Məhkəmə qərarları › İş №2(3-6)-872/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-872/2026

03.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-872/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı X1 cavabdehlər “xxxx” MMC və Goranboy rayon Notariat ofisinin xüsusi notariusuna qarşı “icra qeydinin ləğv edilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdeh (kredit verən) “xxxx” MMC Qeyri-Bank Kredit Təşkilatı ilə iddiaçı (kredit alan) Vüqar Ziyadovun arasında bağlanmış ##.##.2014-cü il tarixli ************** nömrəli kredit müqavilə əsasən, cavabdeh iddiaçıya 12 ay müddətinə 1.300 ABŞ dolları məbləğində kredit verib. 2.Daha sonra eyni tərəflərin arasında ##.##.2019-cu il tarixli ************** nömrəli “Kredit (restrukturizasiya) müqaviləsi” bağlanıb. Həmin müqaviləyə görə görə, kredit verən üzərinə öhdəlik götürüb ki, kredit alanın vaxtı keçmiş 1.828,68 manat əsas kredit borcunun ödənilməsi məqsədilə kredit alana 1.828,68 manat məbləğində güzəştli kredit verəcək, kredit alan isə üzərinə öhdəlik götürüb ki, krediti və onun faizlərini ödəniş cədvəli ilə müəyyən edilmiş müddətdə və məbləğdə kredit verənə ödəyəcək. 3.Goranboy rayon Notariat ofisinin xüsusi notariusu Xəqani Aslanovun verdiyi ##.##.2025-ci il tarixli 8İ-**** reyestr nömrəli icra qeydinə görə, ##.##.2019-cu il tarixli ************** nömrəli müqaviləyə əsasən borclu Vüqar Ziyadov və zamin Elçin Səlimovdan tələbkar “xxxx” MMC-nin xeyrinə 1.730,81 manat pul tutulmalıdır. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, cavabdeh Goranboy rayon Notariat ofisinin xüsusi notariusunun həmin icra qeydi ləğv edilsin və 1.730 manat pul cavabdeh “xxxx” MMCdən alınaraq iddiaçı Vüqar Ziyadova verilsin. 5.Tələb onunla əsaslandırılıb ki, iddiaçı ##.##.2019-cu il tarixli kredit müqaviləsini imzalasa da, həmin müqavilə üzrə ona pul verilməyib, cavabdeh “xxxx” MMC-dən iddiaçıya bildiriblər ki, iddiaçının daha əvvəl bağladığı kredit müqaviləsi üzrə 1.730 manat kredit borcu var, ##.##.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsində göstərilən kredit əvvəlki müqavilə üzrə borcun ödənilməsinə yönəldilib. 6.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.Şikayət onunla əsaslandırılıb ki, iddiaçı ##.##.2014-cü il tarixli ************** nömrəli kredit müqaviləsi üzrə kredit borcunu vaxtlı-vaxtında ödəyib və cavabdeh “xxxx” MMCyə borcu qalmayıb. İddiaçı ikinci kredit müqaviləsini - ##.##.2019-cu il tarixli ************** nömrəli müqaviləni imzalayarkən cavabdeh “xxxx” MMC iddiaçıya 1.730 manat kredit ayrılacağını bildirmiş, lakin sonradan cavabdeh iddiaçıya bildirmişdir ki, 1.730 manat kredit iddiaçının keçmiş borcuna silinib. Cavabdeh iddiaçıya kredit ayırmaq əvəzinə ona yeni öhdəlik yaradıb, daha sonra isə notarius 1.730,81 manat pulun iddiaçıdan cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulması barədə icra qeydi verib. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının ##.##.2019-cu il tarixli müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını nəzərə almayıb, həmçinin borcun mübahisəli olmasına baxmayaraq icra qeydini ləğv etməyib. 9.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Apellyasiya şikayəti təmin edilə bilməz, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 11.İcra qeydinə dair mübahisələr öz əsasına görə iki yerə bölünür. Birinci mübahisənin əsasını icra qeydinin verilməsi prosedurunun pozulması təşkil edir. İkinci mübahisənin əsasını icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələb (onun yaranma əsası, məbləği və s.) təşkil edir. Müvafiq şəxs icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 8-ci hissəsində göstərilib: “İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər”. 12.Hazırkı işdə iddiaçı icra qeydinin verilməsi prosedurunun pozulduğunu iddia etmir, icra qeydi aparılmış maddi-hüquqi tələbi mübahisələndirir. Belə ki, iddia tələbinin əsası ondan ibarətdir ki, icra qeydinin aid olduğu ##.##.2019-cu il tarixli ************** nömrəli “Kredit (restrukturizasiya) müqaviləsi” üzrə iddiaçıya pul verilməyib, ona görə də cavabdeh “xxxx” MMC iddiaçıdan pul tələb etmək hüququna malik deyil. İddiaçının istinad etdiyi həmin əsası ##.##.2019-cu il tarixli ************** nömrəli müqavilənin şərti təkzib edir. Belə ki, müqavilənin 1.2-ci bəndində qeyd olunub ki, kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur, kredit məbləği kredit verən tərəfindən birbaşa, yəni kredit alana ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İddiaçı müqavilə azadlığından istifadə edərək belə məzmunda müqavilə bağlayıb. Ona görə də icra qeydinin ləğv edilməsi barədə tələb təmin oluna bilməz. 13.Məhkəmə icra qeydini başqa əsasla (iddiaçının istinad etmədiyi əsasla) ləğv etmək hüququna malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur, yəni məhkəmə tələbi həll edərkən onun əsasından kənara çıxa bilməz.

14. İddiaçının digər tələbi - ##.##.2019-cu il tarixli ************** nömrəli “Kredit (restrukturizasiya) müqaviləsi” üzrə 1.730 manat pulun cavabdeh “xxxx” MMC-dən alınaraq iddiaçıya verilməsi barədə tələb təmin oluna bilməz. Belə ki, bu tələb iddiaçının istinad etdiyi müqavilənin 1.2-ci bəndində qeyd olunan şərtə uyğun deyil. Həmin şərtə görə, kredit kredit alana ödənilmir, onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Odur ki, müqavilənin 1.2-ci bəndindəki şərt tərəflər üçün məcburidir. 15.İddiaçı apellyasiya şikayətində ##.##.2019-cu il tarixli ************** nömrəli müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını bildirsə də, o, müqavilənin bu əsasla etibarsız sayılması barədə iddia irəli sürməyib. Apellyasiya şikayətində müqavilənin etibarsız sayılması barədə tələb irəli sürülə bilməz. 16.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar