Məhkəmə qərarları › İş №2(3-6)-831/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-831/2026

10.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-831/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(5-102)-199/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və qeyrilərinə qarşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(5-102)-199/2026 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və qeyrilərinə qarşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından yolverilməz hesab olunması və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015–ci il tarixli 4№–li qərarının 7.1–ci bəndinə istinad edərək göstərmişdir ki, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Lakin birinci instansiya məhkəməsi aşağıdakıları nəzərə almamışdır. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati– Prosessual Məcəlləilə tənzimlənir. Məcəllənin 1.1–ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həlledilməsinin prosessual prinsiplərinivə qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1–ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki–prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. Normanın məzmununa əsasən, inzibati icraat qaydasında işlərə baxılması üçün ilk növbədə tələb inzibati hüquq münasibəti ilə bağlı olmalı, daha sonra bununla bağlı İPM–in 2.2–ci maddəsində sadalanan müvafiq iddia növü ilə inzibati məhkəmələrə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1– cimaddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla vəya qanunla müdafiəedilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət vəya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1112–ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Hazırki tələb isə maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan və bu iddia növü İPM–in yuxarıda da qeyd olunmuş iddia növlərinə daxil olmadığından həmçinin mövcud iddia delikt öhdəliklərindən irəli gələn mübahisə ilə bağlı olduğundan inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Lakin birinci instansiya məhkəməsi kompensasiyanın ödənilməsi ilə maddi–mənəvi ziyanın tələb edilməsini ayırd etmədən formal əsaslarla iddia ərizəsini geri qaytarmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Birinci instansiya məhkəməsi kompensasiyanın ödənilməsi ilə maddi–mənəvi ziyanın tələb edilməsini ayırd etmədən formal əsaslarla iddia ərizəsini geri qaytarmışdır. Belə ki, iddianın predmetini maddi–mənəvi ziyanın ödənilməsi təşkil edir ki, bu iddia növü İPM–in yuxarıda da qeyd olunmuş iddia növlərinə daxil olmadığından həmçinin mövcud iddia delikt öhdəliklərindən irəli gələn mübahisə ilə bağlı olduğundan inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddia tələbinin məzmunundan və predmetindən aydın görünür ki, hazırki iddia delikt öhdəliklərindən irəli gələn mübahisə ilə bağlı olduğundan mülki məhkəmə icraatı qaydasında baxılmalı olan iddiadır. Lakin məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməyərək iddianı geri qaytarmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(5-102)-199/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(5-102)- 199/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. AR İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələblərinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən iddiaçının cavabdeh qismində göstərdiyi hüquqi şəxslər inzibati orqanlardır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 7.1-ci bəndinə əsasən inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şikayətrin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tələbini, yəni vurulmuş ziyanın (maddi və mənəvi) inzibati orqanın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsi ilə əlaqələndirildiyindən və AR İPM-nın 2.2.7-ci maddəsi isə məhz inzibati orqanın qanunsuz hərəkətləri ilə vurulmuş ziyanın ödənilməsi tələbinə inzibati məhkəmədə baxılmalı olmasını nəzərdə tutduğundan şikayətin dəlilləri əsaslı hesab edilmir. Şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Məhkəmə həmçinin izah etmişdir ki, iddiaçı göstərilən tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(5-102)-199/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(5-102)-199/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar