Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-518/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4658/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60 000 manat maddi və 60 000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Binəqədi rayon icra şöbəsi və BOKT "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
3. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən həm də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 1473/2024 saylı qərarına əsasən ona dəymiş 60000 manat maddi və 60000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra, yəni xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ilə rayon məhkəməsinə müraciət edərək, xx.xx.2025ci il tarixli ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bununla da məlum olur ki, iddiaçının həmin, yəni xx.xx.2025-ci il tarixli ərizəsi rayon məhkəməsi tərəfindən, ümumiyyətlə icraata qəbul olunmamışdır.
4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4658/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və BOKT "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
5. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət Nəsimi Rayon Məhkəməsinin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
8. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
10. Hazırkı iş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-1617/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 30 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-990/2024 saylı qərarının surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)- 1617/2024 saylı qərarı ləğv edilməklə İddiaçı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərbinin olmaması səbəbindən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
12. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3850/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı eyni cavabdehə qrşı 50.000 manat maddi və 10.000 manat mənəvi zərərin ödənilməsinə dair iddia tələbləri qismən təmin edilmiş və vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin dövlət büdcəsi vəsaiti hesabına iddiaçı ödənilməsi qət edilmişdir.
13. Həmçinin həmin qətnamədən görünür ki, iddiaçı ona maddi və mənəvi ziyanın vurulmasını hazırkı iddia ərizəsində olduğu kimi, eyni əsasla - Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-1617/2024 saylı qərarı ilə əsaslandırmışdır.
14. Göründüyü kimi qanuni qüvvəyə minmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsində baxılan iddia tələbi ilə hazırkı iddia ərizəsində tələblərin əsasları, eləcə də iddiaçı və cavabdeh də eynidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir.
16. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
17. Məhkəmə qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın, həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: tərəflər eyni olduqda; predmet eyni olduqda; əsaslar eyni olduqda.
18. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı işdə iddiaçının istəyi ilə sonradan hansısa üçüncü şəxslərin işə cəlb edilməsi, iddiaçının hazırkı tələbinin təkrar baxılmasının yolverilməzliyini aradan qaldırmır. Hər hansı əks yanaşma, yəni baxılan işə təkrar baxılması hüquqi müəyyənlik prinsipinə aşkar zidd olardı.
19. Belə olan halda müəyyən olunur ki, rayon məhkəməsi iş üzrə icraata xitam verərkən mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir.
20. İddiaçı şikayətində qanunsuz inzibati həbsi ilə bağlı zərəri deyil, icra məmurunun qeyri-qanuni hərəkətləri ilə ona vurulmuş zərəri tələb etdiyini bildirsə də, onun rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsində, eləcə də sonrakı ərizələrində qeyd olunanlar öz əksini tapmamış, iddiaçı hazırkı tələbini yalnız Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 30 gün müddətinə inzibati həbs olunmasının qanunsuzluğu ilə əsaslandırılmışdır. MPM-in 149.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilməlidir.
21. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata qeyd edilən əsasla xitam verməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
23. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
24. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
25. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4658/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.