Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-318/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6348/2025 saylı, 7 noyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Masallı Rayon Məhkəməsinin 2(050)-108/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək - Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 34 nömrəli qərarına əsasən İddiaçı cavabdeh "Azərişıq” ASC tərəfindən X10 və X3 fərdi yaşayış evlərinə gedən iki ədəd basdırılmış dirəkdən ibarət 79,5 metr uzunluğunda hava elektrik ötürücü xətti və Cavabdeh tərəfindən X10 və X3 fərdi yaşayış evlərinə çəkilmiş 71,1 metr və 59,1 metr uzunluğunda qaz xəttləri cavabdehlərin hesabına sökülərək çıxarılması və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək İddiaçı təhvil verilməsi qət edilmişdir.
2. Masallı Rayon Məhkəməsinin 2(050)-1289/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0,83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş torpaq sahəsinin hüdudları daxilində cavabdeh X5 tərəfindən şimal-qərb istiqamətində inşa edilmiş perimetr boyunca 69,0 m uzunluğunda mişar daşından olan yarımçıq hasar və kənar ölçüləri 11,5 m X 14,0 metr olan yarımçıq tikili, cavabdeh X8 tərəfindən şimal istiqamətində inşa edilmiş perimetr boyunca 91,5 m uzunluğunda mişar daşından hasar, kənar ölçüləri 11,1 m X 12,6 m olan fərdi yaşayış evi və kənar ölçüləri 4,9 m X 11.9 m olan köməkçi tikili, cavabdeh X9 tərəfindən şərq istiqamətində inşa edilmiş kənar ölçüləri 11,0 m X 13,2 m olan fərdi yaşayış evinin 0,01 hektaradək (88,0 kv.m) hissəsi (eni 11.0 m X uzunu 4,8 m və 11,1 m) və cavabden X4 tərəfindən şimal istiqamətində inşa edilmiş perimetr boyunca 72,0 metr uzunluğunda mişar daşından olan yarımçıq hasar cavabdehlərin öz vəsaitləri hesabına sökülərək torpaq sahəsi əvvəki vəziyyətə gətirilməsi, cavabdehlər hamin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı Fazıl oğluna təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” İB-nin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə 5.000 (beş min) manat və keçirdiyi psixoloji gərginliklərin əvəzi kimi mənəvi ziyana görə 5.000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998ci il 24 iyul tarixli, 34 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərinə 25 fevral 1999-cu ildə 0.83 hektar payı bəlli torpaq sahəsi verilmişdir. (Azərbaycan Respublikası torpaqda mülkiyyət hüququna dair Dövlət Aktının nömrəsi JN 1019 Kod ********). Verilmiş torpaq sahəsi ancaq akt üzərindədir. Belə ki, verilmiş torpaq sahəsi Boradigah qəsəbə sakinləri (təxminən 10 nəfər) müxtəlif ölçülərdə qanunsuz olaraq zəbt ediblər. Onlar həmin torpaq sahəsində qeyri-qanuni yollarla evlər tikib, hasar çəkdirib və darvaza qoymuşlar. Bu qeyri-qanuni tikilmiş evlərə heç bir sənəd olmadan idarələr tərəfindən təbii qaz və elektrik enerjisi (işıq) çıkilmiş, idarələr bu hərəkətləri ilə qanunsuz evlərin tikilməsinə şərait yaratmışlar. Qaz xəttini, işıq dirəklərini onlara məxsus olan paybəlli torpaq sahəsinin ortası ilə apararaq evlərinə yol, qaz və işıq çəkmişdir. Qaz və işıq xətləri onların paybəlli torpağının təqribən bir sotunu zəbt etmiş, daş hasar çəkmiş, işıq sayğacı, qaz sayğacı quraşdırılmış, çəkilmiş elektrik xətləri onun paybəlli torpağında basdırılmış dirəylərdən asılmışdır. Paybəlli torpağında iki qaz xətti torpağın altı ilə keçir. Bunlardan biri yuxarıda qeyd etdiyi ki, X6 paybəlliyində tikdirdiyi şəxsi evinə, digər qaz xətti isə X3 onun paybəlli torpağında tikdirdiyi şəxsi evinə gedir. Dövlət tərəfindən verilmiş 0.83 ha torpaqdan indiyə kimi istifade edə bilmirlər. 20 ildən artıqdır ki, bu barədə dəfələrlə çox X2 Əliyev cənablarına, aidiyyəti idarələrə, orqanlara, təşkilatlara yazılı surətdə müraciət etmişdir. Onlara məxsus paybəlli torpaq sahəsini zəbt etmiş insanlar qədər cavabdehlərin də günahları böyükdür. Onlar həmin insanlara təbii qaz və elektrik (işıq) enerjisi verməklə onların adəta "çörəklərinə yağ sürtmüşlər". Dəfələrlə "Azərişıq” ASC və "Azəriqaz” İB-yə müraciətlər edərək qaz və elektrik xətlərini və sayğaclarını ona məxsus torpaq sahəsindən söküb çıxarmalarını bildirmiş olsa da həmin təşkilatlar buna məhəl qoymadılar. Odur ki, sonda məcbur olub məhkəməyə müraciə etdi və Masallı Rayon Məhkəməsinin 2(050)-108/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək - Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 34 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh "Azərişıq” ASC tərəfindən X10 və X3 fərdi yaşayış evlərinə gedən iki ədəd basdırılmış dirəkdən ibarət 79,5 metr uzunluğunda hava elektrik ötürücü xətti və Cavabdeh tərəfindən X10 və X3 fərdi yaşayış evlərinə çəkilmiş 71,1 metr və 59,1 metr uzunluğunda qaz xəttləri cavabdehlərin hesabına sökülərək çıxarılması və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək ona təhvil verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)- 108/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən "Azərişıq” ASC tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)- 1746/2024 qətnaməsi ilə təmin olunmayaraq Masallı Rayon Məhkəməsinin 2(050)- 108/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "Azərişıq” ASC-nin və "Azəriqaz” İB-nin bu hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Həm "Azərişıq” ASC və həm də "Azəriqaz” İB onun torpaq sahəsini zəbt etmiş insanlar qədər günahkardırlar. Bu səbəbdən də həmin şəxslər kimi "Azərişıq” ASC və "Azəriqaz” İB məsuliyyətə cəlb olunmalıdırlar. Onu da qeyd edir ki, həmin orqanların günahı ucbatından da ona maddi və mənəvi ziyan dəymişdir. Lakin artıq 20 ildən çox vaxt ötdüyündən o ona dəymiş ziyanın hansı məbləğdə olduğunu müəyyən edə bilmir. Bu səbəbdən də dəymiş ziyanı müəyyən etmək üçün xüsusi biliyə malik olan mütəxəssis və ya ekspert baxışı mütləqdir. Buna görə də yüksək məhkəmə işə baxarkən ekspertiza təyin etməli və ona dəymiş ziyanı müəyyən etməlidir. O, təxmini olaraq qeyd olunan orqanların ona ümumilikdə 10.000 manata yaxın ziyan vurduğunu zənn edir. Hazırda isə 5.000 manat maddi ziyan tələb edir. Keçiriləcək ekspertizadan sonra əgər məbləğ dəyişərsə o zaman tələbin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edəcək. Həmçinin cavabdehdən bu müddət ərzində ona və ailə üzvlərinə məxsus torpaq sahəsində qanunsuz qaz və elektrik xətti çəkməsinə görə onların keçirdiyi əsəb gərginliklərinin, psixoloji sarsıntılarla əlaqədar keçirdiyi bütün bu mənəvi sarsıntıların nəticəsi kimi cavabdehdən 5.000 (beş min) manat mənəvi ziyana görə pul məbləği alınıb ona verilməlidir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 noyabr 2025-ci il tarixli, 2(011)-6348/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçının tələb etdiyi maddi və mənəvi ziyanın vurulması barədə sübuetmə yükü daşıyır, buna baxmayaraq iddiaçı maddi və mənəvi ziyanın vurulması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1 və 1115-ci maddələrinə; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6348/2025 saylı, 7 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən və onun iddia tələbini rədd edərkən bunun əsaslarını qəbul etdiyi qətnaməsində göstərməmişdir. Yəni məhkəmə iddia tələbinin hansı əsasa radd olunduğunu qətnaməsində əsaslandırmamışdır. Qətnamə əsaslandırılmamış qətnamədir. Sadəcə bir yığın maddi hüquq normalarından ibarət bir qətnamədir. Eləcə də məhkəmə onun tərəfindən təqdim olunmuş vəsatəti hansı əsaslara görə təmin etmədiyini öz qətnaməsində əsaslandırmamışdır. O, sadə bir vətəndaşdır, dəymiş maddi ziyanı müəyyən edə bilmir, bu səbəbdən də məhkəmə qarşısında vəsatət qaldırdı ki, məhkəmə iş üzrə ekspertiza təyin edib dəymiş ziyanı müəyyən etsin. Lakin məhkəmə onun vəsatətini qanunsuz və əsassız olaraq qəbul etməyib, iş üzrə ekspertiza təyin etməmişdir. Məhkəmənin nə marağı vardır ki, vətəndaşın hüquqlarını bu dərəcədə kobud şəkildə pozur. Qətnaməni əsaslandırmır və ekspertiza təyin etmir. Məhkəmə qəbul etdiyi qətnamənin 4 (dördüncü) səhifəsinin 1 (birinci) abzasında cavabdeh təşkilatın nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatını əsas götürərək iddia tələbini rədd etmişdir. Lakin cavabdeh təşkilatın nümayəndəsindən verdiyi izahatında gətirmiş olduğu əsaslarla bağlı sübut təqdim etməsini tələb etməmişdir. Belə ki, ümumi birgə mülkiyət hüququ ilə ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsi orda məskunlaşmış şəxslər tərəfindən təxminən 15-20 ildir ki, zəbt olunaraq orada fərdi yaşayış evləri inşa edilmiş və yaşayış vardır. Hansı ki, həmin dövrlərdə cavabdeh təşkilatın nümayəndəsinin vermiş olduğu izahatında qeyd etdiyi kimi hər hansı bir podratçı şirkət tərəfindən işlər görülmürdü, həmin vaxt Cavabdeh qaz məsələləri ilə bağlı bütün işləri özü texniki şöbələri vasitəsi ilə həll edirdi. Həmçinin cavabdeh təşkilatın nümayəndəsi podratçı şirkət barədə bildirmiş olsada həmin dövrdə hansı podratçı şirkətlə iş gördüklər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Çünki həmin evlər tikilən zaman podratçı şirkət deyə bir anlayış yox idi. Həm də ki əgər vətəndaşlar özləri belə qaz xətti çəkmiş olsalar da, qaz sayğacını onlara cavabdeh təşkilat vermişdir, onların fərdi yaşayış evlərində həmin sayğacları Azəriqaz tərəfindən quraşdırmışdır. Həm də ki onlara təbii qazı da Azəriqaz verir. Bəs necə olur ki, cavabdeh təşkilat hər hansı bir fərdi yaşayış evinə sayğac quraşdırarkən nə səbəbə həmin evin və ya ən azından torpaq sahəsinin həmin vətəndaşa məxsus olması ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd tələb etməmişdir. Bu isə onu göstərir ki, cavabdeh təşkilat olan Azəriqaz İB həmin fərdi yaşayış evlərinə qaz sayğacları quraşdırmaqla və təbii qaz verməklə artıq qanunsuz hərəkətdir və bir mülkiyyətçi olaraq onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Mənəvi ziyan məsələsinə gəldikdə isə o illərdir ki, Dövlət tərəfindən verilmiş qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir və uzun illərdir ki, o, bu məsələ ilə bağlı məhkəmələrdə sözün əsl mənasında sürünür. Çünki birinci instansiya məhkəməsində əsaslı olan iddia tələbi təmin olunur və bununla bağlı qətnamələr qəbul olunur, lakin cavabdehlər isə bilə-bilə həmin qətnamələrdən apellyasiya şikayəti verirlər və buda hər bir insan kimi onu da əsəbləşdirir. Özü artıq yaşlı adamdır, 70dən çox yaşı var, onun indi bu yaşında artıq istirahət etməlidir, məhkəmələri gəzən yaşı deyil. Lakin buna baxmayaraq hüquqlarının müdafiəsi üçün məcburdur. Lakin cavabdehlərin bilə-bilə onun incitmələri, məhkəmələrin hazırkı qətnamə kimi bilə-bilə qanunsuz qətnamə qəbul etmələri onun əsəb gərginliyi keçirməyimə səbəb olur. Steres keçirməyimn səbəb olur ki, bu da artıq mənəvi ziyan çəkməyi deməkdir. Eləcə də məhkəmə qətnaməsində sübut etmə yükündən bəhs edir ki, iş materialları ilə cavabdeh Azəriqaz İB-nin həmin fərdi yaşayış evlərinə sayğac quraşdırdığı və təbii qaz verdiyi öz təsdiqini tam şəkildə tapır. O ki, qaldı cavabdeh təşkilatın nümayəndəsinin həmin ərazidə olan qaz borcularını onların deyil podratçı kəşkilatın çəkməsi barədə dediklərinə məhkəmənin əsaslanması səhvdir çünki cavabdeh təşkilat bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bu da onu sübut edir ki, iddia tələbi tam şəkildə sübut olunur və sübut etmə yükü artıq iddiaçının deyil cavabdeh təşkilatın üzərinə düşür. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən onun hüquqlarını kobud şəkildə pozumşdur. Qanuna zidd əsassız bir qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. O həmçinin bildirmişdir ki, babasının ailə üzvlərinə 0.83 ha torpaq sahəsi verilmişdir. Lakin orada qanunsuz evlər tikilmişdir. Bunda Cavabdeh İB və "xxxx" ASC təqsirkardır. Əgər həmin torpaq sahəsində qaz və işıq olmasa idi, həmin qanunsuz evlər tikilməkdə davam etməyəcəkdir. Qarşı tərəfin onların torpaq sahəsində qanunsuz xətləri çəkilmişdir. Onlar həmin torpaq sahəsində yonca əkməklə məşğul olaraq qazanc əldə edə bilərdilər. Bundan başqa kənd təsərrüfatı ilə məşğul olmağa görə dövlət tərəfindən əlavə ödənişlər də verilə bilərdi. Qarşı tərəf evlərin heç bir sənədi olmadan orada vətəndaşı qaz və işıqla təmin etmişdir. 2005-ci ildən babası tikililərin qarşısını almaq üçün müxtəlif dövlət orqanlarına müraciət etmişdir. "xxxx" ASC xətlərini torpaq sahəsindən çıxarmışdır.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
17. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. 1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
20. 1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
21. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
22. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Həmin qərara əsasən mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
26. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə ilk öncə qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.
34. Belə ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
35. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
36. Göründüyü kimi, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən şərtlərdən hər hansı birinin mövcud olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Bu baxımdan, kollegiya hesab edir ki, iddia üzrə cavabdehin qeyd edilən normalar çərçivəsində mülki hüquq məsuliyyəti daşıması üçün zəruri olan bütün şərtlərin mövcudluğu müəyyən edilməlidir.
37. İş materiallarından göründüyü kimi, iddiaçı, Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən və ona və ailə üzvlərinə məxsus olan 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qaz xətlərinin çəkilməsi nəticəsində ona maddi zərər dəydiyini əsas gətirərək 5.000 manat məbləğində maddi zərərin, habelə keçirdiyi psixoloji gərginliklə əlaqədar mənəvi zərər olaraq 5.000 manat məbləğində pulun tutulub ona ödənilməsini tələb etmişdir.
38. Müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi Boradigah qəsəbəsinin sakinləri (təxminən 10 nəfər) tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Onların yaşayışının təmin edilməsi məqsədilə həmin torpaq sahəsinin altından qaz xətləri çəkilmiş, sayğaclar quraşdırılmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-108/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 34 nömrəli qərarına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən "Azərişıq” ASC tərəfindən çəkilmiş hava elektrik ötürücü xəttinin, həmçinin Cavabdeh tərəfindən çəkilmiş qaz xətlərinin onların hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və iddiaçıya təhvil verilməsi qət edilmişdir.
39. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bu halları və işdə olan sübutları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin vəzifələrini icra edərkən müvafiq qanunvericiliyin tələblərinə zidd davranması, hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya maddi zərər dəyməsi, habelə həmin zərər ilə cavabdehin əməlləri arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
40. Belə ki, qaz xətləri həmin ərazidə yaşayan şəxslərin təmin edilməsi məqsədilə çəkilmiş, sonradan isə müvafiq məhkəmə qətnaməsi ilə həmin xətlərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qərara alınmışdır. İstinad edilən qətnamə ilə də torpaq sahəsindən istifadə qaydalarının torpağı qanusuz olaraq zəbt etmiş şəxslər tərəfindən pozulduğu müəyyən edilsə də, bu hal özü-özlüyündə cavabdehin deliktə əsaslanan mülki hüquq məsuliyyətinin yaranması üçün zəruri olan bütün şərtlərin mövcudluğunu təsdiq etmir.
41. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
42. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
44. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması öz təsdiqini tapmamışdır. Mövcud vəziyyətdə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
45. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6348/2025 saylı, 7 noyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev