Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1201/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi) Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi, iddiaçı X4, cavabdeh Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dаir mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evi 1/3 hissədə X2, 1/3 hissədə İddiaçı, 1/3 hissədə X3 xüsusi mülkiyyətində olmuşdur.
2. Tovuz rayon İHB-nın Öysüzlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli arayışdan görünür ki, reyestr nömrəsi 503012002346- 10301 qeydiyyat nömrəsi **********, 2624006293, 2624006**3 Dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Yuxarı Öysüzlü kənd ünvanında yerləşən X3, İddiaçı və X2 məxsus fərdi yaşayış evində hal-hazırda qeydiyyatda heç kim yoxdur.
3. Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli, *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verənlər İddiaçı və X3 rayonu, Yuxarı Öysüzlü kəndi ünvanında yerləşən, ümumi sahəsi 31,1 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus 1/3 hissədə paylarını Cavabdeh bağışlamışlar.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/** saylı məktubdan görünür ki, Bakı şəhəri ** saylı notariat ofsinin ##.##.2024-cü il tarixli, 2V-6, 2V7 və 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında X2 (1/3 hissə), İddiaçı (1/3 hissə) və X3 (1/3 hiss) payı müəyyən olmaqla adına ünvan 1ndə yerləşən, ümumi sahəsi 31,1 kv.m olan fərdi yaşayış evinə dair ##.##.2024-cü il tarixdə 2624006**3, 2624006293 və ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofinin ##.##.2025- ci il tarixli, 4I-*** reyestr nömrəli bağışlama müqaviləsi əsasında qeyd edilən fərdi yaşayış evinə dair X2 (1/3 hissə) və Cavabdeh (1/3 hissə) paylı mülkiyyətdə olmaqla adlarına ##.##.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
5. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər Tovuz regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə, Cavabdeh və X3 qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilmişdir.
6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Kimya İnstitutu” PHŞ tərəfindən verilmiş **/** saylı, ##.##.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən “Kimya İnstitutu” PHŞ-də ##.##.2026-cı il tarixdən hal-hazıradək kiçik elmi işçi vəzifəsində işləyir. Halhazırda onun aylıq əmək haqqı 575 (beş yüz yetmiş beş) manat təşkil edir. İddiaçı AMEA akademiyası M.Nağıyev adına Kataliz və Qeyriüzvi Kimya İnstitutunda ##.##.2009-cu il tarixdən ##.##.2025-ci ilədək mühəndis, elmi işçi vəzifəsində çalışıb. Sonuncu vəzifə üzrə əmək haqqı 600 (altı yüz) manat olmuşdur. Arayış Tovuz Rayon Məhkəməsinə təqdim etmək üçün verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X3 və Cavabdeh arasında Tovuz rayonu, Öysüzlü kəndində yerləşən evə dair payın bağışlanması barədə Tovuz regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində ##.##.2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin iddiaçıya aid olan hissədə bağışlamaqdan imtina etdiyini nəzərə alıb ləğv edilməsi və bu bağışlanma müqaviləsi əsasında əldə edilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbinin belə əsaslandırmışdır ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evi onun, bacısı X2 və qardaşı X3 ümumi mülkiyyətindədir. Bu fərdi yaşayış evi onlara vərəsəlik qaydasında mərhum analarından keçmişdir. Həmin evdə hər birinin 1/3 hissədə mülkiyyət payı vardır. ##.##.2025-ci il tarixdə o, bu evdə olan payını əmisi oğlu Cavabdeh bağışlamışdır. Bununla əlaqədar Tovuz regional “ASAN Xidmət” mərkəzində ##.##.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi də bağlanmışdır. Həmin müqavilə bağlanarkən o, əmisi oğlu Cavabdeh həmin bu evin onların ata yurdu olduğunu və bu səbəbdən də evin əvvəlki vəziyyətdə saxlanılmasını ona bildirmişdir. Cavabdeh da heç bir problem olmayacağını, ona və digər bacı və qardaşlarına məlumat vermədən və razılıq almadan heç bir tikinti və yenidən qurma işlərini aparmayacağını bildirmişdir. Həmçinin iddiaçı öz payını Cavabdeh bağışlasa da daima bu evə gəlib-gedəcəyini, istənilən vaxt və istənilən müddətdə bu evdə qalacağını Tağıyev Sehuna bildirmişdir. Seyhun da bu məsələyə razı olduğunu bildirmişdir. Lakin bu yaxınlarda Tovuz rayonuna gedərkən ata yurdunda onun xəbəri və razılığı olmadan Sehun tərəfindən söküntü işlərinin aparıldığını və həmçinin bəzi əlavə tikinti işlərinin aparıldığının şahidi olmuşdur. Həmçinin Seyhun tərəfindən onun mərhum atasının min əziyyətlə yetişdirdiyi bir çox ağacların kəsilərək məhv edildiyini, həmçinin mərhum valideynlərindən miras qalmış bir çox ev əşyalarının və avadanlıqların da Seyhun tərəfindən satıldığının şahidi olmuşdur. Bununla əlaqədar iradını bildirdikdə cavabdeh ona qarşı kobudluq göstərərək yaxşı elədiyini, artıq evin sənədinin onun adına olduğunu və onun razılığına ehtiyyacı olmadığını bildirmişdir. Həmçinin cavabdeh ailəsi ilə birlikdə köçüb bu evdə yaşadığı üçün artıq onun bu evdə gəlib qalmağına şəraitin olmadığını bildirmişdir. O, bununla əlaqədar iradını bildirdikdə cavabdeh ona qarşı bir daha kobudluq göstərmişdir. Yəni işin hallarından görünür ki, Cavabdeh bu evi öz adına keçirmək üçün ona yalan vədlər vermiş və artıq evə dair sənədlər onun adına olduqdan sonra götürdüyü öhdəliklərə əməl etməkdən yayınmışdır. Əlavə olaraq qeyd edir ki, sözügedən bağışlanma müqaviləsi bağlandıqdan sonra onun maddi vəziyyəti çətinləşmişdir. Ona görə də bu evdəki payının itirilməsi çətin olan maddi vəziyyətinin daha da pisləşməsinə gətirib çıxaracaqdır. Odur ki, öz payının cavabdehə bağışlamasından imtina edərək həmin bağışlanmanın ləğv edilməsini istəyir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim P.Z.İsaqlı) iddia təmin edilməmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli, *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı və X3 rayonu, Yuxarı Öysüzlü kəndi ünvanında yerləşən, ümumi sahəsi 31,1 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus 1/3 hissədə paylarını Cavabdeh bağışlamışlar. Hazırda isə iddiaçı cavabdeh ilə aralarında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən iddia ərizəsində bağışlama müqaviləsinin ləğvi əsası kimi evin əvvəlki vəziyyətdə saxlanılmaması, cavabdehin onu evdə qalmağa icazə verməməsi və buna görə ona kobudluq göstərməsi, bağışlama müqaviləsi bağlandıqdan sonra onun maddi vəziyyətinin pisləşməsi göstərilmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı və ya onun yaxın qohumlarının barəsində cinayət törətməsi müəyyən edilmir.
13. Məhkəmənin mövqeyinə görə hazırda cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması halının olması iş materialları ilə təsdiqin tapmır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin dəlillərində bağışlama müqaviləsinin öhdəliklə şərtləndirildiyini bildirsə də, bu iş materialları ilə müəyyən edilmir. Belə ki, iş materialarından göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsini cavabdehə bağışlamanı hansısa bir şərtdən və ya öhdəlikdən asılı etməmişdir. Bağışlamanın hansısa bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda, tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Odur ki, daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunlanəzərdə tutulmuş formada – notarial qaydada təsdiqlənmiş yazılı müqavilədə qeyd olunması zəruridir.
15. İddiaçının iddia ərizəsindəki dəlillərlə bağlı məhkəmə əlavə olaraq qeyd etmişdir ki, hazırda cavabdeh sözügedən fərdi yaşayış evini qanuni əsaslarla hədiyyə almış və həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları əldə etmişdir.
16. Eyni zamanda məhkəmə bağışlama müqaviləsinin bağlanmasından sonra iddiaçının maddi vəziyyətinin ağırlaşması əsası ilə bağlı bildirmişdir ki, qeyd olunan hal bağışlama müqaviləsinin deyil, bağışlama vədinin ləğvi üçün mülki qanunvericilikdə göstərilmiş hallara aiddir. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia ərizəsində göstərilən hallar bağışlama müqaviləsinin ləğv üçün əsas deyildir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, ##.##.2025-ci il tarixli əqdin ləğv edilməsi üçün əsaslar olmadığı üçün onun əsasında verilmiş çıxarışın da ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddia tələbinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13,24,29 və 71ci maddələrinə,
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 324.1, 3*5.1, 3*9.1, 390.1, 399.1, 405.1, 421.1, 421.2, 666.1, 670.1, 673.1-673.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, *0, *1, **, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz rayon Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi onun, bacısı X2 və qardaşı X3 ümumi mülkiyyətindədir. Bu fərdi yaşayış evi onlara vərəsəlik qaydasına mərhum anasından keçmişdir. Həmin evdə hər birinin 1/3 hissədə mülkiyyət hüquqi vardır. ##.##.2025-ci il tarixində o bu evdə olan payını əmisi oğlu Cavabdeh bağışlamışdır. Bununla əlaqədar Tovuz regional “ASAN Xidmət” mərkəzində ##.##.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi də bağlanmışdır. Bu müqavilə bağlanarkən o, Cavabdeh həmin bu evin ata yurdu olduğunu və bu səbəbdən də həmin bu evin əvvəlki vəziyyətdə saxlanılmasını ona bildirmişdir. Cavabdeh da heç bir problem olmayacağını ona və digər bacı və qardaşına məlumat vermədən və razılıq almadan heç bir tikinti və yenidən qurma işlərini aparmayacağını bildirmişdir. Həmçinin öz payını Cavabdeh bağışlasa da daima bu evə gəlib gedəcəyini istənilən vaxt və istənilən müddətdə bu evdə qalacağını Cavabdeh bildirmişdir. Seyhun da bu məsələyə razı olduğunu bildirmişdi. Lakin bu yaxınlarda Tovuz rayonuna gedərkən həmin bu ata yurdunda xəbəri və razılığı olmadan Seyhun tərəfindən söküntü işlərinin aparıldığı və həmçinin bəzi əlavə tikinti işlərinin aparıldığının şahidi olmuşdur. Həmçinin Seyhun tərəfindən mərhum atanın min əziyyətlə yetişdirdiyi bir çox ağacların kəsilərək məhv edildiyinin həmçinin mərhum valideynlərindən miras qalmış bir çox ev əşyalarının və avadanlıqların da Seyhun tərəfindən satıldığının şahidi oldu. Bununla əlaqədar iradını bildirdikdə o kobudluq göstərərək “ Yaxşı elədiyini” artıq evin sənədinin onun adına olduğunu və razılığına ehtiyacı olmadığını bildirmişdir. Həmçinin ailəsi ilə birlikdə köçüb bu evdə yaşadığı üçün artıq bu evdə gəlib qalmağına şəraitin olmadığını bildirmişdir. Cavabdeh bu evi öz adına keçirmək üçün ona yalan vədlər vermiş və artıq evə dair sənədlər onun adına olduqdan sonra onun qarşısında götürdüyü öhdəliklərə əməl etməkdən yayınmışdır. O digər ailə üzvləri kimi həmin bu cavabdehin adına keçirtdiyi ata yurduna gələrək bir neçə gün qalırdı. Bu bağışlanma müqaviləsi bağlandıqdan sonra onun maddi vəziyyəti də çətinləşmişdir. Ona görə də bu evdəki payının itirilməsi çətin olan maddi vəziyyətinin daha da pisləşməsinə gətirib çıxaracaqdır. Ona görə də öz payını cavabdehə bağışlamaqdan imtina edərək həmin bağışlanmanın ləğv edilməyini istəyir. O, mülkiyyətində olan evin həm əvvəlki vəziyyətinə həmdə indiki vəziyyətinə dair fotoşəkiləri məhkəməyə təqdim etsə də, eyni zamanda aylıq əmək haqqının əvvəlkinə nisbətən azalması barədə iş yerindən arayış təqdim etsə də, məhkəmə bunlara hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı bildirdi ki, cavabdeh əmisi oğludur və 2023 - cü ilin yay ayından etibarən onun evində yaşayır. Lakin sonradan kiçik bacısı ilə aralarında ədavət olduğu üçün qardaşı ilə birgə qərara gəliblər ki, ata yurdundakı paylarını bağışlasınlar. Ataları illər əvvəl hələ sağ ikən cavabdehin atasından həmin evdən ataya pay verilməsini tələb edəndə cavabdehin atası razılaşmamış və ata məcbur qalıb başqa yerdə yeni ev tikməli olmuşdu. Ona görə peşman olub, cavabdehə evini geri qaytarmasını, amma yenə həmin evdə yaşaya biləcəyini bildirmiş, amma cavabdeh payını qaytarmaqdan imtina etdi. Həmçinin, Seyhun tərəfindən mərhum atanın min əziyyətlə yetişdirdiyi bir çox ağacların kəsilərək məhv edildiyinin, mərhum valideynlərimdən miras qalmış bir çox ev əşyalarının və avadanlıqlarının da Seyhun tərəfindən satıldığının şahidi olmuşdur. Bununla əlaqədar iradını bildirdikdə isə o kobudluq göstərərək yaxşı elədiyini və artıq evin sənədinin onun adına olduğunu, ona görə də onun razılığına ehtiyacı olmadığını bildirmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, iddiaçı müqaviləni bağlayarkən anlaqsız vəziyyətdə olmamış, özü könüllü iradə ifadəsi əsasında evi hədiyyə etmişdir. O, evdə söküntü işi aparmamış, əksinə, evdə təmir bərpa işləri həyata keçirmişdir. Belə ki evin içməli su təminatını bərpa etmiş, hətta qonşunun həyəti ilə evin arasında sərhəd yox idi deyə dəmir hasar çəkdirmişdir. İddiaçı özü əmlakı hədiyyə edərkən dedi ki, ata yurdu kimi biz gedib - gələk amma sən yaşa və abadlaşdır. O da onların ata yurduna gediş gəlişi üçün heç bir maneə yaratmayıb. O, iddiaçının və ailə üzvlərinin evə gediş - gəlişinə heç bir narazılıq etmir, ata yurdu kimi nə vaxt istəsə iddiaçı tərəf gəlib yaşaya bilər. Keçən ay iddiaçının qızı gəlib evdə qısa müddət qalmışdır. İddiaçının eyni mübahisəyə dair oxşar iddia tələbinə məhkəmə tərəfindən baxılmış və iddia tələbi rədd edilmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 66*.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda. Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
25. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ## ##### 2024-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hisləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur. (Ailə Məcəlləsinin 3-cü maddəsi). Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki,- Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir; Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə **. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 3*4.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 3*5.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 3*7.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evi 1/3 hissədə X2, 1/3 hissədə İddiaçı, 1/3 hissədə X3 xüsusi mülkiyyətində olmuş, İddiaçı və X3 həmin fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus 1/3 hissədə paylarını notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh bağışlamışlar. Bunun ardınca, fərdi yaşayış evinə dair X2 (1/3 hissə) və Cavabdeh (1/3 hissə) paylı mülkiyyətdə olmaqla adlarına ##.##.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış rəsmiləşdirilmişdir. Hazırda iddiaçı, əmlakın bağışlanmasından sonra cavabdehin ona qarşı rəftarının və münasibətinin mənfi yönə doğru dəyişməsini, evin əvvəlki vəziyyətdə saxlanılmamasını, cavabdehin ona evdə qalmağa icazə verməməsini və bağışlama müqaviləsi bağlandıqdan sonra onun maddi vəziyyətinin pisləşməsini əsas gətirərək, ##.##.2025-ci il tarixli, *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən iddiaçının imtina etməsi və cavabdehin adına verilmiş ##.##.2025-ci il tarixli, çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinin tələblərini pozmasına və bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməməsi, həmçinin bağışlama müqaviləsinin bağlanmasından sonra iddiaçının maddi vəziyyətinin ağırlaşmasının bağışlama müqaviləsinin deyil, bağışlama vədinin ləğvi üçün mülki qanunvericilikdə göstərilmiş hallara aid olması səbəbindən rədd etməklə, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
32. Belə ki kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə baxan məhkəmə tərəfindən hədiyyə alanın daşıdığı ailə bağlarına əsaslanan vəzifələrini pozub-pozmaması, pozulmanın nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret olaraq işin halları ilə araşdırılmış, hədiyyədən imtina üçün iddiaçı tərəfindən təqdim edilən sübutlar düzgün olaraq bağışlama motivini aradan qaldırmayan hallar olaraq qiymətləndirilmişdir.
33. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsi Plenumu Qərarının hüquqi mövqeyinə görə, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.
34. Belə olan halda, Qərara müvafiq olaraq, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.
35. Kollegiya, ilk növbədə, iddiaçı tərəfin tələbinin əsası kimi cavabdehin ona qarşı münasibətinin bağışlama müqaviləsindən sonra dəyişməsinə və cavabdehin onu evə gəlişgedişinə icazə verməməsinə münasibətdə bildirir ki, qeyd edilən hal iş materialları öz təsdiqini tapmır. Sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi prinsipini nəzərə alaraq, iddiaçı istinad etdiyi halların mövcudluğunu və doğruluğunu sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir.
36. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
37. Kollegiya iddia tələbinin digər əsası – bağışlama müqaviləsinin əmlakın əvvəlki vəziyyətində saxlanılması, tikinti və ya yenidənqurma işlərinin aparılmaması şərti ilə tərtib edilməsi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışı zamanı müəyyən edilir ki, iddiaçının bağışlama müqaviləsinin müəyyən öhdəliyə əməl edilməsi şərti ilə bağlanmasına dair dəlilləri iş materialları ilə təsdiq olunmur.
38. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisə predmeti olan daşınmaz əmlakın bağışlanması notariat qaydasında rəsmiləşdirilmiş müqavilə əsasında həyata keçirilmişdir. Həmin müqavilənin məzmununda cavabdehin üzərinə hər hansı konkret öhdəliyin qoyulması və ya bağışlamanın müəyyən hərəkətin gələcəkdə yerinə yetirilməsindən və ya yetirilməməsindən asılı edilməsi barədə razılaşmanın mövcudluğuna dair müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən sonradan belə bir şərtin mövcudluğunun iddia edilməsi, həmin halı təsdiq edən mötəbər sübut olmadığı təqdirdə, müqavilənin məzmununu dəyişdirən hal kimi qəbul edilə bilməz. Tərəflərin iradəsinin və razılaşdırılmış şərtlərin ilk növbədə həmin müqavilənin məzmunundan müəyyən edilməsi tələb olunur. Buna görə də müqavilədə nəzərdə tutulmayan və sonradan yalnız iddiaçının izahatı ilə irəli sürülən şərtin tərəflər arasında razılaşdırılmış olması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas yoxdur.
39. Eyni zamanda, iddiaçının bağışlama müqaviləsi bağlandıqdan sonra maddi vəziyyətinin ağırlaşmasına dair dəlili bağışlama müqaviləsinin ləğvi üçün əsas kimi qiymətləndirilə bilməz. Belə ki həmin hal mülki qanunvericilikdə bağışlama vədinin ləğvi ilə bağlı hüquqi nəticələr doğuran hallar sırasında nəzərdə tutulmuşdur.
40. İşin yuxarıda qeyd edilən hallarına, tərəflərin izahatlarına hüquqi qiymət verən kollegiya belə nəticəyə gəlir ki, iddiаçı İddiaçı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 3*4.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.