Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-63/2026 23.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, vəzifəli şəxsin intizam tənbeh tədbirinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və inzibati orqan tərəfindən iddiaçıya vurulan maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, vəzifəli şəxsin intizam tənbeh tədbirinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və inzibati orqan tərəfindən iddiaçıya vurulan maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-7886/2025 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, vəzifəli şəxsin intizam tənbeh tədbirinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və inzibati orqan tərəfindən iddiaçıya vurulan maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-7886/2025 nömrəli qərardadına əsasən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, vəzifəli şəxsin intizam tənbehi tədbirinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və inzibati orqan tərəfindən iddiaçıya vurulan maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Ərizədə İddiaçı MMC-yə məxsus avtomobilin 7 gün ərzində polis postunda əsassız olaraq saxlanılmasının qanunsuz hesab edilməsi və polis əməkdaşının intizam tənbeh tədbirinə cəlb edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, həmçinin cavabdeh orqandan şirkətə vurulmuş maddi ziyanla bağlı tələbləri qeyd olunmuşdur. Lakin hazırki məzmunda tələblərin bir hissəsinin inzibati xətalara dair icraat çərçivəsində baxılmalı olan şikayətə aid olması, birbiri ilə əlaqədar olmayan və fərqli hüquqi yanaşma tələb edən tələblərin bir ərizədə birləşdirilməsi kimi qiymətləndirilərək iddianın icraata qəbulunu istisna edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, vəzifəli şəxsin intizam tənbeh tədbirinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və inzibati orqan tərəfindən iddiaçıya vurulan maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-7886/2025 nömrəli qərardadından İddiaçı MMC şikayət verərək Bakı ṣəhəri Binəqədi Rayon Məhkəməsinin “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə 10 dekabr 2025-ci il tarixli, e-2(001)-7886/2025 saylı qərardadının tamamilə ləğv edilib mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, bu mümkün olmadıqda isə şikayətin baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, 15 aprel 2025-ci ildə İddiaçı MMC-yə məxsus Hyundai GT500 yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ələt-Astara yolunun 29-cu km-də Salyan rayon ərazisində yerləşən postda Yol Patrul Xidmətinin Baş inspektor polis kapitanı X3 tərəfindən saxlanılıb. Polis əməkdaşının şifahi şəkildə söylədiklərinə görə şirkətə məxsus yük maşınını idarə edən şəxs həmin nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyaya malik olmayıb. Hadisə baş verdikdən sonra şirkətə məxsus yük maşınını idarə edən sürücü (X6) dərhal şirkət rəhbərliyinə məlumat verir və bundan sonra şirkətin nümayəndəsi müvafiq kateqoriyalı sürücü ilə (X5) birlikdə elə həmin gün hadisə yerinə gəlir. Qeyd edir ki, hadisə yerinə gələn şirkət rəhbərliyi müvafiq kateqoriyaya malik sürücü təqdim edərək və qanunla müəyyən edilən cəriməni ödəyərək yük maşınını meydançadan çıxarmaq istəmişdir. Çünki maşında tez xarab olan və təcili müştəriyə çatdırılmalı olan məhsul var idi. Lakin yol polisi əməkdaşı bunlara məhəl qoymayıb, guya yük maşınında araşdırma aparılacağını söyləyib. Halbuki, problem yük maşınında və ya yük maşınında olan məhsul ilə bağlı deyildi, sadəcə sürücünün kateqoriyası uyğun deyildi. Belə olan halda, bu hadisə və baş verən özbaşınalıqlarla bağlı şirkətin icraçı direktoru X4 tərəfindən 15-21 aprel tarixlərində dəfələrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayətlər edərək bildirilib ki, İddiaçı MMC-yə məxsus Hyundai GT500 yük markalı, 77JS987 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Yol Patrul Xidmətinin Baş inspektoru polis kapitanı X3 tərəfindən qanunsuz olaraq Salyan postunda saxlanılıb. Xahiş edirik ki, yol verilən qanun pozuntuları barədə şikayətimizi qeydə alıb qanunauyğun tədbirlərin görülsün və dəymiş maddi ziyan ödənilsin”. Həmçinin şirkət tərəfindən Salyan rayon ərazisində yerləşən postda DYP Yol Patrul Xidmətinin Baş inspektoru polis kapitanı X2, həm də yuxarı orqana müraciət edilərək bildirilib ki, “...əməkdaşlarınız tərəfindən postda qanunsuz saxlanılan yük maşınında xarab olan mallarımız var və həmin mallar 3 gün ərzində sifarişçiyə çatdırılmalıdır. Əks halda şirkətimiz maddi itkilərlə üzləşəcək və əlavə zərər dəydiyi təqdirdə sifarişçi ilə bağladığımız müqaviləyə əsasən ona ümumi sifariş məbləğinin 5% faizi həcmində cərimə ödəməli olacağıq. Həmçinin, bu müddət ərzində sifarişçiyə çatdırılacaq bütün mal da xarab ola bilər. Şirkət bu qanunsuzluğa görə hər hansı ziyana düşsə, onun əvəzini rəsmi qaydada DYP-dən tələb edəcək”. Lakin şirkətin düşdüyü bu çətin vəziyyət polis kapitanı X3 tərəfindən nəzərə alınmamışdır. Şirkət barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi üzrə ******* saylı protokol da tərtib edilmiş, həmin protokolla şirkətin 2.000 (iki min) manat məbləğində cərimə edilməsi nəzərdə tutulub. Həm həmin protokolun mətnində, həm də yük maşının saxlanıldığı postun video görüntülərindən də məlum olur ki, şirkətə məxsus maşın tam yeddi gün ərzində əsassız olaraq Salyan postunda saxlanılıb. Təəssüflər olsun ki, yük maşınının qanunsuz olaraq 7 gün ərzində əsassız olaraq postda saxlanılması nəticəsində şirkət çox ciddi maddi zərərə uğrayıb. Bütün bu qeyd olunan hüquqi və faktiki halların hər biri ona dəlalət edirdi ki, əslində yuxarı orqan cavabdehin bu hərəkətlərini qanunsuz saymalı, səlahiyyətlərindən sui-istifadə edən polis kapitanı barəsində intizam tənbeh tədbiri tətbiq etməli və hüquqi şəxsə dəyən zərər dövlət orqanı tərəfindən ödənilməli idi. İddiaçı müvafiq iddia ərizəsi ilə Bakı ṣəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, e-2(001)- 7886/2025 saylı qərardadı ilə “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” qərara alınıb. Həmin qərardad 12 dekabr 2025-ci il tarixdə e-məhkəmə sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili – Nümayəndə təqdim edilib. İşə baxan məhkəmə “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərardad qəbul edib. Halbuki, bu, tamamilə absurd qənaət olmaqla, iddiaçının məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına xidmət edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, 294 saylı ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinə, xx.xx.2025-ci il tarixli, 295 saylı ərizə ilə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edilib. Həmin ərizələrlə, cavabdehdən və yuxarı orqandan cavabdeh inzibati orqan tərəfindən iddiaçıya vurulan maddi ziyanın ödənilməsi və inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması, vəzifə səlahiyyətlərindən sui-istifadə edən Azərbaycan Respublikası DİN DYP Yol Patrul Xidmətinin Baş inspektoru polis kapitanı X1 intizam tənbeh tədbirinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilib. Lakin müvafiq ərizələrə heç bir cavab verilmədiyindən iddiaçı pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə olunması üçün Bakı İnzibati Məhkəməsinə müraciət edib. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra işə baxan məhkəmə 08 oktyabr 2025-ci il tarixli, e-2-1(112)-10958/2025 nömrəli qəradadla iddianın mümkün sayılmamasını qərara alıb. Buna görə də iddiaçı müvafiq iddia ərizəsi ilə Bakı ṣəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Lakin işə baxan məhkəmənin mövqeyindən hasil olan nəticə budur ki, iddiaçı sanki onun barəsində inzibati xətaya dair qərar qəbul edildikdən sonra bundan şikayət verib və hazırki tələblər də bu icraat çərçivəsində baxılmalıdır. Halbuki o, inzibati xətalara dair icraatla bağlı deyil, həmin sahə üzrə fəaliyyəti həyata keçirən dövlət orqanın vəzifəli şəxsinin qanunsuz və əsassız hərəkətlərinə görə ona vurulan zərərlə bağlı mülki məhkəmə icraatı çərçivəsində iddia qaldırıb. Yəni bu o halda inzibati xəta çərçivəsində baxılan bir məsələ olardı ki, iddiaçı onun barəsində AR İXM-nin 335.1-ci maddəsi üzrə tərtib olunan ******* saylı protokol 2.000 (iki min) manat məbləğində cərimə edilməsinin qanunsuzluğuna görə Azərbaycan Respublikası İXM-nin tələblərinə görə məhkəməyə şikayət edərdi. Təkrarən bildirir ki, iddiaçı inzibati xətalara dair icraatı aparan orqanın vəzifəli şəxsinin hərəkətləri nəticəsində hazırki vəziyyətlə üzləşib. Digər tərəfdən, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı Bakı ṣəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməmişdən öncə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Nəticədə inzibati məhkəmə 08 oktyabr 2025-ci il tarixli, e-2- 1(112)-10958/2025 nömrəli Qəradadla bildirib ki, “...Lakin yuxarıda qeyd edilən işin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi bu hallar cavabdehin inzibati xəta ilə bağlı fəaliyyəti zamanı yaranmış münasibətlərlə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır”. Beləliklə, hal-hazırda işə baxan məhkəmənin əsaslandığı mövqeyinə dair bir hal, yəni iddianın bir hissəsinin inzibati xətalara dair icraat çərçivəsində baxılmalı olan şikayətə aid olması iddiaçının tələblərinə münasibətdə müşahidə olunmur. Ona görə də Bakı ṣəhəri Binəqədi Rayon Məhkəməsinin “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə 10 dekabr 2025-ci il tarixli, e-2(001)-7886/2025 saylı qərardadının tamamilə ləğv edilib mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, bu mümkün olmadıqda isə şikayətin baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7886/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(001)-7886/2025 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 98. Hakimlərin hüquqları Ədalət mühakiməsinin həyata keçirilməsi üçün hakimlər bu Qanunla müəyyən edilmiş səlahiyyətlərə malikdirlər. Hakimlər həmçinin aşağıdakı hüquqlara malikdirlər: qanunla üzərilərinə qoyulmuş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar öz sərəncamlarının yerinə yetirilməsini vəzifəli şəxslərdən, fiziki və hüquqi şəxslərdən tələb etmək; qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək; ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar vəzifəli və digər şəxslərdən məlumatlar almaq; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.13. iddianın təmin edilməsi üçün tədbirlər görür. Maddə 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7886/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək, hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından müəyyən olunur ki, məhkəmə iddia ərizəsini geri qaytararkən iddiaçının özünə məxsus avtomobilin 7 gün ərzində polis postunda əsassız olaraq saxlanılmasının qanunsuz hesab edilməsi və polis əməkdaşının intizam tənbeh tədbirinə cəlb edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, həmçinin cavabdeh orqandan şirkətə vurulmuş maddi ziyanla bağlı tələblərinin bir hissəsinin inzibati xətalara dair icraat çərçivəsində baxılmalı olan şikayətə aid olması, bir-biri ilə əlaqədar olmayan və fərqli hüquqi yanaşma tələb edən tələblərin bir ərizədə birləşdirilməsi kimi qiymətləndirilərək iddianın icraata qəbulunu istisna etmişdir. Kollegiya qeyd edir ki, hakimlər icraatlarında olan işlərı baxarkən aşakar etdikləri qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək hüququna malik olduqlarından, iddiaçının öz iddia tələblərini düzgün ifadə etməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işə məhkəmədə baxılmağa hazırlamaq mərhələsində tərəflərlə birlikdə iddiaçının iddia tələblərinin dəqiqləşdirilməsi məsələsini də müzakirə edə bilər. İddiaçı tərəfindən iddia tələbləri dəqiqləşdirilmədiyi halda isə hakim mövcud tələblər üzrə işə baxaraq səlahiyyətləri daxilində məhkəmə aktı qəbul etməlidir. İstinad olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-7886/2025 nömrəli qərardadı ləğv edilsin və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-63/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-63/2026
23.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver