Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3644/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun restrukturizasiya edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları 1.Hazırkı iş kredit borcunun restrukturizasiyası barədədir. 2.Restrukturizasiyası tələb olunan borcun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Belə ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)- *****/**** nömrəli qətnaməsi, habelə həmin qətnamənin dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə qət olunub ki, cavabdeh (borc verən) cavabdeh1 ASC ilə iddiaçı (borc alan) arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borc kimi 9.362,49 ABŞ dolları, faiz borcu kimi 3.335,22 ABŞ dolları, cərimə kimi 10 ABŞ dolları, ümumilikdə 12.707,71 ABŞ dolları məbləğində borc bankın xeyrinə tutulsun. Məhkəmə icraatı 3.Iddia ərizəsində tələb olunub ki, həmin qətnaməyə əsasən iddiaçıdan (borc alandan) cavabdeh cavabdeh1 ASC-nin (borc verənin) xeyrinə tutulmalı olan 9.362,49 ABŞ dolları məbləğində əsas kredit borcu restrukturizasiya olunsun və iddiaçıdan cavabdehin xeyrinə tutulmuş pul cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. 4.Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, iş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırılıb ki, restrukturizasiyası tələb olunan borcun tutulması barədə məhkəmə qətnaməsi mövcud olduğundan borcun restrukturizasiya olunması barədə məsələyə icra icraatı qaydasında baxılmalıdır. Xitamın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraat xitam verir. 5.Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Məhkəmənin mövqeyi 6.Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 7.Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanında fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə restrukturizasiyası tələb olunan 9.362,49 ABŞ dolları məbləğində əsas kredit borcunun tutulması barədə qətnamə həmin fərmandan əvvəl qəbul edilib və fərmandan əvvəl qanuni qüvvəyə minib. Əgər borcun tutulması barədə qanun qüvvəyə minmiş qətnamə varsa, kredit borcunun restrukturizasiyası barədə iddiaya məhkəmə qaydasında baxıla bilməz. Çünki həmin iddia təmin edilərsə, borcun məbləği dəyişəcək, nəticədə isə borcun tutulması barədə qətnamə də faktiki olaraq dəyişmiş sayılacaq. Qanuni qüvvəyə minmiş qətnamə iddia verilməklə dəyişdirilə bilməz. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün oaraq iş üzrə icraata xitam verilməsini qərara alıb. 8.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-3644/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3644/2026
14.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver