Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-767/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı X8, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələblərinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- ****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İsmayılov Dəyanət Mikayıl oğlu, X1, Bəylərova Könül İslam qızı, X3, Cavabdeh və İddiaçı tərəfindən imzalanan sənədin surətinə əsasən İddiaçı tərəfindən 2021-ci il dekabr ayında Cavabdeh verilən 112.000 manat pul ##.##.2024-cü il tarixində geri qaytarıldığı, əlavə 20.000 manat pulun 18 ay müddətinə hissə-hissə qaytarılacağı qeyd edilmişdir.
2. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, R tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müaciət etmək hüququ izah olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20400 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 152 manat tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehlə qonşu olmuş və daha sonra qohumluq əlaqəsində olmuşdur. Qızı onun oğlu ilə ailə qurmuş və aralarında bir qohum kimi xoş münasibətləri olub. Cavabdeh ailəsində ciddi maliyyə problemləri yaranmışdı. Ona pul köməkliyi göstərməyini xahiş etdi. Ümumilikdə ona 112.000 manat pul verdi. Bir müddətdən sonra iddiaçının ailəsində maliyyə sıxıntıları yarandı. Cavabdeh da bu barədə məlumatlı idi. O, iddiaçı ilə söhbət əsnasında guya ailəsinə cadu edildiyini və onu təmizləyərək köməklik edə biləcəyini bildirmişdir. Bunun müqabilində iddiaçıdan ilk 15300 manat, daha sonra isə 5100 manat, ümumilikdə 20400 manat pul aldı. Bir müddətdən sonra iddiaçı ondan vəziyyətin düzəlmədiyini bildirdi və verdiyi 20400 manat pulu geri istədi. Sevda müxtəlif bəhanə gətirərək pul geri qaytarmağını uzadırdı. Bu aralarda qızı ilə kürəkəni arasında da münasibətlər pozulurdu. Evlərində tez-tez mübahisələr yaranırdı. Nəhayət ki, rəsmi nikahları məhkəmə qaydasında pozuldu. Sevda iddiaçıdan əvvəlcə aldığı 112.000 manat pulu yaxın qonşularının iştirakı ilə akt əsasında qaytardı və qalan 20400 manatı isə 18 aya hissə-hissə olmaqla geri qaytaracağını öhdəsinə götürdü. Artıq müəyyən müddət keçsə də, cavabdeh pulu geri qaytarmırdı. İddiaçı ona dəfələrlə ehtiyacı olduğunu bildirsə də, heç bir şəkildə nəticəsi olmurdu. Belə olan halda ## ###### 2025ci ildə DİN-nin “102” Xidməti Zəng Mərkəzi sisteminə zəng edərək ondan şikayət etdi. Etdiyi şikayət araşdırılması üçün Nəsimi rayon 19-cu PB-nə ünvanlandı. Aparılmış araşdırılma nəticəsində mübahisənin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət edilməsi məqsədilə “cinayət işinin başlanılmasının rədd ediməsi barədə” 25 yanavar 2025ci il tarixli qərar qəbul edildi. Qərarı aldıqdan sonra məhkəməyə müraciət etmək qərarına gəldi.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ####### 2025-ci tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələb, yəni cavabdehə 20.000 manat pul vəsaitinin verilməsi və sonradan bu vəsaitin borc qismində geri qaytarılmalı olması barədə təqdim edilən dəlillər iş üzrə inandırıcı və mötəbər sübutlarla əsaslandırılmamışdır. İddiaçı tərəfindən bu tələbin əsaslandırılması üçün işə yalnız bir ədəd yazılı sənədin surəti əlavə edilmişdir. Həmin sənəddə 112.000 manatın qaytarıldığı, 20.000 manatın isə hissə-hissə ödəniləcəyi qeyd olunmuşdur. Lakin sənədin əsl nüsxəsi, yaxud notarial və ya qanunvericiliklə müəyyən edilmiş digər qaydada təsdiqlənmiş surəti təqdim olunmamışdır. Həmçinin, bundan əlavə tərəflər arasında 112.000 manat məbləğində pulun verilməsinə dair borcun etirafı müqaviləsi də yazılı şəkildə mövcud olmamışdır. Lakin həmin vəsaitə münasibətdə cavabdeh borc pul aldığını etiraf etsə də, iddiaçı həmin pulun qaytarıldığını bildirərək mübahisələndirməmişdir. Göründüyü kimi tərəflər arasında nə 20.000 manat pulun verilməsinə dair yazılı müqavilə, nə də ki, 112.000 manat pulun etirafı barədə yazılı müqavilə mövcud olmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2, 386.1, 739.1, 739.2, 882.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, Mülki Prosessual Məcəllənin 4.1, 9, 77.1, 80, 89.1, 89.3, 89.4, 106.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh məhkəmə prosesində iştirak edərək 112000 manatı qaytadığını etiraf etmiş, həmin pulu qaytararkən banklara müraciət edərək hətta əskinazların həqiqiliyini yoxlatdırmışdır. Daha sonra isə guya pulu heç bir qəbz almadan iddiaçıya geri qaytarmışdır. Məhkəməyə göstərilən faktları təsdiq etmək üçün tərtib olunan aktdakı adı göstərilən şəxslərdən bir nəfəri belə şahid qismində prosesə dəvət etməmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdehin vəkili 112000 manatın qaytarılmasını həmin qəbzi subut olaraq etiraf etsə də, qalan 20000 manatla bağlı cavabdehin öhdəliklərini qəbul etməmişdir. Bu isə özü öz növbəsində borcun etirafı olaraq qiymətləndirilməli idi. Cavabdehin vəkili məhkəməyə təqdim edilən subut olaraq həmin aktı keçirilmiş dörd məhkəmə prosesində mübahisələndirməmişdir. Yalnız sonuncu baxış iclasında cavabdeh şəxsən iştirak edərək aktdakı imzaların ona aid olmadığını, aktı birinci dəfə gördüyünü bildirmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verdilər, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddianı dəqiqləşdirərək cavabdehdən 20.000 manat pul tutularaq ona ödənilməsini xahiş etdi və bildirdi ki, əslində cavabdehə 12.000 ABŞ dolları, yəni Azərbaycan manatının məzənnəsi ilə 20.400 manat vermişdir. Lakin akt tərtib edilərkən cavabdeh ondan 400 manatın “hallalığını” istəmiş, o da etiraz etməmişdir. Ona görə də aktda 20.000 manat göstərilmişdir və o da cavabdehdən 20.000 manat tələb edir. Həmçinin hazırki iddianın alimentlə heç bir bir əlaqəsi yoxdur.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.Maddə 194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. 15.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 16.Maddə 531.2. Həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin və alimentlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilmir. 17.Maddə 545.0.5. Alimentlərin tutulması ilə bağlı olduqda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. 18.Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 19.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 20.Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 21.Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
31. İşin faktiki halı ondan ibarətdir ki, tərəflər arasında qohumluq münasibətləri olmuş, iddiaçının qızı ilə cavabdehin oğlu nikaha daxil olmuş, sonradan boşanmışlar. Bundan əvvəl iddiaçı tərəfindən cavabdehə 112.000 manat məbləğində borc pul verilmiş, sonradan cavabdeh həmin borcu şahidlərin iştirakı ilə iddiaçıya qaytarmışdır. İddiaçı, cavabdehin falçılıqla məşğul olduğunu, bu baxımdan ona köməklik göstərilməsi üçün cavabdehə 20.000 manat pul verdiyini, bununla bağlı şahidlərin iştirakı ilə yazılı sənəd tərtib edildiyini, hazırki vaxtadək cavabdehin pulu qaytarmadığını iddia edərək hazırki tələbi irəli sürmüşdür. Cavabdeh isə iddiaçıdan 112.000 manat məbləğində borc pul aldığını etiraf edir. Lakin, iddiaçının ona şər-böhtan atdığını, belə ki, falçılıqla məşğul olmadığını, ona 20.000 manat pul verilmədiyini, sadəcə uşaqları boşandığı zaman iddiaçının ona aliment ödənilməməsi qarşılığında 20.000 manat pul verilməsini bildirdiyini, həmin pulun verilməsinə dair heç bir sənədə imza atmadığını bildirərək iddia tələbinin rədd edilməsini tələb edir.
32. Göründüyü kimi tərəflər arasında borc münasibətlərinin olması, cavabdehin aldığı borcun 112.000 manat olması və onu qaytarılması halı mübahisəsizdir. Mübahisəli hal ondan ibarətidir ki, cavabdeh əlavə olaraq iddiaçıdan 20.000 manat almasını etiraf etmir və qonşuların iştirakı ilə hər hansı akt tərtib edilmədiyini bildirir. İddiaçı isə aktın əslini təqdim edə bilmir, bildirir ki, sənədin əsli cavabdehdə qalıb.
33. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi aktın mövcudluğunu etiraf etsə də, sonrakı prosesdə cavabdeh özü iştirak etmiş və tərəflər arasında qonşuların iştirakı ilə akt tərtib olunmasını inkar etmişdir.
34. Məhkəmə kollegiya cavabdehin izahatını inandırıcı hesab etmir.
35. Belə ki, Bakı şəhəri BPİ Nəsimir RPİ-nin 19-cu polis şöbəsindən tələb olunmuş HK-*/*** saylı təhqiqat materialından görünür ki, ## ###### 2025-ci il tarixdə iddiaçı mənzilinə və ailəsinə edilən “cadunu” ləğv edilməsi məqsədi ilə hissə-hissə cavabdehə ödədiyi 20.400 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair tədbirlər görülməsini xahiş etmişdir.
36. Təhqiqat materialına əlavə edilmiş cavabdehin eyni tarixli izahatından görünür ki, uşaqların boşanmasından sonra aliment tələbindən imtinanın əvəzi olaraq iddiaçı ondan 20.000 manat pul istəmişdir. O da bununla razılaşmış və hissə-hissə pulu 18 ay müddətinə ödəyəcəyini bildirmişdir. Qeyd edilənlərlə bağlı qonşularının və iddiaçının iştirakı ilə yazılı razılıq əldə olunmuşdur.
37. İş materiallarında olan Aktın surətindən görünür ki, Cavabdeh 2021-ci ilin dekabr ayında aldığı 112.000 manat pulu ## ###### 2024-cü il tarixdə geri qaytarmışdır. Əlavə olaraq qalıq 20.000 manat borcun 18 ay ərzində hissə-hissə qaytarılması barədə razılaşma olmuşdur.
38. Cavabdeh hazırda belə bir razılaşmanı inkar etsə də, 19-cu polis şöbəsində verdiyi izahatda, eləcə də birinci instansiya məhkəməsində nümayəndəsinin verdiyi izahatlarda 20.000 manatın iddiaçının qızının onun oğlundan aliment tələbinin əvəzinə razılaşdığını qeyd etmişdir.
39. Kollegiya ilk növbədə qeyd edir ki, alimentin hər hansı formada əvəzləşdirilməsini Mülki Məcəllə istisna etmişdir. Belə bir əvəzləşdirilmənin aliment ödəyən şəxsin valideyni tərəfindən aparılması və buna aliment alanın valideyninin razılaşması müvafiq səlahiyyətləri olmadığı təqdirdə yolverilməzdir.
40. Həmin şəxslərin səlahiyyətləri olduqda belə aliment barədə saziş yazılı formada bağlanmaqla notarial qaydada təsdiq edilməlidir.
41. Azərbaycan Resoublikası Ailə Məcəlləsinin 94-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar (maddə 94.1). Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (maddə 94.2). Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur (maddə 94.3).
42. Sadalananlardan göründüyü kimi 20.000 manatın alimentin əvəzi olaraq hesaba alınması real və inandırıcı deyil.
43. Tərəflər arasında bağlanmış Akta gəldikdə kollegiya qeyd edir ki, aktın mövcudluğu işin halları ilə tam sübuta yetirilir və həmin halı cavabdehin özü də polis şöbəsində verdiyi izahatında təsdiq etmişdir.
44. Göründüyü kimi tərəflər arasında 20.000 manat borcun qalması işin halları ilə öz təsdiqini tapır.
45. Təcrübədən bəlli olduğu kimi, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin varlığını və icra vaxtını notarial qaydada təsdiqlənən “kredit müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir.
46. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
47. Hazırki işin hallarından isə müəyyən olunur ki, tərəflər mübahisəli aktla (əqdlə) cavabdehin iddiaçıya olan 112.000 manat borcunun qaytarılmasını və mövcud olan 20.000 manat borcun qaytarılması şərtlərini rəsmiləşdirərərk, həmin əqdi etibarlı hala gətirmişlər. Akt 20.000 manat borcu təminat altına almaq məqsədi ilə tərtib olunmuşdur.
48. Bu hallar tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilədən irəli gələn hüquq münasibətlərinin yarandığına dəlalət edir.
49. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlikmünasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
50. Həmin Məcəllənin 882.5-ci maddəsinin tələbinə görə isə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
51. Müəyyən olunur ki, mübahisəli Akt tərtib olunarkən tərəflər cavabdehin iddiaçıya olan 112.000 manat borcunun qaytarılmasını və borclu qaldığı 20.000 manat borcun qaytarılmasının şərtlərini sənədləşdirmək düşüncəsi ilə hərəkət etmişlər, yəni 20.000 manata münasibətdə Aktla əslində mövcud borcun sənədləşdirilməsi həyata keçirilmişdir. Bu hal həmin əqdin etibarsız hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər.
52. Başqa sözlə, kreditorun mövcud borcu Akt tərtib edilməsi yolu ilə rəsmiləşdirildikdə, tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə, həmin Akt borcun etirafı kimi qiymətləndirilməlidir və bu zaman həmin sənədin adının nə olması əhəmiyyət kəsb etmir.
53. Mübahisə olduqda müqavilənin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yalnışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır.
54. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2019-cu və ##.##.2012-ci il tarixli qərarları).
55. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
56. Qeyd olunan qiymətləndirmə konteksində müəyyən olunan hal ondan ibarətdir ki, tərəflər öz iradələrini sərbəst bəyan etməklə borcun etirafı barədə müqavilə bağlamışlar.
57. Borcun qaytarılması barədə isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
58. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. İddianın həcminin azaldılmasına gəldikdə, iddiaçı öz izahatında buna belə münasibət bildirmişdir ki, akt tərtib olunarkən 400 manat cavabdehə güzəşt etdiyi üçün aktda 20.000 manat qeyd edilmişdir.
60. Məhkəmə xərclərinə gəldikdə kollegiya qeyd edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin olunan hissəsinə mütənasib tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 152 manat, apellyasiya şikayətinin verilməsinə görə isə 79,60 manat dövlət rüsumu ödəmişdir. Lakin işə apellyasiya icraatında baxılarkən iddiaçı iddia tələbini 400 manat azaltdığından məhkəmə xərcləri 20000 manata münasibətdə tutulmalıdır.
61. Belə olduqda kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsinə görə 150 manat və apellyasiya şikayətinin verilməsinə 75 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələblərinə dair” iddiası təmin edilsin. Cavabdeh Cavabdeh 20000 manat pul, iddia ərizəsinin verilməsinə görə 150 manat və apellyasiya şikayətinin verilməsinə görə 75 manat dövlət rüsumu olmaqla, cəmi 20225 manat pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.