Məhkəmə qərarları › İş №2(3-6)-739/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-739/2026

28.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-739/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 15.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2017-ci il tarixdə cavabdehin odlu silahdan açdığı atəş nəticəsində iddiaçı xəsarət almış, iddiaçının sol bazu sümüyü sınmış, iddiaçı uzun müddət ərzində müalicə olunsa da, sağlamlığı tam bərpa olunmamışdır. Nəticə də, iddiaçı, əvvəllər məşğul olduğu heyvandarlıq və əkinçilik fəaliyyəti ilə əvvəlki qaydada məşğul ola bilmir. Bununla da, iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Bundan başqa cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçı kredit öhdəliklərini icra edə bilməmiş, bunun nəticəsində əlavə maliyyə çətinlikləri yaranmışdır. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) vəkil1 məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.

4. Cavabdehin vəkili (nümayəndəsi) vəkil2 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddia ərizəsində qeyd edilən hadisə ilə bağlı Beyləqan Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2017-ci il tarixli, *(***)-**/**** saylı hökmdən görünür ki, hazırkı iş üzrə tərəflər arasında barışıq əldə olunmuş və həmin cinayət işinin icraatı zamanı hazırkı iş üzrə iddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənildiyini bildirərək, cavabdehə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İddiaçının aldığı xəsarətə görə hazırkı iş üzrə cavabdeh iddiaçıya maddi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulu ödəmişdir. Hal-hazırda isə iddiaçının iş fəaliyyətində heç bir problem yoxdur, heç bir müalicə almır, təsərrüfatla məşğuldur, qərəzli olaraq cavabdehə qarşı iddia qaldırmışdır. Buna görə də, o, iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə cavabdehin iddiaçının sağlamlığına ağır zərər vurması müəyyən edilmiş, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının fiziki və mənəvi iztirablar keçirməsi iş materialları ilə təsdiq olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurduğu mənəvi zərərin əvəzini ödəməlidir. Bu ziyanın əvəzinin məbləğində gəldikdə isə Rayon Məhkəməsi qeyd edilən cinayət hadisəsinin ehtiyatsızlıqdan baş verməsini, həmin hadisənin törətdiyinə görə cavabdehin azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, hadisənin xeyli vaxt bundan əvvəl, yəni təxminən 8 il bundan əvvəl baş verməsini və ötən illər ərzində dəymiş mənəvi iztirabın dərəcəsinin azalmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pul tutulmalıdır. Mənəvi zərərin əvəzinin daha çox məbləğdə müəyyən edilməsi üçün əsas yoxdur. Bununla yanaşı, iddiaçı maddi zərərin həcmini təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən həmin hissədə iddia əsassız hesab edilərək, təmin edilməməlidir. d) apellyasiya şikayəti haqqında məlumat

8. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, iddianın təmin edilmiş hissəsində qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinə qarşı etirazın əsasları ilə eynilik təşkil edən cavabdehin apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin hallarını düzgün, hərtərəfli araşdırmamış iddiaçının subyektiv mülahizələrinə əsaslanmış və nəticədə əsassız qərar qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi işi obyektiv araşdırmamış və nəzərə almamışdır ki, cavabdeh, iddiaçıya dəymiş mənəvi zərərin əvəzini cinayət işinə baxılan zaman artıq ödəmişdir. Həmin zərərin əvəzinin ödənilməsindən xeyli sonra iddiaçı tərəfindən bu kimi iddianın irəli sürülməsi iddiaçının cavabdehə qarşı olan qərəzli mövqedən irəli gəlir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı haqqında məlumat

10. İş üzrə iddiaçı və cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

11. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat

12. Hazırkı iş üzrə apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır.

13. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də, iddianın bir qisminin rədd edilməsi hissədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir. O, Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməsi barədə nəticə ilə razılaşmır.

14. Odur ki, bunları, mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-in 372.6-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

15. Hazırkı iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayətı qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, həmin məbləğ 3.000 manat müəyyən edilməli, apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, hazırkı iş üzrə cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına əsas olmuş Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı cinayət işi üzrə qəbul etdiyi ##.##.2017-ci il tarixli hökmdən görünür ki, hazırkı iş üzrə cavabdeh, ##.##.2017-ci il tarixdə ehtiyatsızlıqdan odlu silahdan açdığı atəş nəticəsində güllə iddiaçının sol bazu sümüyünə dəyərək, sümüyünün fraqmentlərinin yerini dəyişməsi ilə müşayiət olunun açıq sınmasına, sol mil sinirinin parezinə səbəb olmuşdur. Nəticədə o, iddiaçıya ağır xəsarət yetirmişdir.

17. Həmin hökmdən həmçinin görünür ki, iddiaçı ərizə ilə cinayət işinə baxmış məhkəməyə müraciət edərək, bildirmişdir ki, onun cavabdehə qarşı heç bir şikayəti yoxdur, cavabdeh ona dəymiş maddi zərəri ödəmişdir.

18. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər (maddə 21.1.). Delikt hüquqla müdafiə edilən başqa şəxsə birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli və hüquqazidd əməldir (maddə 1096.1.). Delikt nəticəsində vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər şəxsin hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı və iztirabların yaranması ilə ifadə olunur və belə zərərin ödənilməsi üçün hüquqazidd əməl, təqsir, səbəbli əlaqə və mənəvi sarsıntının mövcudluğu müəyyən edilməlidir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır (bənd 5.1.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir (bənd 5.3.). Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir (bənd 5.4.). Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın (bənd 5.9.). Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir (bənd 5.11.). Bununla belə, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır (bənd 5.12.).

21. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının mənəvi zərərin mövcudluğunu sübut etməməsi” barədə dəlilə münasibətdə Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının sağlamlığına ağır zərər vurulması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının sağlamlığına ağır zərər vurulması faktının özü iddiaçıda fiziki ağrı, psixoloji sarsıntı və mənəvi iztirabların yaranmasını obyektiv olaraq ehtiva edir. Buna görə də, mənəvi zərərin ümumiyyətlə mövcud olmaması barədə apellyasiya şikayətinin həmin hissəsi əsaslı hesab edilə bilməz.

22. Cavabdehin “birinci instansiya məhkəməsinin yalnız iddiaçının subyektiv izahatlarına əsaslanması” barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi yalnız tərəflərin, o cümlədən iddiaçının verdiyi izahatlara deyil, həmçinin Beyləqan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmünə, həmin iş üzrə Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi ##.##.2017-ci il tarixli rəyə və iş üzrə digər yazılı sübutlara istinad etmişdir. Buna görə də, MPM-in 14.2, 76.1 və 89.1-ci maddələrinin pozulması barədə apellyasiya şikayətinin həmin hissəsi əsaslı sayıla bilməz.

23. Cavabdehin “tərəflər arasında barışıq əldə olunması və zərərin ödənilməsi” barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, tərəflər arasında cinayət işi üzrə barışığın əldə edilməsi özü-özlüyündə sonradan mənəvi zərərin ödənilməsi barədə mülki-hüquqi tələbin tam istisna olunmasına səbəb olmur. Xüsusən də, nəzərə alınmaldır ki, iddiaçının həmin cinayət işi üzrə verdiyi ərizədən görünür ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsini bildirsə də, mənəvi zərərin əvəzinin ödənilməsini bildirməmişdir.

24. Cavabdehin “iddiaçının uzun müddət ərzində mənəvi zərərin ödənilməsi ilə bağlı tələb irəli sürməməsi” barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, həmin hal mənəvi zərərin mövcudluğunu tam istisna etməsə də, kompensasiyanın məbləğinin müəyyən edilməsində nəzərə alınmalı olan haldır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı uzun müddət ərzində mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb irəli sürməmişdir.

25. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mənəvi zərərin mövcudluğu və hazırkı iddianın yuxarıda qeyd edilən cinayət hadisəsindən xeyli vaxt bundan əvvəl, yəni təxminən 8 il bundan əvvəl baş verməsini və ötən illər ərzində dəymiş mənəvi iztirabın dərəcəsinin azalmasını düzgün müəyyən etsə də, kompensasiyanın məbləğini bir qədər çox müəyyən etmişdir. Çünki bu kimi haldan başqa cinayət hadisəsinin ehtiyatsızlıqdan baş verməsi, həmin hadisənin törətdiyinə görə cavabdehin azadlıqdan məhrumetmə növündə cəza çəkməsi, hadisənin baş verməsindən sonra iş üzrə tərəflərin barışması kompleks şəkildə proporsionallıq, ağlabatanlıq və ədalətlilik prinsipləri baxımından nəzərə alınmalıdır.

26. Buna görə də həmin amilləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 3.000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir. h) apellyasiya baxışının nəticəsi

27. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərəin məbləğinin müəyyən edilməsi hissəsində işin hallarına və iş üzrə təqdim edilmiş sübutların məcmusuna qismən uyğundur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.

28. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə dəyişdirilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

29. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilməli və tutulmalı olan məbləğ 3.000 manat məbləğində müəyyən edilməli, apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Hazırki qətnamənin iddiaçının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti (5.000 – 3.000=) 2.000 manat, qətnamənin cavabdehin narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti 3.000 manat təşkil edir.

32. Buna görə də, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi ## ###### 2025ci il tarixli qətnamə apelllyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçı İddiaçı dəymiş mənəvi zərərin əvəzinin cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı ödənilməli olması hissədə dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnamənin iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilsin və tutulmalı olan məbləğ 3.000 (üç min) manat müəyyən edilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnamənin qalan hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar