Məhkəmə qərarları › İş №2(3-6)-44/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-44/2026

27.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-44/2026 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Hakimlər Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanmasından imtinanın əsassız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7254/2025 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7254/2025 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 8-ci bəndinin tələbinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. İstinad edilən ərizələr sırasına mənim məhkəməyə ünvanladığı şikayətlə heç bir əlaqə yoxdur və ümumiyyətlə notariat hərəkətlərindən şikayətlərlə əlaqədar qanunda dövlət rüsumu barədə birbaşa göstəriş yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən qeyd etmişdir ki, ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun elektron ödəniş sistemləri vasitəsilə ödənildiyini təsdiq edən sənəd və ya ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunması barədə hər hansı sənədin əsli və ya təsdiq olunmuş surəti əlavə edilməmişdir. Ona görə də ərizənin hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi qeyri-mümkündür. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat məbləğində müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni iddianın yolverilməzliyi əsası ilə icraata qəbul etməməkdə haqlı olmuşdur. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, ərizəçi mülki məhkəmə icraatı qaydasında verdiyi ərizə üzrə müvafiq dövlət rüsumunu ödəməli olduğunu nəzərə almamış, dövlət rüsumundan azad olunduğu barədə hər hansı sübut təqdim etməmiş, eləcə də “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsində göstərilən hallardan hər hansı birinin mövcudluğunu əsaslandırmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə təcrübəsində notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlərə uzun müddət Azərbaycan Respublikasının MPMnin 305.1.8-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Beləliklə, ərizəçi mülki məhkəmə icraatı qaydasında verdiyi ərizə üzrə dövlət rüsumunu ödəməli olduğu halda, dövlət rüsumunu ödəməmiş, ona görə də qanunvericiliyin tələbinə əsasən onun ərizəsi geri qaytarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar