Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-696/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X8 cavabdeh Alıyeva Leyli Qədir qızına qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (borc müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X6 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı X8, nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2022-ci il tarixli əlyazmada – mən, Alıyeva Leyli Qədir qızı X8 8500 manat pul almışam qeyd edilmişdir.
2. Cavabdeh Alıyeva Leyli Qədir qızının borcu qaytarmadığını iddia edən iddiaçı X8 hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı X8 cavabdeh Alıyeva Leyli Qədir qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Alıyeva Leyli Qədir qızından 8500 (səkkiz min beş yüz) manat əsas borcun, 637,5 (altı yüz otuz yeddi manat əlli qəpik) manat gecikdirilmiş faiz borcunun və 110,31 (yüz on manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 9247,81 (doqquz min iki yüz qırx yeddi manat səksən bir qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh Alıyeva Leyli Qədir qızına ##.##.2022-ci il tarixində 1 il müddətinə 8500 (səkkiz min beş yüz) manat məbləğində borc pul verilmişdir. Iddiaçı cavabdehə dəfələrlə müraciət etsə də borc məbləği ona geri qaytarılmamışdır. Cavabdeh Alıyeva Leyli Qədir qızından 8500 (səkkiz min beş yüz) manat əsas borcun, həmin pulun qaytarılmalı olduğu 2023-ci ilin dekabr ayından iddia ərizəsinin verildiyi ## #### 2025-ci il tarixinədək olan 1 il 6 ay müddət üçün 637,50 (altı yüz otuz yeddi manat əlli qəpik) manat (8500 manat/100%=85x5%=425 manat, 425 manat x 1 il 6 ay=637,50 manat) gecikdirilmiş faiz borcunun və 110,31 (yüz on manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 9247,81 manat pulun alınaraq ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.
5. Cavabdeh Alıyeva Leyli Qədir qızı məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 2010-cu il tarixində 450 manat məbləğində borc pul götürdüyünü, həmin borcun üzərinə faiz hesablandığı üçün məbləğin 850 manat olduğunu, əlyazmadakı sonuncu “0” rəqəminin başqası tərəfindən artırıldığını, 850 manat məbləğində borcun 450 manat məbləğini geri qaytardığını, 250 manat qalıq qaldığını, 250 manat qalığa münasibətdə isə iddiaçıya qızıl zinət əşyalarını verdiyini, 850 manat məbləğində borcla bağlı əlyazmanı imzaladığını, hazırda isə ümumiyyətlə borcu olmadığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh Alıyeva Leyli Qədir qızı iddia ərizəsinə dair məhkəməyə ##.##.2025-ci il tarixində yazılı etiraz təqdim etmiş və etiraz ərizəsində iddia ərizəsinin tamamilə əsassız və uydurmadan ibarət olduğunu, iddiaçının iddia etdiyi məbləğdə borcu ondan almadığını, ümumiyyətlə qeyd edilən tarixdə onunla heç bir formada görüşmədiyini, əlaqəsi olmadığını, iddia ərizəsində qeyd edilən etiraf ərizəsi kimi bir ərizəni yazmadığını, borcun olmadığı təqdirdə faiz borcunun da olmadığını qeyd edərək iddiaçının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən irəli sürdüyü tələblərinin hüquqi əsasını və sübutları məhkəməyə təqdim etməli olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 850 (səkkiz yüz əlli) manat məbləğində borc, borcun qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 63,75 (altmış üç manat yetmiş beş qəpik) manat faiz borcu, ümumilikdə 913,75 (doqquz yüz on üçün manat yetmiş beş qəpik) manat məbləğində pulun cavabdeh Alıyeva Leyli Qədir qızından tutularaq iddiaçı X8 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 11,03 (on bir manat üç qəpik) manat məbləğində pulun cavabdeh Alıyeva Leyli Qədir qızından tutularaq iddiaçı X8 ödənilməsi, ekspertiza xərcinin 20 (iyirmi) manatı Alıyeva Leyli Qədir qızından, 180 (bir yüz səksən) manatının isə X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmuş və ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Işin mübahisələndirilən halı tərəflər arasındakı borcun məbləği ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehə 8500 manat məbləğində borc verdiyini qeyd etmiş və buna dair bir əlyazmanı məhkəməyə təqdim etmiş, cavabdeh isə iddiaçıdan 2010-cu il tarixində 450 manat məbləğində borc pul götürdüyünü, həmin borcun üzərinə faiz hesablandığı üçün məbləğin 850 manat olduğunu, əlyazmadakı sonuncu “0” rəqəminin başqası tərəfindən artırıldığını, 850 manat məbləğində borcun 450 manat məbləğini geri qaytardığını, 250 manat qalıq qaldığını, 250 manat qalığa münasibətdə isə iddiaçıya qızıl zinət əşyalarını verdiyini, 850 manat məbləğində borcla bağlı əlyazmanı imzaladığını, hazırda isə ümumiyyətlə borcu olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyindən də müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdehlə borc münasibətlərini təsdiq etdiyi qeyd edilmiş əlyazmadakı “8500” rəqəmindəki “850” rəqəminin əvvəldən olduğu, sonuncu “0” rəqəminin isə sonradan əlyazmaya əlavə edildiyi və kimin tərəfindən əlavə edildiyinin müəyyən edilmədiyi, eləcə də əlyazmadakı "##.##.2022.” rəqəmlərinin - Alıyeva Leyli Qədir qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi qeyd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, ilkin hazırlıq iclası zamanı cavabdeh iddiaçıya 850 manat borcu olduğunu etiraf etmiş, lakin daha sonra iddia ərizəsinə yazılı etiraz edərək borcunun olmadığını, iddiaçıdan aldığı və hesablanmış faizlərlə birlikdə 850 manat olan borcunu tam ödədiyini bildirmiş, lakin dediklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan iddiaçının tələbi qismən, yəni cavabdeh tərəfindən etiraf edilmiş və ekspert rəyi ilə də müəyyən edilmiş 850 manat borc məbləğinə münasibətdə təmin edilməlidir.
11. Faiz borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, borc məbləğinə münasibətdə iddia qismən təmin edildiyindən tələb edilən borca – 8500 manata münasibətdə hesablanmış faiz borcu – 637,5 manat da təmin edilmiş iddia məbləğinə - 850 manata münasibətdə təmin edilməli və beləliklə də, 63,75 manat (iddia tələb edilən borc məbləğinin 10%-nə münasibətdə təmin edildiyi üçün tutulmalı faiz məbləği də hesablanmış faiz məbləğinin 10%-i həddində müəyyən edilməlidir) məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 389.1, 290.1, 425.1, 425.2, 432.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarları; və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 119.1, 217.4, 218.3 və 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Iddiaçı X8 apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində “məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan iddiaçının tələbi qismən, yəni cavabdeh tərəfindən etiraf edilmiş və ekspert rəyi ilə də müəyyən edilmiş 850 manat borc məbləğinə münasibətdə təmin edilməlidir.” barədə qeyd etdikləri qəbul edilməzdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 8500 manat məbləğində pul, borc olaraq ##.##.2022-ci il tarixdə 1 il müddətinə verilmişdir. Borcun müddəti onun 850 manat məbləğinə olması halının ağlabatan olmadığını təsdiq еdir. Belə ki, 850 manat məbləğinə borcun 1 il müddətinə verilməsi inandırıcı dеyil. Yəni bu halda cavabdеh həmin vəsaiti hər hansı minnət olmadan krеdit təşkilatlarından ayda 70 manat qaytarmaq və ümumilikdə 20-30 manat faiz ödəmək şərti ilə götürə bilərdi. Bu halda onun iddiaçıdan aldığı borcla, krеdit təşkilatlarından alacağı borc arasında zərəri yalnız 20-30 manat faiz ödəməsi olardı ki, cavabdеhin də həmin vəsaiti krеdit təşkilatlarına ödəmək əvəzinə cüzi faiz ödəməmək üçün iddiaçının minnətini götürməsi ağlabatan dеyil. Bütün bu qеyd еdilənlər də borcun 850 manat məbləğində olmasının ağlabatan olmadığını təsdiq еdir. Məhkəmə qətnaməsidə o da qeyd olunmuşdur ki, cavabdeh qalan 250 manat borcun əvəzində iddiaçıya qızıl vermişdir. Əgər cavabdeh iddiaçıya guya qalan 250 manat məbləğində qızıl vermişdirsə, ona niyə qəbz yazırdı? Hansı qızılı, hansı şəratdə vermişdir. Bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədiyi üçün belə bir varianta əl atmışdır. Baxmayaraq ki, cavabdeh qəbzi sərbəst şəkildə özü icra edib iddiaçıya təhvil verilmişdir. Belə ki, qəbzdəki “8500” rəqəmləri və “manat” sözünə adi vizual baxışla da müəyyən etmək olur ki, “8”, “5”, “0” və daha sonrakı “0” rəqəmləri icra edilərkən aralarındakı təbii məsafə gözlənilmişdir. Bu isə həmin rəqəmlərin yazılmasının ardıcıllığa riayət edilməklə icra edilməsini təsdiq еdir. Yəni sonuncu “0” rəqəminin sonradan əlavə edilməsi halında “0” rəqəmləri arasındakı məsafə sıxlaşmalı idi. Əksinə qəbzdən göründüyü kimi sonuncu “0” rəqəminin qarşısıdakı “0” və “5” rəqəmləri arasındakı məsafə daha sıxdır. Hətta “0” rəqəmi “5” rəqəminə qismən bitişik şəkildə icra edilmişdir. Əvvəla “8500” rəqəmlərinin icra edildiyi qəbzi yazan cavabeh həmin rəqəmin sonuncu “0” rəqəmini yazmaması halında həmin rəqəmlə “manat” sözü arasında məsafənin qəbzdə olduğu qədər olması qeyri mümkün idi. Qəbzə diqqətlə baxdıqda “manat” sözü ilə “pul” sözü arasındakı məsafə “0” rəqəmi ilə “manat” sözü arasında məsafə ilə eynidir. Ekspertin istinad etdiyi işıqlandırmada isə qəbzdəki sonuncu “0” rəqəmindən sonra “manat” sözü də icra edilmişdir. Ekspert məlum olmayan səbəbən rəyinə onun yalnız “m” hərfinin görüntüsünü daxil etmişdir. Vizual baxışla müəyyən etmək olur ki, işıqlandırma icra edilərkən “m” hərfinin bir hissəsi də sonuncu “0” rəqəmində müəyyən edilən rəng fərqliliyi yaranmışdır. Ekspertin haqlı olması halında belə çıxır ki, “m” hərfinin bir hissəsi qəbzə sonradan daxil edilmişdir ki, bu da ağlabatan dеyil. Belə ki, hamya məlumdur ki, diyircəkli qələmlə yazı yazarkən yazıdakı hərflərin, rəqəmlərin qalınlığı qələmin kağıza sıxılma təsiri ilə fərqli şəkildə ola bilər. Həmçinin mürəkkəbin axımından da hərf və rəqəmlərin qalınlığında vizul baxışda fərq ola bilər. Eyni zamanda ekspert rəyində “0” rəqəminin Alıyeva Leyli Qədir qızı tərəfindən icra olunub-olunmamasını ümumiyyətlə müəyyən etməyən, yəni kifayət qədər aydın olmayan rəy vermişdir. Məhkəmə isə həmin halın aydınlaşdırılması üçün əlavə ekspertiza təyin edilməsi barədə vəsatətini təmin etməmiş, xüsusi biliyi olmadığı halda “0” rəqəminin Alıyeva Leyli Qədir qızı tərəfindən icra olunmadığı nəticəsinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı X8 və nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə etdi, onun məmzununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Cavabdeh Alıyeva Leyli Qədir qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini apellyasiya şikayətinin dəlilləri üzrə qətnamənin qanunililiyinin və əsaslılığının iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünki, iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
23. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmuş, cavabdeh borcu qaytarmaq öhdəliyini lazımı qaydada icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
24. Belə ki, iddiaçı cavabdehə 8500 manat məbləğində borc verdiyini qeyd etmiş və buna dair bir əlyazmanı məhkəməyə təqdim etmiş, cavabdeh isə iddiaçıdan 2010-cu il tarixində 450 manat məbləğində borc pul götürdüyünü, həmin borcun üzərinə faiz hesablandığı üçün məbləğin 850 manat olduğunu, əlyazmadakı sonuncu “0” rəqəminin başqası tərəfindən artırıldığını, 850 manat məbləğində borcun 450 manat məbləğini geri qaytardığını, 250 manat qalıq qaldığını, 250 manat qalığa münasibətdə isə iddiaçıya qızıl zinət əşyalarını verdiyini, 850 manat məbləğində borcla bağlı əlyazmanı imzaladığını, hazırda isə ümumiyyətlə borcu olmadığını bildirmişdir.
25. Birinci instansiya məhkəməsi işdə olan ekspert rəyinə istinad edərək borcu 850 manat məbləğində müəyyən etmiş və həmin hissədə təmin etmişdir.
26. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki: 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində Alıyeva Leyli Qədir qızının adından olan borc qəbzində yazılmış “Мəн Алыјва лејли Гəдир г. Тамазанзадə Судабə Султан г..... манат пул алмышам” yazılarından və həmin yazılarda olan "8500" rəqəmlərindəki "50" rəqəmləri Alıyeva Leyli Qədir qızı tərəfindən icra edilmişdir.
2. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində Alıyeva Leyli Qədir qızının adından olan borc "Qəbzi"nin" orta hissəsində "##.##.2022.” rəqəmləri - Alıyeva Leyli Qədir qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 3. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində Alıyeva Leyli Qədir qızının adından olan borc qəbzində yazılmış "8500" rəqəmlərindəki "8" rəqəminin və "8500" rəqəmlərindəki axrıncı "0" rəqəminin X1 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı.Tədqiqata təqdim edilmiş “Мəн Алијева Лејли " sözü ilə başlayıb "##.##.2022" rəqəmləri ilə bitən qəbzin 5-cı sətrində olan "8500" rəqəmlərin yerində "850" rəqəmləri olmuş, sonradan sonuncu "0" rəqəmi əlavə edilmişdir.
27. Ekspert rəyindən göründüyü kimi iddiaçının istinad etiyi borc qəbzində Мəн Алијева Лејли "sözü ilə başlayıb "##.##.2022" rəqəmləri ilə bitən qəbzin 5-cı sətrində olan "8500" rəqəmlərin yerində "850" rəqəmlərinin olması, sonuncu “0” rəqəminin sonradan əlavə edilməsi öz təsdiqini tapmışdır. 28.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
30. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
31. Hazırki işin halları baxımından iddiaçının cavabdehə 8500 manat məbləğində borc verməsi öz təsdiqini tapmır.
32. Iddiaçı o cümlədən 1 il 6 ay üçün beş faiz gecikmə faizinin də tutulmasını tələb etmişdir. 33.Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 850 manata münasibətdə gecikmə faizi, yəni 63,75 (850/100*5 faiz =42,5/12*18 ay) manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı X8 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov