Məhkəmə qərarları › İş №2(3-6)-637/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-637/2026

23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-637/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı mülki iş (Açar sözlər: «istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6491/2025 saylı, 12 yanvar 2026cı il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh QSC-nin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi əsasında əmək münasibətləri yaranıb.

2. Binəqədi rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilib, İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta barədə iş üzrə icraatın başlanılmasına dair qərar qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınıb.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 1628/2025-ci il tarixli qərarına əsasən, X1 Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh QSC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurulmuş maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat, mənəvi zərərin əvəzi olaraq 100000 (yüz min) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmağını xahiş edib.

5. İddiada göstərilib ki, iddiaçı kimsəsiz, valideyn qayğısından məhrum uşaq kimi yetimxanada, Bakı şəhəri Sabunçu rayonu 11 nömrəli Köməkçi İnternat Məktəbində böyümüşdür. Ailəlidir, bir azyaşlı övladı vardır. 31 may 2024-cü il tarixdə "xxxx" QSC-də fəhlə kimi əmək fəaliyyətinə başlamışdır.Onunla Əmək müqaviləsi bağlanılmış, sahə rəisi X4 tabeçiliyinə verilmişdir. 17 oktyabr 2024-cü il tarixdə HN Construction"QSC-nin (işəgötürənin) inşa etdirdiyi ünvan 1 ünvanında yerləşən X2 daxilində tikilməkdə olan məktəb binasında iş zamanı sahə rəisi İlqar Babayevin tapşırığı ilə kran vasitəsi ilə 3-cü mərtəbəyə gətirilən qum və mişar daşlarınını boşaltmaqla məşğul idi. Materialı boşaldan zaman İlqar Babayev onun yanında olmuşdur. Materialı boşaltdıqdan sonra növbəti dəfə krana zəncir vasitəsi ilə qoşulmuş səbətə qum doldurub yuxarı mərtəbəyə göndərmişdir. Sonra krana qoşulmuş dəmir səbətdəki qumu boşaltmaq üçün səbətə qoşulmuş zəncirin (trosun) iki ədədinin çıxarıb qumu boşaltmaq üçün səbətin mərkəz hissəsinə qoşan zaman sahə rəisi İlqar Babayev onun yanında idi. İlqar Babayev iddiaçı trosları bərkitmədən, səhlənkarlıq edərək kran operatoruna işarə vermişdir ki, trosu dartsın. Kran trosu dartan zaman onun hər iki əli trosun arasında qalıb sıxışmış, bir əlini zorla çıxarmışdır. Digər sol əli zəncirlə dəmirin arasında qalmışdır. Kran operatoru kranı dayandıranda artıq gec idi. X8 həkimə yox sınıqçıya aparmış, sonrakı həkim müayinəsi nəticəsində müıyyən edilmişdir ki, istehsalat zədəsi olaraq sol saidin sıxılmış sindromundan sonrakı vəziyyəti, sol dirsək sümüyünün və sol əlin İV daraq sümüklərinin sınıqları, sol median və radial sinirlərin aksonal neyropatiyası, sol dirsək oynağınının bükücü kontrakturası (100 dərəcə), sol saidin hərəkətlərinin pozulması, sol-mil bilək və İ,İİ, İİİ, İV,V barmaqlarında bükücü və açıcı hərəkətlərin mötədil məhdudlaşdırılması və ağır hərəkətlilik ilə müşayət olunmuş sol əlin əzələ və bağlarının gərilməsi və cırılması xəsarətləri almışdır. Həkim müalicələri nəticə verməmiş, sol əli qolu fəaliyyətini tam itirmişdir. DOST Mərkəzindən təqdim olunmuş Arayışla təsdiq olunur ki, ona xx.xx.2025-ci il tarixdə üçüncü dərəcəli əlillik (orqanizmin funksiyalarının pozulması faizi: 40, əlillik səbəbi İstehsalat zədəsi) dərəcəsi təyin edilmişdir. İşəgötürən ona heç bir maddi yardım göstərməmişdir. Tibbi müalicəsi ilə maraqlanmamış, "X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta barədə" müqaviləyə, onunla bağlanmış əmək müqaviləsiə uyğun olaraq ona heç bir təzminat ödəməmişdir. İşəgötürən tərəfindən X3 Haqqında 1/2025 nömrəli AKT (İZ FORMASİ) tərtib olunmuşdur. İşəgötürən bədbəxt hadisəni gizlətmiş, aidiyyəti qurumlara məlumat verməmiş, işçini talenin ümidinə buraxmışdır. Nəticədə cavabdehin işçisinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlıq etməsi ilə ağır nəticələrin baş verməsinə, onun istehsalatda az-ağır bədən xəsarəti almağına, əlil olmağına səbəb olmuş, bununla da onun həm maddi zərərə məruz qalmağına, həm də mənəvi ziyana, ömürlük əzab, iztirab və stres keçirməyinə, sol əli ilə əmək fəaliyyəti ilə məşğul olmaqdan məhrum etmişdir. Bu səbəbdən qaynaqlanan evdə narazılıqların yaranmasına, həyatdan küsməyi kimi (Uşaqlığı Yetimliklə, gəncliyi, indiki həyatı isə Əlilliklə keçməsi) həddə çatdırmışdır. Binəqədi Rayon Prokurorluğuna müraciətindən sonra prokurorluqda İstehsalatda baş vermiş hadisə ilə bağlı araşdırma başlanılmışdır. Araşırma zamanı Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 162.1-ci maddəsinə əsasən "texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa cinayət məsuliyyətinə səbəb olur" müddəsına əsaslanaraq sahə rəisi X5 münasibətdə Binəqədi rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta barədə iş üzrə icraat başlanılmış, inzibati xəta haqqında iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi rayon Məhkəməsinin (hakim Aytəkin İbrahimova) xx.xx.2025-ci il tarixli. 3(001)-1628/2025 nömrəli Qərarı ilə Vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh onu əlilliyə məhkum edib, sonradan ona əmək haqqı, təzminat, X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişlərini təmin və təşkil etməməklə maddi durumumu 0-(sıfırın) altına salmaqla onu müalicə və bərpa prosesindən məhrum etmişdir. Onun əmək qabiliyyətini itirməyi, azyaşlı uşağını, ailəni dolandırmağa maddi vəziyyətini minimum təmin edə bilməməyi fiziki və psixi durumumun qeyri normal olması ilə nəticələnmişdir. Göründüyü kimi, bu qəza keçirdikdən sonra onun həm sağlamlığı əldən getmiş, əlil olmuş, həm də ailəsini dolandıra bilməmək vəziyyətinə düşmüşdür. Bir sözlə cavabdehin təqsiri nəticəsində onu həyata bağlayan bağlar qopmuş, xoşbəxt ailə həyatı viran olmuş, şərəf və ləyaqəti xalq arasında alçalmış (çörək və s. almağa borc verənlər də azalıb). Ailədə yeganə gəlir gətirən şəxsi əlil etmişidir. xx.xx.2025-ci il tarixdə iş yerindən mühasibatlıqdan ona zəng edilib əmək müqaviləsinə xitam verilməyi, son haqq hesabın yeni kartına köçürüldüyünü və gəlib kartını götürməyi bildirilmişdir. İdarəyə gedib əmək haqqı kartını götürmüş, kartına son haqq-hesab kimi cəmisi 577,06 manat pul köçürülmüşdür. İş zamanı xəsarət aldığı vaxtda əmək haqqısı 1000 - 1500 manat olmasına baxmayaraq xəsarət aldığı gündən əmək müqaviləsinə xitam verilən günədək cüzi məbləğlər ödənilmişdir. Bu günə kimi ona əmək müqaviləsinə xitam verilməsi barədə əmri, əmək kitabçasını ona verməmişlər. Əmək müqaviləsinə xitam verilməsi barədə tamamilə məlumatsızdır. Hazırkı, mübahisənin məhkəmədən kənar həlli məqsədilə Bakı şəhəri 6 saylı Medasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh bu barədə məlumatlandırılsa da cavabdehin nümayəndəsi İlkin mediasiya sesiyasına gəlməmişdir. Bu səbəbdən Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MSB/6-01750 nömrəli arayış verilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6491/2025 saylı, 12 yanvar 2026-cı il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh QSC-dən mənəvi zərər olaraq 3000 (üç min) manat pul, həmçinin mediasiya üçün ödənilmiş 50 (əlli) manat xərc, ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi və dövlət rüsumu kimi 50 manatın Cavabdeh QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsiqət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdeh təşkilatda işləmiş, əmək münasibətlərində olmuş, şirkətin işçisi olmuşdur. İş vaxtı istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış, bu xəsarət ona İİİ dərəcəli əlilliyin təyin edilməsi ilə nəticələnmişdir. Hazırda heç bir yerdə işləmir. Ailəlidir, himayəsində 1 yetkinlik yaşına çatmayan övladı var. Hadisə müvafiq qurumlar tərəfindən rəsmiləşmiş və şirkətin vəzifəli şəxsi məhkəmənin qərarı ilə inzibati qaydada tənbeh olunmuşdur. Hadisənin baş verməsi, cavabdeh şirkətin təqsiri və iddiaçının bu hadisə nəticəsində zərər görməsi, əlillik alması işin mübahisəsiz halıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı aldığı xəsarətlə əlaqədar çəkmiş olduğu maddi ziyanın nə qədər təşkil etməsi, maddi ziyanın konkret olaraq nədə ifadə olunmasına dair hər hansı mötəbər sübutlarını təqdim edə bilməmişdir. Məhkəmənin suallarına cavab olaraq əlində yaranmış zədənin müalicəsi ilə əlaqədar fizeoterapiya qəbul etdiyini, lakin bu müalicənin dövlət səhiyyə müəssisəsi tərəfindən əlillərə ödənişsiz əsaslarla göstərilməsini bildirdi. Həmçinin iddiaçı hazırki zamanadək müalicəyə çəkmiş olduğu xərclərlə bağlı da məhkəməyə heç bir əsaslı dəlil təqdim edə bilmədi. Qeyd olunanlara əsasən iddiaçının tələbinin maddi ziyanla bağlı hissəsi təmin olunması məqsədəmüvafiq hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə almaqla, iddiaçının baş vermiş hadisə nəticəsində mənəvi iztirablara məruz qalması, hazırda bir ailə başçısı kimi işləyə bilməməsi səbəbindən stress və gərginlik, əsəb keçirməsi danılmazdır. Məhkəmə işin faktiki hallarını, baş vermiş hadisənin xarakterini, hazırda mövcud nəticələri və bu nəticələrdən doğan iddiaçı üçün qənaətbəxş hesab edilməyən şəraiti diqqətə alaraq tələbin mənəvi ziyan hissəsində qismən təmin olunmasını və cavabdehdən 3000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini ağlabatan hesab edir.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

8. Qətnamədən İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə2) və Cavabdeh QSC (nümayəndəsi Nümayəndə1) tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib.

9. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilib həmin hissədə də təmin edilməsini xahiş edib.

10. Cavabdeh QSC isə apellyasiya şikayətində qətnamənin mənəvi zərərə münasibətdə iddianın qismən təmin edilən hissəsində ləğv edilib iddianın tam rədd edilməsini xahiş edib göstərir ki, məhkəmə mənəvi zərərlə bağlı iddia tələbini qismən təmin edərkən istinad etdiyi hal sadəcə iddiaçının baş vermiş hadisə nəticəsində mənəvi iztirablara məruz qalmasını, hazırda bir ailə başçısı kimi işləyə bilməməsi səbəbindən stress və gərginlik, əsəb keçirməsindən ibarət olmuşdur. İşdə olan materiallardan da göründüyü kimi İddiaçı ilə Cavabdeh QSC arasında əmək müqaviləsinin bağlanması və onun cavabdeh müəssisədə əmək fəaliyyətini davam etdirməsidir. Bundan başqa, iddia tələbində qeyd edilən hadisə baş verdikdən sonra işçiyə işdən çıxdığı günə qədər əmək haqqının, o cümlədən xəstəlik vərəqəsi əsasında müavinətlərin ödənilməsi, o cümlədən əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesabın ödənilməsi işin mübahisəsiz halıdır və məhkəmə işində olan materiallarla təsdiq olunur. Bundan başqa, İddiaçı cavabdeh müəssisə tərəfindən “X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” əsasında sığortalanması işin mübahisəsiz hallarından biridir. Belə ki, işdə olan materiallardan da göründüyü kimi cavabdeh müəssisə əmək müqaviləsi əsasında istər əmək qanunvericiliyinin, istərsə də sosial sığorta qanunvericiliyinin bütün tələblərini yerinə yetirməklə işçinin baş vermiş və ya baş verəcək bütün hadisələrlə bağlı risklərinin sığortalanmasını, hadisə baş verdikdən sonra hər hansı bir formada maddi imtiyazlardan məhrum qalmasına imkan verməmişdir. Bütün bu sadalananlarla yanaşı cavabdeh müəssisənin əlavə olaraq yaranmasının hüquqi əsası müəyyən edilməmiş bir mənəvi zərəri ödəməyə məhkum edilməsi isə məhkəmə tərəfindən heç bir araşdırma aparılmadığına, cavabdeh müəssisənin əlavə qaydada maddi məsuliyyət altında buraxıldığına əyani bir sübut təşkil edir. Hər nə qədər cavabdeh müəssisədə layihə rəhbəri vəzifəsində işləyən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati qaydada cərimə olunsa da hesab edirik ki, baş vermiş olan hadisə birbaşa X4 təqsiri nəticəsində baş verməmişdir. Belə ki, İXM-nin 198.3-cü maddəsini dispozisiyasından da göründüyü kimi bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan 2000 manatadək məbləğdə cərimə edilir. 198.2-cimaddənin tələblərində isə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə vəzifəli şəxsin cərimələnməsi nəzərdə tutulmuşdur. Belə ki, işdə olan materiallardan və daha əvvəlcədən də prokurorluq orqanları tərəfindən aparılan araşdırmalardan da göründüyü kimi İddiaçı məhz X4 göstərişi ilə krana qoşulmuş dəmir səbətin zəncirlərinin bərkidib və ya boşaltması işlərini aparmamış, qeyd edilən işi öz təşəbbüsü - məhz qeyd edilən mərtəbədə həmin işlərin görüldüyü yerə yaxın olması səbəbilə yerinə yetirmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında İddiaçı özünün apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilərək iddiasının tam təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1 isə cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilərək iddianın rədd edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

Maddə 195 “c” bəndi. İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən maddi məsuliyyət daşıyır. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Maddə 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2.Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

15. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

16. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutalan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.

17. “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 №li, 24 dekabr 2025-ci il tarixli Qərarı:

Bənd 1.1.Şəxsiyyət (qeyri-əmlak) hüquqları - şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır. Bənd 4.3. Beləliklə, hüquqazidd müdaxilənin formasından asılı olmayaraq, şəxsiyyət hüquqları pozulan hər bir şəxs məhkəmə müdafiəsindən istifadə edə bilər. Bənd 4.4.Nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqları pozulmuş şəxslər məhkəmə qaydasında bu hüquqların müdafiəsi və (və ya) onların pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər irəli sürə bilərlər. Bənd 4.5. Şəxsiyyət hüquqlarının müdafiəsi üzrə tələblər bu qərarın 6.1-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir. Bənd 4.6. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər isə bu qərarın 6.2-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir. Bənd 4.7. Şəxsiyyət hüquqlarının müdafiəsi və zərərin kompensasiyası tələblərinə baxılarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətlərinin xarakteri aydınlaşdırılmalı və buna uyğun tələbin hüquqi əsası müəyyən edilməlidir. Bənd 4.8. Şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri bu hüquqları təsbit edən maddi hüquq normalarının, habelə müqavilə öhdəliklərinin pozulmasından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri müstəqil şəkildə qaldırıldığı halda, yalnız pozulmuş hüququn müdafiəsi məqsədini daşıdığından, zərərin kompensasiyası tələblərindən fərqli olaraq, həmin tələblərin hüquqi əsası kimi mülki hüquq pozuntusu (delikt) çıxış etməyəcəkdir. Bənd 4.10. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. Bənd 5.1. Mənəvi zərər - fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Bənd 5.2. Mənəvi sarsıntı - şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Bənd 5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Bənd 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Bənd 6.1. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları - şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılması (şəxsin azadlıq hüququnun, uşaqla ünsiyyət hüququnun bərpası, uşağın ölkədən çıxışına imkanın təmin edilməsi, işçinin əmək müqaviləsində və ya xasiyyətnaməsində düzəlişin edilməsi, yayılmış məlumatların təkzib edilməsi, silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.). Bənd 6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları - maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər. Bənd 6.3. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir. Bənd 6.4. Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zərərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etməklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər. Bənd 6.5. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən iddia tələbindən kənara çıxılmamalı, iddiaçı tərəfindən tətbiqi tələb edilən üsullar və həcm həddi aşılmamaq şərtilə qiymətləndirmə aparılmalıdır. Bənd 6.6. Nəzərə alınmalıdır ki, bu kateqoriya işlər üzrə iddiaların predmetini hər biri müstəqil olmaqla, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası təşkil edir. Bu baxımdan həmin tələblər birlikdə və ayrı-ayrılıqda irəli sürülə bilər və onlardan birinin qaldırılması sonradan digəri üzrə tələb imkanını istisna etmir. Məhkəmələr Mülki Prosessual Məcəllənin 153.2.2 və 261.0.2-ci maddələrinin tətbiqinin müzakirəsi zamanı bu halları nəzərə almalıdırlar. Bənd 6.7. Bu iddialarda şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulu qismində pozuntunun təsbit edilməsi tələbdə xüsusi olaraq göstərilməsə də, özü-özlüyündə həmin iddianın tərkib hissəsini təşkil etdiyindən, məhkəmə sadəcə pozuntunu təsbit etməklə iddianı qismən təmin edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, qətnamənin məzmununda və nəticə hissəsində şəxsiyyət hüquqlarını pozan qeyri-etik ifadələrin açıq şəkildə yazılması yolverilməzdir. Bənd 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Bənd 7.3. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.51 Bənd 7.4. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Hər iki apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün hər iki şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddiaçının apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsi, cavabdehin apellyasiya şikayətində isə iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin hər iki apellyasiya şikayəti üzrə mübahisələndirdikləri hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Təmin edildiyi hissədə ddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

26. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətlərinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

27. Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.

28. Göründüyü kimi, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisədə az ağır xəsarət alması işin mübahisəsiz halıdır. Bunu cavabdeh tərəf də mübahisələndirmir.

29. Belə ki, işdən görünür ki, iddiaçının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və Komissiya bədbəxt hadisənin baş verməsində iddiaçının bənna kimi peşə təlimatının tələblərinə riayət etməməsini və cavabdehin “İşlərin təhlükəsiz aparılması üçün cavabdeh şəxsin təyin edilməsi haqqında” əmrin tələblərinin icra edilməməsini müəyyən etmişdir. Hadisə ilə əlaqədar İz aktı tərtib edilmiş və həmin aktda əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslərin iddiaçı və Layihə rəhbəri(cavabdeh şəxs) X7 olduğu göstərilmişdir(i.v.16-18).

30. Bununla yanaşı, iddiaçının şikayəti əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması CPMin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilsə də, müəyyən edilib ki, Layihə rəhbəri X7 tərəfindən ünvan 3 ünvanında məktəb binasının tikintisi zamanı qaldırıcı kranla tikinti materiallarının yüklənib-boşaldılması işlərinin aparıldığı daimi təhlükə faktoru olan sahəyə kənar şəxslərin daxil olmasının qarşısının alınması üçün həmin sahənin ətrafının mühafizə çəpəri ilə hasarlanmaması və kranla qaldırılmış yükün əl əl ilə dartılmasına(nizamlanması) yol verilməsi nəticəsində İddiaçı sağlamlığına az ağır zərərvurmaya aid xəsarət almışdır. Bununla əlaqədar, X9 Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbehə məruz qalıb.

31. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar yaradılmış komissiya tərəfindən hadisənin təhqiqatı aparılarkən, eləcə də cinayət təqibi zamanı aparılan araşdırma zamanı cavabdehin işçisinin əməyin mühafizəsi qaydalarına və normalarına əməl etmədiyi və bunun nəticəsində iddiaçının az ağır dərəcəli istehsalat xəsarəti alması öz təsdiqini tapmışdır.

32. Bu cür vəziyyətdə cavabdehin hərəkətləri yaxud hərəkətsizliyi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə bilavasitə olmasa da, vasitəli olmuşdur. Başqa sözlə bilavasitə əlaqənin olmaması cavabdehin məsuliyyətini istisna etmir. Çünki cavabdehin əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməli olan işçisinin təqsiri təsdiq olunduğundan cavabdehin hazırki iddia üzrə məsuliyyətini istisna etmir.

33. Buna baxmayaraq, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manatın cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də məhkəmə tərkibi bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, üstəlik Əmək Məcəlləsinin 239-cu maddəsinin 5-ci hissəsinin tələbinə əsasən həmin maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmadığından, iddiaçının da cavabdeh tərəfindən icbari sığorta olunması təsdiq olunduğundan iddia tələbi və apellyasiya şikayəti həmin hissədə əsaslı deyildir. Ona görə də birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

34. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Ən azından ona görə ki, onun sağlamlığına az ağır zərər dəymişdir.

35. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 100000 (yüz min) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiaçı özü də təsdiq edir. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nə də ki, Ali Məhkəmənin Plenumunun adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir.

36. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 3000(üç min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Çünki apellyasiya instansiya məhkəməsi də bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.

37. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6491/2025 saylı, 12 yanvar 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6491/2025 saylı, 12 yanvar 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, İddiaçı tərəfindən rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, Cavabdeh QSC tərəfindən isə kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar