Məhkəmə qərarları › İş №2(3-6)-684/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-684/2026

20.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-684/2026 20.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan paya hüququn itirilmiş hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-2105/2007 nömrəli qərardadından X1 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Hazırkı iş üzrə Nərimanov RM-nin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, cavabdeh ünvan 1 ünvanda yerləşən İYB 2 saylı Təmir Tikinti İdarəsinin ümumi mülkiyyətində olan paya görə kompensasiya aldığından onun həmin paya hüququ itirilmiş hesab edilsin, paya iddiaçının mülkiyyət hüququ tanınsın və daşınmaz əmlakın fiziki və hüquqi şəxslərə satılması barədə şəhadətnamədə müvafiq dəyişiklik edilməsi vəzifəsi AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilsin. 2.Cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat edib. 3.Qətnamənin qəbulundan 17 il sonra - xx.xx.2025-ci il tarixdə cavabdehin oğlu Tural Hüseynov cavabdehin hüquq varisi kimi qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib, eyni zamanda qətnamədən apellyasiya şikayəti verib. 4.Ərizə onunla əsaslandırılıb ki, cavabdehin oğlu X2 RM-nin xx.xx.2007-ci il tarixli qətnaməsindən məlumatı olmayıb, valideynləri vəfat etdikdən sonra vərəsəlik işi ilə məşğul olub, bu zaman ona məlum olub ki, atasına məxsus pay digər şəxsin mülkiyyətinə keçib. Bundan sonra - xx.xx.2025-ci il tarixdə Tural Hüseynov nümayəndəsi və vəkili vasitəsilə rəsmi qaydada məhkəməyə müraciət edib və həmin tarixdə qətnaməni əldə edib. Odur ki, apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməlidir. 5.Nərimanov RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməsin. 6.Tural Hüseynov bu qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və onu baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, müddət o halda bərpa edilir ki, onun ötürülməsinin səbəbi üzrlü hesab edilsin. Müəyyən olunur ki, cavabdeh sağlığında qətnamədən apellyasiya şikayəti verilməsi müddətini üzrlü səbəb olmadan ötürüb. Bununla yanaşı, cavabdehin oğlu Tural Hüseynov da qətnamədən məlumatlı olub, hətta o, atasının sağlığında atasının etibarnamə üzrə nümüyəndəsi kimi iş üzrə ərizə və şikayətlər verib, lakin hazırda məhkəməyə belə məlumat verir ki, qətnamədən atasının vəfatından sonra xəbər tutub. 8.Cavabdeh sağlığında 2 dəfə ərizə ilə məhkəməyə müraciət edərək Nərimanov RMnin xx.xx.2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasını xahiş edib. 9.Müddətin bərpası barədə birinci ərizə xx.xx.2008-ci il tarixdə verilib. Həmin ərizəni cavabdeh etibarnamə üzrə nümayəndəsi - oğlu Hüseyn Hüseynovun vasitəsilə verib. Ərizə Nərimanov RM-nin xx.xx.2008-ci il tarixli qərardadı ilə təmin edilməyib. Cavabdeh nümayəndəsi Hüseyn Hüseynovun vasitəsilə şikayət verib, lakin şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə təmin edilməyib. Cavabdeh nümayəndəsi Hüseyn Hüseynovun vasitəsilə kassasiya şikayəti verib, lakin şikayət Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə təmin edilməyib. 10.Müddətin bərpası barədə ikinci ərizə xx.xx.2014-cü il tarixdə verilib. Həmin ərizəni cavabdeh etibarnamə üzrə nümayəndəsi – digər oğlu Tural Hüseynovun vasitəsilə verib. Ərizə Nərimanov RM-nin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyib. Cavabdeh nümayəndəsi Tural Hüseynovun vasitəsilə şikayət verib, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyib. Cavabdeh nümayəndəsi Tural Hüseynovun vasitəsilə kassasiya şikayəti verib, lakin şikayət Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli qərarı ilə təmin edilməyib. 11.Bundan başqa, xx.xx.2010-cu il tarixdə cavabdehin arvadı X3 RM-nin qətnaməsinin onun hüququna toxunduğunu bildirərək qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib, eyni zamanda qətnamədən apellyasiya şikayəti verib. Həmin ərizə Nərimanov RM-nin xx.xx.2010-cu il tarixli qərardadı ilə təmin edilməyib. Fatma Hüseynova şikayət verib, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyib. 12.Cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat edib, bu tarixdən 9 il sonra - xx.xx.2025-ci il tarixdə Tural Hüseynov cavabdehin hüquqi varisi kimi apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə hazırkı ərizəni verib və ərizədə qeyd edib ki, Nərimanov RM-nin xx.xx.2007-ci il tarixli qətnaməsindən məlumatı olmayıb, atası vəfat etdikdən sonra vərəsəlik işi ilə məşğul olarkən ona məlum olub ki, belə bir qətnamə qəbul olunub. Göründüyü kimi, Tural Hüseynov məhkəməyə həqiqətə uyğun olmayan məlumat verib. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Tural Hüseynovun ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. 13.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-2105/2007 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar