Məhkəmə qərarları › İş №2(3-6)-764/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-764/2026

14.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-764/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul və əşya tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün və onun hüquqlarının müdafiə edilməsi üçün dövlət vəsaiti hesabına təyin edilmiş vəkil vəkil1 Rübail oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin atası (mərhum) X1 qeyri-rəsmi münasibətləri müddətində Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən *** saylı özbaşına tikilinin inşasına və təmirinə çəkilmiş xərcin əvəzi olaraq 53,822 manat, iddia ərizədə qeyd edilmiş və həmin tikilidə qalan şəxsi və məişət əşyaların, hər hansı səbəbdən onların naturada qaytarılması mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 32.930 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 350,26 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, qohumu olmuş X1 ilə 2009-cu ildə faktiki nikah münasibətinə daxil olaraq iddia ərizəsində qeyd edilən tikiliyə gəlin köçmüş və 2022-ci ilin aprel ayının ortalarına kimi Vaqiflə birlikdə həmin evdə yaşamışdır. Həmin vaxt ev yarım tiki vəziyyətdə idi. Birgə yaşadıqları dövrdə iddiaçı ilə Vaqif orada əlavə tikinti işləri aramış, həyətin keçəyə baxan hissəsində meyvə-tərəvəz mağaza inşa etdirmiş, evi və mağazanı təmir etmişlər. Daha sonra onlar həmin mağazanı böyüdərək ərzaq mağazasına çevirmiş və ticarətlə məşğul olmuşlar. Göstərilən işlərə onlar birlikdə 53,822 manat məbləğində pul xərcləmişlər. Vaqif Əsədov ##.##.2022-ci il tarixdə vəfat etmiş və bundan sonra mərhumun övladı olan cavabdeh ilə iddiaçı arasında evlə bağlı mülki mübahisə yaranmış, cavabdeh iddiaçını evdən qovmuşdur. Onların arasında evlə bağlı yaranmış mülki mübahisə məhkəmə baxışının predmeti olmuş, lakin son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının qeyd edilən özbaşına tikili olan hər hansı hüququ yaranmadığından. O həmin tikiliyə köçürülə bilməz. Buna görə də, iddiaçı hesab edir ki, əgər o həmin evə köçürülə bilməzsə, onda yuxarıda qeyd edilən 53,822 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, Vaqif Əsədovla münasibətə daxil olub, həmin tikiliyə köçərkən özünə məxsus əşyaları həmin evə cehiz gətirmiş, eyni zamanda Vaqif Əsədovla birlikdə evdə yaşayan zaman əlavə əşyalar almışdır ki, cavabdeh iddiaçını evdən qovan zaman iddiaçıya məxsus və aşağıda qeyd edilən əşyalar evdə qalmışdır: qonaq otağı üçün dəst (1.800 manat), 1 ədəd künc divan (1.600 manat), 1 ədəd jurnal masası (120 manat), 1 ədəd televizor (780 manat), 1 ədəd xalça (550 manat), 1 ədəd DVD aparatı və disklər (80 manat), peyk antenası 1 ədədə (50 manat), qab servisləri 4 ədədə (1.200 manat), “Bagema” dəsti, dolça və 6 stəkan (160 manat), büllur bakal 12 ədəd (96 manat), konfet vazaları 4 ədəd (120 manat), meyvə vazaları 4 ədəd (160 manat), şirniyyat vazaları 2 ədəd (100 manat), büllur duz qabı 12 ədəd (36 manat), 2 ədəd pufık (60 manat), yataq dəsti (2.400 manat), 1 ədəd divan (120 manat), 2 ədəd xalça (550 manat), yazı masası 1 ədəd (80 manat), geyim əşyaları (1.200 manat), yataq örtükləri, dəsmallar, süfrələr (800 manat), 1 ədəd tozsoran (340 manat), 2 ədəd ütü (100 manat), saç feni 2 ədədə (65 manat), əl çantası 3 ədəd (75 manat), 1 ədəd Gəncə yun xalçası (620 manat), kosmetika ləvazimatları (150 manat), 1 ədəd divan (240 manat), 1 ədəd çarpayı (120 manat)), tikiş makinası 1 ədəd (345 manat), masa və oturacaqlar (1+2) dəsti (150 manat), 4 ədəd döşək (200 manat), 5 ədəd yorğan (350 manat), 8 ədəd balış (320 manat), çarpayı örtükləri 4 ədəd (220 manat), 1 ədəd xalça (150 manat), 1 ədəd televizor (820 manat), 1 ədəd kondisioner (600 manat), paltaryuyan maşın 1 ədəd (620 manat), 1 ədəd soyuducu (760 manat), mətbəx üçün künc mebel dəsti (880 manat), masa və stul dəsti (450 manat), 2 ədəd palaz (120 manat), ətçəkən maşın 1 ədəd (55 manat), şirəçəkən maşın 2 ədəd (75 manat), stəkan və nəlbəki 48 ədəd (110 manat), boşqablar (120 manat), 48 ədəd qaşıqlar və 1 ədəd iri qazan (120 manat), qazan dəsti 2 ədəd (160 manat), 7 ədəd qazan və 4 ədəd tava (480 manat), müxtəlif məişət əşyaları (400 manat), elektrik sobası, elektrik çaynik, saç feni 3 ədəd (270 manat), 1 ədəd samovar (60 manat), 13 ədəd çaydan (145 manat), ayaqqabı rəfi (35 manat), digər müxtəlif xırda əşyalar (150 manat), gül dibçəyi 17 ədəd (85 manat), saxlanılan ev quşları 6 ədəd (60 manat), birgə təsərrüfatda olan mağazada saxlanılan müxtəlif ərzaq məhsulları (8.000 manat), 10 qram qızıldan hazırlanmış 1 ədəd qolbaq (1.800 manat), 1.000 manat məbləğində nağd pul, doğum haqqında şəhadətnamə, əmək kitabçası, dərzilik diplomu, şəkil albomu və məzun vinetkası, orta təhsil haqqında attestatlar. İddiaçı ona məxsus əşyaların və çəkdiyi xərcin əvəzinin qaytarılması məqsədi ilə cavabdehə dəfələrlə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək və bunun üçün 350,26 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. Cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçı ilə cavabdehin atası Vaqif Əsədov arasında rəsmi nikah münasibətlərinin deyil, faktiki birgə yaşayış münasibətlərinin mövcud olduğu müəyyən edilmişdir. Faktiki ər-arvad münasibətləri nikahın dövlət qeydiyyatına alınmasını əvəz etmir və həmin münasibətlər ailə qanunvericiliyində nikahdan irəli gələn əmlak hüquqlarının yaranmasına əsas vermir. Bu baxımdan iddiaçının tələbləri Ailə Məcəlləsinin ər-arvadın ümumi əmlakı ilə bağlı müddəalarına əsaslanmaqla təmin edilə bilməz. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən tələb etdiyi daşınar əşyaların ona məxsus olmasını, həmin əşyaların cavabdehin istifadəsində qalmasını, habelə yaşayış evinin və mağazanın təmir-tikinti işlərinə şəxsi vəsaiti hesabına xərc çəkdiyini təsdiq edən mötəbər və kifayət edən sübutlar təqdim etməmişdir. Təqdim edilmiş sübutlar isə iddia tələbinin əsaslı hesab edilməsi üçün yetərli deyil. c) apellyasiya şikayəti haqqında məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa işə baxmış Rayon Məhkəməsi iş üzrə ekspertiza təyin etməmiş, iddiaçının verdiyi vəsatətlərə və şahid ifadələrinə obyektiv hüquqi qiymət verməmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

7. İddiaçı və onun hüquqlarının müdafiə edilməsi üçün dövlət vəsaiti hesabına təyin edilmiş vəkil apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, həmçinin iddia tələbinin məzmununa uyğun izahat verdilər.

8. Cavabdeh apellyasiya baxışı iclaslarında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçı onun uzaq qohumudur. İddiaçı bir neçə qonşunun evində xadimə işlədiyi kimi onun atası Vaqif Əsədovun da evində xadimə işləyib. Onun atası ilə iddiaçı nikah münasibətlərində olmamış, iddiaçı onun atasının ailə üzvü kimi həmin evdə yaşamamış, iddiaçıya məxsus əşyalar evdə olmamışdır. Evin və mağazanın inşası və onların təmiri yalnız onun atasının vəsaiti hesabına həyata keçirilmişdir. Buna görə də, işə baxmış Rayon Məhkəməsi iddia tələbini sübuta yetməməsi əsası ilə rədd etməkdə qanuni nəticəyə gəlmişdir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iş üzrə iddiaçı hazırkı iş üzrə cavabdehin atası Vaqif Əsədov ilə 2009-cu ildə faktiki nikah münasibətinə daxil olaraq iddia ərizəsində qeyd edilən tikiliyə gəlin köçmüş və 2022-ci ilin aprel ayının ortalarına kimi Vaqiflə birlikdə həmin evdə yaşamışdır. Həmin vaxt ev yarım tiki vəziyyətdə idi. Birgə yaşadıqları dövrdə iddiaçı ilə Vaqif Əsədov orada əlavə tikinti işləri aramış, həyətin keçəyə baxan hissəsində meyvə-tərəvəz mağaza inşa etdirmiş, evi və mağazanı təmir etmişlər. Daha sonra onlar həmin mağazanı böyüdərək ərzaq mağazasına çevirmiş və ticarətlə məşğul olmuşlar. Göstərilən işlərə onlar birlikdə 53,822 manat məbləğində pul xərcləmişlər. Vaqif Əsədov ##.##.2022-ci il tarixdə vəfat etmiş və bundan sonra mərhumun övladı olan cavabdeh ilə iddiaçı arasında evlə bağlı mülki mübahisə yaranmış, cavabdeh iddiaçını evdən qovmuşdur. Onların arasında evlə bağlı yaranmış mülki mübahisə məhkəmə baxışının predmeti olmuş, lakin son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının həmin mülki mübahisə ilə bağlı qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarında (iş № *(102)-398/2025) sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının qeyd edilən özbaşına tikili olan hər hansı hüququ yaranmadığından o, həmin tikiliyə köçürülə bilməz. Buna görə də, iddiaçı hesab edir ki, əgər o həmin evə köçürülə bilməzsə, onda yuxarıda qeyd edilən 53,822 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, ona məxsus və dəyəri 32.930 manat olan əşyalar da həmin evdə qalmışdır. Odur ki, həmin əşyalar, onların naturada qaytarılması mümkün olmadığı halda isə onların dəyəri cavabdehdən alınaraq ona verilməlidir.

11. Cavabdeh isə bildirir ki, uzaq qohumu olan iddiaçı bir neçə qonşunun evində xadimə işlədiyi kimi onun atası Vaqif Əsədovun da evində xadimə işləyib. Onun atası ilə iddiaçı nikah münasibətlərində olmamış, iddiaçı onun atasının ailə üzvü kimi həmin evdə yaşamamış, iddiaçıya məxsus əşyalar evdə olmamışdır. Evin və mağazanın inşası və onların təmiri yalnız onun atasının vəsaiti hesabına həyata keçirilmişdir.

12. Göründüyü kimi iş üzrə tərəflər arasında mübahisə doğuran hallar aşağıdakılardan ibarətdir: “birincisi” - iddiaçı ilə cavabdehin atası Vaqif Əsədov qeyri-rəsmi olaraq ər-arvad kimi ailə münasibətlərində olub-olmaması; “ikincisi” - iddiaçının yuxarıda qeyd edilən ünvanda Vaqif Əsədov ilə birlikdə yaşayıbyaşamaması; “üçüncüsü” - qeyd edilən ünvanda yerləşən tikililərin inşa və təmir edilməsində iddiaçının maliyyə cəhətdən iştirak edib-etməməsi; “dördüncüsü” - həmin ünvanda iddiaçıya məxsus əşyaların qalıb-qalmaması.

13. İş üzrə tərəflər arasında mübahisə doğuran “birinci” və “ikinci” halla bağlı Məhkəmə qeyd edir ki, Vaqif Əsədov ##.##.2022-ci il tarixdə vəfat etdikdən sonra mərhumun övladı olan cavabdeh ilə iddiaçı arasında evlə bağlı mülki mübahisə yaranmış, cavabdeh iddiaçını evdən qovmuşdur. Onların arasında evlə bağlı yaranmış mülki mübahisə məhkəmə baxışının predmeti olmuş, lakin son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixlı qərarındakı mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının qeyd edilən özbaşına tikili olan hər hansı hüququ yaranmadığından. O həmin tikiliyə köçürülə bilməz.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixlı qərarı ilə müəyyən edilmiş hal ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə cavabdehin atası Vaqif Əsədov ilə hazırkı iş üzrə iddiaçı arasında qeyri-rəsmi olaraq dini qaydada ər-arvad münasibətləri olmuş, onların arasına kəbin kəsilmişdir. İddiaçı ilə Vaqif Əsədov qeyd edilən mübahisəli ünvanda yaşasa da, iddiaçının qeyd edilən ünvana köçürülməsi üçün hüquqi əsas yoxdur.

15. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

16. Bu baxımdan birmənalı olaraq qəbul edilməlidir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdehin atası Vaqif Əsədov qeyri-rəsmi olaraq ər-arvad kimi ailə münasibətlərində olmuş, iddiaçı yuxarıda qeyd edilən ünvanda Vaqif Əsədov ilə birlikdə yaşamışdır.

17. İş üzrə tərəflər arasında mübahisə doğuran “üçüncü” halla bağlı Məhkəmə nəzərə alır ki, iddiaçının mövqeyinə görə, o, özünə məxsus əşyanı – pulu Vaqif Əsədova məxsus ünvanda tikililərin inşasına və təmirinə xərcləmidir. Hazırda o, həmin ünvandan çıxarılmışdır deyə, həmin ünvanda yerləşən əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərcin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 157.7.).

19. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. İddiaçı müzakirə edilən bu tələbinin əsasını təşkil edən sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir.

21. Hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehin barəsində etdiyi şikayətlə bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsi tərəfindən toplanmış və hazırkı işə əlavə edilmiş materialların surətindən, habelə apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən həmin Polis Şöbəsindən götürülmüş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli qərarların surəti apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən tədqiq edilmiş və iddiaçının bildirdiyi, lakin cavabdehin razılaşmadığı “üçüncü” hallın da mövcud olması müəyyən edilməmişdir.

22. Buna görə də Məhkəmə hesab edir ki, iddiaçının bildirdiyi “üçüncü” halın baş verməsi sübuta yetmədiyindən işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən ünvanda yerləşən tikililərin inşa və təmir edilməsində iddiaçının maliyyə cəhətdən iştirak etməsini qəbul etməməkdə və bununla bağlı müzakirə edilən həmin tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

23. Yuxarıda artıq qeyd edildiyi kimi iddiaçının sonuncu tələbi iddia ərizədə qeyd edilmiş və həmin tikilidə qalan şəxsi və məişət əşyaların, hər hansı səbəbdən onların naturada qaytarılması mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 32.930 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədədir.

24. İddiaçının bu tələblə bağlı əsaslanması, cavabdehin isə bu tələbə qarşı etirazı yuxarıda qeyd edilmişdir və buna görə də Məhkəmə onları bir daha təsvir etməyə lüzum görmür.

25. Bu tələblə bağlı işin mübahisəli “dördüncü” hal da iddiaçıya məxsus əşyaların həmin tikilidə qalıb-qalmamasıdır.

26. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).

27. Bu maddi hüquq normalarının və MPM-in yuxarıda qeyd edilmiş 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı müzakirə edilən bu tələbinin də əsasını təşkil edən sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi və yuxarıda qeyd edilən ##.##.2025-ci il tarixli qərarında, Səbail RPİ-nin 41-ci PŞ tərəfindən toplanmış materialda, habelə həmin material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli qərarlarda da müzakirə edilən tələbin əsaslı olmasını təsdiq edə biləcək məlumatlar aşkar edilməmişdir.

29. Buna görə də Məhkəmə hesab edir ki, iddiaçı, cavabdehin atası Vaqif Əsədov ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yerləşən evdə yaşasa da, özünə məxsus əşyaların çeşidini və dəyərini müəyyən edə biləcək sübutları Rayon Məhkəməsinə təqdim etmədiyindən Rayon Məhkəməsi bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə də aid dəlili əsassızdır.

30. Bundan başqa Məhkəmə qeyd edir ki, apellyasiya şikayətində işə baxmış Rayon Məhkəməsi tərəfindən iş üzrə ekspertizanın təyin edilməməsi barədə dəlil göstərilsə də, bu dəlil qətnamənin tam və ya qismən ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Çünki ekspertiza tərəfindən verilə biləcək rəydə yuxarıda qeyd edilən ünvandakı tikililərin inşasına, təmirinə çəkilən xərcin dəyəri və həmin tikililərdə yerləşən əmlakların dəyəri göstərilmiş olsa belə, bu, həmin tikililərin inşasının və təmirinin iddiaçının vəsaiti hesabına həyata keçirlməsini və ya həmin tikililərdə yerləşən əşyaların iddiaçıya məxsus olmasını təsdiq etməyəcəkdir. Ekspertiza yalnız işin düzgün həlli üçün xüsusi bilik tələb olunan halların müəyyən edilməsi məqsədilə təyin olunur. Hazırkı iş üzrə isə ilk növbədə iddiaçı tərəfindən tələbin əsası kimi göstərilən faktların mövcudluğu mötəbər sübutlarla təsdiq edilməli idi. Həmin hallar sübuta yetirilmədiyindən ekspertiza keçirilməməsi və ya iddiaçının istinad etdiyi digər prosessual məsələlər özlüyündə qətnamənin ləğv edilməsini şərtləndirmir.

31. Buna görə də Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini əsassız hesab edir.

32. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya şikayətində iddiaçı bildirir ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən şahid ifadələrinə lazımi hüquqi qiymət verilməmişdir.

33. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Çünki mülki işin materialından görünür ki, nə iddiaçı, nə cavabdeh Rayon Məhkəməsinə şahid təqdim etməmiş, Rayon Məhkəməsi hər hansı şəxsi şahid qismində dindirməmişdir.

34. İddiaçının digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi onun verdiyi vəsatətlərə obyektiv hüquqi qiymət verməmişdir.

35. İşin materialından görünür ki, birinci instansiya məhkəməsində iddiaçı özü və onun vəkili (nümayəndəsi) vəkil2 iştirak etmişlər. ##.##.2025-ci il tarixli iclasda iddiaçının vəkili vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, Səbail RPİ-nin 41-ci PŞ-dən yuxarıda qeyd edilən materialla aid sənədlərin surətlərinin götürülməsi məqsədi ilə iclasın təxirə salınmasını xahiş etmiş və Rayon Məhkəməsi vəsatəti təmin etmişdir. ##.##.2025-ci il tarixdə keçirilmiş iclasda iddiaçının vəkili (nümayəndəsi) 41-ci PŞ-dən götürdüyü həmin sənədlərin surətini Rayon Məhkəməsinə təqdim edərək, onların iş materiallarına əlavə edilib, tədqiq edilməsini xahiş etmişdir. İş materiallarından, o cümlədən iş üzrə qəbul edilmiş qətnamədən görünür ki, işə baxmış Rayon Məhkəməsi vəsatəti təmin etmiş, həmin materialları işə əlavə etmiş və onları tədqiq edərək, onlara hüquqi qiymət vermişdir.

36. İş materiallarından həmçinin görünür ki, Rayon Məhkəməsi iş üzrə tərəflərin, o cümlədən iddiaçının vəkilinin (nümayəndəsinin) təklifi ilə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadla işin məhkəmədə baxılması prosedurunu bitmiş hesab edərək, işin məhkəmə baxışına təyin edilməsini qərara almışdır. Bundan iki gün sonra, yəni ##.##.2025-ci il tarixdə isə iddiaçının vəkili (nümayəndəsi) şahidlərin dindirilməsi haqqında vəsatətlə Rayon Məhkəməsinə müraciət etmiş, lakin işə baxmış Rayon Məhkəməsi vəsatəti təmin etməmiş və şahidləri dinləməmişdir.

37. Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi şahidləri dindirməməkdə haqlı olmuşdur. Çünki, MPM-in tələblərinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). Şahid ifadələri sübut hesab edilir (maddə 76.2.) və sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 167.1.2.). Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 184.3.).

38. İddiaçının vəkilinin (nümayəndəsinin) Rayon Məhkəməsinə verdiyi “şahidlərin dindirilməsi haqqında” vəsatətdən görünür ki, vəsatət MPM-in 184.3-cü maddəsinin tələbləri baxımından ümumiyyətlə əsaslandırlmamışdır.

39. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. f) apelyasiya baxışının nəticəsi

40. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

41. Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPMin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

43. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar