Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-1072/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev kamran Sabir oğlunun katibliyi, iddaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Nuraliyev İsa Tehran oğluna qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən (hakim Ləman Mehrəliyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Nuraliyev İsa Tehran oğluna qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında Cəlilabad Rayon * saylı Notariat ofisində bağlanmış ##.##.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, cavabdeh onun oğludur. Mülkiyyət hüququ üzrə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən ümumi sahəsi 112,9 kv.metr olan fərdi yaşayış evinə paylı mülkiyyətçi kimi onun 6/25 hissədə payı tanınmış, həmçinin Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən ümumi sahəsi 0,3109 ha olan torpaq sahəsinə paylı mülkiyyətçi kimi onun 6/25 hissədə payı tanınmışdır. Digər mülkiyyətçilər olan ailə üzvlərinin ona verdiyi etibarnamə əsasında ## ### 2024-cü il tarixində Cəlilabad rayon * saylı Notariat Ofisində onlara düşən payı cavabdehə hədiyyə kimi bağışlamış və bu barədə aralarında daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanmışdır. Notariat Ofisində qeyd edilən hərəkətlər həyata keçirilərkən heç bir pozuntuya yol verilməmişdir, öz iradə ifadəsi ilə həmin hədiyyə cavabdehə bağışlanılmışdır. Lakin məsələ burasındadır ki, cavabdehə həmin əmlaklar hədiyyə edildikdən sonra cavabdeh olan oğlu İsa Nuralıyev ona qarşı qanunsuz hərəkətlər etməyə başlamışdır. Ona görə ki, həmin payları cavabdehə bağışlayarkən cavabdeh üzərinə öhhədik götürmüşdür ki, onun üçün ayrı bir yerdə torpaq və ya ev alacaqdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Hazırda təqaüd alır və Bakı şəhərində kirayələrdə yaşayır. Yaşamaq üçün şəxsi evi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh Nurəliyev İsa Tehran oğlu iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, bağışlama müqaviləsi bağlanarkən üzərinə hər hansı bir öhdəlik götürməmişdir. İddiaçının mübahisəli evdə yaşamasına heç bir etirazı yoxdur (iş/V-53-54 hazırlıq iclasının protokolu). Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 405.1, 666.1, 668.1.1, 668.1.2, 673-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli qərarına istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, mübahisələndirilən daşınmaz əşyaya dair tərəflər arasında bağışlama müqaviləsinin bağlanması işin mübahisəsiz hallarındandır. Bağışlama müqaviləsinin məzmununa əsasən, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyətin olması müəyyən edilməmişdir. Belə ki, mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, cavabdeh tərəfindən hər hansı müqavilə öhdəliyi götürülməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məmunu ilə oxşar məzmunda əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsində bu məslə ilə əlaqədar şahidlərinin olduğunu bildirib, dindirilmələrini xahiş etmişdir. Lakin məhkəmə göstərilənləri araşdırılmamış və onun pozulmuş hüquqlarının bərpasında heç bir yardım etmədən qətnamə qəbul etmişdir. Bu səbəbdən də, hesab edir ki, apelyasiya instansiyasında sözü gedən məsələyə dəqiq baxıb, araşdırma apararaq hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin halarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki halarına uyğun olmayan nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə tərəfindən aldadılması və bunun nəticəsində mülksiz, evsiz küçələrdə qalması araşdırılmalı və buna hüquqi qiymət verilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzminu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, birinci nikahdan olan arvadı öldüyündən ikinci dəfə ailə qurmuşdur. Bakı şəhərində Dərnəgüldə kirayədə yaşayır, arvadı isə dalandar işləyir. Bağışladığı evə getməyə qorxur, çünki övladları onu və yeni arvadını söyüb təhqir edirlər. Buna dair sübutu yoxdur, evdə yaşamasına maneələr törədilməsi ilə bağlı polisə, yaxud digər orqanlara şikayət etməmsişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə müvafiq olaraq işə apellyasiya şikayətinin dəlilləri üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın təminini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “Hədiyyə verən”lər X9, X2, X4 və X3 rayonu Təzəkənd kəndində yerləşən, ümumi sahəsi 112.9 kv/m olan fərdi yaşayış evində və 0.3109 ha torpaq sahəsində onlara məxsus paylı mülkiyyət hissələrini “Hədiyyə alan” Nuralıyev İsa Tehran oğlunun mülkiyyətinə vermişlər. Müqaviləyə əsasən, qeyd olunan şəxslər özlərinə məxsus 1/25 və 6/25 paylarını hədiyyə alanın xeyrinə əvəzsiz olaraq özgəninkiləşdirmişlər. Daşınmaz əmlakların hüquqmüəyyənedici sənədləri Dövlət Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş çıxarışlara əsaslanır və paylı mülkiyyət hüquqları müvafiq olaraq hər bir hədiyyə verənin adına rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ## #### 2024-cü ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 806013115619-***** reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 0.3109 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş ümumi sahəsi 112.9 kv.metr olan fərdi yaşayış evi üzərində cavabdeh Nuralıyev İsa Tehran oğlunun tam pay üzrə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alnmışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi * saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azəraycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.4 - Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Maddə 14.3. - Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 140. - Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. - Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 178.1. - Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 405.1. - Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 666.1 - Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2 - Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668.1.1. - Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. Maddə 670.1. - Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə: - ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir; - Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir; - Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər; - Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Mülki Məcəllənin 670.1-ci maddəsi bağışlamanın şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi imkanını tanıyır. Lakin, hazırki bağışlama müqaviləsindən görünür ki, cavabdeh bağışlamanın müqabilində üzərinə hər hansı öhdəlik götürməmişdir. Bundan başqa hazırki mübahisədə Mülki Məcəllənin 673.1-ci maddəsində bağışlamadan imtinanın əsasları kimi nəzərdə tutulan halların heç biri mövcud deyildir. Yəni hədiyyə alan tərəfindən hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törədilməmiş, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmamışdır. Bunda da başqa, iddiaçı yaşamağa başqa yerinin olmadığını bildirsə də, mübahisəli evdə yaşamasına hədiyyə alan cavabdeh tərəfindən manələrin yaradılmasına dair hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Əksinə cavabdeh iddiaçının mübahisəli evdə yaşamasına heç bir etirazının olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(3-9)-1072/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-1072/2026
23.09.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver