Məhkəmə qərarları › İş №2(3-7)-1215/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-1215/2026

31.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1215/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işi üzrə Göygöl Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## #### 2026-cı il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Cavabdeh ##.##.2025-ci il tarixdə Qoşqu-2TC-4 markalı, AZ21Q047 dövlət qeydiyyat nişanlı avtomobili İmişli-Kürdəmir yolunda idarə edərkən iddiaçıya məxsus inəyi vurmuş, bundan sonra inək ölmüşdür. Qeyd olunan yol nəqliyyatı hadisəsi ilə bağlı cavabdeh barəsində İXP seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, TP seriyalı ******* nömrəli qərarla cavabdeh barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 2500 manat, mənəvi zərərə görə 550 manat pulun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad edərək onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Kəlbəcər rayonunun Mərcimək kəndindən məcburi köçkün düşmüşdür. 10 ilə yaxındır ki, İmişli rayonunda yaşayırlar. Orada təsərrüfatla məşğul olur, heyvan saxlayır. Cavabdeh ona vurduğu zərərin məbləğini ödəməyə söz versə də, sonradan zənglərinə cavab verməyib və məbləği ödəməkdən yayınıb. Buna görə də cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyib. Ona dəyən maddi zərərin məbləği 2500 manat təşkil edir. İmişli "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi ##.##.2025-ci il tarixli, **/**** nömrəli arayışda bazar qiyməti ilə hazırda bir baş 4 yaşlı boğaz inək heyvanının qiymətinin 2500 manat təşkil etdiyi əksini tapıb. Ona dəymiş mənəvi ziyanı isə 550 manat məbləğində qiymətləndirir. Cavabdehin ona vurduğu maddi zərəri ödəməməsi, çoxsaylı zənglərinə cavab verməməsi və s. mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olub. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(*-***)-*/**** nömrəli iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim L.Hüseynzadə) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 2500 manat məbləğində maddi zərərin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırki halda törədilmiş əməlin-iddiaçıya dəyən ziyanın hüquqazidd olması, əməlin təqsirli olaraq törədilməsi və zərər vurulması və bu zərər ilə təqsirli hərəkət arasında səbəbli əlaqə işin mübahisəsiz halıdır. Dəymiş ziyanın miqdarı müəyyən edilərkən məhkəmə qeyd edir ki, “xxxx” MMC tərəfindən verilmiş arayışda bazar qiyməti ilə hazırda bir baş 4 yaşlı boğaz inək heyvanın qiyməti 2500 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəf qeyd edilən məbləği mübahisələndirsə də buna dair əks sübut təqdim edilməmişdir. İddia tələbinin mənəvi zərər hissəsinə qiymət verərkən məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. İddiaçı ona dəymiş maddi ziyanın 2500 manat olmasını iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə yalnız iddiaçının təqdim etdiyi İmişli “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışı əsas götürmüşdür. Lakin həmin arayışda bu qiymətin nəyin əsasında qoyulmasını anlamaq mümkün deyil. Məhkəmə bu məsələni aydınlaşdırmaq üçün müvafiq mütəxəssisdən rəy almalı idi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsalandırmışdır ki, cavabdeh onun inəyini vurub öldürdüyünü etiraf etmişdir. “xxxx” MMC tərəfindən verilən arayışda əslində ona məxsus inəyin dəyəri aşağı göstərilmişdir. Belə ki, digər elanlar portalında oxşar əlamətlərə malik olan inəklərin başlanğıc bazar qiymətləri 2700-3000 manatdan başlayır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirazının dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın qismən təmin olunması ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh şikayətində qətnaməni iddia tələbinin təmin olunan hissəsində mübahisələndirdiyindən Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilir: - cavabdehin təqsirli hərəkəti nəticəsində, iddiaçıya məxsus heyvan (inək) ölmüşdür; - cavabdehin təqsirli hərəkəti ilə iddiaçıya maddi ziyanın vurulmasını təsdiq edən “İnzibati tənbeh vermə haqqında” ##.##.2025-ci il tarixli qərar mövcuddur. Qərar qanuni qüvvəyə minmişdir. - hazırda iddiaçı baş vermiş hadisə nəticəsində ona dəymiş maddi ziyanın əvəzi kimi cavabdehdən 2500 manat məbləğində pul tələb edir. Rayon Məhkəməsi iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən edərkən mötəbər sübut kimi “xxxx” MMC-nin rəyini qəbul etmiş və belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi zərərə görə 2500 manat tutulmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya vurulmuş zərərin məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab etmir. Çünki mütəxəssis rəyinin obyektivliyini şübhə altına alan cavabdeh, öz dəlilini təsdiq edən sənədi (məsələn: başqa müstəqil qiymətləndiricinin rəyini) məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil (tələb) isə əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən Məhkəmə iddiaçıya vurulmuş zərərin 2500 manat olması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## #### 2026-cı il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar