Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-441/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, e-2(004)-3766/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh MTK ("xxxx" MTK) ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 6-cı bina, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 179 kv.m. olan 4 otaqdan ibarət 35 saylı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyəri tam olaraq Cavabdeh MTK-ya ödəmişdir. Cavabdeh MTK da müqavilə öhdəliyini yerinə yetirmiş və mənzili İddiaçı təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 140,10 kv.m göstərilmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək, mənzilin 38,9 kv.m sahəsinin hazırki orta bazar qiymətinin illik 8% dərəcəsi hesablanmaqla geri qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış kompleksin 6-cı giriş, 8-ci mərtəbədə yerləşən 4 otaqlı 35 nömrəli mənzilin 38,9 kv.m sahəsinin hazırkı orta bazar qiyməti müəyyən edilərək həmin məbləğin illik 8% dərəcəsi hesablanmaqla müəyyən ediləcək məbləğ, Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddiaçı vəkil xidməti üçün Bakı şəhəri “Fides” vəkil bürosu ilə bağlanmış müqaviləyə əsasən ödənilmiş 300 manat və ödənilmiş 100 manat dövlət rüsümu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilmiş müraciətə cavab olaraq göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013-cü il tarixdə təşkilatı-hüquqi formasını dəyişərək "xxxx" Mənzil Tikinti Kooperativinə çevrilmişdir və onun hüquqi varisi olmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixdə adı dəyişdirilərək "xxxx" Mənzil Tikinti Kooperativi olmuş, xx.xx.2022-ci il tarixdə adı dəyişdirilərək Cavabdeh Mənzil Tikinti Kooperativi olmuşdur xx.xx.2023-cü il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativi yenidən təşkil olunaraq Cavabdehnə çevrilmişdir və onun hüquqi varisidir. Cavabdeh MMC-nin (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, ev 1054-cü məhəllə, rəhbəri X3r. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi olduğundan iş üzrə cavabdehdir. İddiaçı ilə Cavabdeh (VÖEN **********) arasında 24 iyul 2014-cü il tarixdə mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçı ünvan 2 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış kompleksin 6-cı giriş, 8-ci mərtəbə, ümumi sahəsi 179 kv.m, istifadə üçün yararlı sahəsi 157,90 kv.m, olan 4 otaqlı 35 nömrəli mənzili almış və hər kv.m görə müqavilə şərtərinə uyğun olaraq ilkin olaraq 42.960 manat, sonra da kreditə görə 8% dərəcə ilə hesablanmaqla 60 ay ərzində, hər ay 3.484,30 manat olmaqla, ümumilkdə cəmi 252,018 manat pulu cavabdehin hesabına ödəmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda 6-cı giriş, 8-ci mərtəbə, ümumi sahəsi 179 kv.m, istifadə üçün yararlı sahəsi 157,90 kv.m, olan 4 otaqlı 35 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Cavabdeh MMC-nin ümumi yığıncağı iclasının 03 saylı protokolundan görünür ki, ünvan 2 ünvanda 6-cı giriş, 8-ci mərtəbə, ümumi sahəsi 179 kv.m, istifadə üçün yararlı sahəsi 157,90 kv.m, olan 4 otaqlı 35 nömrəli mənzilin xx.xx.2023-cü il tarixdə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********17-05301- 093443 reyestr nömrəli çıxarış və həmin mənzilin xx.xx.2023-cü il tarixli, 04/3361 inventar nömrə ilə qeydə alınmış texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 140.1 kvadrat metr olmaqla: dəhliz-26,2 kv.m; sanitar qovşağı-5,7 kv.m; yaşayış otağı-14,7 kv.m; balkon-0,8 kv.m; yaşayış otağı-29,0 kv.m; yaşayış otağı-15,5; yaşayış otağı-18,3 kv.m; mətbəx-15,7 kv.m; sanitar qovşağı-5,7 kv.m; balkon 8,5 kvadrat metrdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə, cavadeh tərəfindən verilmiş maliyyə arayışında və mənzilin iddiaçıya təhvil verilməsi haqqında protokolunda göstərilən mənzilin ümumi sahəsinin ölçüsü ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş texniki pasportda göstərilən mənzilin ümumi sahəsi otaqlarının ölçüləri və qeyri-yaşayış sahələri arasında kəskin fərqlər müşahidə edilir ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış kompleksin 6-cı giriş, 8-ci mərtəbədə yerləşən 4 otaqlı 35 nömrəli mənzili ümumi sahəsi 179 kvadrat metr sahəni qüsursuz olaraq iddiaçıya təhvil vermək öhdəliyi əmələ gəlmiş, iddiaçı da üzərinə düşən öhdəliyi tam olaraq icra edərək cavabdehin hesabına 179 kvadrat metr sahənin pulunu ödəmişdir, lakin cavabdeh müqavilə öhdəliklərini pozaraq qanunvericiliyin tələblərinə zidd olaraq qeyd edilən mənzili iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımdan qüsurlu olaraq, kəskin fərqlə 140,10 kvadrat metr ölçüdə sahə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********7- 05301-093443 reyestr nömrəli çıxarış və həmin mənzilin xx.xx.2023cü il tarixli, 04/3361 inventar nömrə ilə qeydə alınmış texniki pasport) verməklə (179- 140,10=38,9) cavabdeh tərəfindən 38,9 kv.m. sahəyə dair pulu artıq alınmışdır. Ona görə də ünvan 2 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış kompleksin 6-cı giriş, 8ci mərtəbədə yerləşən 4 otaqlı 35 nömrəli mənzilin 38,9 kv.m. sahəsinin hazırkı orta bazar qiyməti müəyyən edilməli və həmin məbləğin illik 8% dərəcəsi hesablanmaqla müəyyən ediləcək məbləğ, Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa da iddiaçı vəkil xidməti üçün Bakı şəhəri “Fides” vəkil bürosu ilə bağlamış müqaviləyə əsasən ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun məbləği olan 100 manat isə Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, e-2(004)- 3766/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 179 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş (ümumi sahəyə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahənin daxil olduğu) və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/6010 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin 6-cı binasının, 8-ci mərtəbəsində yerləşən 35 saylı mənzilin yaşayış, yardımçı, balkon sahələri və divaraltı sahələri nəzərə alınmaqla azaltma əmsalları tətbiq olunmadan ümumi sahəsinin 179,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Bundan əlavə, məhkəmə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsinin az göstərilməsi ilə bağlı iddiaçıya izah etmişdir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24 iyul 2014-cü il tarixdə A1-06/097 №-li müqavilənin 1.1-ci bəndi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərini ziddi olaraq tərtib edilmişdir. Şəhərsalma və Tikinti məcəlləsinin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmədiyi göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qətnamədə qanun aliliyini rəhbər tutmamış qanun tələbləri pozmaqla müqaviləni əsas götürərək iddia tələbi rədd etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə tərəflər arasında olan 24 iyul 2014-cü il tarixdə A1-06/097 №-li müqavilənin 1.1-ci bəndində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” arasında olan ziddiyyətlə bağlı hissəyə izah edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilənin qeyd edilən bəndində qanunvericiliyin tələblərini pozaraq şərt olaraq qeyd etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qətnamədə qanunvericiliyin tələblərini üstün yox, cavabdehin qanunvericiliyin tələblərini pozaraq tərtib etdiyi müqaviləni əsas götürməklə cavabdeh tərəfdən öhdəliyin icra olunmuşdur və iddia tələbi rədd etmək qənaətinə gəlməklə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələblərini pozmuşdur. 24 iyul 2014-cü il tarixdə A1-06/097 №-li müqavilənin 1.1-ci bəndi qüvvədə olan qanuna Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərara uyğun olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 390.2-ci maddəsini tətbiq etməyərək həmin normanın tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış 24 iyul 2014-cü il tarixdə A1-06/097 nömrəli müqavilənin 1.1-ci bəndinə görə cavabdeh iddiaçıya 179 kv.m. sahə verməli olduğu halda və həmin sahənin pulunun iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq iddiaçıya 38,9 kv.m sahəni təhvil verməmiş və iddiaçının sahiblik hüququna müdaxilə olunduğu üçün əmlakın bir hissəsinə sahib ola bilməmiş, bu da mülkiyyətin toxunulmazlığı prinsipinin pozulmasına gətirib çıxartmışdır. Lakin, birinci instansiya məhkəməsi buna baxmayaraq qanunvericiliyin tələblərini nəzərə almayaraq tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndini əsas götürərək, hansı ki həmin bənd Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarına zidd olaraq qeyd edilmişdir, bununla da birinci instansiya məhkəməsi göstərilən mülkiyyətin toxunulmazlığı prinsipini pozmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 6.2-ci maddəsinin tələbini nəzərə almayaraq, yəni qanunvericiliyə zidd olan (Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin- 59.3-cü maddəsi) 1.1-ci bəndində göstərilən şərti əsas götürməklə cavabdeh tərəfindən öhdəliyin icra edildiyini göstərərək iddianı əsassız hesab edərək iddia tələbi rədd etməklə Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci maddəsini tələblərini pozmuşdur. İş materiallarından da görünür ki, cavabdeh iddiaçı arasında olan müqavilənin şərtinə əməl etməyərək ümumi sahəsi 179.0 kv.m olan mənzil verməsi ilə bağlı müqavilə bağlamışlar, iddiaçı həmin sahənin pulunu ödəmiş, lakin cavabdeh mənzili kəskin fərqlə 140.10 kv.m sahəni vermişdir və 38,9 kv.m sahəyə dair pulu artıq alınmışdır. Yəni cavabdeh üzərinə düşən öhdəliyi 179.0 kv.m sahəni verməmiş, vermədiyi 38.9 kv.m sahənin pulunu cavadehə qaytarmamışdır. Bununla da birinci instansiya məhkəməsi MM-nin 385.1-ci maddəsini tətbiq edərək qeyri-obyektiv, birtərəfli izah verməklə iddia tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qət etmişdir. İddiaçıya (sifarişçi) ünvan 4 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış kompleksin 6-cı giriş, 8-ci mərtəbədə yerləşən 4 otaqlı 35 nömrəli mənzilin ümumi sahəsinin 179.0 kv.m olmasını təqdim etmiş, iddiaçı da 179.0 kv.m sahənin pulunu ödəmişdir. Lakin, cavadeh (podratçı) qüsurlu, yəni 140.10 kv.m sahəni vermişdir. Bu halı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmasına baxmayaraq birinci instansiya məhkəməsi MM-nin 752.1-ci maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59.3-cu maddəsinə uyğun olmayan, qanunvericiliyin tələbləri pozulmuş 24 iyul 2014-cü il tarixdə A1-06/097 N-li müqavilənin 1.1-ci bəndində göstərilən şərtini üstün tutmaqla cavabdehin üzərinə düşən öhdəliyini icra etdiyi ilə kifayətlənməklə MPM-nin 9.1-ci maddənin tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi 24 iyul 2014-cü il tarixdə A1-06/097 N-li müqavilə və Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli **********705301-093443 reyestr nömrəli çıxarışa obyektiv hərtərəfli və qanunvericiliyə istinadən qiymət verməməklə MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59.3-cu maddəsinə istinad edərək 24 iyul 2014-cü il tarixdə A1-06/097 N-li müqavilənin 1.1-ci bəndində göstərilən hissəni və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********705301-093443 reyestr nömrəli çıxarışda göstərilən sahənin kəskin fərqlə verilməsi hallarını araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.2-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 419.1-ci maddəsinə əsasən, müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir; 419.2-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Şəhərsalma və Tikinti Məcəlləsi: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 59.1-ci maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın: 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir; 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 6-cı bina, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 179 kv.m. olan 4 otaqdan ibarət 35 saylı mənzili İddiaçı təhvil verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan müqavilənin 3.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 252.018 manat məbləğində müəyyən olunmuşdur. Müəyyən edilmişdir ki, tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 179 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş (ümumi sahəyə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahənin daxil olduğu) və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 140,10 kv.m göstərilmişdir. İddiaçı isə müqavilədə göstərilən sahə ilə çıxarışda göstərilən sahənin fərqi ilə bağlı hazırki iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/6010 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin 6-cı binasinin, 8-ci mərtəbəsində yerləşən 35 saylı mənzilin faktiki sahəsinin 158,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma va Tikinti Məcəlləsinin 59-cu bəndində va Azərbaycan Respublikası Dövlət Şəhərsalma va Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən hesablama aparıldıqda, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli yasayış kompleksinin 6-cı binasinin, 8-ci mərtəbəsində yerləşən 35 saylı mənzilin ümumi sahəsinin (136.9 kv.m) tərəflər arasında bağlanmış 24 iyul 2014-cü il tarixdə A1-06/097 N-li müqavilədə göstərilən sahəyə (179.0 kv.m) uygun olmadığı, sözügedən mənzilin sahəsinin tərəflər arasında bağlanmış 24 iyul 2014-cü il tarixdə A1-06/097 Nº-li müqavilənin 1.1-ci bəndində göstərilən (mənzilin ümumi sahəsinə yasayış, yardımçı, balkon sahələri və sxeme uyğun divaraltı sahənin daxil olduğu) tələblərə uyğun hesablandıqda (179.0 kv.m) isə müqavilədə göstərilən sahəyə (179.0 kv.m) uyğun oldugu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin 6-cı binasının, 8-ci mərtəbəsində yerləşən 35 saylı mənzilin yaşayış, yardımçı, balkon sahələri və divaraltı sahələri nəzərə alınmaqla azaltma əmsalları tətbiq olunmadan ümumi sahəsinin 179,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma va Tikinti Məcəlləsinin 59-cu bəndində va Azərbaycan Respublikası Dövlət Şəhərsalma va Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin 6-cı binasının, 8-ci mərtəbəsində yerləşən 35 saylı mənzilin ümumi sahəsinin 136,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə yerinə yetirmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. İddiaçının cavabdehin müqavilənin 1.1-ci bəndində qeyd edilən bəndində qanunvericiliyin tələblərini pozmasına dair dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə qanunverciliyin tələblərinə uyğun olaraq qarşılıqlı iradə azadlığı ilə bağlanmış. Tərəflər müqavilənin şərtlərini, o cümlədən ümumi sahəyə daxil olan elementləri (yaşayış, yardımçı, balkon və divaraltı sahə) sərbəst şəkildə müəyyən etmək hüququna malikdirlər. İş materiallarından da görünür ki, hazırda iddiaçı müqaviləyə əsasən ödəniş edib və mənzili qəbul edib. Bu hərəkətlər onun müqavilə şərtləri ilə razılaşdığını təsdiq edir. Eyni zamanda Məhkəmə Kollegiyası qeyd edir ki, çox vaxt ümumi sahəyə balkon, lojiya, divaraltı və digər sahələr müəyyən əmsallarla daxil edilir. Tərəflər isə müqavilədə bu sahələrin birbaşa (əmsalsız) ümumi sahəyə daxil edilməməsini qarşılıqlı razılıq əsasında müəyyən edə bilərlər. Hazırda da iddiaçı müqaviləni imzalamaqla və icra etməklə (ödəniş etməklə) müqaviləni qəbul etmiş, həmçinin müqavilənin şərtləri (balkon və divaraltı sahələrin daxil edilməsi) qanunvericiliyin imperativ normasını pozmur, sadəcə olaraq tərəflərin razılaşdığı hesablama üsuludur. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, e-2(004)- 3766/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.