik ödənişdən özünə düşən hissədə, yəni 1571 manatlıq hissədə ödəniş əldə etmək hüququ olmuşdur. Digər hissədə, yəni ona və bacısına ödənilməli olan hissədə isə cavabdehin hüququ mövcud olmamış və bu hissədə əsassız varlanmışdır.
10. Məhkəmə baxışında iştirak edən İddiaçı1 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
15. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
16. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
17. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
18. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir.
20. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
21. Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər).
22. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı
23. Bənd 1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.
24. Bənd 4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr.
26. Maddə 2. Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir: ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları
27. Bənd 4.1. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırda cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
38. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun çoxsaylı qərarların məzmunundan göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
39. Göründüyü kimi pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Əks halda, yəni müraciət edənin müvafiq subyektiv hüquqa malik olması müəyyən edilmədiyi təqdirdə irəli sürülmüş tələblər üzrə hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Hazırki işə münasibətdə analoji halları tətbiq etdikdə məlum olur ki, mübahisəyə tətbiq olunacaq hüquq qaydasının müəyyən edilməsi üçün ilk növbədə iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğuna mövqe bildirilməlidir.
41. İşin hallarından görünür ki, xx.xx.1992-ci il tarixdə verilən 390815 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.1992-ci il tarixdə hərbi əməliyyatlar zamanı şəhid olmuşdur. Hazırki iş üzrə iddiaçılar mərhumun birinci nikahından, cavabdeh isə ikinci nikahından olan övladıdır. Hadisədən sonra 1992-ci il tarixdə mərhum X1 qanun üzrə bərabər pay hüquqlu vərəsələri kimi iş üzrə iddiaçılar və onların iki bacısı tanınmış, buna dair 13 nömrəli notariat kontoru tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
42. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıların subyektiv hüquqa malik olması işin mübahisəsiz halını təşkil etdiyindən, müvafiq hüququn pozulub-pozulmaması məsələsinə hüquqi qiymət verilməlidir.
43. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi mərhum X2 vəfatından sonra onun ikinci nikahından olan övladı Bakı şəhəri 29 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, mərhum X1 ölümü ilə əlaqədar sığorta ödənişinin vərəsəsi kimi ona ödənilməsini tələb etmişdir. Bununla bağlı məlumatlar notariat ofisi tərəfindən xx.xx.2018ci il tarixdə sistemə daxil edilmiş və Cavabdeh 11.000 manat məbləğində sığorta ödənişini tam şəkildə almışdır.
44. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Həmin fərmanın 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.
45. Qeyd edilməlidir ki, vərəsəlik institut olaraq, vərəsənin qəbul etmə məqamı ilə ehtiva olunan hərəkətlərdən ibarətdir. Belə ki, həmin vaxt qüvvədə olan qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
46. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
47. Yuxarıda da göstərildiyi kimi iş üzrə iddiaçılar mərhum atalarının öldüyü, yəni miras açıldığı vaxt notariat kontoruna ərizə ilə müraciət edərək mirasın qəbuluna dair iradə ifadələrini nümayiş etdirmiş və vərəsə kimi tanınmışlar. Cavabdeh isə miras əmlakın dairəsinin sonradan artırılmasını təmin etmiş və notariat ofisinə ərizə ilə müraciət edərək, mərhum atasının ölümü ilə əlaqədar sığorta ödənişinin vərəsəsi kimi təkbaşına ona ödənilməsini tələb etmişdir.
48. Bu isə o deməkdir ki, cavabdeh iddiaçıların da atasının vərəsələri kimi onunla bərabər hüquqlara malik olduqlarını bilə-bilə miras əmlaka təkbaşına sahib olmuş, bununla da əsassız varlanaraq iddiaçıların mənafelərinə xələl gətirmişdir.
49. İşdə olan sübutlardan da göründüyü kimi mərhum X1 7 vərəsəsi mövcuddur və hər 7 vərəsəsi, o cümlədən hazırki iş üzrə iddiaçılar miras qoyana məxsus olan əmlakın həcminə görə onlardan 1/7 hissədə pay əldə etmək hüququna malikdirlər. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçılara ödənilməli olan məbləğlə bağlı düzgün qənaətə gəlindiyini qeyd edir.
50. Cavabdeh isə digər vərəsələrin mirası qəbul etməsi ilə bağlı sənədlərinin əsassız olduğunu bildirsə də, hər bir halda bu mərhələdə belə öz arqumentlərini əsaslandırmağa cəhd etməmiş, sadəcə mülahizələrlə kifayətlənmişdir.
51. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
53. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4019/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev