Məhkəmə qərarları › İş №2(3-6)-418/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-418/2026

07.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-418/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İsmayılov Əlmürsəl Nəsrəddin oğlunun cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən iddiaçı İsmayılov Əlmürsəl Nəsrəddin oğlunun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin vəkili (nümayəndəsi) İsgəndərov Habil Mirzəhüseyn oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun hesabına əsassız varlandığı məbləğin – 195.000 manatın, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun əvəzinin – 485 manat, hüquqi yardım almaq üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının təsisçisi olduğu “xxxx” MMC (“xxxx”) ilə cavabdehin təsisçisi olduğu “Turan İnternational Company” MMC (“xxxx”) arasında ##.##.2019-cu il tarixli “Podrat müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” “xxxxyə” məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu ərazisində təqdim edilmiş layihə əsasında metal emalı sexinin tikintisini öhdəsinə götürmüş, xxxx isə işlərin müqabilində ƏDV-siz 195.000 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən “xxxx” görüləcək işin 30%-ni əvvəlcədən, 30%ni işin ortasında, 40%-ni isə işlər təhvil verildikdən sonra 5 gün müddətində “xxxxya” ödəməlidir. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş ##.##.2023-cü il tarixli qətnamə ilə qət edilmişdir “Turan İnternational Company” MMC-nin “xxxx” MMC-yə qarşı “pulun və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin, görülmüş işin dəyəri olaraq ƏDV-siz 195.000 manat pul “xxxx” MMC-dən tutularaq “Turan İnternational Company” MMC-yə ödənilsin. Qətnamə onunla əsaslandırılmışdır ki, “xxxx” tərəfindən müqavilə üzrə tikinti başa çatdırılmış və “xxxxyə” təhvil verilmişdir. Buna görə də, “xxxx” görülmüş işə görə “xxxxya” müqavilədə nəzərdə tutulmuş pul məbləğini ödəməlidir. Lakin qeyd edilməlidir ki, müqavilədə nəzərdə tutulmuş pul məbləği “xxxx” şirkətin təsisçisi olan iddiaçı tərəfindən “xxxx” şirkətin qanuni təmsilçisi olan cavabdehə nağd şəkildə verilmişdir ki, sonuncu da həmin pul məbləğini “xxxx” şirkətə ödəsin. Lakin cavabdeh tərəfindən həmin pul təyinatı üzrə ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə pulun ödənilməsini şahidlər - X5, Eminov İlham Calal oğlu və X6 təsdiq edilə bilərlər. Belə ki, həmin şəxslər cavabdehə müxtəlif vaxtlarda hissəhissə, cəmi isə 195.000 manatı çatdırmışlar. Bununla da, cavabdeh, qanuni əsas və ya müqavilə əsası olmadan pul əldə etmişdir, yəni iddiaçıya münasibətdə əsassız varlanmışdır. Odur ki, 195.000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. b) cavabdehin iddiaya etirazı haqqında məlumat

3. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də göstərildiyi, həmçinin, cavabdeh tərəfindən də təqdim olunmuş məhkəmə aktlarından göründüyü kimi, iddiaçının təsisçisi olduğu “xxxx” MMC (“xxxx”) ilə cavabdehin təsisçisi olduğu “Turan İnternational Company” MMC (“xxxx”) arasında ##.##.2019-cu il tarixli “Podrat müqaviləsi” bağlanmışdır. “Podrat müqaviləsi” ilə bağlı müqavilə tərəfləri arasında kommersiya mübahisəsi yaranmış və mübahisə məhkəmə baxışının predmeti olmuşdur. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qətnamə ilə qət edilmişdir “Turan İnternational Company” MMC-nin “xxxx” MMC-yə qarşı “pulun və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin, görülmüş işin dəyəri olaraq ƏDV-siz 195.000 manat pul “xxxx” MMC-dən tutularaq “Turan İnternational Company” MMC-yə ödənilsin. Qeyd edilən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, bununla da qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, “xxxx” üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, “xxxxnin” təqdim etdiyi layihə əsasında obyekti tikib “xxxxyə” təhvil vermiş, bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən obyektin istismarına hazırlıq sənədi verilmişdir. Lakin “xxxx” müqavilə və qanunla üzərinə düşən öhdəliyi icra etməmiş, “Podrat müqaviləsində” nəzərdə tutulmuş pul məbləğini “xxxxya” ödəməmişdir. Həmin iş üzrə müəyyən edilmiş halları yenidən mübahisələndirmək və ya başqa cür təqdim etmək mümkün deyildir. İddiaçı, “xxxx” MMC-nin təsisçisi olmaqla, həmin MMC-nin bağladığı müqavilə üzrə yaranmış hüquq və öhdəliklərə görə hər hansı səlahiyyətə malik deyildir və hər hansı öhdəlik daşımır. Ona görə də, iddiaçı, bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Digər tərəfdən, iddiaçı, iddia ərizəsində qeyd edir ki, cavabdeh ona münasibətdə əsassız olaraq varlanmışdır. Bu da əsassız mövqedir. Belə ki, müqavilə münasibəti olduğu halda “əsassız varlanmadan” söhbət gedə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı iddia müddətini də ötürülmüşdür (“iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizə verilmişdir). Odur ki, iddia, əsassız olması ilə yanaşı, iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsiniqət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni iddianın sübuta yetməməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən verilmiş “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizəyə münasibətdə Rayon Məhkəməsi qeyd etmişdir ki, iddianın əsassız olması müəyyən edildiyindən “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizə təmin edilə bilməz. d) apellyasiya şikayəti haqqında məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, iş üzrə cavabdeh onun hesabına əsassız olaraq varlanmışdır. Belə olan halda, cavabdeh, Mülki Məcəllənin 1092.3-cü maddəsinin tələbinə görə sübut etməli idi ki, bu belə deyil. Lakin cavabdeh heç bir sübut təqdim etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bunu nəzərə almamış, sübutetmə vəzifəsini cavabdehə deyil iddiaçıya aid etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iddiaçı tərəf bildirmişdir ki, iddianın əsaslı olmasını təsdiq edə biləcək şahidlər var və vəsatət verərək, həmin şahidlərin dindirilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. Lakin Rayon Məhkəməsi heç bir ciddi hüquqi əsas göstərmədən vəsatəti rədd etmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərini və “çəkişmə prinsipini” pozmuşdur. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, iş üzrə tərəflərin təsisçiləri olduqları şirkətlər arasındakı mübahisənin yaranmasına səbəb şirkətlər arasında bağlanmış “Podrat müqaviləsi” olmuşdur. Lakin hazırkı mübahisə şirkətlər arasında deyil, həmin şirkətin təsisçiləri arasında fiziki şəxs olaraq yaranmış mülki mübahisədir – iddiaçı pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh həmin pul məbləğini təyinatı üzrə çatdırmamış, özündə saxlamış, iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxsləri verdikləri izahatlar haqqında məlumat

8. Apellyator olan iddiaçı apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. İddiaçının vəkili (nümayəndəsi) Şahverdiyev İsrafil Dilgəm oğlu ##.##.2026-cı il tarixə təyin edilmiş iclasda iştirak etməmişdir. O, ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya baxışı iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, bunu və həmin tarixə təyin edilmiş apellyasiya baxışı iclasının təxirə salınması haqqında iddiaçının vəkili (nümayəndəsi) İsgəndərov Habil Mirzəhüseyn oğlunun da ərizəsinin daxil olmasını nəzərə alaraq apellyasiya baxışı iclasını ##.##.2026cı il tarixə təxirə salmışdır. Lakin iddiaçının vəkili (nümayəndəsi) İsrafil Şahverdiyev ##.##.2026-cı il tarixə təyin edilmiş iclasa da gəlməmişdir. O, ərizə ilə Məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırki mülki işin başlanmasına əsas olmuş iddia ərizəsində qeyd edilən faktla bağlı Binəqədi Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə cinayət işinin icraatı başlanmış və hazırda həmin iş üzrə istintaq davam edır. Buna görə də, o, xahiş edir ki, hazırkı mülki iş üzrə icraat həmin cinayət işi üzrə istintaq yekunlaşana qədər dayandırılsın (Binəqədi Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ərizəyə əlavə edilmişdir).

9. Məhkəmə “iş üzrə icraatın dayanıdırılması haqqında vəsatəti” əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “İş üzrə icraatın dayandırılması” adlı 18-ci Fəslində mülki işin baxışı predmeti olan mübahisənin kökündə duran faktlar ilə bağlı icraatı başlanmış və ibtidai istintaqı davam edən cinayət işinə görə mülki işin icraatının dayandırılması nəzərdə tutulmamışdır.

10. Odur ki, göstərilənləri və iddiaçı tərəfin apellyasiya baxışı iclasına gəlməmələrinin üzürlü səbəbdən baş verməsini təsdiq edən sübutlar Məhkəməyə təqdim edilmədyindən, Məhkəmə, işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. Çünki 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

11. Cavabdehin vəkili (nümayəndəsi) Habil İsgəndərov apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçının təsisçisi olduğu “xxxx” MMC (“xxxx”) ilə cavabdehin təsisçisi olduğu “Turan İnternational Company” MMC (“xxxx”) arasında ##.##.2019-cu il tarixli “Podrat müqaviləsi” bağlanmışdır. “Podrat müqaviləsi” ilə bağlı müqavilə tərəfləri arasında kommersiya mübahisəsi yaranmış və mübahisə məhkəmə baxışının predmeti olmuşdur. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qətnamə ilə qət edilmişdir “Turan İnternational Company” MMC-nin “xxxx” MMC-yə qarşı “pulun və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin, görülmüş işin dəyəri olaraq ƏDV-siz 195.000 manat pul “xxxx” MMC-dən tutularaq “Turan İnternational Company” MMC-yə ödənilsin. Qeyd edilən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsi (iş № *-2(103)-20/2025), Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı (iş № *-2(102)-313/2025)), bununla da qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, “xxxx” üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, “xxxxnin” təqdim etdiyi layihə əsasında obyekti tikib “xxxxyə” təhvil vermiş, bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən obyektin istismarına hazırlıq sənədi verilmişdir. Lakin “xxxx” müqavilə və qanunla üzərinə düşən öhdəliyi icra etməmiş, “Podrat müqaviləsində” nəzərdə tutulmuş pul məbləğini “xxxxya” ödəməmişdir.

14. Hazırda isə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirir ki, o, “xxxx” şirkətin təsisçisi olaraq “Podrat müqaviləsində” nəzərdə tutulmuş pul məbləğinı “xxxx” şirkətin qanuni təsisçisi olan cavabdehə nağd şəkildə vermişdir ki, sonuncu da həmin pul məbləğini “xxxx” şirkətə ödəsin. Lakin cavabdeh tərəfindən həmin pul təyinatı üzrə ödənilməmişdir. Bununla da, cavabdeh həmin pul məbləğini özündə saxlayaraq ona münasibətdə əsassız olaraq varlanmışdır.

15. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.).Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (maddə 1093.1.).

16. Ona münasibətdə cavabdehin əsassız olaraq varlanmasını bildirən və əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi pul məbləğinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edən iddiaçı, iddia tələbinin əsaslı olmasını sübuta yetirilməsi məqsədi ilə X5, Eminov İlham Calal oğlu və X6 şahid qismində dindirilməsi haqqında vəsatət, daha sonra isə Cəmənov Orucəli Sərvər oğlu və X1 adlı şəxslərin şahid qismində dindirilməsi haqqında başqa vəsatət vermişdir.

17. Rayon Məhkəməsi birinci vəsatəti rədd, ikinci vəsatəti təmin etsə və şahidlər Cəmənov Orucəli Sərvər oğlu, X1 müvafiq məhkəmə bildirişləri göndərsə də, onlardan yalnız biri – Orucəli Cəmənov Rayon Məhkəməsinə təqdim edilmiş, Adil Əzizov şahid qismində dindirilməsi üçün Rayon Məhkəməsinə təqdim edilməmişdir.

18. Orucəli Cəmənov şahid qismində Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, o, “Turan İnternational Company” MMC-də qaynaq işləri görmüş, iş üzrə tərəflərin hər ikisini tanıyır. Onun və digər işçilərin gördükləri işə görə zəhmət haqqını cavabdeh ödəyirdi. Cavabdeh pulu olmayanda pulu iddiaçıdan alaraq onların zəhmət haqqını ödəyirdi. İddiaçı ilə cavabdehin və ya onların şirkətləri arasındakı pul və başqa məsələlər haqqında məlumatı yoxdur.

19. İddiaçı tərəf daha bir vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, X3 adlı şəxslərin şahid qismində dindirilməsini xahiş etmişdir.

20. Cavabdeh tərəf digər şahidlərdən fərqli olaraq bu şəxsi tanımadığını bildirdiyi üçün və şahidin iş üzrə tərəflər arasında yaranmış mülki mübahisədən xəbərdar olmasını təsdiq edə biləcək ilkin sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədi üçün Rayon Məhkəməsi vəsatəti təmin etməmişdir.

21. Apellyasiya şikayətində iddiaçı tərəf bildirir ki, Rayon Məhkəməsi şahidlərin dindirilməsində maraqlı olmamış, heç bir ciddi hüquqi əsas göstərmədən şahidlərin dindirilməsi haqqında vəsatətləri rədd etmişdir.

22. Göstərilənlərə və işdə olan məhkəmə baxışı iclaslarına dair protokollardan göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin sübuta yetirilməsi üçün iddiaçı tərəfə kifayət qədər imkanlar yaratmış, lakin iddiaçı tərəf bu imkanlardan istifadə etməmiş, Rayon Məhkəməsinə yalnız bir şahidi təqdim etmişdir ki, həmin şahidin ifadəsi (bax: hazırki qətnamənin 18-ci bəndinə) iddianın əsaslı olmasını təsdiq edə biləcək sübut kimi kifayətedici deyil.

23. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı tələbini, tələbin sübuta yetməməsinə görə əsassız hesab edərək, rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin “Rayon Məhkəməsinin şahidlərin dindirilməsində maraqlı olmaması, şahidlərin dindirlməsindən yayınması, bununlada birtərəfli mövqe tutması haqqında” dəlili əsassızıdır.

22. Apellyasiya şikayətində iddiaçı bildirir ki, Rayon Məhkəməsi sübutetmə vəzifəsini cavabdehə deyil iddiaçının üzərinə qiymaqda haqlı olmamış,

23. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə qəbul etdiyi ##.##.2008-ci il tarixli qərarında qeyd edilmiş hüququ mövqeyə görə, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

25. Odur ki, qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və əgər iddiaçı iddianın əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edərsə, onda cavabdeh iddianın əsassız olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməlidir.

26. Bu baxımdan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın əsaslı olmasını sübut etməkdən ibarət vəzifəsini iddiaçıya aid etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

27. İddiaçı, sübutetmə vəzifəsinin cavabdehin deyil onun üzərinə qoyulması barədə Rayon Məhkəməsinin mövqeyini həmçinin Mülki Məcəllənin 1092.3-cü maddəsinin tələbləri baxımından da səhv olduğunu bildirdi üçün Məhkəmə qeyd edir ki, həmin maddi hüquq normasının tələbinə görə, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

28. Göründüyü kimi qeyd edilən bu normada nəzərdə tutulmuş sübutetmə yükü hazırkı iş üzrə cavabdehin üzərinə o halda düşə bilərdi ki, iddiaçı cavabdehin onun hesabına varlanmasını sübuta yetirə bilsin, lakin yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı bu halı sübuta yetirə bilməmişdir.

29. Odur ki, bu baxımdan da qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

30. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, iş üzrə tərəflərin təsisçiləri olduqları şirkətlər arasındakı mübahisənin yaranmasına səbəb şirkətlər arasında bağlanmış “Podrat müqaviləsi” olmuşdur. Lakin hazırkı mübahisə şirkətlər arasında deyil, həmin şirkətin təsisçiləri arasında fiziki şəxs olaraq yaranmış mülki mübahisədir.

31. Məhkəmə, apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Çünki iş materiallarından və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmunundan aşıq-aşkar surətdə görünür ki, Rayon Məhkəməsi hansı xarakterli işə baxdığını ayırd etmişdir.

32. İddiaçı tərəfindən təqdim edilmiş və Binəqədi Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” ##.##.2025-ci il tarixli qərara gəldikdə isə Məhkəmə qeyd edir ki, həmin qərar hazırkı iş üzrə heç bir preyudisial xarakter daşımır və iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddianın təmin edilməsi üçün zəmin yaratmır. g) apellyasiya baxışının nəticəsi

33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia sübuta yetmir, əsassızıdır. Rayon Məhkəməsi eyni əsasla iddianın rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı İsmayılov Əlmürsəl Nəsrəddin oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı İsmayılov Əlmürsəl Nəsrəddin oğlu hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar