Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3303/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi, tələblər sırasına bərpa edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçının verdiyi apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Universitetə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Universitet üzrə verilmiş ##.##.2026-cı il tarixli, *-**-**/*-*-****/**** saylı əmrin ləğv edilməsini və onun aldığı ixtisas üzrə Universitetin Hərbi tibb fakültəsinin kursantları sırasına bərpa edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla iş üzrə icraata xitam verilməsini, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya qaytarılmasını və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsini qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında yaranmış mübahisə mülki-hüquqi münasibətdən deyil, cavabdeh Universitetin publik səlahiyyət və vəzifələrinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş fərdi xarakterli aktdan – mübahisəli əmrdən irəli gəlir. Mübahisələndirilən əmrlə iddiaçının Universitetin Hərbi tibb fakültəsinin kursantı statusuna xitam verilmiş və onun hüquqi vəziyyəti birtərəfli qaydada dəyişdirilmişdir. Buna görə həmin əmrin hüquqauyğunluğunun yoxlanılması inzibati məhkəmə icraatının predmetinə aid olduğundan mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mülki məhkəmə icraatı qaydasında baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış münasibət publik münasibətlərdən deyil, təhsil hüququndan – mülki hüquq münasibətlərdən irəli gələn və tərəflərin bərabərliyinə əsaslanan xüsusi hüquq münasibətidir. Cavabdeh Universitet “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi mənasında inzibati orqan deyil və inzibati hakimiyyət səlahiyyətlərinə malik deyildir. İddiaçı, həmçinin analoji mübahisələrə ümumi məhkəmələrdə baxılması ilə bağlı məhkəmə təcrübəsinin formalaşdığını bildirmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətə yazılı icraat qaydasında baxaraq, şikayətin dəlillərini və iş üzrə materialları araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * saylı qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarının 15.4-cü bəndində göstərilir ki, ... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (MPM) nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsi qeyd edilən əsasla iddia ərizəsinə dair iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Şikayətdə göstərilənlər ilə bağlı Məhkəmə qeyd edir ki, icraata qəbul edilmiş iddia ərizəsinə dair iş üzrə yuxarıda göstərilən əsasla xitam verilməsi MPM-in 261.0.1-ci maddəsində nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunverici, qəbul edir ki, ümumi məhkəməsinin hakim iddia ərizəsini icraata qəbul etdikdən sonra müəyyən edə bilər ki, iddia ərizəsi ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aiddir və belə olan halda hakimə prosessual imkan yaradılmalıdır ki, o, baxılması onun səlahiyyətlərinə aid olmayan iddiaya mahiyyəti üzrə baxmasın. Məhkəmə qeyd edir ki, mübahisənin mülki və ya inzibati məhkəmə icraatına aid olmasının müəyyən edilməsi zamanı tərəflərin formal hüquqi statusu deyil, mübahisənin yarandığı konkret hüquq münasibətinin xarakteri və həmin münasibətdə cavabdehin həyata keçirdiyi səlahiyyətin mahiyyəti nəzərə alınmalıdır. Hazırkı halda mübahisələndirilən ##.##.2026-cı il tarixli, *-**-**/*-*-****/**** saylı əmrlə iddiaçının cavabdeh Universitetin Hərbi tibb fakültəsinin kursantları sırasından xaric edilməsi qərara alınmışdır. Həmin əmr konkret şəxsə yönəlməklə onun kursant statusuna xitam vermiş və hüquqi vəziyyətini birtərəfli qaydada dəyişdirmişdir. Buna görə həmin əmrin qanuniliyinin yoxlanılması tərəflərin bərabərliyinə əsaslanan xüsusi hüquq münasibətindən deyil, publik-hüquqi münasibətdən irəli gələn mübahisə təşkil edir. Rayon Məhkəməsi də mübahisənin hüquqi xarakterini bu qaydada müəyyən etmişdir. Şikayətçinin Universitetin “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi mənasında inzibati orqan olmadığı barədə dəlili də qərardadın ləğvi üçün əsas yaratmır. Belə ki, həmin normada inzibati orqan anlayışına qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər də aid edilmişdir. Bu baxımdan həlledici olan cavabdehin təşkilati-hüquqi statusu deyil, konkret münasibətdə publik səlahiyyət həyata keçirərək iddiaçının hüquqi vəziyyətini dəyişdirən akt qəbul etməsidir. Şikayətçinin özü də istinad etdiyi normanın inzibati orqan anlayışına inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxsləri daxil etdiyini göstərmişdir. Şikayətçinin analoji mübahisələrə ümumi məhkəmələrdə baxılması ilə bağlı vahid məhkəmə təcrübəsinin mövcud olması barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, belə təcrübənin mövcudluğunu və hazırkı işə tətbiq edilməli olduğunu təsdiq edən konkret qanuni qüvvəyə minmiş məhkəmə aktı təqdim edilməmişdir. Rayon Məhkəməsi də şikayətə baxarkən həmin halı nəzərə almışdır. Beləliklə, iddiaçının tələbinin təmin olunub-olunmamasının müəyyən edilməsi üçün ilk növbədə onun kursant statusuna xitam verilməsi barədə əmrin hüquqauyğunluğu qiymətləndirilməlidir. Bu isə öz hüquqi təbiətinə görə inzibati məhkəmə icraatının predmetinə aid olduğundan, Rayon Məhkəməsi işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ##.##.2015-ci il tarixli, * saylı qərarının 15.4-cü bəndində də inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edildikdə iş üzrə icraata xitam verilməsi və iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izah edilməsi nəzərdə tutulmuşdur. Beləliklə də yuxarıda göstərilənlərə əsasən hesab edilməlidir ki, barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Barəsində şikayət verilmiş qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh Cavabdeh hazırkı qərardaddan kassasiya şikayət verə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-3303/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3303/2026
03.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver