Məhkəmə qərarları › İş №2(3-6)-528/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-528/2026

04.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-528/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: “öhdəliyin icra edilməsi”) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Nazımhikmət oğlunun, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5659/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MTK-nın nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MTK ilə X7 arasında bağlanan xx.xx.2019-cu il tarixli 09 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədən görünür ki, CavabdehMTK-nın ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının İ giriş, Vİ mərtəbəsində 3 otaqlı, 24№-li, sahəsi qonşu ilə olan divarların iç konturundan hesablamaqla 99.22 kv.m olan mənzili və qaraj tikib “Alıcı”ya təhvil verilməsini və “Alıcı” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürürlər.

2. 2.4-cü bəndə əsasən “Alıcı”ya kampaniya əsasında bir ədəd qaraj hədiyyə edilir.

3. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 Cavabdeh MTK-nın R.Qəmbərov küçəsi 19 ünvanında inşa edilən yaşayış binasının 24 saylı mənzili (3 otaq 99.22 kv.m) üçün 89298 manat vəsait ödəmişdir. Mənzilin dəyəri tam ödənilmiş, heç bir borc qalmamışdır.

4. AZ-İİ seriyalı, 206254 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

5. xx.xx.2022-ci il tarixli, 2V-679 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş - X3 vərəsələri arvadı X8 (1/6 hissə), qızı X15 (5/18 hissə), qızı X13 (5/18 hissə), qızı X14 (5/18 hissə) və onların hər biri miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X4 verilmiş **********76-05301-093211 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70 , mənzil 4 (Yeni qaydalarla : AZ 1092, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 94.6 kv/m olan mənzildən ibarətdir.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70 , mənzil 4 (Yeni qaydalarla : AZ 1092, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 94.60 kv.m olan mənzilin 1/6 hissəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, qeyd olunan mənzilin 5/18 hissəsi X9, 5/18 hissəsi X6, 5/18 hissəsi X10 məxsusdur.

7. İddiaçı tərəfindən Cavabdeh MTK-ya göndərilmiş pretenziya məktubundan görünür ki, X7 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 saylı müqavilədə qeyd edilən qarajın ona təhvil verilməsi tələb edilmiş, əks təqdirdə yaranacaq mübahisənin həlli üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədə qeyd olunan qarajın ona təhvil verilməsi, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 340 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 onun əridir. Əri xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadatnamə”yə əsasən özü və uşaqları mərhum əri - X3 vərəsəsi kimi tanınmışlar. Cavabdeh MTK ilə - X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 19 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasında 1-ci giriş, 6-cı mərtəbə, 3 otaqlı, 24 nömrəli mənzili və həmin binada yerləşən qarajı xx.xx.2022-ci il tarixə kimi tikib X4 təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilən mənzil 2022-ci ilin avqust ayında tikilib təhvil verilsə də, lakin qaraj təhvil verilməmişdir. 2025-ci ilin iyun ayında o, evi təmir etdirməyə başlayanda Cavabdeh MTK-ya müraciət edib, müqavilədə qeyd edilən qarajın təhvil verilməsini xahiş etmişdir. Ona bildirildi ki, 15 kv.m ölçüdə qaraj qalmayıb, tezliklə böyük ölçüdə olan qarajlardan 15 kv.m ayrılıb, ona təhvil veriləcəkdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh MTK-nın ofisində olan zaman satış meneceri Orxan adlı şəxs ona bildirdi ki, vətəndaşlara müqavilədə hədiyyə kimi nəzərdə tutulan qarajlar 15 kv.m sahəsi olan qarajlardır. Lakin hal-hazırda həmin ölçüdə sahəsi olan qaraj qalmayıb ki, ona təhvil verilsin. Qalan qarajların isə sahəsi 23 kv.metrdir. Qarajın artıq olan 8 kv.metr sahəsi üçün ödəniş etdikdən sonra həmin qaraj ona təhvil verilə bilərdi. İddiaçı da onlara bildirmiş ki, o, müqavilədə nəzərdə tutulan qarajın ona təhvil verilməsini istəyirdi. Müqavilədə də qarajın sahəsi qeyd edilməyib. Ondan qaraja görə əlavə ödənişin tələb edilməsi əsassızdır. Ona görə müqavilədə nəzərdə tutulan qarajın ona təhvil verilməsini xahiş etmişdir. Göründüyü kimi müqavilə üzrə tələblər, ödənişlər alıcı tərəfidən tam olaraq yerinə yetirilsə də, lakin Cavabdeh MTK müqavilə üzrə öz ürərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməkdən yayınaraq, müqavilədə nəzərdə tutulan qarajı ona təhvil verilməsindən imtina etmişdir. Buna görə də, prentenziya məktubu ilə Cavabdeh MTK-ya müraciət edərək, X7 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019- cu il tarixli, 09 saylı müqavilədə qeyd edilən qarajın ona təhvil verilməsini xahiş etsə də, lakin Cavabdeh MTK rəsmi qaydada qeydə alındığı hüquqi ünvanda mövcud olmadığına görə pretenziya məktubunun çatdırılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh MTK ilə arasında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, Cavabdeh MTK ilə - X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli müqavilədə nəzərdə tutulan qarajın ona təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5659/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın təmin edilməsi, Cavabdeh MTK ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədə qeyd olunan bir ədəd hədiyyə edilmiş qarajın Cavabdeh MTK tərəfindən iddiaçı Akhmedova Giulnara (İddiaçı) təhvil verilməsi, Cavabdeh MTK-dan ödənilmiş 101 manat məbləğində dövlət rüsumu və 340 manat məbləğində hüquqi yardım haqqının tutularaq iddiaçı Akhmedova Giulnara (İddiaçı) ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 666.1, 666.2, 672.1, 672.2, 752-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 121.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh Yeni Sabunçu” MTK-nın nümayəndəsi X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamə qanunsuz və əsassızdır. Qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Qətnamədə vərəsəlik hüququnun əsas prinsipləri və digər vərəsələrin mülkiyyət və vərəsəlik hüquqlarını müdafiə edən hüquqi mexanizmlər nəzərə alınmamışdır. Belə ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh MTK kampaniya çərçivəsində X4 bir ədəd qaraj verməyi öhdəsinə götürmüşdür. X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145 və 1146-cı maddələrinə əsasən onun ölümü ilə miras açılmışdır. xx.xx.2022-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən mərhumun qanun üzrə vərəsələri həyat yoldaşı İddiaçı və qızları X15, X13 və X5. Mərhumun adına olan mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən şəxslərin hər birinin payı müəyyən edilmişdir ki, bu da vərəsələrin əmlak üzərində birgə mülkiyyət hüququnu təsdiq edir. Məhkəmə qətnaməsində belə bir əsaslandırma aparılmışdır ki, “tərəflər arasında bağlanmış qarışıq müqavilə əsasında podrat və bağışlama münasibətləri əmələ gəlmiş, iddiaçının mərhum əri, yəni alıcı tərəfindən müqavilədə göstərilən öhdəlik tam icra olunmuş, Alıcıya kampaniya əsasında bir ədəd qaraj hədiyyə edilməsi ilə bağlı hissədə sözügedən MTK müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl etməmiş və bir ədəd qarajın hədiyyə verilməsindən imtina etməklə öhdəliyin icrasından yayınmışdır. Alıcının vərəsəsi olan arvadı – İddiaçı Cavabdeh MTKdan “öhdəliyin icra edilməsi”ni, yəni Cavabdeh MTK ilə X7 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 09 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədə qeyd olunan qarajın ona təhvil verilməsini məhkəmədən xahiş edir” – Bu əsaslandırma ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh MTK heç bir halda öz üzərinə düşən öhdəliklərdən yayınmamışdır. X1 vəfat etməyindən sonra onun həyat yoldaşı İddiaçı tərəfindən qarajın təhvil verilməsi tələbi irəli sürülmüşdür. Bu müraciət əsasında MTK tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, mərhumun həyat yoldaşı ilə yanaşı, digər övladları da qanuni vərəsələrdir. Eyni zamanda, MTK-da bir qarajın eyni vaxtda bir neçə şəxsin adına rəsmiləşdirilməsi proseduru mövcud deyildir. Qeyd olunan hallar məhkəmənin diqqətinə çatdırılmış, habelə digər vərəsələrə münasibətdə məsələnin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həll edilməsi təklif olunmuşdur. Lakin məhkəmə tərəfindən bu məsələlərə hüquqi qiymət verilməmiş, qəbul edilmiş qətnamədə digər vərəsələrin hüquq və maraqları ilə bağlı hər hansı əsaslandırma aparılmamışdır. Qaraj mərhumun ölüm anında icra edilməmiş əmlak öhdəliyi olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151-ci maddəsinə uyğun olaraq bölünməmiş miras əmlakının tərkib hissəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəlik institunu tənzimləyən maddələrinə əsasən miras miras qoyanın ölüm anından açılır və mirasa onun ölüm anınadək malik olduğu bütün əmlak hüquqları daxildir. 1157-ci maddəyə görə bir neçə vərəsə olduqda miras bölünənədək vahid əmlak kimi bütün vərəsələrə məxsusdur. Birinci instansiya məhkəməsi bu imperativ normalara əməl etməyərək qarajı yalnız bir vərəsəyə verilməli olan fərdi əmlak kimi qiymətləndirmiş, digər vərəsələrin mülkiyyət hüquqlarını nəzərə almamışdır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbəli vərəsələr, yəni hazırkı mübahisədə arvad və uşaqlar bərabər pay hüquqlu vərəsələrdir. Qaraj üzrə digər vərəsələrin payları müəyyən edilmədən və onların razılığı alınmadan əmlakın yalnız iddiaçıya verilməsi Mülki Məcəllə ilə qorunan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Bu yanaşma eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit edilmiş mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Birinci instansiya məhkəməsi müqaviləni podrat və bağışlama elementləri olan qarışıq müqavilə kimi şərh etmişdir. Lakin bağışlama elementi mövcud olsa belə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşımayan əmlak hüquqları mirasın tərkibinə daxildir. Qaraj mərhumun şəxsiyyəti ilə ayrılmaz bağlı olan hüquq deyil və bu səbəbdən bütün vərəsələrin ümumi mülkiyyətinə daxil olmalıdır. Cavabdeh MTK-nın isə icranı dayandırması öhdəlikdən yayınma deyil, qanuna zidd hərəkətlərə yol verməmək məqsədi daşıyır. Avtodayanacaq sahəsinin yalnız iddiaçıya verilməsi halında, iddiaçı həmin əmlakı üçüncü şəxsə özgəninkiləşdirə (sata) bilər. Bu isə digər vərəsələrin hüquqlarının faktiki olaraq pozulmasına və onların öz hüquqlarını müdafiə etmək üçün sonradan yeni məhkəmə mübahisələri qaldırmaq məcburiyyətində qalmasına səbəb ola bilər. Məhkəmə bu halları nəzərə almalı, digər vərəsələrin hüquq və qanuni mənafelərinin pozulmamasını təmin etməli idi. Xüsusilə vurğulanmalıdır ki, vərəsəlik hüququ şəxsin yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq, qanunvericiliklə təmin olunan və hər zaman qorunan bir hüquqdur. Bundan əlavə, məhkəmə tərəfindən digər vərəsələrin yetkinlik yaşına çatmamaları faktına ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134 və 1159-cu maddələrinə əsasən, vərəsəlik hüququ şəxsin yaşından asılı olmayaraq yaranır və yetkinlik yaşına çatmamaq vərəsənin mirasdan məhrum edilməsi üçün hüquqi əsas hesab edilmir. Yetkinlik yaşına çatmayan şəxslər də tam hüquqlu vərəsə olmaqla, onların mirasdan irəli gələn hüquqları dövlət tərəfindən xüsusi müdafiə altına alınır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq, yetkinlik yaşına çatmayanların əmlak və mülkiyyət hüquqları prioritet qaydada qorunmalı, onların maraqlarına toxunan hallarda məhkəmə xüsusi diqqət və həssaslıq nümayiş etdirməlidir. Bu kontekstdə məhkəmə ya həmin vərəsələrin qanuni nümayəndələrinin iştirakı ilə onların paylarını müəyyən etməli, ya da mirasın bölünməsi məsələsini açıq saxlamalı idi. Lakin birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan vərəsələrin mövcudluğunu nəzərə almadan, onların miras hüquqlarını faktiki olaraq nəzərdən kənarda qoymuş, bununla da həm vərəsəlik hüququnun, həm də uşaqların əmlak hüquqlarının müdafiəsi prinsiplərini pozmuşdur. Bu hal qəbul edilmiş qətnamənin yalnız qanunsuz deyil, eyni zamanda sosial ədalət və hüquqi müdafiə prinsiplərinə zidd olduğunu göstərir və onun ləğvini zəruri edir. Bununla yanaşı, qeyd edilməlidir ki, yetkinlik yaşına çatmayan vərəsələrin hüquqlarına toxunan bütün hallarda “uşaqların üstün maraqları” ("best interests of the child") doktrinası rəhbər tutulmalıdır. Bu prinsip Azərbaycan Respublikasının tərəfdar çıxdığıBMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsindən irəli gəlir və milli hüquq sistemində də birbaşa tətbiq olunan hüquqi meyardır. Həmin Konvensiyaya əsasən, uşaqlara aid bütün qərarlarda onların maraqları prioritet şəkildə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, yetkinlik yaşına çatmayan şəxslərin əmlak və vərəsəlik hüquqlarına təsir edən məhkəmə aktları qəbul edilərkən, bu şəxslərin hüquqlarının faktiki olaraq məhdudlaşdırılmasına və ya qeyrimüəyyən vəziyyətdə saxlanılmasına yol verilməməlidir. Ali Məhkəmə öz qərarlarında dəfələrlə vurğulamışdır ki, yetkinlik yaşına çatmayan vərəsələrin pay hüquqları ya konkret müəyyən edilməli, ya da onların hüquqlarının gələcəkdə pozulmasının qarşısını alan açıq hüquqi mexanizm göstərilməlidir. Mövcud iş üzrə isə birinci instansiya məhkəməsi nə “uşaqların üstün maraqları” prinsipini nəzərə almış, nə də yetkinlik yaşına çatmayan vərəsələrin hüquqlarını qoruyan hər hansı xüsusi hüquqi mexanizm müəyyən etmişdir. Əksinə, qarajın yalnız iddiaçıya verilməsi ilə bu şəxslərin miras hüquqları faktiki olaraq arxa plana keçirilmiş, onların gələcək mülkiyyət hüquqları risk altına salınmışdır. Belə ki, digər qanun üzrə vərəsələr işə lazımi qaydada cəlb edilməmiş, onların hüquq və mənafeləri araşdırılmamışdır ki, bu hal Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə ziddir. Bundan əlavə, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qarajın miras əmlakının tərkib hissəsi olmasına baxmayaraq, digər vərəsələrin bu əmlak üzərində pay hüquqlarını müəyyən etməmiş, onların hansı hüquqi əsasla bu əmlakdan kənarda saxlanıldığını qətnamədə göstərməmişdir. Qətnamədə nə vərəsələrin pay nisbətləri, nə onların razılığının olubolmaması, nə də mirasın bölünməsi məsələsinə dair hər hansı hüquqi mövqe əksini tapmışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən, bir neçə vərəsə olduqda miras bölünənədək vahid əmlak sayılır və birinci növbəli vərəsələr bərabər pay hüquqludurlar. Bu imperativ normalara baxmayaraq, məhkəmə yalnız iddiaçının xeyrinə qərar qəbul etmiş, digər vərəsələrin hüquqi vəziyyətini tamamilə qeyri-müəyyən vəziyyətdə saxlamışdır. Məhkəmə tərəfindən iddianın yalnız iddiaçıya dair hissədə təmin edilməsinin hüquqi əsasları qətnamədə izah olunmamışdır. Qətnamədən aydın olmur ki, hansı səbəbdən qarajın digər vərəsələrə aid pay hissəsi tanınmamış, yaxud niyə onların bu əmlak üzərində mülkiyyət hüququ istisna edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslandırılmış olmalıdır. Eyni Məcəllənin 220-ci maddəsi qətnamədə məhkəmənin gəldiyi nəticələrin səbəblərinin, tətbiq edilən qanun normalarının və tərəflərin arqumentlərinə verilən qiymətin açıq göstərilməsini tələb edir. Mövcud halda isə digər vərəsələrə pay verilməməsinin səbəbləri, bu qərarın hansı hüquqi normalara əsaslandığı və iddiaçının digər vərəsələrdən üstün tutulmasının hüquqi əsasları qətnamədə ümumiyyətlə göstərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

23. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

26. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

27. 672.1. Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmuş olsun.

28. 672.2. Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri üçün məsuliyyət daşıyır.

29. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki halda qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5659/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. İşin hallarından görünür ki, X7 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının İ giriş, Vİ mərtəbəsində 3 otaqlı, 24№-li, sahəsi qonşu ilə olan divarların iç konturundan hesablamaqla 99.22 kv.m olan mənzili və qaraj tikib “Alıcı”ya təhvil verilməsini və “Alıcı” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. “Alıcı”ya kampaniya əsasında bir ədəd qaraj hədiyyə edilmişdir. Alıcı tərəfindən müqavilədə göstərilən öhdəlik tam icra olunmuş, mənzilin dəyəri olan 89298 manat ödənilmişdir. Ancaq MTK müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl etməmiş və bir ədəd qarajın hədiyyə verilməsindən imtina etməklə öhdəliyin icrasından yayınmışdır. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, arvadı və üç uşağı onun qanun üzrə vərəsələridir.

41. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış qarışıq müqavilə əsasında podrat və bağışlama münasibətləri əmələ gəlmiş, iddiaçının mərhum əri, yəni alıcı tərəfindən müqavilədə göstərilən öhdəlik tam icra olunmuş, “Alıcı”ya kampaniya əsasında bir ədəd qaraj hədiyyə edilməsi ilə bağlı hissədə sözügedən MTK müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl etməmiş və bir ədəd qarajın hədiyyə verilməsindən imtina etməklə öhdəliyin icrasından yayınmışdır.

42. Kollegiya hesab edir ki, iddiaçının mərhum əri və MTK arasında azad surətdə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyənləşdirlmişdir. Alıcı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktların normaları baxımından, məhkəmə kollegiyası hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir.

43. Kollegiya qeyd edir ki, müqavilə bağlandığı gündən qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

44. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, cavabdeh iddiaçı ilə yanaşı onun övladlarının da mərhumun vərəsəsi olmasını bildərərək bu əsasla qarajı iddiaçıya verməkdən yayınmaqda haqlı deyildir. Belə ki, digər vərəsələr iddiaçının yetkinlik yaşına çatmayan övladlarıdır. Gələcəkdə qarajla bağlı mübahisə olacağı təqdirdə iddiaçının övladlarının iddiaçıya qarşı məhkəməyə iddia tələbi ilə müraciət etmə imkanı olmaqla, hazırki halda cavabdehin qeyd etdiyi hal iddianın rədd edilməsinə əsas vermir.

45. Kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MTK-nın nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5659/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh MTK-ya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar