Məhkəmə qərarları › İş №2(3-6)-763/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-763/2026

07.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-763/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi Hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) "vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı ##.##.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ##.##.2022ci il tarixdə isə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirlədirilən şəxs qismində cəlb edilərək, elə həmin tarixdə də barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli hökmünə əsasən onun barəsində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ittihamedici hökm çıxarılsa da, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə həmin hökm ləğv edilmiş, təqsiri sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, ona qanunsuz və əsassız olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması, məhkəməyə verilməsi və ona cəza təyin edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(****)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabından, qanunsuz və əsassız olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması, məhkəməyə verilmə və cəza təyin edilməsi nəticəsində ona vurulmuş maddi ziyana görə 100.000 manat və mənəvi ziyana görə 80.000 manat məbləğində, cəmi 180.000 manat pulun dövlət büdcəsi hesabından tutularaq ona ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, qanunsuz və əsassız olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması, məhkəməyə verilməsi və ona cəza təyin edilməsi nəticəsində məruz qaldığı cinayət təqibi üzrə ##.##.2022-ci il tarixdə gecə saat 04 radələrində yaşadığı Ağcabədi rayonu, Avşar kəndindəki evində olarkən tanımadığı maskalı şəxslər qəflətən evinə və onun yataq otağına daxil olub, onu oyadıb yerə yıxıb əllərini arxadan bağlayaraq alt paltarında evin dəhlizinə çıxartmışlar. Sonradan arvadının verdiyi şalvarı və köynəyi geyinmiş və polis əməkdaşları onu Ağcabədi RPŞ-nin inzibati binasına aparmışdılar. Polis şöbəsinə gətirildikdən 2-3 saat sonra polis əməkdaşları gödəkçəsini gətirib əyninə geyindirmişdilər. Cibinə tanımadığı şəxsin nəsə qoyduğunu hiss etmiş, dərhal cibindən paketi çıxarıb yerə atmışdır. Orada polis əməkldaşları tərəfindən döyülmuş və ağır işdəncələrə məruz qalmışdır. Ona bildirilmişdir ki, polislərin dediklərinə əməl etməyəcəyi təqdirdə arvadını və qoca anasını polisə gətirib narkotikin onlara məxsus olması söylənəcəkdir və evindən iki kiloqram narkotik çıxacaqdır. O bundan bərk qorxmuş və onların dediklərini söyləməyə razılaşmışdır. Adını bilmədiyi bəstəboy polis əməkdaşı ona narkotik verərək götürməsini söyləmiş və o, polis əməkdaşlarının hərəkətlərindən qorxduğundan məcbur olub polis əməkdaşının ona verdiyi narkotik vasitəni götürərək ona məxsus olduğunu göstərmişdir. Qanunsuz və əsassız olaraq məruz qaldığı cinayət təqibi üzrə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində ##.##.2022-ci il tarixdə saat 07-də tutulmuşdur. ##.##.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış, ##.##.2022-ci il tarixdə müstəntiq X3 tərəfindən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. ##.##.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. ## ### 2023-cü il tarixdə təqsirləndirildiyi cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və ona Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bəraət verilənədək 21 ay, 19 gün yəni, 1 il, 09 ay, 19 gün həbsdə qalmaqla azadlıqdan məhrum edilmə cəzası çəkməyə məcbur qalmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi verilmiş kassasiya protestinə baxana kimi yəni ##.##.2025-ci il tarixə kimi həyacan keçirməklə 28 ay mənəvi əzab çəkmişdir. Bu müddət ərzində o sərbəst yerdəyişmək, işləmək, pul qazanmaq imkanından məhrum olmuş, mənəvi sarsıntı keçirmiş, ona tanıyan dost-tanışlar arasında onun haqqında “cinayətkar“, “narkoman” təsəvvürü yaranmışdır. Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və uzun müddət “həbs”də qalmaqla azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi nəticəsində o, psixi sarsıntı keçirmiş, qohumları, ailə üzvüləri, iş yoldaşları, dostları və tanışları arasında nüfuzdan düşmüş, həmin şəxslərin münasibətləri ona qarşı pisləşmiş, çünki onlar onu “cinayətkar”, “narkoman” hesab etmiş, onların ona qarşı mənfi fikirləri formalaşmışdır. Bundan başqa, o, həbsdə olduğuna görə taleyin hər bir valideynə bəxş etdiyi yeni doğulan ilk övladını uşağını görmək sevincindən məhrum olmuşdu. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ona qarşı edilən qanunsuzluqlar nəticəsində Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik normaları ilə nəzərdə tutulan hüquq və azadlığının qanunsuz olaraq pozulması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Ona vurulmuş maddi ziyanın 100.000 manat, mənəvi ziyanı isə 80.000 manat məbləğində qiymətləndirir. Bildirir ki, onun yaşadığı kənddə iki ədəd obyekti, bir ədəd “kafe” və bir ədəd “maşın yuyulan sexi” var. Həmin obyektləri o özü işlədirdi, hər bir obyekdən ayda ayrı-ayrılıqda azı 2000 manat qazanırdı. 21 ay, 19 gün yəni, 1 il, 09 ay, 19 gün azadlıqdan məhrum edilmə cəzası çəkməyə məcbur qalmaqla hüquq və azadlığının qanunsuz və əsassız olaraq pozulması nəticəsində göstərdiyi işlə məşğul ola bilmədiyindən qazancından məhrum olduğundan on 100.000 manatdan çox maddı zərər dəymişdir. Həmçinin həbsdə olduğu zamanı mənəvi sarsıntı keçirməsi və yeni doğulan ilk övladını görməməsi nəticəsində ona 80.000 manat məbləğində ziyan dəymişdir. Ümumilikdə ona maddi və mənəvi olaraq 180.000 manat ziyan dəymişdir.

4. Birinci instansiya məhkəməsinin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

5. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsinə etirazla müraciət edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçı İddiaçı xeyrinə vurulmuş mənəvi zərərə görə 21.634 məbləğində mənəvi və 46.130 manat məbləğində maddi ziyanın əvəzi olmaqla, ümumilikdə 67.764 manat məbləğində pulun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim X4).

7. Məhkəmə mülki qanunvericiliyin müddəalarına və Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad edərək, hesab etmişdir ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 il 9 ay 19 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 9 ay 19 gün müddətinə həbs qətimkan tədbirinə görə 21.634 manat (bir ay üzrə 1000 manat x 21 ay 19 gün) məbləğində müəyyən olunmalıdır. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 21.634 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.

9. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

10. Məhkəmə öz mövqeyini Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci, “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3-cü, 9-cu, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 81-ci, 217.3-cü, 217.4cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” ## #### 2002-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də, dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə iddiaçı tərəfindən tələb olunan kompensasiya məbləğinin əsasını araşdırmadan və mötəbər sübutlara istinad etmədən yalnız iddiaçının mülahizələrinə əsaslanaraq onun hüquq mühafizə orqanları tərəfindən qanunsuz olaraq cinayət təqibinə məruz qalması ilə əlaqədar ona vurulmuş mənəvi zərərə görə 21.634 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin, habelə Avropa məhkəməsinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Məhkəmə tərəfindən mənəvi zərərə görə təyin edilmiş məbləğ işin hallarına, habelə bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil. Belə ki, məhkəmə aktında mənəvi zərərə görə ayrı məbləğ, kompensasiya qismində isə ayrı məbləğ təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 21.634 manat məbləğində pul vəsaitinin ödənilməsi ağlabatan və ədalətli deyildir. Həmçinin, iddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsinin olması zəruri şərt olmasına baxmayaraq tərəflərindən mübahisələndirilən qətnamədə sadəcə dolayı sübutlara istinad edilərək səthi şəkildə araşdırma aparılmışdır. Məhkəmənin zərərə görə kompensasiya verməsinin məqsədi pozuntu nəticəsində baş vermiş faktiki zərərin əvəzinin iddiaçıya ödənilməsidir. Məhkəmə təcrübəsində adətən maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənir. Eyni zamanda maddi ziyanla əlaqədar məhkəmə qətnaməsində qeyd olunur ki, iş materiallarına əlavə edilən arayışlardan bəlli olur ki, Ağcabədi rayonu Avşar kəndi ərazisində İddiaçı məxsus kafe və avtoyuma obyektləri var və iddiaçı həmin obyektlərdən – çayxanadan gündəlik orta hesabla 30 manat və avtoyuma məntəqəsindən gündəlik orta hesabla 40 manat gəlir əldə edir. Beləliklə, qətnamədə müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq işləmədiyi 1 il 9 ay 19 gün müddət üçün təqribən 46.130 manat (1 il 9 ay 19 gün, yəni 659 gün x 70 manat) məbləğdə gəlirlərindən məhrum edilmişdir. Lakin iş materiallarında sübut qismində iddiaçının kafe və avtoyuma obyektlərinin olduğu görünsə də, lakin həmin arayışların məzmununda iddiaçının hər gün gəlir əldə etməsi, ümumiyyətlə əldə etdiyi gəlirin məbləği barədə hər hansı bir məlumat qeyd olunmamış, buna baxmayaraq məhkəmə həmin arayışa əsasən maddi ziyanı 46.130 manat həddində şişirdilmiş şəkildə müəyyən etmişdir. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddianın “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qismən, yəni “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsində ləğv edilmiş, iş üzrə icraata “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsində xitam verilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

19. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir; 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

22. Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

24. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarının: 4.10-cu bəndinə əsasən şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması; 4.12-ci bəndinə əsasən mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır; 4.16-cı bəndinə əsasən Kompensasiya tələbləri mülki hüquq pozuntusundan (delikt) irəli gəldiyi halda, həmin tələbin hüquqi əsasını Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin və (və ya) digər aidiyyəti normativ hüquqi aktların müddəaları (məsələn, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, “Müəlliflik və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında”, “Media haqqında” və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və s.) və Mülki Məcəllənin 9-cu bölməsinin müvafiq normaları təşkil edir; 4.18-ci bəndinə əsasən hüquqazidd əməl istənilən xarakterli (mülki, inzibati, inzibati xəta, cinayət və s.) qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə olunan mülki hüquq pozuntusu və ya müqavilə öhdəliyinin pozulmasıdır. Məsələn, şəxsiyyətin alçaldılması, razılıq 24 olmadan ailə və şəxsi həyat sirrinin ictimailəşdirilməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, tibbi müdaxilənin vaxtında və keyfiyyətli edilməməsi, qanunsuz həbsə alma, qanunsuz məhkum etmə, qanunsuz olaraq ölkədən çıxışa qadağa qoyma, qüsurlu malın satılması və ya xidmətin göstərilməsi, fərdi yaşayış evinin söküntüsünə dair inzibati orqanın qanunsuz inzibati aktı nəticəsində şəxsin yeganə yaşayış yerindən məhrum edilməsi və s; 4.33-cü bəndinə əsasən lazımi diqqət və etinaya əsaslanan məsuliyyət növünə hüquqi və ya fiziki şəxsin öz işçisinin, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının, yetkinlik yaşına çatmayanların, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış, yaxud öz hərəkətlərinin mənasını başa düşə bilməyən fiziki şəxslərin, heyvanın, tibb müəssisəsinin vurduğu, habelə binanın uçması nəticəsində vurulmuş zərərə görə məsuliyyət aiddir. Təhlükə məsuliyyəti növünə isə ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət aiddir; 4.34-cü bəndinə əsasən növbəti dispozisiya şərti olan şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və (və ya) iztirabların nədə ifadə olunduğu iddia ərizəsində göstərilməli və məhkəmə bu əsaslar üzrə müəyyən etdiyi işin faktiki halları baxımından qiymətləndirmə aparmalıdır; 4.35-ci bəndinə əsasən bundan fərqli olaraq, həmin sarsıntı və (və ya) iztirabların cavabdehin hüquqazidd əməli nəticəsində baş verməsi iddiaçı tərəfindən sübut olunmalıdır. Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırki apellyasiya şikayətində hüquqi nəticə etibarı ilə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə də iddianın rədd edilməsi xahiş edildiyindən, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı ilə iş üzrə icraata “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsində xitam verildiyindən, qətnamə yalnız iddianın “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinin təmin edilən hissəsinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə yoxlanılan hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

29. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericiliyin müddəalarına istinad edərək, ilk növbədə qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu qeyriəlverişli vəziyyətə salır. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəsin azadlıq hüququ qanunla qorunur və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ##.##.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, elə həmin tarixdə də barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli hökmünə əsasən onun barəsində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ittihamedici hökm çıxarılsa da, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə həmin hökm ləğv edilmiş, təqsiri sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, ona qanunsuz və əsassız olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması, məhkəməyə verilməsi və ona cəza təyin edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(****)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

31. Hazırda iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona fiziki və mənəvi zərər vurulduğunu iddia edir və vurulmuş zərərin əvəzi olaraq cavabdeh qurum tərəfindən 80.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinin ona qarşı yönləndirilməsinin ümumiyyətlə qanunsuz olması mövqeyindən çıxış edir, eyni zamanda, məhkəmə tərəfindən həddindən artıq yüksək məbləğdə mənəvi zərərin müəyyən edildiyini qeyd edir.

32. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi olaraq iddiaçının həbs altında olduğu ümumilikdə 1 il 9 ay 19 gün üçün onun xeyrinə dövlət büdcəsinin vəsaiti hesabına 21.634 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, bu məbləğdə pul vəsaitinin ödənilməsini ağlabatan və ədalətli hesab edir və bu qəbildən olan iddia tələbləri üzrə şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alınaraq mənəvi zərərin 21.634 manatdan az məbləğdə təmin olunmasını ədalətli saymır.

33. Hər bir halda, iddiaçı həyatının 1 il 9 ay 19 gününü azadlıqdan məhrum edilmiş şəraitdə keçirməyi arzulamamışdır. İnsanın vərdiş etdiyi adi həyat tərzindən köklü surətdə fərqlənən və özündə bir çox məhrumiyyətləri birləşdirən bu şəraitdə yaşamaq məcburiyyətində qalan şəxs, həmçinin mənəvi sarsıntı və iztirab keçirməyə, inamsızlıq narahatlıq, məyyusluq hissləri yaşamağa məhkumdur. Qeyd edilənlər də öz növbəsində cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.

35. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.

36. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir.

37. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini və apelyasiya şikayəti üzrə bu barədə dəlillərin irəli sürüldüyünü nəzərə alaraq onu da qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi də məhkəmənin vəzifəsi deyildir.

38. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinə münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar