Məhkəmə qərarları › İş №2(3-6)-323/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-323/2026

18.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-323/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "kompensasiya ödənilməklə mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X16 və X26 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2009-cu il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hazırkı iş üzrə olan ## ###### 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh Əli Abbas qızının Bakı şəhəri, İ. Qutqaşınlı küçəsi. ** saylı evin 1/12 hissəsinə mərhum əri X1 ilə X11 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş 011011001401-***** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 382,10 kv.m. olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,052510 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 2/12 hissədə X12 (##.##.2023-cü il), 1/12 hissədə X13 (##.##.2012-ci il), 1/12 hissədə X3, 1/12 hissədən 1/4 hissədə X46, 1/12 hissədən 1/4 hissədə X4, 1/12 hissədən 1/4 hissədə X2 (##.##.2002-ci il), 1/12 hissədən 1/4 hissədə X5, 2/12 hissədə X17 (##.##.2019-cu il), 1/12 hissədə X7 (##.##.2021-ci il), 1/12 hissədə İddiaçı (##.##.2023-cü il) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Heydər Əliyev adına Bakı neft emalı zavodu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 2008-ci il tarixli məktubundan görünür ki, "Azərneftyanacaq" istehsalat birliyinin müdriyyəti və Həmkarlar Ittifaqı Məclisinin (hazırda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu və Həmkarlar Ittifaqı Komitəsi) ## #### 2001-ci il tarixli ** saylı birgə qərarına əsasən Cavabdeh ailəsi Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti ev 109, II giriş, XII mətəbə, yaşayış sahəsi 58.37 m² olan 4 otaqlı ** saylı mənzil ilə təmin edilmiş və müvafiq qaydada ona Nizami rayonu Icra Hakimiyyəti tərəfindən yaşayış orderi verilmişdir.

4. Həmin məktuba əlavə edilmiş “Azərneftyanacaq” istehsalat birliyinin müdriyyəti və Həmkarlar Ittifaqı Məclisinin ## #### 2001-ci il tarixli ** saylı qərarına əsasən, ** saylı sexin cihazçısı X50 ilk növbə siyahısı üzrə 5 (beş) nəfərdən ibarət (özü, əri- X1, oğlu- X8, 2 qızı X14 və X19) ailəsinə Q.Qarayev prospekti 109-cu binanın, giriş 2, mərtəbə 12, sahəsi 58,37 kv.m olan 4 otaqlı ** saylı mənzil verilməsi, mənzilə order verilməsi üçün Nizami rayon Icra hakimiyyəti qarşısında vəsatət qaldırılması qərara alınmışdır.

5. İddiaçı tərəfindən Cavabdeh Abbas qızına ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, pretenziya məktubunu aldığı gündən 3 (üç) gün ərzində mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq tərk edilməsi xahiş edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əli Abbas qızının İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına və ödənilmiş dövlət rüsumun əvəzinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************-***** nömrəli Çıxarışdan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 382.1 m fərdi yaşayış evi paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evi üzərində 1/12 hissədə pay hüququ vardır və həmin pay hüququna əsasən ümumi həyətdə ayrılmış sahəsi 33.95 m olan fərdi yaşayış evi onun mülkiyyətindədir. Buna baxmayaraq heç bir hüquqi əsas olmadan Cavabdeh Əli Abbas qızı artıq uzun illərdir ki, həmin fərdi yaşayış evində yaşamaqdadır. Cavabdeh və ailə üzvləri tərəfindən qeyd olunan əmlak barədə dəfələrlə müxtəlif əsassız iddialar qaldırılmış və hər biri məhkəmənin yekun qərarı ilə rədd edilmişdir. Cavabdeh X35 Tatyana Ivanovnanın həyat yoldaşı və keçmiş mülkiyyətçi X9 qarşı Yasamal Rayon Məhkəməsində “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbi ilə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə: Cavabdeh Əli Abbas qızının Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ** saylı evin 1/12 hissəsinə mərhum əri X1 ilə X11 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməməsinə dair iddiası təmin edilməmişdir. Heydər Əliyev adına Neft Emalı Zavodunun Yasamal Rayon Məhkəməsinin sorğusuna cavab məktubunda qeyd edilmişdir:“... “Azərneftyanacaq” istehsalat birliyinin müdriyyəti və Həmkarlar Ittifaqı Məclisinin ## #### 2001-ci il tarixli, ** saylı birgə qərarına əsasən, Qasımovanın ailəsi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 109, II giriş, XII mərtəbə, yaşayış sahəsi 58.37 molan 4 otaqlı ** saylı mənzil ilə təmin edilmiş və müvafiq qaydada ona Nizami rayonu Icra Hakimiyyəti tərəfindən yaşayış orderi verilmişdir.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə və 4 otaqlı mənzil ilə təmin olunmasına baxmayaraq bu günə qədər Cavabdeh X35 Tatyana Ivanovnanın mülkiyyətində olan fərdi yaşayış evində heç bir qanuni əsas olmadan yaşamağa davam etməkdədir. Bununla da, İddiaçı mülkiyyət və istifadə hüquqları kobud surətdə pozulmaqdadır. Cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli pretenziya məktubuna baxmayaraq, qanunsuz olaraq yaşamağa davam etdiyi fərdi yaşayış evini boşaltmamış və həmin ünvanda pasport qeydiyyatında qalmağa davam etməkdədir. Buna görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

8. Məhkəmə prosesinin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı tərəfindən Cavabdeh Əli Abbas qızına 15.000 manat kompensasiya ödənilməsi ilə onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dəqiqləşdirmə ərizəsini qismən, “kompensasiya ödənilməklə mənzildən çıxarılma” hissəsində qəbul etmişdir. “Cavabdehin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münasibətdə isə icraata qəbul etməmişdir. Belə ki, MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

9. Cavabdeh Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia əsassız və hüquqa ziddir, çünki qanuni yaşayış faktı və mənəvi hüquq o, Cavabdeh, mərhum həyat yoldaşı X1 ilə və övladları ilə birlikdə uzun illərdir həmin evdə daimi və maneəsiz şəkildə yaşamışlar. Onların orada yaşamaları qanuni əsaslarla baş vermiş və heç bir vaxt mübahisələndirilməmişdir. Iddiaçı yalnız formal mülkiyyət hüququnu əsas gətirərək onu evdən çıxarmağa çalışır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Mülki Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ başqa şəxslərin qanuni istifadəsini istisna etmir. Onun hal-hazırda başqa yaşayış yeri yoxdur. Iddiaçı tərəfindən tələb olunan çıxarılma, yaşamaq hüququnun pozulması və əsassız məhrumetmə ilə nəticələnə bilər ki, bu da Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsinə ziddir. Pasport qeydiyyatının ləğvi ilə bağlı tələb də iddiaçı yalnız onun həmin evdən çıxarılmağını deyil, həm də oradakı qeydiyyatının ləğvini istəyir. Bu isə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun tələblərinə ziddir. Çünki qeydiyyatın ləğvi yalnız orada faktiki yaşam olmadığı halda mümkündür. O, isə uzun illərdir orada yaşayır və bu fakt danılmazdır. Qeyd edilməsi zəruridir ki, iddiaçı tərəfindən əldə edilən mülkiyyət hüququnu o, qəbul etmir. Hazırda 2006-cı il tarixli məhkəmə qətnaməsinin əldə edilməsi, çıxarışın etibarsız hesab edilməsi və sair tələblərlə bağlı məhkəməyə müraciət edir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia təmin edilərək, İddiaçı tərəfindən 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, İddiaçı müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun fərdi yaşayış evindən çıxarılmasının eyni vaxtda icra olunmasl, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 382,10 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında 1/12 hissəsinin sahibidir. Evin qalan hissəsi digər şəxslərin (X12, X13, X3, X46, X4, X2, X5, 2/12 hissədə X17, X7) adına qeydiyyatdadır. Cavabdeh Cavabdeh uzun illərdir ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Hazırda iddiaçı cavabdehə kompensasiya verilməklə onun mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh həmin ünvanda qeydiyyatda qalması və faktiki yaşaması, mülkiyyətçi olan iddiaçının ev üzərində sərəncam vermək və sahiblik hüquqlarını tam həyata keçirməsinə mane olur. Bu isə mülkiyyət hüququnun pozulması deməkdir. Cavabdeh Cavabdeh həmin mənzildə həyat yoldaşı 2005-ci ildə vəfat etmiş X1 ilə birlikdə yaşamış və hazırda da mənzildə qeydiyyatdadır. Lakin qeydiyyat faktı və yaşama müddəti mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına əsas yaratmır, xüsusən də bu şəxslərin evdə yaşamaq üçün qanuni əsası (müqavilə, vərəsəlik və s.) olmadığı halda. Iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2009-cu il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hazırkı iş üzrə olan ## ###### 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh Əli Abbas qızının Bakı şəhəri, İ. Qutqaşınlı küçəsi. ** saylı evin 1/12 hissəsinə mərhum əri X1 ilə X11 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus evdə yaşamaq üçün qanuni əsası yoxdur. Iddiaçı iddia tələbinə dəqiqləşdirməsində cavabdehə 15.000 manat kompensasiya verilməklə mənzildən çıxarılmasını tələb etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kompensasiya verilməklə mənzildən çıxarılmağa etiraz etmədiklərini, lakin 15.000 manat məbləğində kompensasiya məbləği ilə razı olmadıqlarını bildirmişdir. Iş materiallarında olan Heydər Əliyev adına Bakı neft emalı zavodu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 2008-ci il tarixli məktubundan görünür ki, "Azərneftyanacaq" istehsalat birliyinin müdriyyəti və Həmkarlar Ittifaqı Məclisinin (hazırda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu və Həmkarlar Ittifaqı Komitəsi) ## #### 2001 ci il tarixli ** saylı birgə qərarına əsasən Cavabdeh ailəsi Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti ev 109, II giriş, XII mətəbə, yaşayış sahəsi 58.37 m² olan 4 otaqlı ** saylı mənzil ilə təmin edilmiş və müvafiq qaydada ona Nizami rayonu Icra Hakimiyyəti tərəfindən yaşayış orderi verilmişdir. Göründüyü kimi cavabdehin mülkiyyətində başqa əmlakı da vardır. Beləliklə, işin araşdırılması zamanı məhkəmə yuxarıda qeyd olunan halları, cavabdehin maddi vəziyyətini, mülkiyyətində başqa əmlakının olmasını və digər halları nəzərə alaraq, iddiaçı tərəfindən təklif olunan 15.000 manat məbləğində kompensasiyanı ədalətli və ağlabatan hesab etmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən kompensasiyanın verilməsi ilə cavabdehin mənzildən çıxarılması eyni vaxtda icra edilməlidir. Məhkəmə qeyd edir ki, bu, cavabdehin hüquqlarının qorunması baxımından vacibdir, belə ki, cavabdehin kompensasiyanı almadan evdən çıxarılmasının və vəziyyətinin ağırlaşmasının qarşısını alır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndi, 29-cu maddəsinin II bəndi və 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 157.2, 157.8-ci; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının ##.##.1952-ci il tarixli * saylı Protokolunun 1 ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçının yalnız 1/12 pay mülkiyyətçisi olduğunu nəzərə almadan, ona faktiki olaraq bütün ev üzrə sərəncam səlahiyyəti vermişdir. Bu isə mülkiyyət hüququnun həcminin səhv müəyyən edilməsi deməkdir. Qətnamə ilə yalnız bir payçının maraqları üstün tutulmuş, digər payçıların hüquqları isə faktiki olaraq tamamilə nəzərə alınmamışdır. Cavabdehin məhz iddiaçıya məxsus hissədə yaşadığı sübuta yetirilməmişdir. Ev naturada bölünmədiyindən, bu halın sübutu obyektiv olaraq mümkün deyildir. Məhkəmə cavabdehin uzunmüddətli faktiki yaşayışını və hüquqi vəziyyətini balanslaşdırmadan, birbaşa çıxarılma qərarı qəbul etmişdir ki, bu da hüquqların proporsionallıq prinsipinə ziddir. Heç bir zəruri və əsaslandırılmış meyar göstərilmədən cavabdehin yaşayış yerindən məhrum edilməsi Konstitusion təminata ziddir. Məhkəmə şəxsi və ailə həyatına müdaxilənin zəruriliyini və mütənasibliyini qiymətləndirməmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsini qətnamə çıxarılan gün təqdim etmiş, məhkəmə isə onu qarşı tərəfə təqdim etmədən və mövqe bildirmək üçün vaxt vermədən qəbul etmişdir. Cavabdehin müdafiə hüququ faktiki olaraq məhdudlaşdırılmış, tərəflər arasında prosessual balans pozulmuşdur. Məhkəmə iddiaçının sübut etməli olduğu halları (cavabdehin hansı hissədə yaşaması) sübut olunmamış qəbul etmişdir. Sübutlara hərtərəfli və obyektiv qiymət verilməmiş, naturada bölünmənin olmaması faktı nəzərə alınmamışdır. Qətnamədə kompensasiya məbləğinin hansı hüquqi və iqtisadi meyarlarla müəyyən edildiyi izah edilməmişdir. Qiymətləndirmə aparılmadan, mütəxəssis və ya ekspert rəyi alınmadan kompensasiya müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan yekun qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikaytinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili vəkil1 ərizə ilə müraciət edərək, 30 min manat məbləğində kompensasiya ödənilməklə cavabdeh Cavabdeh mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirdi.

18. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Konstitutsiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

21. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir.

27. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 382,10 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında 1/12 hissəsinin sahibidir. Evin qalan hissəsi digər şəxslərin (X12, X13, X3, X46, X4, X2, X5, 2/12 hissədə X17, X7) adına qeydiyyatdadır. Cavabdeh Cavabdeh uzun illərdir ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evində yaşayır.

28. Iddiaçı cavabdehə kompensasiya verilməklə onun mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona əsaslanmışdır ki, cavabdehin mübahisələndirilən mənzildə yaşamaq üçün qanuni əsas müəyyən edilmir, onun mənzildə yaşaması, mülkiyyətçi olan iddiaçının hüquqlarını pozur, cavabdehin mülkiyyətində başqa əmlakı var və təklif olunan 15000 manat kompensasiya məbləği ağlabatan və ədalətlidir.

30. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin dəlillərinə görə birinci instansiya məhkəməsi tərəfindən tərəflərin prosessual hüquq bərabərliyi pozulmaqla iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə cavabdehə təqdim edilmədən qəbul edilmiş, evin naturada bölünmədiyi və iddiaçının cəmi 1/12 pay mülkiyyətçisi olduğu nəzərə alınmadan, heç bir ekspert rəyi və iqtisadi meyar olmadan müəyyən edilmiş kompensasiya müqabilində cavabdehin mütənasiblik prinsipinə, şəxsi və ailə həyatına hörmət hüququna zidd olaraq yaşayış yerindən çıxarılması barədə işin faktiki halları tam və hərtərəfli araşdırılmadan qanunsuz qətnamə çıxarılmışdır.

31. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ##.##.2026-cı il tarixdə elektron kabinetlə ərizə ünvanlayaraq kompensasiya məbləğinin 30000 manat həcmində müəyyən edilməsini, eləcə də həmin məbləği ödəməyə hazır olduqlarının nəzərə alınmasını xahiş etmişdir.

32. Göründüyü kimi iddiaçı hazırda 30000 manat kompensasiya veriməyə razıdır.

33. Digər tərəfdən cavabdehin həmin mənzildə yaşaması və qeydiyyatda qalması üçün qanuni əsas olmamaqla bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına və məhdudlaşdırılmasına səbəb olur. Iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2009-cu il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hazırkı iş üzrə olan ## ###### 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh Əli Abbas qızının Bakı şəhəri, İ. Qutqaşınlı küçəsi. ** saylı evin 1/12 hissəsinə mərhum əri X1 ilə X11 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus evdə yaşamaq üçün qanuni əsası yoxdur.

34. Eyni zamanda cavabdeh tərəf də birinci instansiya məhkəməsində kompensasiya verilməklə mənzidlən çıxarılmasına etiraz etmədiyini bildirmiş, yalnız təklif edilən kompensasiya məbləğinin az olmasını bildirərək 30000 manat kompensasiya müəyyən edilməsini xahiş etmişdir (i.v 71).

35. Beləliklə, cavabdehə qarşı yönələn iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu ## ######## 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olubolmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

36. “xxxx” MMC-nin rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi yaşayış sahəsi 382.1 m2 olan fərdi yaşayış evinin 1/12 hissədə pay hüququna əsasən ayrılmış sahəsi 33.95 m2 olan fərdi yaşayış evinin bazar dəyəri 90.000 manat, həmin fərdi yaşayış evinin şəraitinə uyğun həmin ərazidə oxşar mənzilin bazar dəyərinə uyğun aylıq kirayə haqqının məbləği 350 manat müəyyən edilmişdir.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. ....Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər..Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.”

38. Belə olan halda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilərək təklif edilən kompensasiya 30000 (otuz min) manat müəyyən edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir. 39.Kollegiya, həmçinin qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən ekspertiza xərci iddiaçıya aid edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilsin. Kompensasiya məbləği 30.000 (otuz min) manat müəyyən edilsin. İddiaçı tərəfindən 30.000 (otuz min) manat məbləğində kompensasiya verilməklə, cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Ekspertiza xərci olan 590 (beş yüz doxsan) manat məbləğində pul iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar