Məhkəmə qərarları › İş №2(3-6)-612/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-612/2026

03.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-612/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5098/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbləri üzrə Cavabdeh Müştəba oğlundan ünvan 1 ünvanda yerləşən 113 kv.m. torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin alınması üçün ödənilmiş 20 000 (iyirmi min) manat məbləğində pulun, həmin evin kommunal xidmətlərdə və bələdiyyədə adına keçirilməsi üçün cavabdehə ödədiyi 1000 (bir min) manat məbləğində pulun, hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkilə xidmət haqqı kimi ödədiyi 325 (üç yüz iyirmi beş) manat məbləğində pulun, məhkəməyə dövlət rüsumu kimi ödədiyi 155 manat məbləğində pulun, ümumilikdə 21 480 (iyirmi bir min dörd yüzsəksən) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin iyun ayında ailələri ev almaq qərarına gəldilər. Bunun üçün atası Abdullayev Ələm və həyat yoldaşı Eyyubov Rəfael müəyyən müddət ev axtarıblar və nəticədə ünvan 2ndə 113 kv.m. torpaq sahəsində tikilmiş olan fərdi yaşayış evini almaq qərarına gəldilər. Atası və həyat yoldaşı evi satan Cavabdeh Müştəba oğlu ilə danışaraq razılaşdılar və evin sənədləri olmadığı üçün ona əlbəəl 20 000 (iyirmi min) manat məbləğində pul vəsaiti verməyə, o da əvəzində bəhs edilən evi onların sahiblik və istifadələrinə verməyə razılaşdı. Bundan əlavə Hafiz bildirdi ki, 1000 manat məbləğində “sənədləşmə” üçün pul xərclənməlidir. Belə ki, evin kommunal ödənişləri və s. onun adına keçiriləcək. Eyni zamanda Maştağa Bələdiyyəsində də evin sahibi kimi onun adı qeyd ediləcək. Bu əməliyyatlar həyata keçirildi və 20000 manat məbləğində ailələrinə məxsus olan pul atası və həyat yoldaşı vasitəsilə Hafizə verildi, bundan əlavə 1000 manat məbləğində pul deyilən sənədləşməyə xərcləndi. Onlar evdə ilk növbədə təmir işləri apardılar. Təmir işlərinin zəruri hissəsi bitdikdən sonra evə köçərək yaşamaqla bərabər təmir işlərini davam etdiriblər. Bu müddət ərzində qonşularla da, o cümlədən divar qonşusu Əfqanın ailəsi ilə də normal qonşuluq münasibətləri yarandı. Təxminən bir il əvvəl Əfqan onlara bildirmişdir ki, evlərə sənəd düzəldilir. Onlara məxsus olan ev də ümumilikdə eyni torpaq sahəsinə aiddir. Sənədləşmənin aparılması üçün reyestr xidməti tərəfindən müayinə işləri aparılmalıdır. Əfqan onlara bildirdi ki, ümumi sənədləşmə başa çatandan sonra onlara məxsus hissənin də adlarına keçirilməsi mümkün olacaq. Onlar da Əfqana inanıb razılıqlarını bildirdilər. Bundan sonra həqiqətən də reyestr xidmətinin əməkdaşları gələrək lazımi ölçü işləri aparmışlar. Bir müddət əvvəl isə, Əfqan onlara bildirdi ki, onların evi də daxil olmaqla ümumi şəkildə sənədləşmə aparılıb və hal-hazırda mülkiyyətçi onun qardaşı Mehmandır. Bundan sonra aralarında olan hasarı uçurmağa başlamışlar. Belə olduqda həyat yoldaşı aidiyyatı üzrə polis bölməsinə ərizə ilə müraciət etdi. Təhqiqat araşdırması nəticəsində müəyyən edildi ki, ev həqiqətən də X2 mülkiyyətindədir və belə olduqda evin iddia ərizəsi üzrə Cavabdeh Müştəba oğlu tərəfindən onlara satılmasının əsassız olduğu müəyyən edildi. Bu səbəbdən hal-hazırki iddia tələbləri ilə Cavabdeh Müştəba oğluna ödəmiş olduqları pul məbləğinin geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5098/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim - Müseyib Bayramov) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 20 000 (iyirmi min) manat məbləğində pul, ödənilmiş 155 (yüz əlli beş) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 325 (üç yüz iyirmi beş) manat xidmət haqqı tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. İddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini qeyd etmiş və bildirmişdir ki, onunla iddiaçı arasında olan şifahi razılaşmaya görə o, istifadəmsində olan ünvan 2 ünvanda yerləşən 113 kv.m. torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini iddiaçıya satıb. Hal hazırda da həmin ev iddiaçının istifadəsindədir və iddiaçı evi ondan alan gündən həmin evdə yaşayır. Belə olan halda aydın olur ki, cavabdeh aralarında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi pozmamışdır. Ona görə də iddiaçının ondan ev üçün ödədiyi pulu geri tələb etməsi əsassızdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi M.Əsgərova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, Mehman Allahverdiyevə qarşı çıxarışın ləğvi ilə bağlı Sabunçu Rayon Məhkəməsində iddia qaldırıblar. Belə ki, onlar həmin evlə bağlı 2022-ci ildə sənədləşmə aparıblar, 2023-cü ildə isə ev iddiaçıya satılmışdır. Mehman Allahverdiyev isə çıxarışı 2025-ci ildə almış, həmin çıxarışın əldə edilməsi qanunsuz olmuşdur, eləcə də iddiaçı ailəsi ilə hazırda da həmin evdə yaşayır.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, şikayət tamamilə əsassızdır. Mehman Allahverdiyevin nənəsinin adına texniki passportu olmuşdur. İddiaçı isə alqı-satqı ilə sənədsiz ev kimi almışdır. Sonradan isə iddiaçıya bildirilmişdir ki, həmin evlə bağlı Mehman Allahverdiyevin çıxarışı var və iddiaçı evdən çıxmalıdır. İddiaçının evdən çıxarılmasına dair Sabunçu Rayon Məhkəməsinin icraatında iş var və hələ davam edir. Vəkil eyni zamanda da bildirdi ki, cavabdehin M.Allahveriyevə qarşı iddiası olsa da, onun hər hansı uğurluluğunu görmürlər, çünki cavabdehin həmin evə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyil, iddiaçının hazırda da həmin evdə yaşaması isə yalnız evin mülkiyyətçisi M.Allahverdiyevin onların düşmüş olduğu vəziyyətə anlayışla yanaşması və hazırkı iş üzrə məhkəmə mübahisəsi qurtaranadək möhlət verməsi ilə bağlıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2025ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, döngə 2, ev 11 (yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, torpaq sahəsinin ölçüsü 0,0483 ha, ümumi sahəsi 109,7 kv.m. olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur.

10. X14 tərəfindən Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəisi polis mayoru Süleyman Abbasova ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qonşusu olan Əfqan adlı şəxs həyətlərin arakəsməsi olan hasarı sökərək həyətini artırmaq istədiyini bildirmişdir. Hadisə ilə əlaqədar qanuni tədbir görülməsi xahiş edilmişdir.

11. Sabunçu RPİ-nin 14-cü PŞ-də X14 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir: “2023-cü ilin iyun ayında ev almaq qərarına gəldim. Bu barədə ailə üzvlərimə də bildirmişdim. Həmin ərəfələrdə qaynatam X7 mənim tanımadığım makler vasitəsilə Maştağa qəsəbəsi Xanlar küçəsində 113 kv.m. torpaq sahəsində tikilmiş 3 otaqlı evin satıldığını öyrənib həmin evin sahibi kimi tanıdığı Elşən adlı şəxslə görüşüb bu barədə söhbət etmişdir. Ələm bunu mənə bildirdikdən sonra eden Elşənlə görüşdüm. Elşən bildirdi ki, həmin ev mərhum bacısına məxsus olub, lakin mən Ələmlə birlikdə həmin ünvana gelib evə baxdım və özünü evin sahibi kimi təqdim bacısı vəfat etdiyindən o böyük qardaşı Hafiz ile birlikdə həmin evi satmaq qərarına gelmişlər. Bundan əlavə bizə bildirildi ki, evin heç bir sənədi yoxdur, yalnız kommunal taminatla bağlı sənədlər mövcuddur. Elsənlə həmin evi 20 000 (iyirmi min) manata almağa razılaşdım. Lakin, Elşən bildirdi ki, yekun qərarı böyük qardaşı Hafiz verməlidir. Buna görə də 21 iyun 2023-cü il tarixdə mən qayınatam və həyat yoldaşımla birlikdə həmin ünvanda Elşən və qardaşı Hafız ilə görüşdüm. Hafizlə birlikdə 17 saylı Notariat Ofisinə gedib həmin ünvanla bağlı Hafizin adından mənim adıma etibarnamə aldıq. bundan əlavə bələdiyyə, kommunal təminatla bağlı bir sıra mümkün sənədləşmə işləri apardıq. Həmin sənədləşməyə ümumilikdə 1000 (bir min) manat pul xərclədiyimdən Hafizlə qarşılıqlı razılaşmamıza əsasən mən evin ümumi məbləğindən özümdə qalan 19 000 (on doqquz min) manatı Hafizə verdim. Bir min manatını isə beş aydan sonra ödəyəcəyimi öhdəmə götürdüm. Evin alqı-satqısı ilə bağlı 19 000 (on doqquz min) manatı Hafizə verərkən hər birimizin razılığına əsasən pulun verilməsini videoçəkilişlə qeydə aldıq. Bundan əlavə aramızda akt tərtib edib imzaladıq. Bildirirəm ki vəd etdiyim vaxtda da yerdə qalan 1000 (bir min) manatı da Hafizə ödəmişəm. Alqı-satqının sabahısı günü, yeni xx.xx.2023-cü il tarixdə mən həmin evə gəlib aparacağım təmir işləri ilə bağlı evə baxırdım. Bu vaxt bir nəfərin "Elşən sənsən?" deyərək soruşduğunu eşitdim. Mən həyətdən həmin şəxsə bildirdim ki, adım Rafaeldir və bu evi Hafizdən satın almışam. Həmin şəxs isə adının Əfqan olduğunu bildirdi və hətta "xeyirli olsun" dedi. Evin təmiri köhnə olduğu üçün mən həmin evdə təmir işlərinə başladım. Özüm fərdi qaydada usta kmi fəaliyyət göstərdiyimdən təmir işlərini özüm aparırdım. Təmirin əsaslı hissəsini 15 gün ərzində yekunlaşdırdıqdan sonra evə köçdük və qərara gəldik ki. təmirin qalan hissəsini evdə yaşaya-yaşaya davam etdirərik. Həmin təmir işlərinə Ümumilikdə indiyə kimi təxminən 10 000 (on min) manat pul xərcləmişəm. Evə köçdükdən sonra bütün qonşularla çox normal münasibətlərimiz yarandı. Digər qonşular kimi, Əfqan və onunla yaşayan ailə üzvləri də həmin evi Hafizdən satın aldığılmı bilirdilər. Hətta Əfqan aramızda olan hasarın alçaq olduğundan bibirimizin həyətinin göründüyünü səbəb gətirərək, hasarı qaldırmağı məndən xahiş etmidir. Mən də bunu nəzərə alıb həmin hasara təxminən 400 manat məbləğində xərc çəkərək əlavə olaraq hördüm.Təxminən bir il əvvəl Əfqan mənə bildirdi ki. evlərə sənəd düzəldilir. Bizə məxsus olan ev də ümumilkdə eyni torpaq sahəsinə aiddir. Sənədləşmənin aparılması üçün reyestr xidməti tərəfindən müayinə işləri aparılmalıdır. Əfqan mənə bildirdi ki, ümumi sənədləşmə başa çatandan sonra bizə məxsus hissənin də adımıza keçirilməsi mümkün olacaq. Men də Əfqana inanıb razılığımı bildirdim. Bundan sonra həqiqətən də reyestr xidmətinin əməkdaşları gələrək lazımi ölçü işləri apardılar. Təxminən iki həftə əvvəl isə Əfqan anası ilə birlikdə bizə bildirdilər ki, bizimlə onların həyətini ayıran hasar sökülərək həyətin bir hissəsi onların həyətinə qatılmaldır, çünki onlara aiddir. Belə ki, ümumi həyətin çıxarışı Əfqanın qardaşı Mehmanın adına çıxarılıb, bizə düşən ev isə hansısa İlham adlı vərəsənin payıdır, Hafizin isə həmin həyətə və evlərə hər hansı bir aidiyyatı yoxdur. Mən bunu eşidərək Hafizlə əlaqə saxlayıb məsələni aydınlaşdırmasını istədim. Hafız bildirdi ki, əvvəllər ev Əfqanın nənəsinə məxsus olub və o öz sağlığında evi bölüb, bizə satılan hissə Hafizin mərhum bacısına verilib. Lakin evin sənədləri olmadığından bu bölgülər şifahi formada aparılıb. İndi hazırlanan sənəddən onun xəbəri yoxdur. Bundan sonra Hafiz qardaşı Elşənlə birlikdə Əfqanın evinə gələrək, bu barədə bildirdikdə isə Əfqan onları qapıdan qovmuşdur. Buna görə də mən məcbur olub məsələnin aydınlaşdırılması və dəyən maddi ziyanın ödənilməsi üçün polisə müraciət etdim.”

12. Sabunçu RPİ-nin 14-cü PŞ-də Cavabdeh xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir: “ünvan 5 ünvanında 1982-ci ildən 2022-ci ilə kimi bacım X8 1992-ci ilə kimi həyat yoldaşı X12 ilə birlikdə yaşamışlar. Fərhad Dadaşov mənim xalam oğlu idi. 1992-ci ildə Fərhad vəfat etdikdən sonra bacım Sədaqət həmin ünvanda tək yaşamağa başlamışdır. Bacım Sədaqət ankoloji xəstə olduğu üçün mütəmadi olaraq onun yaşadığı ünvana gəlirdim bacıma maddi köməklik göstərirdim. Həmin ünvanın həyətində iki ev var idi və həmin evin birində Fərhadın qohumu olan Rafiq yaşayırdı. Həmin vaxtlarda evlərin ara kəsmə hasar olmuşdur. 2022-ci ildə bacım Sədaqət vəfat etmişdir və iki gün sonra bacımın evini bölmək istəyirdilər. Mən Rafiqin qohumlarına həmin evin bacıma məxsus olduğunu, bacım həmin evə ailə həyatı qurduqdan sonra köçdüyünü bildirdim. X17 və həyat yoldaşı Pərvanəyə bildirdim ki, evin pulunu versinlər verim onlara. Çünki bacımın övladları olmadığı üçün heç bir vərəsəsi yoxdur, bacımın son vaxtına qədər mən baxdığım üçün onun evinin satılma haqqı da mənə məxsusdur. Əfqan və Pərvanə mənimlə razılaşmadılar və buna görə mən onlara bildirdim ki, onda mən evi başqa şəxsə satacağımı bildirdim və onlar "Allah xeyir versin" deyərək kənarlaşdılar. 2023-cü ildə həmin evi Rəfael adlı şəxsə 20.000 manat satdıq. Alqı-satqıda qardaşım Elşəndə iştirak etdi. Evi satılması üçün Maştağa qəsəbəsi Bələdiyyəsində Qiymətləndirmə sənədi və Notarius vasitəsi ilə alqı-satqı edilmişdir.”

13. Cinayət işinin başlanması rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli Sabunçu RPİ-nin 14-cü PŞ-nin müstəntiqi X1 tərəfindən X9 ərizəsi əsasında qəbul edilmiş qərardan görünür ki, hadisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir.

14. İddiaçı ilə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə arasında bağlanmış hüquqi yardım göstərilməsi haqqında 961 nömrəli müqaviləyə əsasən hüquqi yardıma görə 325 (üç yüz iyirmi beş) manat ödənilmişdir.

15. Rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının xx.xx.2025-ci il tarixli protokolundan müəyyən olur ki, cavabdeh izahatında ona 100 (yüz) manat beh verildiyini, daha sonra 19000 (on doqquz min) manat verdiklərini və evi satdığını bildirmişdir. Eyni zamanda etiraf etmişdir ki, qardaşı Elşən də alqı-satqı işləri ilə bağlı 900 (doqquz yüz) manat iddiaçıdan almışdır.

16. Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolunda cavabdehin nümayəndəsi (qızı) M.Əsgərova sual-cavab zamanı iddiaçıdan 20000 (iyirmi min) manat aldıqlarını qəbul etmiş, lakin iddia ərizəsində qeyd edilən 1000 (min) manat ilə razılaşmamışdır.

17. Mülki iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(5-101)-803/2026 nömrəli mülki iş üzrə xx.xx.2026-cı il tarixli məhkəmə bildirişindən müəyyən olur ki, iddiaçı X2 cavabdehlər İddiaçı, X14, X10, X5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

28. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

29. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

37. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. İddia tələbini qismən təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X13 iddianı qismən etiraf edərək, 20 min manat pulun iddiaçıdan alındığını bildirmişdir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə etməmiş və etirafı qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hər bir tərəf öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. (MPM m. 77.1) İddiaçının tələbi üzrə 20 000 manat məbləğində pulun verilməsi faktı cavabdehin etirafı əsasında sübuta yetirilsə də, 1 000 manat məbləğ cavabdeh tərəfindən etiraf edilməmiş və iddiaçı isə həmin pulun cavabdehə verilməsini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Odur ki, işə “formal həqiqət” prinsipi əsasında baxan məhkəmə hesab edir ki, iddia tələbi etiraf olunan 20 000 manat hissəsində təmin olunmalı, yerdə qalan 1 000 manat hissəsində isə iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən təmin edilməməlidir.

39. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı ilə aralarında şifahi razılaşmaya əsasən evi ona satdığından o, öz öhdəliyini yerinə yetirmişdir və hazırda iddiaçının ödənilən pulu ondan tələb etməsi əsassız olmuşdur, iddiaçı hal-hazırda da həmin evdə yaşayır.

40. Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır.

41. Hazırkı iddia tələbinin qanuni əsasını MM-in 1091.1 və 1092.1-ci maddələri təşkil edir. MM-in 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. MM-in 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

43. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

44. Hazırkı halda, cavabdeh ona məxsus olmayan evi 20.000 manat qarşılığında iddiaçıya satmağı öhdəsinə götürmüş, onun həmin evə mülkiyyət hüququ olmadığından, bu hal cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına 20.000 manat əldə etməsinə, yəni hüquqi əsas olmadan əsassız varlanmasına səbəb olmuşdur. MM-in 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

45. Məhkəmə qeyd edir ki, cavabdeh və cavabdehin nümayəndəsi - qızı M.Əsgərova iddiaçıdan 20000 (iyirmi min) manat aldıqlarını birinci instansiyada icraat zamanı keçirilən məhkəmə iclaslarında etiraf etmişlər. Həmçinin mülki iş materiallarında olan Sabunçu RPİnin 14-cü PŞ-də olan xx.xx.2025-ci il tarixli izahatlarda da cavabdeh iddiaçıya 20000 manat qarşılığında evi satdığını bildirmişdir. Rayon məhkəməsinin də qeyd etdiyi kimi iddia tələbi üzrə 20000 manat məbləğində pulun verilməsi faktı cavabdehin etirafı əsasında sübuta yetirilmişdir.

46. Məhkəmə şikayətin iddiaçının hal-hazırda da həmin evdə yaşaması dəlili ilə bağlı qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və Məhkəməyə təqdim etdiyi Sabunçu Rayon Məhkəməsinin 2(5-101)-803/2026 nömrəli mülki iş üzrə xx.xx.2026-cı il tarixli məhkəmə bildirişindən müəyyən olur ki, iddiaçı X2 cavabdehlər İddiaçı, X14, X10, X5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir və həmin mülki iş üzrə iddiaçı M.Allahverdiyev tərəfindən onlara hazırkı məhkəmə mübahisəsi bitənə qədər orada yaşamalarına icazə verilmişdir. Göründüyü kimi, iddiaçının hazırda da ailəsi ilə birlikdə etibarsız əqdə əsasən aldığı mənzildə yaşaması yalnız həmin evin mülkiyyətçisinin lütfükarlığı ilə bağlı olub, hazırkı mübahisənin həllinin sonuna qədər olan vaxtla məhdudlaşır. Demək ki, cavabdehin həmin dəlili onun apellyasiya şikayətinin həlli baxımından hər hansı əhəmiyyət kəsb etmir.

47. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.

48. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin edərək, əsassız əldə edilmiş məbləği cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur, cavabdehin apellyasiya şikayəti isə əsassızdır və təmin edilməməlidir.

49. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

50. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

52. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

53. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5098/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar