Məhkəmə qərarları › İş №2(3-6)-608/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-608/2026

23.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-608/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(5-95)-32/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 (on beş min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(5-95)-32/2026 saylı, xx.xx.2026-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, şikayətinin təmin edilərək “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh geri qaytarmaq məqsədilə pul götürərkən öz xətti ilə yazdığı qəbzdə pulu hansı müddətə qaytaracağını qeyd etməsə də, artıq 5 aydan artıq müddətdir ki, o, götürdüyü məbləğin hər hansı hissəsini qaytarmamışdır. Həmçinin cavabdeh telefon zənglərini açmır. Bu fakt da onun götürdüyü pulu qaytarmaq fikrinin olmadığını sübut edir. Belə halda öhdəliyin icra edilməsi üçün cavabdehə əvvəlcədən tələb irəli sürməyini təsdiq edən sənədə lüzum yoxdur. İddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Qeyd edildiyi kimi cavabdeh ağlabatan müddətdə öhdəliklərini icra etmədiyinə görə ona qarşı əvvəlcədən tələb irəli sürməyinə və bu barədə sənədi məhkəməyə təqdim etməyinə ehtyac yoxdur. Lakin məhkəmə bu faktı nəzərə almayaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(5-95)-32/2026 saylı, xx.xx.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia tələbləri üzrə sonraki prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə borca pul verdiyini, lakin həmin məbləğin qaytarılmadığını qeyd edərək, həmin pul vəsaitinin qaytarılmasını tələb edir. Ancaq iddia ərizəsinə əlavə edilmiş “əlyazma”nın fotosurətindən görünür ki, qeyd edilən məbləğin nə vaxt qaytarılmalı olması (öhdəliyinin icrası müddəti ilə) bağlı heç bir qeyd yoxdur. Qanunvericilik normalarından görünür ki, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə bu zaman kreditor öhdəliyin icrasını dərhal tələb edə bilər və öhdəlik borclu tərəfindən tələbetmə anından yeddi gün müddətində icra olunmalıdır. Yəni qüvvədə olan qanunvericiliyə görə, iddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmədən əvvəl qeyd olunan şərtə əməl etməli və bundan sonra mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənədi də iddia ərizəsinə əlavə etməklə aidiyyəti məhkəməyə müraciət etməlidir. Ancaq hazırkı iddia ərizəsinə qeyd olunan qaydaya əməl edilməsini təsdiq edən sübut əlavə edilməmişdir. Bu da iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əməl edilmədən məhkəməyə müraciət edildiyini təsdiq edir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər nizama salınmasına əməl edilmədiyindən və müvafiq sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Göründüyü kimi əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə bu zaman kreditor öhdəliyin icrasını dərhal tələb edə bilər və öhdəlik borclu tərəfindən tələbetmə anından yeddi gün müddətində icra olunmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 (on beş min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı cavabdehə borca pul verdiyini, lakin həmin məbləğin qaytarılmadığını qeyd edərək, həmin pul vəsaitinin qaytarılmasını tələb edir. Qeyd edilən məbləğin nə vaxt qaytarılmalı ilə bağlı heç bir qeydin olmaması isə iddiaçının mütləq qaydada mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməli olması anlamına gəlmir. Belə ki, istinad edilən normaların tələblərinə əsasən müəyyən edilir ki, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Bu isə iddiaçının məhkəmədən qabaq cavabdehə borcun ödənilməsini tələb etmək barədə müraciəti demək deyil, həmin normanın tələbi kreditorun borcludan öhdəliyin icrasını tələb etməsini və borclunun da öhdəliyi ağlabatan müddətdə icra etməli olmasını müəyyən edir. Yəni həmin tələb etmənin konkret olaraq məhkəmə qaydasında və ya məhkəmədən əvvəl tələb edilməli olması barədə hər hansı bir göstəriş mövcud deyil. Belə olan halda da müəyyən edilir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına riayət edilməsinə zərurət olmamışdır və buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması və sonradan verilmiş şikayət əsasında ləğv edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə Kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mülkiprosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(5-95)-32/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilməli və mülki iş sonraki prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(5-95)-32/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilsin. Mülki iş İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş sonraki prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar