Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-848/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X4 və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli, 2(001)-2654/2025 saylı qərardadından İddiaçı tərəfindən tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvləri, anası 05 oktyabr 1967-cü il təvəllüdlü X2 və 29 avqust 2005-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 2654/2025-024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni xx.xx.2025-ci il tarixdə almış, həmçinin mübahisə üzrə vəkil xidmətlərindən istifadə etmişdir. Vəkili ona mübahisə üzrə düzgün informasiya verməmiş, qətnamə çıxdıqdan sonra ondan apellyasiya şikayəti vermək əvəzinə, məhkəmədə yeni iddia qaldırmış (evə girişə yaradılmış maneənin aradan qaldırılması barədə), bu iddiaya dair iş üzrə icraata xitam verilmişdir, çünki mübahisənin kökü əvvəlki məhkəmə işi idi. Vəkilin göstərişi ilə bu qərardaddan şikayət verilmiş, yuxarı instansiya məhkəməsi həmin qərardadı dəyişdirilmədən saxlamışdır. Sonradan o başqa hüquqşünasla bütün mübahisələri müzakirə edəndə, məlum olmuşdur ki, əvvəlki vəkilinin səhlənkar və səriştəsizliyi nəticəsində müddəti ötürmüşdür. Onun mübahisəli evlə bağlı pozulmuş hüquqlarının bərpası yalnız hazırki işin gedişatından asılıdır. Bunun üçün isə ötürülmüş müddət sadaladığı əsaslara görə bərpa olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli, 2(001)-2654/2025 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2654/2025-024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət “buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi”nin dəlilləri ilə əsaslandırılmaqla yanaşı göstərilmişdir ki, müddətin bərpa edilməsi institutunda qətnamənin qəbul edilməsi vaxtından nə qədər müddət keçməsi heç bir məna kəsb etmir, yəni qətnamənin qəbulundan 10 il müddət keçə bilər və məhkəmə bu ötürülməni üzürlü hesab edə bilər. Praktikada belə hallar çoxdur. Digər tərəfdən, qanunda müddətin bərpa edilməsi üçün hansı halların üzürlü hesab edilməsi barədə hər hansı normalar mövcud deyildir. Konkret hazırki halda, işdən də görünür ki, müddətin keçirilməsində məsuliyyət onun deyil, əvvəlki vəkilinin olmuş, lakin o, işinə ləyaqətlə yanaşmamış, müddəti bilərəkdən ötürməsinə süni şərait yaratmışdır. Hazırki halda bu işdə, vəkilinin və qarşı tərəfin mövqelərinə məhkəmənin də qoşulması onda məhkəmənin neytrallığına şübhə yaratmaqdadır. Əgər qəbul edilmiş qətnamə qanuni və əsaslıdırsa, müddəti bərpa etmək və onu yuxarı instansiya məhkəməsinə göndərmək hazırki vəziyyətdə ən optimal prosessual hərəkət hesab edilməlidir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli, 2(001)- 2654/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2654/2025-024 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili-nümayəndəsi X1 elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbləri baxımından iddiaçı tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımı xx.xx.2025-ci il tarixdən başlamış və xx.xx.2025-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti iddiaçı tərəfindən 14 yanvar 2026-cı il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi apellyasiya şikayəti verilməsi müddət 6 aydan artıq olmaqla ötürülmüşdür. Bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. İddiaçı isə bildirmişdir ki, əvvəlki vəkilin səhlənkar və səriştəsizliyi nəticəsində apellyasiya şikayəti verilməsi müddətinin ötürülmüşdür. Lakin qeyd edilən hallar buraxılmış prosessual müddətin bərpası üçün qanunla nəzərdə tutulmuş əsas olmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür, bu səbəbdən iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinin təmin edilməsi üçün üzürlü səbəblər mövcud deyildir. Məhkəmə Kollegiyası şikayətin qətnamə çıxarılmasından 6 aydan artıq müddət keçdiyi üçün buraxılmış müddət bərpa edilə bilməməsi ilə bağlı qanunvericilikdə bu cür əsaslandırmanın ümumiyyətlə olmamasına dair dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun “X3 şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının göstərdiyi səbəb müddətin bərpa edilməsi üçün əsas hesab edilə bilməz. Çünki iddiaçı özü təsdiq edir ki, qətnamədən məlumatlı olmuş, lakin yanlış yönləndirilmişdir. Bu isə qətnamənin qəbulundan ötən 6 aydan artıq bir zamanda iddiaçının qətnamədən apellyasiya şikayəti verməsi üçün maneə olmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbləri kimi göstərilən hal üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Nəticə etibarilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut da təqdim etməmişdir. Bununla da iddiaçı apellyasiya şikayətini vaxtında vermək imkanının olmadığını, bu müddətin isə özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut edə bilməmişdir. Əks yanaşma isə ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli, 2(001)-2654/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-848/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-848/2026
10.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver