Məhkəmə qərarları › İş №2(3-6)-4168/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4168/2026

14.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4168/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Cəfərov İlham Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, cavabdeh3 və Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi X7 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli 8İ-**** reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə “borcun tutulması” barədə qarşılıqlı iddia ərizəsi təqdim edərək, X3 oğlundan cavabdeh1 ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 14842.7 AZN əsas borc, 1563.21 AZN faiz borcu və 8.73 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 16414.64 AZN məbləğində borcun və 139.24 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim N.Əsgərov) *(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadına əsasən qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinin məhkəməyə təqdim olunması onun mahiyyətinə, yəni mülki işin daha tez və düzgün həllinə də xidmət etmir; İlkin iddia tələbi “icra qeydinin ləğv edilməsi”, qarşılıqlı iddia tələbi isə “kredit borcunun tutulması” tələbi ilə bağlıdır. Göründüyü kimi, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə mövcud deyildir. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş və şikayət belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə ilkin iddianın predmeti icra qeydinin ləğv edilməsidir. Həmin icra qeydinin əsasında isə cavabdehin bank qarşısında mövcud olan pul öhdəliyi dayanır. Qeyd edilmiş öhdəlik isə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Bank tərəfindən təqdim edilmiş qarşılıqlı iddianın predmeti də məhz həmin kredit münasibətindən irəli gələn borcun tutulmasıdır. Göründüyü kimi, ilkin iddia ilə qarşılıqlı iddia eyni müqavilə üzrə hüquq münasibətindən irəli gəlir və hər iki tələbin həlli zamanı kredit borcunun yaranması, mövcudluğu, məbləği və ödənilib-ödənilməməsi kimi eyni faktiki halların araşdırılması zəruridir. Belə olan halda qarşılıqlı iddiaya ayrıca icraatda deyil, ilkin iddia ilə birlikdə baxılması mübahisənin daha tez və düzgün həllinə xidmət edir. Buna baxmayaraq, məhkəmə qarşılıqlı iddia ilə ilkin iddia arasında qarşılıqlı əlaqənin mövcud olmadığını qeyd etmiş, lakin tərəflər arasındakı kredit münasibətinin hər iki iddianın əsasını təşkil etməsini, tələblərin eyni faktiki hallardan irəli gəlməsini və onların birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həllinə səbəb olub-olmayacağını lazımi qaydada qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ## ###### 2026-cı il tarixli qərardad qəbul edilərək, şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə – MPM) 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri kimi hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması göstərilmişdir. Konstitusiyanın 127-ci, habelə MPM-in 9.1-ci maddələrinə uyğun olaraq, məhkəmə icraatı tərəflərin hüquq bərabərliyinə, çəkişmə prinsipinə əsasən həyata keçirilir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu iddiaçı ilə yanaşı cavabdehin də bərabər hüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanlarının olması anlamına gəlir. Oxşar müddəa MPM-də də nəzərdə tutulmuşdur. Məcəllənin 50.5-ci maddəsinə görə, tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Qeyd olunan normalara uyğun olaraq mülki prosessual qanunvericilikdə cavabdeh üçün nəzərdə tutulmuş prosessual müdafiə vasitələrindən biri də Məcəllənin 155-ci maddəsində müəyyən edilən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermək hüququdur (Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli Qərarı). Lakin nəzərə almaq lazımdır ki, MPM-in 156-cı maddəsi ilə qarşılıqlı iddianın qəbul edilməsi üçün müvafiq şərtlər müəyyən olunmuşdur. Həmin şərtlərin tələbinə görə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməli, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmalı, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmalı və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələlənməlidir. Göstərilən normalardan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. Hazırda cavabdehin irəli sürdüyü qarşılıqlı tələblər, yəni “borcun tutulması” tələbləri iddiaçının ilkin olaraq irəli sürdüyü “icra qeydinin ləğv edilməsi” tələbi ilə bilavəsitə əlaqəli ola və qarşılıqlı tələb kimi qəbul edilə bilməz. Belə ki, tərəflərin tələblərini və onların əsaslarını ayrı-ayrılıqda araşdıran kollegiya müəyyən etmişdir ki, “X3 oğlundan cavabdeh1 ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 14842.7 AZN əsas borc, 1563.21 AZN faiz borcu və 8.73 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 16414.64 AZN məbləğində borcun və 139.24 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbləri “Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi X7 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli 8İ-**** reyestr nömrəli icra qeydinin ləğv edilməsi” tələbinin qarşılıqlı ödənilməsinə yönəlmir, qarşılıqlı tələblərin təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, həmin tələblərlə ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur, belə olan halda isə onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnmir. Bununla yanaşı nəzərə alınmalıdır ki, qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il # #### tarixli Qərarı). Göstərilənlərin əksinə, şikayətdə tələblərin bir-biri ilə əlaqəli olması, habelə ilkin iddia ilə qarşılıqlı iddianın eyni müqavilə üzrə hüquq münasibətindən irəli gəldiyi barədə fikirlər ifadə olunsa da, həmin fikirlər sadəcə formal mülahizədən ibarət olmuş və tələblər arasında dolayısı yolla əlaqə yaradılmağa çalışılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, icra qeydinin ləğv edilməsi ilə bağlı iddia tələbinə mahiyyəti üzrə baxılarkən, tələbə formal yanaşılmamaqla icra qeydinin verilməsi üçün əsas olmuş müqavilə münasibətləri üzrə hallar tam və hərtərəfli araşdırılmalıdır. Belə ki, cavabdeh bankın müraciəti ilə qəbul edilmiş icra qeydinə, o cümlədən həmin qeydin verilməsi üçün əsas olan müqavilə və müqavilə üzrə borca dair mübahisəyə hazırki işdə ilkin iddia tələbi üzrə baxılır. Belə olan halda da, qarşılıqlı iddiada irəli sürülən müqavilə üzrə borcun tutulması barədə tələblərin ilkin iddia tələbi ilə eyni icraatda mühakimə edilməsi zərurəti mövcud deyildir. Nəzərə alınmalıdır ki, tələblərin əsasında eyni müqavilənin olması, həmin münasibətlər nəticəsində yaranmış fərqli mübahisələrin mütləq şəkildə bir-biri ilə əlaqəli hesab olunaraq mülki məhkəmə icraatında birlikdə baxılmasına əsas vermir. Göstərilənlərə əsasən və MPM-in 10.8-1, 154.1, 155, 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərar verdi: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar