Məhkəmə qərarları › İş №2(3-6)-531/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-531/2026

04.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-531/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı «kartdan vəsaitin oğurlanması və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4275/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı «kartdan vəsaitin oğurlanması və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kartdan oğurlanmış 743 manat pul vəsaitinin Cavabdeh ASC tərəfindən ona geri ödənilməsi; xx.xx.2023-cü ildən bu günə qədər həmin vəsait üzrə orta aylıq kredit faizlərinin (illik 20 %) hesablanaraq ona ödənilməsi; mənəvi zərərin əvəzi olaraq 500 manatın ona ödənilməsi, məhkəmə xərclərinin Cavabdeh ASC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin noyabr ayında «Odnoklassniki» sosial şəbəkəsində tanımadığı bir şəxsin ona yazdığı mesaja aldanaraq kart məlumatlarını paylaşmışdır. Həmin şəxs ona bildirmişdir ki, özü bank kartı əldə edib, lakin işlədə bilmir, guya ona nümunə kimi kart məlumatları lazımdır. O da, əvvəlcə üzərində pul olmayan kart göndərmək istəsə də, səhvən Cavabdeh ASC-yə məxsus vəsait olan “Birbank” kredit kartının məlumatlarını göndərmişdir. Nəticədə, 2023-cü il 27 və 28 noyabr tarixlərində kartından ümumilikdə 743 manat vəsait oğurlanaraq mənimsənilmişdir. Hadisənin ertəsi günü 28 noyabr 2023-cü il tarixdə Cavabdeh ASC-yə dərhal zəng etmiş, məlumat vermiş və kartlarını bloklatdırmışdır. Bu məsələ ilə bağlı Cavabdeh ASC-yə rəsmi müraciət etmişdir, lakin cavab onu qane etməmişdir. Azərbaycan Respublikası DİN və Baş Prokurorluğa yazılı şəkildə şikayət etmişdir. Mərkəzi Banka da müraciət etmişdir. Bütün dövlət qurumlarının cavablarını iddia ərizəsinə əlavə edir. Bu cavablarda məsuliyyətin bankda olmadığı bildirilsə də, o, hesab edir ki, bank öz vəzifə borcunu tam yerinə yetirməyərək, bu əməliyyatların qarşısını ala bilməmişdir və vəsaitin təhlükəsizliyinə zəmanət verməmişdir. Bundan başqa, oğurlanmış 743 manatdan əlavə, bu dövrdə o, həmin kredit üzrə banka aylıq faizlər ödəyir. Bu da maddi zərərini artırır. Həmçinin, hadisə nəticəsində ona ciddi psixoloji və mənəvi zərbə dəymişdir. Buna görə də, 500 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4275/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Musayeva) İddiaçı Cavabdeh ASC-yə qarşı «kartdan vəsaitin oğurlanması və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının özünün də bildirməsinə görə sərbəst şəkildə paylaşdığı kart məlumatları əsasında kartından hissə-hissə olmaqla müəyyən məbləğdə pul vəsaiti silinmişdir. Üstəlik məhkəməyəqədər də hüquq-mühafizə orqanlarında da araşdırılma aparılmış və bankın hər hansı təqsirli hərəkətləri müəyyən edilməmişdir. Odur ki, iddiaçının kartından özünün paylaşdığı kart məlumatlarının üçüncü şəxslər tərəfindən pul vəsaitlərinin bu və ya digər formada istifadəsinə bank cavabdehlik daşımır və bankdan həmin pulun tələb edilməsi əsassızdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmadığı müəyyən edildiyindən iddiaçının digər tələbləri rədd edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-4275/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsini əsassız və ədalətsiz hesab edir. Belə ki tərəfindən təqdim edilmiş sənəd və sübutlara əsasən cavabdeh pulların onun tərəfindən çıxarılmasını əsas tutmuşdur və məhkəmə də araşdırma aparmadan, aidiyyəti üzrə sorğular vermədən iddia tələbini təmin etməmişdir. Cavabdehın təqdim etdiyi bank kartı üzrə pul çıxılması zamanı kod və digər təsdiqlətmə əməliyyatları icra edilməmişdir. Bu öz növbəsində müqavilə şərtlərinin pozulması ilə bağlı bankın belə bir əməliyyatı icra etməsi üçün şəraitin yaradılması kimi qiymətləndirilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edilərək qeyd edilmişdir ki, gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası Azərbaycan Respublikasının X5 Heyətinin 13 mart 2024-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin tarixə qədər ümumiyyətlə GMA qaydaları mövcud deyildi. Lakin Bank həmin tarixə qədər də 100 manatdan yuxarı məbləğdə edilən əməliyyatlar üçün OTP məxfi mesajı göndərirdi. Cari iş üzrə icra edilən əməliyyatların məbləğləri isə olduqca kiçik olduğundan, həmin əməliyyatlar üçün OTP göndərilməsi zərurəti yox idi. Müştərinin özü tərəfindən də Birinci instansiya məhkəməsində etiraf edildi ki, kart məlumatlarını iddiaçı özü könüllü olaraq üçüncü şəxsə ötürmüşdür. Bundan sonra isə həmin vəsaitlər sosial şəbəkə hesabına yüklənilmişdir. Qeyd edilən hal həm istintaq materialları ilə, həm də birinci instansiya məhkəməsində edilən araşdırma nəticəsində müəyyən edilib. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; -21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materiallarında olan Laçın RPŞ Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul olunmuş 16 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/102 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Laçın rayonu Danbulaq kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə «Odnoklassniki» sosial şəbəkəsində Cavabdeha məxsıs 4169 7388 6876 6241 nömrəli kart hesabı ilə hər hansı bir oyuna abunə olmuş, abunə olduqdan sonra isə Cavabdeha məxsus 4169 7388 6876 6241 nömrəli kart hesabından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 0,17, 0,19, 0,26, 0,51, 0,84, 0,94, 1,44, 2,86 manatdan çox olmamaqla silsilə ardıcıllıqla kartında olan 743 manat pul vəsaiti oyuna çıxılmışdır. İddiaçı məxsus Cavabdeha aid 4169 7388 6876 6241 nömrəli kart hesabından qanunsuz olaraq kiminsə tərəfindən pul çıxarılması faktı öz təsdiqini tapmamışdır.

16. İş materiallarında olan İddiaçı 416973******7920 hesab kartından xx.xx.2023xx.xx.2023-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən 0,17, 0,19, 0,26, 0,51, 0,84, 0,94, 1,44, 2,86 manatdan çox olmamaqla silsilə ardıcıllıqla kartında olan 743 manat pul vəsaiti (odnoklassniki.g.co) müvafiq internet saytı hesabına çıxılmışdır.

17. İş materiallarında olan Cavabdeh ASC-nin 13 fevral 2025-ci il tarixli 2025/167/3640 saylı məktubdan görünür ki, İddiaçı məxsus 416973******6241 nömrəli kartdan icra edilmiş əməliyyatlardan 120 gündən çox vaxt keçdiyi üçün X1ydalarına uyğun olaraq sorğu göndərilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarından sorğu daxil olmamışdır.

18. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 may 2025-ci il tarixli, 2-2-050/3- 072908/2025 saylı məktubdan görünür ki, İddiaçı 5 mart 2024cü il tarixdə Laçın RPŞ-yə ərizə ilə müraciət edərək, naməlum şəxs tərəfindən Cavabdeh ASC tərəfindən verilmiş və istifadəsində olan kart hesabından 743 manat pul vəsaitinin çıxarılması barədə şikayəti əsasında Laçın rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparılmışıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC tərəfindən verilmiş bank kart hesabından “odnoklassniki.ru” sosial şəbəkəsində 27-28 noyabr 2023- cü il tarixlərində istifadə edərək “talış” adlı səhifə istifadəçisinə müxtəlif dəyərli elektron hədiyyələr alıb göndərmiş, nəticədə həmin kart hesabından ümumilikdə 743 manat məbləğində pul vəsaiti hesabından çıxılmışdır. Araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən 16 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərardan məhkəməyə şikayət vermək hüququnun olması iddiaçıya izah edilmişdir.

19. Beləliklə, iş materialları və iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə «Odnoklassniki» sosial şəbəkəsində Cavabdeha məxsıs 4169 7388 6876 6241 nömrəli kart hesabı ilə hər hansı bir oyuna abunə olmuş, abunə olduqdan sonra isə Cavabdeha məxsus 4169 7388 6876 6241 nömrəli kart hesabından xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə 0,17, 0,19, 0,26, 0,51, 0,84, 0,94, 1,44, 2,86 manatdan çox olmamaqla silsilə ardıcıllıqla kartında olan 743 manat pul vəsaiti oyuna çıxılmışdır.

20. Göründüyü kimi, iddiaçı özü könüllü formada kartından pul çıxarılmasına razılıq vermişdir. Həmçinin, hüquq-mühafizə orqanları tərəfindən aparılmış araşdırılma nəticəsində məlum olmuşdur ki, iddiaçının kart hesabından qanunsuz olaraq kiminsə tərəfindən pul çıxarılması faktı öz təsdiqini tapmamışdır.

21. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, Cavabdehın təqdim etdiyi bank kartı üzrə müvafiq müəyyən etdiyi bəndlərə əsasən pul çıxılması zamanı kod və digər təsdiqlətmə əməliyyatları icra edilməmişdir.

22. İddiaçının bu dəlilinə məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, iş materillarında olan SMS-lər barədə çıxarış və cihazlar barədə məlumata əsasən, cihaz dəyişikliyi barədə Bank tərəfindən məxfi kodların qeyd edildiyi SMS göndərilsə də, həmin məxfi kod təsdiq edilmədiyindən cihaz dəyişikliyi baş verməmişdir. Yalnız həmin məxfi kod təsdiqləndikdə, cihaz dəyişikliyi baş verə bilərdi. Hadisə baş verdiyi tarixdə GMA qaydaları (Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası) mövcud olmadığından, əməliyyatlar müasir mənada GMA qaydaları tətbiq edilmədiyindən, yalnız cihaz dəyişikliyi üçün SMS göndərilmişdir.

23. Göründüyü kimi, Bank tərəfindən iddiaçının kart hesabından pul çıxılması ilə bağlı hər hansı təqsirli hərəkət və hərəkətsizliyə yol verilmədiyi, cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmadığı müəyyən edilmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı tərəfindən özünün kart hesabından 743 manat pulun çıxarılması ilə bağlı cavabdeh bankın təqsirinin olduğunu sübuta yetirə bilməmişdir.

25. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, cavabdehin iddiaçıya dəymiş zərərlə bağlı hər-hansı təqsiri sübuta yetirilmədiyindən, iddiaçının kartdan oğurlanmış 743 manat pul vəsaitinin Cavabdeh ASC tərəfindən ona geri ödənilməsi; xx.xx.2023-cü ildən bu günə qədər həmin vəsait üzrə orta aylıq kredit faizlərinin (illik 20%) hesablanaraq ona ödənilməsi; mənəvi zərərin əvəzi olaraq 500 manatın ona ödənilməsi, məhkəmə xərclərinin Cavabdeh ASC-dən tutulması barədə iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4275/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar