Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-400/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-4349/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və üçüncü şəxs Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə maddi zərərin əvəzi kimi 20.000 manat, mənəvi zərərin əvəzi kimi 30.000 manat tələb olunub. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 6.600 manat cavabdeh Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və üçüncü şəxs Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin apellyasiya şikayətlərində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə, yəni mənəvi zərərin əvəzi kimi 6.600 manat pul tutulmasına aid hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunub, barəsində xx.xx.2019-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(039)-2/2021 nömrəli hökmü ilə ona bəraət verilib və qətimkan tədbiri ləğv edilib. Cinayət təqibi həyata keçirilərkən iddiaçının barəsində 1 il 10 ay 22 gün müddətidə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə olub. Göründüyü kimi, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, nəticədə isə mənəvi sarsıntı keçirib və iztirab çəkib. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 7-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzinin ödənilməsini qət edib, lakin mənəvi zərərin məbləği 6.600 manat deyil, 5.500 manat müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qətimkan tədbirinin qüvvədə olduğu hər aya görə 300 manat tutub. Lakin formalaşmış məhkəmə təcrübəsinə görə, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə olduğu hər ay görə 250 manat tutulur. Bu hesabla mənəvi zərərin məbləği 5.500 manat təşkil edir (22 ay x 250 manat = 5.500 manat). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və üçüncü şəxs Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin apellyasiya şikayətləri qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-4349/2025 nömrəli qətnaməsi dəyişdirilərək mənəvi zərərin əvəzi kimi İddiaçı xeyrinə tutulmalı olan pulun məbləği 5.500 (beş beş yüz) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-400/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-400/2026
27.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver