Məhkəmə qərarları › İş №2(3-6)-462/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-462/2026

08.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-462/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 İmaş oğlu və iddiaçı1 cavabdeh İsmayılov Zeynal Əlxas oğluna qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “fərdi yaşayış evindən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçılar iddiaçı2 İmaş oğlunun, iddiaçı1, Cavabdeh İsmayılov Zeynal Əlxas oğlunun iştirakları ilə, İddiaçılar iddiaçı2 İmaş oğlu və iddiaçı1 cavabdeh İsmayılov Zeynal Əlxas oğluna qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh İsmayılov Zeynal Əlxas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X3 ilə Birgə protokulun ##.##.1990-cu il tarixli, ** nömrəli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsində yerləşən Bakı mebel hissələri Kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən 600 kv.m sahə iddiaçı1 ayrılmışdır.

2. *** saylı etibarnamədən müəyyən edilir ki, iddiaçı1 tərəfindən ##.##.2006-cı il tarixində iddiaçı2 İmaş oğluna verilmiş etibarnamənin etibarlılıq müddəti ##.##.2009-cu il tarixində bitmişdir.

3. ##.##.2017-ci il tarixli **-**/M-*** nömrəli arayışdan müəyyən edilir ki, İsmayılov X7 bələdiyyəsinin inzibati ərazisi olan Çiçək massivində qeydiyyatsız yaşayır və Z.İsmayılov bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

4. ##.##.2017-ci il tarixli qaz kəmərlərinin yoxlanması və istismara qəbulu aktından müəyyən edilir ki, sözügedən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılması məqsədilə İsmayılov Zeynal Əlxas oğlu tərəfindən sifariş verilmişdir. ##.##.2017-ci il tarixli “xxxx” ASC tərəfindən verilmiş ks******-***s nömrəli qəbzdən müəyyən edilir ki, İsmayılov Zeynal Əlxas oğlu tərəfindən qaz sayğacının quraşdırılması üçün “Azəriqaz Layihə İnşaat” MMC-yə 262 manat məbləğində ödəniş edilmişdir.

5. ##.##.2021-ci il tarixli, ******** nömrəli müqavilədən müəyyən edilir ki, İsmayılov Zeynal Əlxas oğlu ilə “xxxx” MMC arasında rabitə xidmətlərindən istifadə barədə müqavilə bağlanmışdır.

6. ##.##.2017-ci il tarixli etibarnamədən müəyyən edilir ki, iddiaçı1 tərəfindən İsmayılov Zeynal Əlxas oğluna verilmiş etibarnamənin etibarlılıq müddəti ##.##.2067-ci il tarixinə qədərdir.

7. ##.##.2017-ci il tarixli ərizədən müəyyən edilir ki, iddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Hökməlinin şimal şərq hissəsi ünvanında yerləşən fərdi yaşayış evinə elektrik kodunun verilməsinə və həmin kodun İsmayılov Zeynal Əlxas oğlunun adına keçirilməsinə etiraz etmir.

8. ##.##.2017-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İsmayılov Zeynal Əlxas oğlu elektrik şəbəkəsinə qoşulmaq üçün 216,24 manat məbləğində ödəniş etmişdir. ##.##.2017-ci il tarixli Azərişıq ASC-nin Abunə haqqında çıxarışından müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi üzrə abunəçi İsmayılov Zeynal Əlxas oğludur.

9. ##.##.2018-ci il tarixli ***** saylı müqavilədən müəyyən edilir ki, “Azəriqaz” İB ilə İsmayılov Zeynal Əlxas oğlu arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

10. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, sözügedən fərdi yaşayış evinə münasibətdə sudan istifadəyə görə İsmayılov Zeynal Əlxas oğlu istehlakçı qismində göstərilmişdir.

11. ##.##.2024-cü il tarixli, ******* nömrəli aktdan müəyyən edilir ki, sözügedən fərdi yaşayış evinə ******* nömrəli sayğac quraşdırılaraq İsmayılov Zeynala təhvil verilmişdir.

12. ##.##.2025-ci il tarixli etibarnamədən müəyyən edilir ki, iddiaçı1 tərəfindən iddiaçı2 İmaş oğluna 50 il müddətinə baş etibarnamə verilmişdir.

13. ##.##.2025-ci il tarixli 346h0********** nömrəli abunə müqaviləsindən müəyyən edilir ki, İsmayılov Zeynal Əlxas oğlu ilə “xxxx” MMC arasında bağlanmış müqavilə əsasında sözügedən fərdi yaşayış evi internet xidməti ilə təmin edilmişdir.

14. ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, iddiaçı2 İmaş oğlunun müraciəti əsasında toplanmış materiallarda cinayət işinin başlanmasına əsas verəcək dəlil və sübutları müəyyən etmək mümkün olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

15. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən **** reyestr nömrəli çıxarışdan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı cavabdeh İsmayılov Zeynal Əlxas oğluna iddiaçı iddiaçı1 ##.##.2017ci il tarixində verilmiş etibarnamə ##.##.2025-ci il tarixində ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçılar iddiaçı1 və iddiaçı2 İmaş oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılov Zeynal Əlxas oğlunun ailə üzvləri ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, Çiçək massivində 600 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmasını, kirayə haqqını ödəmədiyi 41 ay üçün hər ay 200 manat olmaqla 8200 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 102 manat dövlət rüsumu olmaqla, cəmi 8302 manat pulun cavabdehdən tutularaq iddiaçı iddiaçı2 İmaş oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X3 ilə Birgə protokulunun ## ### 1990-cı il tarixli, ** nömrəli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimalşərq hissəsində yerləşən Bakı mebel hissələri Kombinatının bağçılıqbostançılıq təsərrüfatı sahəsindən 600 kv.m sahə iddiaçı1 ayrılmışdır. 2006-cı il tarixdə həmin torpaq sahəsi etibarnamə əsasında iddiaçı2 İmaş oğluna satılmışdır. Torpağı aldıqdan sonra orada 1 mərtəbəli 3 otaqlı ev tikmiş və sahə hasara alınmışdır. Tikintinin kim tərəfindən həyata keçirilməsini, avadanlıqların saxlanmasına dair şahidlər vardır və qonşular da tikintinin məhz iddiaçı tərəfindən aparılmasını təsdiqləyə bilərlər. Həmin vaxtlar o ərazilərdə oğurluq hadisələri çox olduğundan və o evdə yaşamaq imkanı olmadığından qərara gəlmişdir ki, həmkəndlisi İsmayılov Zeynal Əlxas oğluna ayda 200 manat olmaqla kirayəyə versin, həm ev boş qalmasın, həm də az da olsa gəlir əldə etsin. Həmçinin cavabdehə öz etibarnaməsini vermişdir ki, kommunal xətləri onun adına quraşdırsın. Lakin bir müddət sonra cavabdeh kirayə haqqını da ödəməmişdir. iddiaçı2 İmaş oğlunun oğlu-İlkin Məmmədov Ukraynadan ölkəyə qayıtdıqdan sonra həmin evə köçərək yaşamaq qərarına gəlsə də, cavabdeh evdən çıxmaqdan imtina etmişdir. Həmin vaxt bəlli olmuşdur ki, cavabdeh kommunalları öz adına rəsmiləşdirmişdir. Bundan sonra faktın araşdırılması üçün Binəqədi RPİ-nə müraciət edilsə də, həmin idarənin baş təhqiqatçısı Elvin Bəşirov tərəfindən ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla məsələnin mülki xarakterli olması bildirilməklə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hazırda cavabdeh heç bir hüququ olmayan fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşamağa davam etməkdədir. Bu isə iddiaçıların hüquqlarının kobud formada pozulmasına gətirib çıxarmışdır. Cavabdeh illərdir ki, orada yaşasa da kirayə ödənişini də dayandırmış, hazırda da çıxmaqdan imtina etməklə hüquqdan sui-sitifadə etməyə çalışmaqdadır. Həmin sui-istifadə ondan ibarətdir ki, özbaşına tikintiyə çıxarış olmadıqda onun oradan çıxarılmasının mümkün olmayacağını düşünməkdədir. Lakin hesab edirlər ki, mövcud məhkəmə praktikası artıq həmin evə xərc qoymuş, onu tikmiş şəxsin oraya qanuni gözləntisini tanıyır və aidiyyəti olmayan şəxslərin oradan çıxarılmasını təmin edir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq, orada yaşamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Cavabdeh onunla razılaşdırılan kirayə haqqını 2022-ci ilin mart ayından ödəmədiyindən hazırki tarixədək keçən 41 ay 200 manatdan hesablanmaqla cəmi 8200 manat pul ödəməlidir. Odur ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun illərdir ki, həm maddi, həm də mənəvi zərər çəkmişdir. Xəstəliyi daha da ağırlaşmışdır.

18. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçıların cavabdehin çıxarılmasını tələb etdikləri 10 ilə yaxındır ki, yaşadığı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Çiçək massivindəki fərdi yaşayış evini 2017-ci ildə iddiaçı2, Səyadxan Məmmədov və İlkin Məmmədov ilə razılaşıb 17000 ABŞ dollarına almışdır. Ev və yerləşdiyi torpaq sənədsiz olduğundan aralarında olan alqı-satqını rəsmi qeyd etdirə bilməmişdir. Ev təmirsiz, kommunikasiya xətləri olmadan, pəncərələr sındırılmış vəziyyətdə olmuşdur. Tərəflər arasındakı razılığa əsasən evin pulunu 5 il sonra hissə-hissə ödəməli idi. Bir neçə müddət sonra İlkin Məmmədova 3000 ABŞ dolları, 3400 manat iddiaçı2 1000 manat dəyərində 2 ton buğda və 700 manat pul, İlkin Məmmədovun kartına 1700 manat, Məmmədova 1000 manat dəyərində 2 ton buğda və 700 manat pul, İlkin Məmmədovun kartına 1700 manat, 4 dəfə 500 manat və hissə-hissə 2400 manat pul göndərmişdir. Evə qapı, pəncərə, raşotkalar qoydurmuşdur. Divarlara suvaq, emusiya, kraska vurdurmuşdur. Padvala beton vurdurmuş, evin üstünü təmir etdirmişdir. Evə qapılar alıb qoydurmuşdur. Hamamı düzəltdirmiş, mətbəxi düzəltdirib, ora mətbəx mebeli yığdırmışdır. Evə su çəkdirmiş, kommuniksiya xətləri, o cümlədən elektrik xətləri çəkdirmişdir. Həyətdə tualet və baseniya tikdirmişdir. Həyətə 20 kamaz torpaq, 5 kamaz peyin tökdürmüşdür. 83 ədəd ağac əkdirmişdir. Ümumilikdə 40000 manata yaxın xərc çəkmişdir. İlk öncə Bəyiş etibarnamə vermiş, həmin etibarnamənin müddəti bitdikdə isə Rahil Məmmədovun özündən etibarnamə almışdır. Evin su işıq, qazı cavbdehin adınadır. Ev cavabdehə kirayə verilməmişdir. Əgər ev kirayəyə verilsə də ödənişdə göstərilən məbləğlə deyil, olardı suyun adıma aylıq olmasına ödəniş formasında imkan verilməzdi. Vəsaitləri İlkin aldıqdan Məmmədov evə, və həyətə atası iddiaçı2 məndən yuxarıda göstərilən pul almaq istəmələri 40000 manata yaxın xərc çəkdikdən sonra evin əlindən alınması ona qarşı ən azından ədalətsizlikdir və açıq-aşkar ziyana məruz qoymadır. Cavabdehə qarşı 2 şəxs iddia qaldırmışdır. Maraqlıdır ki, Bəyiş Məmədov evi iddiaçı1 almasını qeyd edir. Sonuncu da bu fikirlə razılaşır. iddiaçı2 gəlincə isə onun qeyd olunan evin yerləşdiyi torpağa dair iddiaçı1 verdiyi etibarnaməsi vardır ki, həmin etibarnamənin də müddəti keçmişdir. İddiaçılar tələblərinin maddi hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 157-ci maddələrinə istinad etmişlər. Qanunvericiliyin tələbinə əsasən iddiaçıların mübahisəli evin mülkiyyətçisi statusunda çıxış etmələri üçün ilk öncə həmin evə dair onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Ancaq iddiaçılar bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Hətta iddiaçı1 ayrılan torpağın kordinatlarının hansı əraziyə aid olması belə məlum deyildir. Hazırkı iş üzrə idiaçıların çıxarılmağını tələb etdikləri evə hüquqlarının mövcud olmasına dair sübut təqdim etməməsi onların belə tələblə çıxış etmək üçün subyektiv hüquqlarının olmamasını göstərir. İddiaçılar iddiaçı2 İmaş oğlu və iddiaçı1 cavabdehə qarşı “fərdi yaşayış evindən çıxarılma tələbi” barədə iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin iddianın qismən təmin edilməsi, cavabdeh İsmayılov Zeynal Əlxas oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsi, Çiçək massivində yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olan 51 (əlli bir) manat məbləğində pulun İsmayılov Zeynal Əlxas oğlundan tutularaq iddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Anar Rzayev).

20. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, cavabdehin mübahisə predmeti olan əmlak üzərində hər hansı hüquqları yoxdur və onların iddiaçıya məxsus olan əmlakda mülkiyyətçinin iradəsinin əleyhinə qalması, hüquqi əsaslar olmadan oradan istifadə və çıxmaqdan imtina etmələri, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ailə üzvləri ilə birlikdə çıxarılmasına dair tələbi əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. İddia tələbinin cavabdehdən kirayə haqqının tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçılar mübahisəli fərdi yaşayış evini cavabdehə kirayə verdiklərini sübut edə bilmədiklərindən, eləcə də bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiklərindən, iddia kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə cavabdehin qeyd etdiklərinə münasibətdə isə bildirmişdir ki, cavabdeh mübahisəli fərdi yaşayış evini iddiaçı iddiaçı2 İmaş oğlundan aldığını, eləcə də həmin fərdi yaşayış evində təmir-bərpa işləri həyata keçirərək yaşanılanacaq hala gətirdiyini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, eləcə də iddiaçı iddiaçı2 ödədiyini iddia etdiyi məbləğləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməklə yanaşı həmin məbləğləri məhz fərdi yaşayış evinin alqı-satqısı ilə əlaqədar ödədiyini də sübuta yetirə bilməmişdir. İddiaçılardan iddiaçı1 tərəfindən cavabdehə verilmiş, 2025-ci ilin aprel ayında isə ləğv edilmiş etibarnaməyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh həmin etibarnamənin ona həmin fərdi yaşayış evinin alqı-satqısı məqsədilə verildiyini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Kommunal xidmətlərlə bağlı müqavilələrin cavabdehin adına olmasına münasibətdə cavabdehin irəli sürdüyü arqumentə münasibətdə məhkəmə qeyd edir ki, kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin cavabdehlə bağlanması sahiblik və istifadəsinə torpaq sahəsi ayrılmış iddiaçı1 notarial qaydada təsdiq edilmiş ##.##.2017-ci il tarixli ərizəsi ilə verdiyi razılıq əsasında həyata keçirilmişdir. Bu səbəbdən də kommunal xidmətlərin cavabdehin adına olmasını həmin fərdi yaşayış evinin cavabdeh tərəfindən tikilməsini və ya ona məxsus olmasını qeyd etmək üçün kifayətedici əsas hesab etmək olmaz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin iddia tələbi ilə bağlı qeyd etdiyi etirazlar əsassızdır və həmin etirazda qeyd edilən hallar mülki iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, 238-ci, 240-cı, 241.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə, BMT-nin ## ###### 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” 17.1-ci maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokoluna, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən cavabdeh İsmayılov Zeynal Əlxas oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

23. Cavabdeh İsmayılov Zeynal Əlxas oğlu apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə yazılı etiraza uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə işi tam və obyektiv araşdırmamış, iddia edilən evin alqı-satqısına dair razılaşmalarında iştirak edən Məmmədov İlkin Bəyiş oğlu, Məmmədov Səyadxan İmaş oğlu və X2 dindirilməmişlər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

26. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.

d) Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və III hissələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırda apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi xahiş edildiyindən,qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

34. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında yaranmış mübahisəni Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun həll etmişdir.

35. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsi, Çiçək massivində yerləşən 600 kv.m torpaq sahəsi (köhnə qaydalarda: Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsində yerləşən Bakı mebel hissələri Kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən 600 kv.m sahə) Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X3 ilə Birgə protokulunun ## ### 1990-cı il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı1 sahiblik və istifadəsinə verilmişdir. Bu baxımdan da hal-hazırda cavabdeh evdə heç bir qanuni əsas olmadan yaşayırlar ki, bu da evin mülkiyyətçisinin hüquqlarını pozur.

36. Göründüyü kimi iddiaçı Konstitusiya ilə təsbit edilmiş və təminat altında olan mülkiyyət hüququndan tam şəkildə yararlana bilmir. Belə ki, cavabdeh buna hər hansı hüququ mövcud olmadığı halda iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evdə yaşayır, iddiaçının həmin ərazini tərk etməsi tələbini yerinə yetirmir, nəticə etibarı ilə iddiaçı mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir.

37. Halbuki iddiaçı iddiaçı1 mübahisə predmeti olan fərdi yaşayış evində yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində qanuni gözlənti hüququna malikdir və Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülkiyyətçinin sahib olduğu hüquqlara sahibdir.

38. Hazırda həmin fərdi yaşayış evinin mülkiyyətçisi qismində iddiaçı iddiaçı1 çıxış edir. Cavadehlərin həmin mənzildə yaşamaları üçün hər hansı əsas müəyyən edilməmişdir. Cavabdehin həmin mənzildə ailə üzvləri ilə birlikdə məskunlaşmaı mülkiyyətçi qismində qanuni gözlənti hüququna malik olan iddiaçı iddiaçı1 qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.

39. Konvensiyaya əlavə * saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler Italiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X6 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X9-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı 17 kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75).

40. Fərdi yaşayış evinin cavabdehin qanunuz sahibliyində olmasına gəldikdə isə, bununla bağlı yuxarıda ətraflı şərh edilmişdir ki, cavabdehin fərdi yaşayış evinə dair hər hansı bir hüququ mövcud deyil. Bu onu deməyə əsas verir ki, fərdi yaşayış evi cavabdehin və ailə üzvlərinin qanunsuz sabibliyindədir.

41. Cavabdehin qeyd etdiklərinə münasibətdə isə bildirir ki, cavabdeh mübahisəli fərdi yaşayış evini iddiaçı iddiaçı2 İmaş oğlundan aldığını, eləcə də həmin fərdi yaşayış evində təmir-bərpa işləri həyata keçirərək yaşanılanacaq hala gətirdiyini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, eləcə də iddiaçı iddiaçı2 ödədiyini iddia etdiyi məbləğləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməklə yanaşı həmin məbləğləri məhz fərdi yaşayış evinin alqı-satqısı ilə əlaqədar ödədiyini də sübuta yetirə bilməmişdir. İddiaçılardan iddiaçı1 tərəfindən cavabdehə verilmiş, 2025-ci ilin aprel ayında isə ləğv edilmiş etibarnaməyə gəldikdə isə cavabdeh həmin etibarnamənin ona həmin fərdi yaşayış evinin alqı-satqısı məqsədilə verildiyini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Kommunal xidmətlərlə bağlı müqavilələrin cavabdehin adına olmasına münasibətdə cavabdehin irəli sürdüyü arqumentə münasibətdə məhkəmə qeyd edir ki, kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin cavabdehlə bağlanması sahiblik və istifadəsinə torpaq sahəsi ayrılmış iddiaçı1 notarial qaydada təsdiq edilmiş ##.##.2017-ci il tarixli ərizəsi ilə verdiyi razılıq əsasında həyata keçirilmişdir. Bu səbəbdən də kommunal xidmətlərin cavabdehin adına olmasını həmin fərdi yaşayış evinin cavabdeh tərəfindən tikilməsini və ya ona məxsus olmasını qeyd etmək üçün kifayətedici əsas hesab etmək olmaz.

42. Mülki məhkəmə icraatında inzibati məhkəmə icraatından fərqli olaraq obyektiv həqiqətin deyil, formal həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsi olaraq təsbit edilmiş və buna görə də çəkişmə prinsipi (AR MPMnin 9-cu maddəsi) mülki məhkəmə icraatının, işin hallarının araşdırılması prinsipi (AR İPM-nin 12-ci maddəsi) isə inzibati məhkəmə icraatının ana prinsipi olaraq müəyyən edilmişdir. Bu prinsiplərin fərqləri ondan ibarətdir ki, çəkişmə prinsipi zamanı məhkəmə yalnız tərəflərin bərabərliyini təmin etməklə öz qərarını yalnız onların çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır, amma inzibati məhkəmə icraatında tətbiq edilən işin hallarının araşdırılması prinsipinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırır. Bu isə onu göstərir ki, mülki məhkəmə icraatında hakimin səlahiyyətləri yalnız tərəflərin təqdim etdikləri sübutlarla məhdudlaşdırılmışdır.

43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində irəli sürdüyü şahidlərin dindirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı vəziyyətdə isə cavabdeh tərəf birinci instansiya məhkəməsində həmin vəsatətlə bağlı müraciət etməmiş və həmin vəsatətin təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Belə olan halda da apellyasiya instansiyası məhkəməsində yeni sübutlar qəbul edilməklə onlara qiymət verilə bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddia tələbini tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hisədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh İsmayılov Zeynal Əlxas oğlu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar