Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-598/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: hüquqi xidmət müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “hüquqi xidmət müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Iddiaçı İddiaçı və Cavabdeh arasında bağlanılmış ##.##.2024-cü il tarixli, 762 və *** saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən Cavabdeh Qüdrətli Türkan Yunis qızına Bakı şəhəri Nizami RPI Istintaq Şöbəsi və Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil olaraq ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 800 manat və 700 manat müəyyən olunmuş, başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyildir.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Qüdrətli Türkan Yunis qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı hökmündən müdafiəçilər Cavabdeh, X5 və X10, habelə təqsirləndirilən şəxs T.Qüdrətli tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarından məhkum T.Qüdrətli və müdafiəçisi X10 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı cavabdehin dələduzluq edərək onu aldatmasını bildirərək Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmiş, ##.##.2025-ci il tarixli qərar ilə cinayət işi rədd edilmiş və ərizəçi İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “hüquqi xidmət müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqi xidmət göstərilməsi üçün ödənilən 1.400 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qızı 2003-cü il təvəllüdlü Qüdrətli Türkan Yunis qızı dələduzların şantajına məruz qalaraq provakasiya olunub CM-nin 234.4.3cü maddəsi ilə əsassız ittiham olunmuşdur. Hazırda həbsdədir. Qızının cinayət işinin ibtidai araşdırma zamanı müstəntiqdə olan ərəfədə qızına vəkillik etməsi üçün * saylı Vəkil Bürosunun vəkili Cavabdeh Əlzaman oğlu ilə müqavilə bağlamışdır. * saylı Vəkil Bürosundə bir dəfə 700 manat, bir dəfə 800 manat olmaqla vəkil Cavabdeha vermiş və onunla müqavilə bağlamışdır. Cavabdeh ondan həmin məbləğləri aldıqdan sonra ona qəbz vermiş, sonra müxtəlif bəhanələr ilə telefonu bağlamış, əməliyyat olduğunu bildirmişdir. Məhkəmənin sisteminə səhhəti ilə bağlı prosesdə olmayacağını yerləşdirmişdir. Eyni məzmunda ona heç bir vəsatət yazmaqda humanistlik etmirdi. Onun uşağının sifariş ilə tutulduğunu, kömək edə bilməyəcəyini, onları gedib döyməyəcəyini, bu barədə onu yığmamasını, xəstə olmasını, narkozdan təzə ayıldığını bildirmişdir. O, əlacsız qalaraq mərhum anasının təqaüdü ilə əlavə 2.000 manat ödəməklə Mirkəbir Salmanlı adında vəkil tutmuşdur. Məsuliyyət hiss edən cavabdeh nəhayət prosesə gəlmiş, prosesdə də yatıb yuxulamışdır. Beləliklə həmin şəxs onun övladına heç bir hüquqi yardım göstərməmişdir. Cavabdehin bu hərəkətlərindən övladı əsassız 5 il həbs almışdır. İstintaqda heç bir köməklik göstərməmişdir. O, heç bir vəsatət verməmiş, kameraları açdırmamış, qızının yatdığı müalicə müəssisəsinin rəhbərini gətizdirməmişdir. 1.500 manat alıb onu yola vermişdir. O, hər pulunu istədikdə cavabdeh onu oradan polis çağırıb qorxudaraq uzaqlaşdırırdı. O, hədə-qorxuya məruz qalmışdır.
8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı pul tələbi üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı yetkinlik yaşına çatmış qızı Qüdrətli Türkan Yunis qızının hüquqlarının müdafiəsi üçün onunla müqavilə bağlamasına baxmayaraq həmin müqaviləni qanunla müəyyən edilmiş qaydada pozulması, yalnız hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən müqavilənin qüvvədə olduğu müddətdə ola bilər. Lakin işdən müəyyən edilir ki, onunla bağlanmış müqavilə tərəflərin hər hansı bir etirazı olmadan başa çatmışdır. Ona görə də başa çatmış müqavilə üzrə ondan pul tələbinin heç bir hüquqi əsası yoxdur. Əgər o zaman hüquqlarını müdafiə etdiyi iddiaçı və qızı ondan narazıçılıq etmiş olsa idi, onunla müqaviləyə xitam edə bilərdilər. Lakin onlar o zaman onun hüquqi yardım göstərməyindən heç bir narazıçılıq etməmişdir. İddiaçının övladı külli miqdarda narkotik vasitəsini əldə edib saxladığı üçün Azərbaycan Respublikası DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixində yaşadığı evin yaxınlığında saxlanılmış və Bakı şəhəri Nizami rayonun 24-cü Polis Şöbəsinə gətirilmiş, vidoegörüntülü üstünə baxış keçirilmişdir. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı Qüdrətli Türkanın üstündən 8.312 qram çəkidə küstar üsülla hazırlanmış metamfetamin narkotik vasitə aşkar edilmişdir. O zaman Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə X3 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də iddiaçı övladının ibtiadi istintaq zamanı hüquqarının müdafiəsi üçün * saylı Vəkil Bürosuna gəlmiş və çox israrla onunla Hüquqi yardımın göstərilməsi haqqında *** nömrəli müqavilə bağlanmışdır. Onunla bağlanmış müqavilə tam könüllü bağlanmışdır. O, bağlanmış müqaviləyə uyğun olaraq 4 ay müddətində Qüdrətli Türkanın hüquqlarının müdafiəsini təmin etmiş və b müddətdə 10-dan çox vəsatətlər yazmış və başlanmış cinayət işinin xitam edilməsini xahiş etmişdir. Eyni zamanda, bir neçə vəsatətlə başlanmış cinayət işinə nəzarəti həyata keçirən Nizami Rayon Prokurorluğuna müraciət etmiş, ibtidai istintaq müddətində bir neçə dəfə Bakı İstintaq Təcridxanasına gedərək konfidensial söhbətlər aparmış və vəsatətlər yazmışdır. Onun bəzi vəsatətləri istintaq orqanı tərəfindən təmin edilmiş, əlavə şahidlər dindirilmiş və araşdırmalar aparılmışdır. Qüdrətli Türkan barədə başlanmış cinayət işi üzrə İttiham Aktı tərtib edilmiş və işin baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. O zaman iddiaçının təkidi ilə o, təkrar olaraq Qüdrətli Türkanı məkəmədə müdafiə etmək üçün aralarında müqavilə bağlnmış, müqavilədən imtina etməsinə baxmayaraq, iddiaçı övladının hüquqlarının müdafiəsini davam etdirməyini ondan təkid etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-565/2025 ##.##.2025-ci tl tarixli hökmü ilə Qüdrətli Türkan Yunis qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın ən aşağı həddində, yəni 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-565/2025 ##.##.2025-ci tl tarixli hökmündən narazı olduğu üçün apellyasiya şikayəti vermiş və onun şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işi üzrə araşdırma aparmış, lakin iş üzrə qəbul edilmiş hökmün dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, o, hər iki müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etmişdir. Həmçinin, o, hər iki müqavilə bağlayarkan dəfələrlə iddiaçıya bildirmişdir ki, “işin prespektivi, tapşırığın icra edilməsi zamanı bütün ehtimallar və risklər barədə, işin uğurla nəticələnməsinə dair heç bir vəd verməmişdir. O zaman iddiaçı onun bildirdikləri ilə razilaşmış və əlavə heç bir şərt olmadan müqavilə bağlamışdır. Ona görə hazırda iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə yalan və böhtandır. Hər iki müqavilə üzrə iş başa çatdıqdan sonra onun hüquqlarını müdafiə etdiyi şəxsin qarşısında heç bir öhdəliyi qalmamışdır. O, bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmişdir. Təsadüfi deyil ki, hüquqlarını müdafiə etdiyi Qüdrətli Türkan Yunis qızı ona göstərilmiş hüquqi xidmətdən heç bir narazıçılıq etməmişdir.
10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia təmin edilməmişdir.
11. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının iddia tələbi ilə məhəkməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını bildirsə də, məhkəmə bildirir ki, hüquqi yardımın göstərilməsi haqqında müqavilələr üzrə tərəflərdən biri iddiaçı İddiaçı, digəri də cavabdeh Cavabdeh Əlizamin oğlu olmuşdur. Hazırda iddiaçının həmin müqavilələr üzrə ödənilmiş xidmət haqqı məbləğini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ mövcuddur.
12. Məhkəmə iddia tələbinə mahiyyəti üzrə qiymət verərək qeyd etmişdir ki, hazırda İddiaçı övladı X4 üçün hüquqi yardım almaq hüququndan istifadə edərək Cavabdeh ilə öz iradə ifadəsinə uyğun olaraq ##.##.2024-cü il tarixli, 762 və *** saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilələr bağlamışdır. Müqavilələrin şərtlərinə əsasən Cavabdeh Qüdrətli Türkan Yunis qızına Bakı şəhəri Nizami RPI Istintaq Şöbəsi və Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil olaraq ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 800 manat və 700 manat müəyyən olunmuş, başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyildir.
13. Məhkəmə bildirmişdir ki, cavabdeh Cavabdeh vəkil kimi iddiaçı ilə aralarında bağlanılmış müqavilələrdə öz üzərinə düşən vəzifələri icra etmiş, istintaq şöbəsində və məhkəmə iclaslarında iştirak etmiş, tərəfindən cinayət işi istintaq şöbəsində və məhkəmə icraatında olarkən müxtəlif vəsatət və sorğular verilmiş, iş üzrə araşdırmalar aparılmışdır. Bu halların əksi isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Həmçinin, yuxarıda qeyd olunan qanunvericilik normaları və tərəflər arasında olan müqavilələr ilə də müəyyən olunur ki, hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyildir. Vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Hüquqi yardımla bağlı ödənilməli vəsaitin ağlabatan məbləği də hüquqi yardımın əlçatanlığının təmin edilməsi üçün mühüm amillərdən biridir. Göründüyü kimi tərəflər müqavilələr əsasında hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğini öz aralarında razılaşaraq 1.500 manat olaraq müəyyən etmiş və məhkəmə həmin məbləği ağlabatan hesab etmişdir.
14. Bundan əlavə məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehin vəkil kimi hüquqi xidmət göstərməsindən narazı olmasını bildirməsinə və cinayət işi üzrə qızının müdafiəsi üçün əlavə vəkil ilə məhkəmədə müdafiə olunmasına baxmayaraq cavabdeh Cavabdeh ilə aralarında olan hüquqi xidmət göstərilməsinə dair münasibətə son verilməmiş, Cavabdeh həmin cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi olaraq iştirakını davam etdirmiş və onun tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti də hazırlanaraq məhkəməyə təqdim edilmişdir.
15. Məhkəmə həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi qızının işinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin sifarişi olması barədə səsyazısı ilə bağlı bildirmişdir ki, bu iş üzrə hazırki mübahisənin həlli üçün sübut qismində qəbul edilə bilməz. Belə ki, səsyazısında iddiaçı tərəfindən ifadə edilən suala verilən cavab aydın eşidilmir. Digər tərəfdən isə verilən cavab aydın olduğu və cavabdehə məxsus olduğu təqdirdə belə, bu hal mübahisənin mahiyyətin üzrə həll edilməsinə əhəmiyyətli təsir etmir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ bəndinə, Mülki Məcəlləsinin 6.2 və 390.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008- ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ###### 2023-cü il tarixli Qərarına, “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 3, 5.II, 5.III, 5.IV, 16, 19-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarına, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci və Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olmaqla əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozmuş, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır, məhkəmədə işə birtərəfli qaydada baxılıb, sübutlara düzgün qiymət verilməyib, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqdan imtina etmiş, cinayət işi üzrə qızının müdafiəsini həyata keçirmək üçün cavabdehin ondan 1.500 manat almasına baxmayaraq, qızına keyfiyyətli hüquqi yardım göstərməməsinə düzgün hüquqi qiymət verməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, onun şahidlərini məhkəməyə dəvət edib şahid ifadələri alınmamışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Nəticədə, məhkəmə düzgün olmayan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə cavabdeh tərəfindən cinayət işi üzrə qızının hüquqlarını müdafiə etməməsini, qızının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməməsini, kamera görüntülərinin tələb edilib işə əlavə edilməsi barədə vəsatət verməməsini, müalicə müəssisəsinin rəhbərliyinin şahid qismində məhkəməyə dəvət edilib şahid ifadəsinin alınması barədə vəsatət verməməsini araşdırmamış, cavabdehin qızına keyfiyyətli hüquqi yardım göstərməməsinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, cinayət işi üzrə məhkəməyə müraciət edib xəstə olması barədə bəhanə gətirərək məhkəmə proseslərinə gəlməmiş, qızının hüquqlarını müdafiə etməkdən yayınmışdır, nəticədə qızına əsassız olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir, məhkəmə isə iş üçün mühüm əhəmiyyəti olan işin bu kimi faktiki halını aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Maddə 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.
Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
22. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Maddə 5. II. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Maddə 5. III. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir. Maddə 5. IV. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Maddə 19. İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 19.II. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Maddə 19.III. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşdən görünür ki, tərəflər arasında bağlanmış 762 və *** saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən, cavabdeh iddiaçının qızına Bakı şəhəri Nizami RPİ İstintaq Şöbəsi və Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil olaraq ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür.
28. Müqavilə üzrə hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləği Mülki Məcəllənin 6.2-ci maddəsinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III bəndi baxımından qanunvericiliyə uyğun olaraq tərəflərin razılığı ilə müəyyənləşdirilmişdir.
29. Müqavilədə həmçinin qeyd olunmuşdur ki, hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyildir.
30. Mülki qanunvericiliyin tələblərinə əsasən də tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
31. İddiaçı iddia edir ki, cavabdeh vəkil cinayət işi üzrə onun qızının hüquqlarını müdafiə etməkdən yayındığına və keyfiyyətli hüquqi yardım göstərmədiyinə görə qızına əsassız olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir.
32. Lakin iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçının qızının müdafiəsini həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində (digər müdafiəçilərlə birlikdə) həyata keçirmiş, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən digər müdafiəçilərlə bərabər apellyasiya instansiya məhkəməsinə apellyasiya şikayəti vermişdir.
33. O da nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh tərəfindən ibtidai istintaq zamanı vəkil kimi göstərilmiş hüquqi yardımdan narazı olduğunu bildirdiyi təqdirdə, cavabdeh ilə qızına birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamışdır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
35. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Məhəmməd Rüstəmli Hakimlər: Fərrux Qasımov Günay Axundova