Məhkəmə qərarları › İş №2(3-6)-3541/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3541/2026

31.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3541/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı, İddiaçının vəkili vəkil1 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh “İstanbul NS Klinikası” MMC-yə qarşı “müayinə nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh “İstanbul NS Klinikası” MMC-yə qarşı “müayinə nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İstanbul N.S. Klinikası” MMC-yə qarşı ## ###### 2022-ci il tarixli X2 Tomoqrafıya dörd (4) ədəd müayinəsinin nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlığına görə şikayətlərinə əsasən, həkim tərəfindən təyin edilmiş Beyin M.R.T.-nin müayinəsi göndəriş əsasında ## ###### 2022-ci il tarixində sığorta göndərişi ilə “İstanbul NS Klinikası” MMC-də Beyin M.R.T-nin müyainəsindən keçmişdir. Növbəti gün, ##.##.2022-ci il tarixdə doktor radioloq Ramil Cəlilov tərəfindən verilmiş Beyin M.R.T-nin müayinə nəticə cavabını almış və müayinənin nəticəsi ilə razılaşmamış, öz etirazını bildirmişdir. İddiaçı bir neçə dəfə şifahi müraciət etmiş, M.R.T.-nin müayinəsinin diskinə yenidən baxılması, düzgün, obyektiv müyainənin nəticəsinin cavabını verilməsini istəmişdir. Bundan əlavə, Ramil Cəlilov ##.##.2016-cı il tarixində “xxxx” da Beyin M.R.T-nin müayinə nəticə cavabını təqdim etmişdir. Nəticə “Arxa kəllə çuxurunda Araxnodial kista, Arnold Kiari İ malformasiyası. ”Halbuki, “İstanbul NS Klinikası” MMC Beyin MRT-nin ##.##.2022-ci il tarixli müayinə nəticə cavabı fərqlidir. Nəticə: ”Baş beyin əhəmiyyətli, ocaqlı, həcmi patologiyası izlənmədi, retroserebellyar, ekstraaksial lektor məsafələrinin konfiqurasiyası meg cisterna magna variantına uyğundur. Yuxarıda qeyd olunan Beyin MRT ilə bağlı R.Cəlilov tanış olandan sonra dedi ki, ona məxsus Beyin MRT-nin müayinə məlumatları klinika bazasından silinib. İddiaçı məcbur olub ## ### 2023-cü il tarixində “İstanbul NS Klinikası” MMC-nin baş həkiminə ərizə ilə müraciət edib. Ərizəyə rəsmi cavab verilməmişdir. Bundan sonra,##.##.2024-cü il tarixində başqa klinikada öz vəsaiti hesabına Beyin M.R.T-nin müayinə nəticəsinin cavabını almışdır. Cavaba əsasən, iddiaçı ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə “İstanbul NS Klinikası” MMC-nin Baş həkimə ərizə ilə müraicət etmişdir. Xahiş etmişdir ki, ##.##.2022-ci il tarixli Beyin M.R.T-nin radioloq Ramil Cəlilov tərəfindən verilmiş nəticə cavabını qısa müddətdə səhvini düzəltməsi və iddiaçıya düzgün obyektiv müayinə nəticə cavabı verilsin. ##.##.2024-cü il və ##.##.2024cü il tarixli ərizələrə “İstanbul NS Klinikası” MMC tərəfindən heç br rəsmi cavab verilməmişdir. Odur ki, yuxarıda qeyd olunan Beyin M.R.T-nin müayinə nəticəsiləri əsas verir ki, Ramil Cəlilov iddiaçının sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlətmişdir. Ona görə də iddiaçı məcburən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı beyin M.R.T.-nin müayinəsi göndəriş əsasında ## ###### 2022-ci il tarixində “İstanbul NS Klinikası” MMC də Beyin M.R.T-nin müayinəsindən keçmiş və iş materiallarında olan müayinənin nəticəsinə əsasən sağ beyincik tonzillasının foramen magnumdan inferiora doğru 7 mm qədər prolapsı qeyd edilir, kliniki şikayətlərlə birlikdə Arnold-Kiari sindromu lehinə dəyərləndirilir. Retroserebellyar, ekstraaksial likvor məsafələrinin konfiqurasiyası mega cisterna magna variantına uyğundur. Kistanın maksimal vertikal ölçüsü 45-46 mm, ön-arxa ölçüsü 16 mm, sol serebellyar hemisferin arxa perimetri üzrə qeyd edilən komponentinin transverzal ölçüsü 18 mm, sağ serebellyar hemisferin arxa perimetri üzrə qeyd edilən komponentinin transverzal ölçüsü 55 mm-dir. Lateral mədəciklərin müayinə genişlənməsi. Maksilyar sinuslarda mukozal qalınlaşmalar, sol maksilyar sinusun dibində 28 mm ölçüdə retension kista, əsas cibin sol kamerasında 20 mm ölçüdə hemorragik retension kista. Burun çəpərinin sağ tərəfli əyriliyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı “xxxx” MMC-də müayinədən keçmiş və iş materiallarında olan müayinənin nəticəsinə əsasən, Baş beynin normal MRT şəkli arxa kəllə çuxurunda araxnodial kista. Arnold kiari İ malformasiyası. Burun çəpərində sağa doğru deviasiya.sol maksilyar sinusda kista. Əsas cibdə polipoid kista aşkar edilmişdir. İddiaçı müayinə nəticələrinin fərqli olduğunu və cavabdeh “İstanbul NS Klinikası” MMC tərəfindən onun sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlətdiklərini, hazırda isə “İstanbul NS Klinikası” MMC-nin ## ###### 2022-ci il tarixli X2 Tomoqrafıya dörd (4) ədəd müayinəsinin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının tələbinin mahiyyəti konkret olaraq cavabdehin verdiyi MRT müayinəsinin nəticələrinin məhkəmə tərəfindən “etibarsız” hesab edilməsindən ibarətdir. Halbuki, məhkəmə icraatının predmetini təşkil edən hüquqi mübahisə ilə tibbi müayinənin nəticəsinin tibbi baxımdan düzgün olub-olmaması məsələsi bir-birindən fərqləndirilməlidir. Mülki məhkəmə icraatının vəzifəsi şəxslərin pozulmuş və ya mübahisələndirilən mülki hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsidir. Məhkəmə konkret tibbi diaqnozun və ya radioloji nəticənin tibbi baxımdan “düzgün” və ya “səhv” olması barədə müstəqil tibbi qiymətləndirmə aparan orqan deyildir. Hazırkı işdə isə iddiaçının məhkəmədən tələb etdiyi nəticə hər hansı konkret əmlak və ya şəxsi qeyri-əmlak hüququnun bərpasından, müqavilə öhdəliyinin icrasından, vurulmuş zərərin ödənilməsindən və ya digər mülki hüququn müdafiəsindən deyil, tibbi müayinə nəticəsinin etibarsız hesab edilməsindən ibarətdir. Başqa sözlə, iddiaçı məhkəmədən onun hüquqi statusuna təsir edən konkret hüquqi nəticənin müəyyən edilməsini deyil, tibbi sənəddə əks olunmuş müayinə nəticəsinin tibbi cəhətdən düzgün olmadığının məhkəmə qaydasında müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı MRT nəticəsinin mülki məhkəmə qaydasında “etibarsız” hesab edilməsininin ona əlilliyinin təsdiq edilməsi üçün lazım olmasını göstərmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, mübahisənin mahiyyətinə nəzər salındıqda, görünür ki, onun həlli üçün ilk növbədə tibbi müayinə nəticələrinin elmi və tibbi cəhətdən düzgünlüyünün müəyyən edilməsi tələb olunur. İş üzrə keçirilmiş ekspertizaların rəylərində ##.##.2022-ci il tarixində “İstanbul NS Klinikası” MMC-də aparılmış MRT müayinəsinin nəticələri müxtəlif vaxtlarda verilmiş cavablarla müqayisə edilmiş və əvvəlki müayinənin nəticələrinin düzgün əks etdirildiyi barədə nəticəyə gəlinmişdir. Digər ekspertiza materiallarında isə “Arnold-Kiari İ malformasiyası”nın müxtəlif MRT müayinələrində fərqli müəyyən edilməsinin mümkünlüyü qeyd edilmiş, bunun cihazın funksionallığı, çəkiliş texnikası və digər amillərlə əlaqədar ola biləcəyi bildirilmişdir. Deməli, iş materiallarından aydın görünür ki, iddiaçının mübahisələndirdiyi məsələ tibbi və radioloji qiymətləndirmə məsələsidir və məhkəmə ekspertizası da bu məsələyə tibbi biliklər əsasında cavab vermişdir. Lakin Məhkəmə Kollegiyası hesab edir ki, ekspert rəyinin mövcudluğu həmin tibbi nəticənin ayrıca mülki hüquq münasibətinin predmeti olmasını yaratmır. Bununla yanaşı, iddiaçının cavabdehin tibbi müayinə nəticəsi ilə bağlı hər hansı hüququnun pozulduğunu və bunun nəticəsində konkret hüquqi müdafiə vasitəsinin tətbiq edilməli olduğunu göstərməsi də iş materiallarından müəyyən edilmir. İddiaçının “sağlamlığı üçün təhlükə törədən faktların və halların gizlədilməsi” barədə mövqeyi özlüyündə həmin MRT nəticəsinin mülki məhkəmə qaydasında “etibarsız” hesab edilməsini mümkün edən müstəqil hüquqi əsas yaratmır. Əgər iddiaçı hesab edirsə ki, cavabdehin hərəkətləri nəticəsində onun sağlamlığına zərər vurulmuş, ona yanlış tibbi məlumat verilmiş və bunun nəticəsində hər hansı hüquqları pozulmuşdur, belə bir halda hüquqi müdafiənin predmeti tibbi sənədin “etibarsız hesab edilməsi” deyil, konkret hüquq pozuntusu və həmin pozuntunun hüquqi nəticələri olmalıdır. Hazırkı iddia tələbi isə belə hüquqi nəticəyə yönəlməmişdir. Digər tərəfdən, məhkəmənin ekspertiza təyin etməsi və ekspertlər tərəfindən MRT görüntülərinin tibbi baxımdan qiymətləndirilməsi də işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğunu müəyyən etmir. Ekspertiza məhkəməyə təqdim edilmiş sübutların qiymətləndirilməsi üçün istifadə olunan prosessual vasitədir. Onun keçirilməsi məhkəmənin konkret tələbin mahiyyəti üzrə mülki hüquqi mübahisə mövcud olduğu barədə nəticəyə gəlməsi anlamına gəlmir. Bu səbəbdən birinci instansiya məhkəməsi iş üzrə ekspertizalar təyin etməsinə baxmayaraq iddiaçının tələbini qiymətləndirərkən ilk növbədə iş üzrə mahiyyəti üzrə araşdırma aparmadan həmin tələbin ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələb olub-olmadığını müəyyən etməli idi. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin məqsədi də məhz belə hallarda məhkəmənin mülki məhkəmə icraatı qaydasında həll edə bilmədiyi və ya baxılması mülki məhkəmə icraatının predmetinə aid olmayan məsələni mahiyyəti üzrə araşdırmasının qarşısını almaqdır. Hazırkı halda iddiaçının tələb etdiyi “##.##.2022-ci il tarixli MRT müayinəsinin nəticələrinin etibarsız hesab edilməsi” nəticəsi müstəqil mülki hüququn müdafiəsi üsulu kimi çıxış etmir. Məhkəmənin tibbi müayinənin nəticəsini “etibarsız” hesab etməsi də özlüyündə iddiaçının hər hansı pozulmuş mülki hüququnun bərpasına səbəb olmur. Bu səbəbdən tələb məhz bu formada mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə kimi qəbul edilə bilməz. Beləliklə, iş materiallarından iddiaçının mülki hüquq və vəzifələrinə dair mübahisənin mövcudluğu deyil, tibbi müayinənin nəticələrinin tibbi cəhətdən düzgün olub-olmaması məsələsinin mübahisələndirildiyi görünür. Bu isə hazırkı iddia tələbinin seçilmiş prosessual formada mülki məhkəmə icraatı qaydasında həll edilməsinə imkan vermir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə ekspert rəylərinə qiymət verməklə iddianın rədd edilməsinə dair nəticəyə gəlməkdənsə, ilk növbədə işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olub-olmadığını müəyyən etməli idi. Tələb olunan müdafiə üsulunun mülki hüququn müdafiəsinə yönəlməməsi və iddia predmetinin tibbi müayinə nəticəsinin tibbi düzgünlüyünün müəyyən edilməsindən ibarət olması nəzərə alınaraq, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli idi. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. Bu baxımdan birinci instansiya məhkəməsinin iddianı mahiyyəti üzrə araşdıraraq rədd etməsi prosessual baxımdan düzgün olmamış, qətnamə ləğv edilməklə mülki iş üzrə icraata Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsasla xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Məhkəmə Kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, Məhkəmə Kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mübahisələndirdiyi “MRT” müayinəsinin nəticəsinin tibbi cəhətdən düzgün olub-olmaması və tibbi xidmət göstərilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsi məsələləri öz mahiyyətinə görə xüsusi tibbi bilik və səlahiyyət tələb edən məsələlərdir. Bu məsələlərin ilkin olaraq müvafiq tibbi nəzarət və səhiyyə orqanları qarşısında qaldırılması mümkündür. Əgər həmin araşdırmanın nəticəsində şəxsin hüquqlarının pozulması və ona zərər vurulması müəyyən edilərsə, iddiaçı pozulmuş hüququnun müdafiəsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Belə olan halda Məhkəmə Kollegiyası iddiaçıya izah edir ki, hazırki tələblə müvafiq səlahiyyətli quruma müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 384, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh “İstanbul NS Klinikası” MMC-yə qarşı “müayinə nəticələrinin etibarsız hesab edilməsi” mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edir ki, hazırki tələblə müvafiq səlahiyyətli quruma müraciət etməlidir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar