Məhkəmə qərarları › İş №2(3-6)-3386/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3386/2026

24.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3386/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı öhdəliyin icrasının həvalə edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0180 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ ##.##.2023-cü ildən İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh İB-nin ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçıya məxsus yaşayış evinin qazlaşdırılması ilə əlaqədar texniki şərtin verilməsi barədə Cavabdeh İB-nə daxil olmuş (##.##.2025-ci il tarixli **-*-*/*-S-*****-**_**** nömrəli müraciəti ilə əlaqədar bildirilmişdir ki, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli *** nömrəli ilə qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcminin alınması qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.1.1-ci yarımbəndinə görə Texniki Şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblə və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır. Həmin Qaydanın 1.2.2-ci yarımbəndinə görə sözü gedən yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi ilə əlaqədar “ASAN Xidmət” Mərkəzinə müraciət edilməlidir. Hazırda iddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinin imtinasının əsassız hesab edilməsi, evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İB tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,0180 ha torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən qeydiyyata alınmış 0,0180 ha. torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsində 2023-cü ilin mart ayından inşası başa çatmış fərdi ev inşa etmişdir və həmin tarixdən iddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşayır. Həmin yaşayış evinə işıq və su xətti çəkdirmişdir. Lakin maddi imkanı olmadığına görə, qaz xətti çəkdirə bilməmişdir. Belə ki, qaz xətti iddiaçının evində uzaqda idi. Hal-hazırda qaz xətti evinin yanından keçir. İddiaçı ##.##.2025-ci il tarixində yazılı qaydada Cavabdeh İB-nə müraciət etmişdir, lakin cavabdeh imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi, o halı göstərmişdir ki, ##.##.2023-cü ildə qanuni qüvvəsini almış Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin bezə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən iddiaçı hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır, və iddiaçının istifadəsində olan və yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, həmin evi qanun qüvvəsini almamışdan əvvəl, yəni 2023-cü ilin sentyabr ayında inşa etmişdir. İşıq və su xəttinin olması buna əyanı sübutdur. Həmin vaxt ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı inşa etdiyi evi şəhərsalma qaydaların uyğun inşa etmiş, çəkiləcək kommunal xətlər tam nəzərə alınmışdır. Heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskünlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qaz xətti ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi, bu əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. İddiaçının tam mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0180 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi qaz xətti ilə təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin tikdiyini fərdi yaşayış evinə cavabdeh Cavabdeh İB tərəfindən qaz paylayıcı şəbəkəyə qoşulması öhdəliyinin qoyulmasını tələb edir. Məhkəmə araşdırması zamanı şahid ifadələri əsasında müəyyən edilmişdir ki, sözü gedən fərdi yaşayış evin tikintisi 2023-cü ilin avqust ayında bitmişdir. Fərdi yaşayış evinə işıq və su xətti çəkilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda, cavabdehin imtinasının əsası kimi göstərilmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş ##.##.2023-cü il tarixli ***-VIQD nömrəli dəyişikliyə əsasən əlavə olunmuş 10-1 bəndə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanılmasına həmin Məcəllənin 80.4-cü maddəsinə nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı əsassızdır və istinad edilən qanunvericilik norması tərəflər arasında olan mülki hüquq münasibətlərinə tətbiq edilməməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası ## #### 1998-ci il tarixli ***-IQ nömrəli Qanunun 13-cü maddəsinə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır” məzmunda 10-1-ci hissə əlavə edildiyi və bu əlavənin 2023-cü il #######ın #-dən qüvvəyə mindiyi müəyyən edilmişdir. Eyni tələb hazırda qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası # #### 2025-ci il tarixli ***-VIIQ nömrəli Qanunun 14-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8-ci maddəsində qeyd edilir ki, normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsipləri əsasında həyata keçirilir. Məhkəmə belə qənaətə gəlmişdir ki, qaz təchizatının təmin edilməsi tələb edilən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi, fərdi yaşayış evinin tikintisinin 2023-cü ilin #######ın #-ə qədər, yəni sözü gedən qanunun qüvvəyə mindiyi tarixədək baş çatdığını, kommunal xidmətlərin digər növlərindən yaralandığı nəzərə alaraq cavabdeh tərəfindən kommunal xidmətdən istifadəsi məhdudlaşdırılmamalıdır. Qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,0180 ha torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin qanunvericliyə uyğun olaraq sənədi yoxdur (çıxarış). Qanunvericliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş ## ### 2023-cü il tarixli, ***-VIQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcələsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, qeyd olunan məhkəmə mübahisəsi getdiyi anda və qərar çıxarılarkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 10-1 bəndi əlavə olunmasına baxmayaraq məhkəmə bunu diqqətə almamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək, əsassız qərar qəbul etmişdir. Həmçinin lazımı icazələr almadan, mülkiyyət sənədləri olmadan tikinti işləri aparıldığı halda qazla təmin olunmanı qanunvericilik qadağan edir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və qərar qəbul edərkən istinad olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Həmçinin Azərbaycan dövləti özbaşına tikililərin qarşısını almaq və sənədsiz evlərin sənədləşməsini sürətləndirmək üçün belə bir qanun qəbul etdiyi halda bu kimi məhkəmə qərarları dövlət siyasətinə və qanunlarına zidd mövqe tutur.Qeyd olunan işlər 2025-ci ilin əvvəlinə kimi Baki İnzibati Məhkəmədə baxılıb və iddialar təmin olunmamışdır. Lakin rayon məhkəmləri bu kimi işlərə baxmağa başladığı andan özündən əvvəlki tarixlərdə çıxarılmış və hətda Ali məhkəmənin bu işlərə mövqeyini ifadə edən qətnamələrdən bəhrələnməmişlər (2-1(102)-2758/2024). Bundan başqa mənzilin qazlaşdırılması üçün ilkin növbədə qanunvericliyə uyğun olaraq texniki şərtdir. Lakin məhkəmə təhlükəsizlik və qanunvericiliyin tələbinə əməl etmədən bir başa mənzilin qazlaşdırılması üçün qərar çıxarır və qaz paylayıcını da məcbur edir ki, təhlükəsizliyə və qanunvericiliyin tələbinə əməl etmədən mənzili qazlaşdır. Bakı şəhərində bəzi binalar varki 50 ildən çox yaşı vardır, lakin lahiyəsində qazın verilməsi ilə bağlı şərtlərə əməl edilmədiyi üçün onlara texniki şərt verilmir və mənzillər təhlükəsizlik səbəbindən qazlaşdırılmır. Çünki heç bir kommunal xidmət insan həyatdından artıq ola bilməz. Eyni zamanda məhkəmə ancaq müqavilə münasibətlərindən çıxış edərək mülki konteksdən işə yanaşır. Ancaq qərar və normaların məzmunundan aydın olur ki, texniki şərtlə tikinti normalarına uyğun olan mənzilə qaz verildikdən sonra müqavilə bağlamaq olar. İşə inzibati konteksdən və ya Mülkü konteksdən yanaşmaq nə qanunları dəyişir nədə təhlükəsizlik qaydalarını. Hər iki məhkəmə qərar çəxararkən “Qaz təchizatı haqqında” Qanunun 10-1-cı maddəsinə uyğun qərar çıxarmalıdır. Məhkəmə hesab etmişdir ki, mənzil qazlaşma ilə bağlı Qaz təchizatı haqqında” Qanunun 10-1-cı maddəsi qüvvəyə mindiyi vaxtdan əvvəlki tarixlərdə tikildiyindən qanun bu mənzilə tətbiq edilməməlidir. Lakin məhkəmə nəzərər almır ki, hazırda hüquqi aktın geriyə qüvvəsi ona görə iddiaçıya şamil edilməməlidir ki, iddiaçı fərdi yaşayış evinə dair müvafiq icazələr alma və ya evi özünün xüsusi mülkiyyətində keçirmə imkanından məhrum edilməmişdir. Yəni ki, mübahisə bir növ iddiaçının hərəkətsizliyinə görə yaranmışdır. Qanunun geriyə qüvvəsi o halda tətbiq olunur ki iddiaçı artıq öz hüquqlarını yenin qanunla bərpası mümkün olmayacaq şəkildə itirmiş olsun. Hazırkı “Qaz təchizatı haqqında” Qanunun 10-1-cı maddəsi iddiaçının hüquqlarını məhdudlaşdıran akt kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının fərdi yaşayış evini xüsusi mülkiyyətinə keçirdikdən sonra evini ümumi qaydada qazlaşdıra bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi qərar çıxararkən həmin zaman qüvvədə olan və dəyişikliklə əlavə edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1-ci bəndinin tələbini nəzərə almamışdır. Odur ki, iş materiallarında olan sübutlara düzgün qiymət verməməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, bu maddə 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib-edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirilməlidir. Lakin məhkəmə aydınlıq gətirilməsi ilə bağlı hər hansı tədbir görmək yerinə əsasız, qanunvericiliyin tələbini pozmaqla iddianı təmin edir. Qanun sadə və anlaşılan olmalıdır ki, bu qanunda elədir və aydındır ki öz başına tikililərə qaz verilməsin və müvafiq sənədləşmə işi aparıldıqdan sonra qazlaşma ilə bağlı məhdudiyyət aradan qaldırılır. Məhkəmə qeyd etmişdir ki, mənzilə ışıq, su verildiyi halda qaz verilməmişdir. Digər kommunal xidmətlərin qanunsuz şəkildə verilməsi bu o demək deyilki birlikdə qanunvericliyin tələbini pozmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməmini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 149-cu maddəsinin VII hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Qanun: 2.2-ci maddəsinə görə normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 87.1-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir. 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3-cü maddəsinə görə törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Mülki Məcəllə: 400.1-ci maddəsinə görə əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Rəqabət Məcəlləsi: 36.1.2-ci maddəsinə görə təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri - təbii inhisar fəaliyyəti sahələridir. 40.5.9-cu maddəsinə görə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun: 1-ci maddəsinə görə istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. 3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. 8-ci maddəsinə görə bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Qanun: (bu Qanun Azərbaycan Respublikasının 8 iyul 2025-ci il tarixli 233-VIIQ nömrəli Qanunu ilə ləğv edilmişdir) 13-cü maddəsinin 10-1-ci bəndinə görə (bu bənd ##.##.2023-cü ildən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Qüvvədə olan “Qaz təchizatı haqqında” Qanun: 14.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1.2.2-ci bəndinə görə sifarişçi-qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxsdir. Həmin Qaydanın 1.5-ci bəndinə görə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan(yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 1.6-cı bəndinə görə bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 2.3-cü bəndinə görə tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Həmin Qaydanın 2.15-ci bəndinə görə tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının ##.##.2024-cü il tarixli * nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydalarının 6.4-cü bəndi nəzərdə tutur ki, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki iş materiallarından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0180 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ ##.##.2023-cü ildən İddiaçı adına qeydiyyata alınmış və məhkəmə araşdırması zamanı şahid ifadələri əsasında müəyyən edilmişdir ki, sözü gedən fərdi yaşayış evin tikintisi 2023-cü ilin avqust ayında bitmişdir. Fərdi yaşayış evinə işıq xətti çəkilmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı 2023-cü ildən tanıyır. Belə ki, sonuncu Abşeron rayonu, Mehdiabad qəsəbəsində qonşuluqda torpaq sahəsi alıb, ev tikmişdir. 2024-cü ilin yanvar-fevral ayından həmin evdə yaşamağa başlamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş İbrahimov İlkin İsabala oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı həyat yoldaşı ilə işlə əlaqədar tanış olmuş, dostdurlar. Onlar torpaq almaq istəyirlər. Bundan sonra Mehdiabad qəsəbəsində onun torpağı ilə qonşuluqda torpaq almışdırlar. 2023-cü ilin iyulavqust aylarında torpaq sahəsində ev tikmişdirlər. 2023-cü ilin avqust ayında tikintini yekunlaşdırmışdırlar. 2024-cü ilin əvvəlindən evdə yaşamağa başlamışdırlar İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin tikdiyini fərdi yaşayış evinə cavabdeh Cavabdeh İB tərəfindən qaz paylayıcı şəbəkəyə qoşulması öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəf isə istər iddiaya etirazda, istərsə də apellyasiya şikayətində qeyd edir ki, qanunvericliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. Məhkəmə Kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki mübahisəyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il #######ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10-1-ci bəndi məhz iddiaçının vəziyyətini pisləşdirdiyindən tətbiq edilməməlidir. Digər tərəfdən mənzilin sənədinin (çıxarışın) olmaması onun texniki cəhətdən təhlükəli olması demək deyil. Daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması hüquqi problemdir, binanın texniki təhlükəsizliyi isə faktiki/mühəndislik məsələsidir. Bundan başqa apellyasiya şikayətinin “eyni zamanda məhkəmə qeyd etmişdir ki, bu maddə (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il #######ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10-1-ci bəndi) 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirilməlidir” dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, torpaq sahəsi mübahisəsiz olaraq iddiaçının faktiki mülkiyyətində, sahibliyində və istifadəsindədir, həmçinin iddiaçı 2023-cü il tarixdən torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinə sahiblik etmə və evin inşası məhz qeyd edilən normanın qüvvəsindən əvvələ aid olduğundan həmin normanın hazırki mübahisəyə tətbiq edilməsi yol verilməzdir. İddiaçının fərdi yaşayış evini xüsusi mülkiyyətinə keçirdikdən sonra evini ümumi qaydada qazlaşdıra bilməsinə dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0180 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ ##.##.2023-cü ildən İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının 2023-cü ildən etibarən torpaq sahəsinə sahiblənməsi nəzərə alınarsa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il #######ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10-1-ci bəndi iddiaçının vəziyyətini pisləşdirdiyindən geriyə tətbiq edilməməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi: Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsin dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar