Məhkəmə qərarları › İş №2(3-6)-720/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-720/2026

24.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-720/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli, 2(5-94)-523/2026 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1.264,32 manat, Cavabdeh3 1.264,32 manat, Cavabdeh2 1.761,43 manat, Cavabdeh4 Möhsün oğlundan 2.647,70 manat pul vəsatinin, ödənilmiş 90 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat pulun cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli, 2(5-94)-523/2026 saylı qərardadı ilə İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan tələblər irəli sürüldüyündən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, cavabdehlər müxtəlif mənzillərin sahibləridir, hər bir cavabdehə qarşı irəli sürülmüş borcun ödənilməsi tələbi ayr-ayrı mənzillər üzrə, ayrı-ayrı müqavilələrdən irəli gəlmişdir. Bir neçə cavabdehə qarşı irəli sürülmüş tələblər eyni predmetə, ümumi hüquqi əsasa və ya müştərək hüquq və vəzifələrə əsaslanmır. Həmçinin, tələblərin bu formada birləşdirilməsi məhkəmə baxışının vaxtında, düzgün, obyektiv aparılmasına da mane olur. Həmin qərardaddan İddiaçı MMMC şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli, 2(5-94)-523/2026 saylı qərardadının əsassız olduğundan ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə mübahisənin predmeti bölünməz olmaqla cavabdehlərin qanunla müəyyən edilmiş eyni vəzifəsinə, binanın saxlanma xərclərinin ödənilməsinə aiddir və işə məhkəmə tərəfindən bir iddia ərizəsi üzrə aparılan icraat çərçivəsində baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(5-94)-523/2026 saylı, 3 fevral 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsinin tələblərinə görə iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Bu Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilən normaların məzmununa görə qanunvericinin iddiaçıya bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə dair səlahiyyət verməsində başlıca məqsədi tərəflərin uzun məhkəmə çəkişmələrinə məruz qalmamasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi olmuşdur. Lakin iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olsa da, həmin iddia tələbləri arasında bağlılıq, əlaqəlilik olmalıdır. Belə ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin bir iddiada birləşdirildirilməsi ərizənin hakim tərəfindən qaytarılmasının prosessual əsaslarından biri kimi göstərilmişdir. Göründüyü kimi, əgər irəli sürülən tələblər fərqli hüquqi əsaslara malikdirsə və onların birlikdə araşdırılması işin düzgün həllinə mane olursa onun geri qaytarılmasına yol verilə bilər. Məhkəmə kollegiyası qanunvericiliyin bu məsələdə dispozitiv göstərişlərini və mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipini nəzərə alaraq hesab edir ki, iddiaçı müzakirə predmeti olan iddia tələblərini bir iddia ərizəsində birləşdirməyə haqlı olmuş, bu tələblərin bir məhkəmə icraatı çərçivəsində baxılmasını istisna edən hallar mövcud deyildir. Qeyd edilənlər ilə əlaqədar məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” 23 may 2025-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, məhkəmələr, qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğunun və belə maraqların konkret dairəsini əvvəlcədən müəyyənləşdirməyin mümkün olmadığı nəzərə alaraq şəxsin marağının nədə ifadə olunduğunu, bu marağın qanunla qorunub-qorunmadığını, belə marağın bu və ya digər subyektiv hüququn icrası vasitəsilə müdafiəsinin mümkünlüyünü hər bir işin hallarından asılı olaraq müəyyən etməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçı – müvafiq çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmış mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti olmaqla çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərara əsaslanaraq həmin binanın ümumi əmlakının saxlanması ilə bağlı xərclərin binanın sahə mülkiyyətçilərindən ödənilməsini tələb etməkdədir. Bu halda iddianın predmetini - iddiaçının cavabdehlər tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququ; iddianın obyektini isə iddiaçının əldə etməyə çalışdığı maddi nemət - yəni çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə çəkilmiş və ya çəkiləcək xərclər təşkil edir. İddianın faktiki əsasını isə irəli sürülmüş iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar, konkret olaraq İddiaçı MMMC-nin Ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarı təşkil edir. Göründüyü kimi, iddia eyni çoxmənzilli binaya, həmin binanın ümumi əmlakının saxlanılması ilə bağlı eyni xərclərə və həmin məsələ üzrə qəbul edilmiş eyni ümumi yığıncaq qərarına əsaslanır. Bu səbəbdən iddianın predmeti, obyekti və əsası vahid hüquqi münasibətdən irəli gəlir və cavabdehlərin hamısı həmin binanın sahə mülkiyyətçiləri kimi eyni hüquqi vəziyyətdə çıxış edirlər. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə istinad edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarmaqda haqlı olmamışdır. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi, eyni zamanda iddia ərizəsinin icraata götürülməsi səlahiyyətinin birinci instansiya məhkəməsinə aid olduğunu nəzərə alaraq, habelə Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün əlavə edilmiş sənədlər ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMMC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(5-94)-523/2026 saylı 28 yanvar 2026-cı il tarixli qərardadı tamamilə ləğv edilsin. İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc” tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar