Məhkəmə qərarları › İş №2(3-6)-3257/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3257/2026

14.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3257/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddia ərizəsində cavabdehdən 6.400 manat pul tələb olunub. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, 6.300 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti təmin edilə bilməz, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Işin faktiki halları birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edildiyindən, hazırkı qətnamə isə eyni faktiki hallara əsaslandığından onların təkrar qeyd edilməsinə zərurət yoxdur. Iddiaçı tələbini onunla əsaslandırıb ki, əlilliyə görə dövlətdən sosial müavinət almış, sonradan müavinətin verilməsi dayandırılmış, cavabdeh müavinətin bərpa edilməsində ona köməklik edəcəyini vəd etmiş, bu məqsədlə 2023-2024-cü illərdə cavabdehə cəmi 6.400 manat pul vermiş, lakin cavabdeh həmin məsələni həll etməmiş, pulu isə geri qaytarmamışdır. Cavabdeh iddiaçıdan 6.400 manat pul aldığını etiraf edib. Belə ki, məhkəmədən əvvəl iddiaçının şikayəti əsasında polisdə araşdırma aparılıb, araşdırma zamanı cavabdeh verdiyi izahatda etiraf edib ki, iddiaçıdan 6.400 manat pul alıb (iş v. 4-9). Alınmış pulun qaytarıldığını sübutetmə yükü cavabdehin üzərində düşür. Birinci instansiya məhkəməsində icraat zamanı pulun 100 manatının qaytarıldığı müəyyən edilmiş, ona görə də 6.300 manat tutulması qət edilmişdir. Cavabdeh 6.300 manat pulun qaytarıldığını təsdiq edən sübut təqdim etməyib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 6.300 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar