Məhkəmə qərarları › İş №2(3-7)-140/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-140/2026

16.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-140/2026 16.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)- 3271/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli ********* saylı qəbz ilə, bələdiyyə mülkiyyətinin icarəsinə görə X1 adından 1800 manat ödəniş edilmişdir.

2. 2025-ci il üçün yerli vergilər üzrə fiziki şəxsin X2 görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçının adından Bələdiyyə mülkiyyətinin icarəsinə görə 480 manat ödəniş edilmişdir.

3. xx.xx.2023-cü il tarixli BPM**********45 saylı qəbz ilə, cavabdeh 19 hektar torpaq sahəsinin sudan istifadə haqqı olaraq 290.70 manat ödəniş etmişdir.

4. xx.xx.2025-ci il tarixli qəbz ilə, cavabdeh bələdiyyə mülkiyyətinin icarəsinə görə 432 manat ödəniş etmişdir.

5. Qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə 2000 manat pul köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Priverdi oğlundan onun xeyrinə şəxsi etimad və işgüzar adətlərdən irəli gələn münasibətlər üzrə yaranmış borca dair 3000 (üç min) manat məbləğində pulun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq əldən çıxmış faydanın illik 5% hesablanaraq həmin pulun, 51 manat dövlət rüsumun və 320 manat hüquqi xidmətə görə pulun onun xeyrimə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh) ilə qohumluq münasibəti vardır, Rusiyada yaşayarkən əmioğlu olaraq Natiqdən atasından qalan fermanın üzərində ona dair vərəslik və mülkiyyət sənədlərinin hazırlanması məqsədi ilə aralarındakı telefon danışığı zamanı Natiq ona həmin sənədləri düzəldib başa gətirə bilcəyini deyərək ona onun adına 2000 (iki min) manat pul göndərməyini istədi. O, da 2024-cü ilin 04 mart tarixində cavabdehin adına 2000 manat pul köçürüb. Daha sonra o işlərin nə yerdə olması ilə maraqlanıb yenidən cavabdehlə əlaqə saxlayarkən Natiq ona deyib ki, mart ayında göndərdiyi 20000 manata sənədləri başa gətirmək olmur, əlavə 1000 (min) manat da lazımdı. Belə olduqda o, ona əvəvlcədən 1000 manat borclu olan cavabdehin qardaşı Nazimə zəng vurub ki, Nazim, fermanın sənədləşmə işləri üçün Natiqə əlavə 1000 manat pul lazımdı, sən borclu olduğun həmin o 1000 manatı apar ver Natiqə. Nazim də ona heç bir etiraz etmədən ona ödəyəcəyi 1000 manat borcunu cavabdehə vermişdir ki, onun tələb etdiyi sənədləri ərsəyə gətirib fermanı onun adına rəsmiləşdirsinlər. Qeyd etdiyi faktları həm Nazim, həm də cavabdeh özü dəfələrə kənddə qohum əqrabanın yanında dilə gətirib etiraf ediblər, həmçinin onunla telefon danışıqlarında da cavabbehin bu məsələ ilə əlaqədar təsdiqedici səs yazıları vardır. Cavabdehin qardaşı Nazim məhkəməyə gələrək qardaşı, Cavabdeh ondan 3000 manat borc pul alması faktını qəti şəkildə təsdiq edə bilər. Hazırda məhkəməyə əlində olan faktiki 2000 manatın köçürmə qəbzini təqdim edir, məhkəmədə isə səs yazılarını verəcək. Mübahisənin məhkəmdən kənar həlli üçün o cavadbehlə olan qohumluq əlaqələrindən dolayı, borcunu ödəmək üçün mümkün olan dialoq imkanlarından istifadə edib, cavabdehdən borcunu ödənilməsi telefon danışığı ilə tələb edilsə də, lakin, hər bir razılaşma borclunun öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün baş tutmamışdır. Çünki cavabdeh onun telefonlarına cavab vermir. Danışıqlarının heç bir nəticəyə aparmaması nəticəsində borcunun cavabdeh tərəfindən ödənilməsi üçün məhkəmə proseduruna başlamağa məcbur qalıb. Bu səbəbdən, məhkəmənin onun haqlarını qoruyacağına və cavabdehdə olan borcunu ödəməsinə təminatlı qərar qəbul edəcəyinə ümid edir.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və məhkəməyə ərizə verərək iddianın “xahiş etdim” hissəsində əldən çıxmış faydanın illik 5 faiz hissəsindən imtina edərək qalan hissədə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, keçən məhkəmə iclasında onunla və iddiaçı ilə cavabdehin səs yazılarını özündə əks etdirən “CD” disk məhkəməyə təqdim edilmişdir. Qeyd edir ki, cavabdeh həm səs yazısına əsasən, həm də məhkəmə iclasında iddianı etiraf etmişdir. İddianın dəqiqləşdirilmiş hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddiaçı ona 3.000 manat məbləğində pul göndərmişdir. Həmin pullar 2.000 manat və 1.000 manat şəklində olmaqla göndərilmişdir. Lakin, həmin pullar torpaq sahəsinin sənədləşdirilməsi və fermanın saxlanılması xərclərinin təmin edilməsi məqsədilə göndərilmişdir. Həmin 3.000 manat məbləğində pul və daha artığı torpaq sahəsinin sənədləşdirilməsi və fermanının saxlanılması üçün sərf olunmuşdur. Lakin, hal-hazırda iddiaçı həmin halları etiraf etmir. Bu barədə müvafiq qəbzləri məhkəməyə təqdim etmişdir. İddia tələbini qəbul etmir, rədd olunmasını məhkəmədən xahiş etmişdir.

10. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2(021)-3271/2025 nömrəli qətnaməsi (hakim Həsən Qəniyev) ilə, Cavabdeh 3000 (üç min) manat məbləğində pul, 50 manat ödənilmiş dövlət rüsumu və 320 manat göstərilmiş hüquqi yardıma xidmət haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmə iclasında vermiş olduğu etirafedici izahata, iş materiallarında olan CD disk və qəbzə əsasən onun İddiaçı 3.000 manat məbləğində borcu yaranmışdır. Cavabdeh 3000 (üç min) manat məbləğində pul, 50 manat ödənilmiş dövlət rüsumu və 320 manat göstərilmiş hüquqi yardıma xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 337.1, 337.2, 337.5, 386.1, 425.1, 442, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.4, 88, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir.

13. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-3271/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Bərdə rayon məhkəmə hazırkı mülki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Tapşırıq Müqaviləsinə dair hüquq normalarının tələbləri baxımından deyil, həmin Məcəllənin borc müqaviləsindən irəli gələn öhdəliklərə dair münasibətləri tənzimləyən hüquq normalarının tələbləri baxımından yanaşaraq, heç bir əsas olmadan mübahisəni borc öhdəliyi hesab edərək son nəticədə də qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı özü də iddia ərizəsində göstərmişdir ki, “o Rusiyada yaşadığından əmioğlu olduğumuz üçün mənə atasından qalmış fermaya dair onun vərəsəlik və mülkiyyət sənədlərinin hazırlanıb başa gətirilməsi tapşırığını verərək, həmin işləri yerinə yetirə bilməyim üçün mənə əvvəlcə 2000 manat göndərmiş, daha sonra isə qardaşım Nazimin vasitəsi ilə 1000 manat da vermişdir”. Belə olan halda sual olunur: Burda hansı borcdan söhbət gedə bilər? Çünki, bir tərəf-İddiaçı öz təşəbbüsü ilə tapşırıq verərək müəyyən işləri yerinə yetirməyi digər tərəf Cavabdeh tapşırıq verir və tapşırığının icrası üçün qarşılıqlı razılaşma əsasında məqsədli xərclərin (ödənişlərin) ödənişi üçün ilkin olaraq 3000 manat (2000+1000) pul verir, digər tərəf olan o Cavabdeh isə onun verdiyi 3000 manat pulu məhz həmin tapşırığın icrası məqsədləri üçün məcburi ödənişlərin ödənilməsinə sərf edir. Beləliklə də məhkəmə mübahisənin predmentini səhv olaraq borc müqaviləsindən irəli gələn öhdəlik hesab etdiyindən həqiqəti də müəyyən edə bilməyərək qanunsuz qətnamə çıxarıb. Bərdə rayon məhkəməsi tərəfindən 2(021)-3271/2025 nömrəli mülki iş üzrə icraat birtərəfli qaydada, yəni İddiaçı mövqeyindən birtərəfli aparıldığına görə mülki hüququn təməl prinsiplərindən olan tərəflərin bərabərliyi-bərabər tərəflərə bərabər münasibət, qanunçuluq və ədalət prinsipləri pozularaq, son nəticədə iddiaçının arzu etdiyi qanunsuz qətnamə çıxarılmalıdır. Odur ki, məhkəmə hazırkı mübahisəyə qanunsuz olaraq mübahisə predmentinin “Borc müqaviləsi üzrə öhdəliklərdən irəli gələn mübahisə” kimi baxmışdır, halbuki mübahisənin predmeti “Tapşırıq müqaviləsindən irəli gələn mübahisələr” hesab edilməklə məhkəmə araşdırması da ona uyğun hüquq normaları çərçivəsində aparılmalı idi. Bərdə Rayon Məhkəməsi sübutların qiymətləndirilməsində də qanunsuzluğu yol verərək sübuları qeyri-obyektiv və qərəzli qiymətləndirmiş, yaxud ümumiyyətlə onları tədqiq etməmişdir. Məsələn: 1. Onun təqdim etdiyi 5 ədəd ödəniş qəbzlərdən 4-cü barədə məhkəmə qətnaməsində göstərilir ki: xx.xx.2022-ci il tarixli ********* saylı qəbzin surətindən görünür ki, bələdiyyə mülkiyyətinin icarəsinə görə X1 adından 1800 manat ödəniş edilmişdir. 2025-ci il üçün yerli vergilər üzrə fiziki şəxsin X2 görünür ki, xx.xx.2022-ci il tarixdə X1 adından Bələdiyyə mülkiyyətinin icarəsinə görə 480 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli BPM**********45 saylı qəbzin surətindən görünür ki, Cavabdeh 19 hektar torpaq sahəsinin sudan istifadə haqqı olaraq 290,70 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh bələdiyyə mülkiyyətinin icarəsinə görə 432 manat ödəniş etmişdir. 2. Sudan istifadəyə görə HƏYAT SİB-ə ödəniş etdiyi 290,00 manatın xx.xx.2023-cü il tarixli ödəniş qəbzi barədə isə məhkəmə qətnaməsində heç nə bildirilmir. Beləliklə də məhkəmənin qətnaməsində həmin ödəniş qəbzlərinin yazılı maddi sübut kimi məhkəmə tərəfindən qəbul edilməməsinin (qiymətləndiriləməsinin) səbəbləri göstərilməmişdir. 3. Yaxud, məhkəmə qətnaməsində göstərilir ki, “Tərəflərin səs yazılarını əks etdirən CD disk iş materiallarına əlavə edilmişdir”. Çox təəccüblüdür ki, bu diskdəki səs yazılar məhkəmə iclasında dinlənilmədən və həmin səs yazıların kimə məxsus olması aydınlaşdırılmadan, ümumiyyətlə isə həmin səs yazıların məzmunu belə məlum olmadığı halda məhkəmə CD diskini tərəflərin səs yazılarını əks etdirən sübut kimi qiymətləndirmişdir ?!

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı onun əmisi oğludur. Əmisi Rusiya Federasiyasında yaşamışdır. Əmisi 2011-ci ildə 15 ha torpaq sahəsini bələdiyyədən icarəyə götürmüşdür. Əmisi 2022-ci ilin fevral ayında ölmüşdür. Əmisi öldükdən sonra torpaq sahəsini əmisinin bacısı uşaqları istifadə etmişdir. İddiaçı atası ilə maraqlanmamışdır, lakin əmisi öldükdən sonra iddiaçı Bərdə rayonuna gəlmişdir. Fermanın üzərində ona dair vərəslik və mülkiyyət sənədlərinin hazırlanması məqsədi ilə ona pul göndərmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə 2000 manat göndərmişdir. Bundan bir ay sonra isə qardaşı iddiaçıya olan 1000 manat borcunu ona vermişdir. O, iddiaçıdan borc almamışdır. İddiaçının aliment borcuna görə ölkəyə girişinə məhdudiyyət qoyulmuşdur. Bu stopu götürmək üçün aliment borcundan ödəniş etmək lazış olmuş və o, iddiaçının müraciətinə əsasən Şəmkirə gələrək aliment borcundan ödəniş etmişdir. Sonradan çox pul xərclədiyini və bu pulu iddiaçıdan ala bilməyəciyini görmüş və bu səbəbdən də iddiaçıdan torpaq adı ilə 3000 manat pul almışdır. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərdi ki, o Rusiya Federasiyasında yaşayır. Xaricdə olan zaman cavabdehə ümumilikdə 3000 manat pul göndərmişdir. Belə ki, 2000 manatı cavabdehə bank vasitəsilə göndərmiş, 1000 manatı isə cavabdehin qardaşı ona borclu olduğu pulu cavabdehə verilmişdir. Cavabdehə pulu ona görə göndərmişdir ki, aparıb aliment borcunu ödəsin. Çünki, borc ödəmədiyindən ölkəyə giriş-çıxışına qadağa qoyulmuşdur. Amma cavabdeh isə gedib pulu ödəməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

20. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

24. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“

“R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

25. “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

26. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

27. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

28. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

43. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

48. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini və apellyasiya şikayətinin dəlillərini araşdıraraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin tənzimlənməsində tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyən etməmiş və tətbiqində səhvə yol vermişdir. Bu isə Mülki Prosessual Məcəllənin 386-cı maddəsində nəzərdə tutulmuş əsaslardan biri hesab olunur və qətnamənin ləğvini zəruri edir.

50. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

51. İşdən görünür ki, iddiaçı cavabdehə ümumilikdə 3.000 manat məbləğində pul vəsaiti göndərmişdir. Tərəflər arasında həmin pulun verilməsi faktı mübahisələndirilmir. Cavabdeh məhkəmə iclasında pul vəsaitini aldığını etiraf etmişdir. Mübahisə pul vəsaitinin hüquqi mahiyyəti və onun saxlanılması üçün hüquqi əsasın olub-olmaması ilə bağlıdır.

52. Birinci instansiya məhkəməsi mübahisəni borc müqaviləsindən irəli gələn öhdəlik kimi qiymətləndirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc hüququna dair normalarını tətbiq etmişdir. Lakin, apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi təbiəti düzgün müəyyən edilməmiş, nəticədə maddi hüquq normaları səhv tətbiq olunmuşdur.

53. İddiaçının izahatlarından müəyyən olunur ki, pul vəsaiti cavabdehə borc qaydasında deyil, torpaq sahəsinin sənədləşdirilməsi və fermanın saxlanılması ilə bağlı xərclərin ödənilməsi məqsədilə verilmişdir. Deməli, tərəflər arasında klassik borc münasibətinin – yəni pulun qaytarılması öhdəliyinin birbaşa razılaşdırıldığı müqavilə münasibətinin mövcudluğu sübuta yetirilməmişdir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün, zərər vurulması və ya əsassız varlanma halları istisna olmaqla, tərəflər arasında müqavilə olmalıdır. Hazırkı halda pulun borc kimi verilməsini təsdiq edən hər hansı yazılı və ya digər sübut mövcud deyildir. Əksinə, pulun konkret məqsəd üçün xərclənməsi nəzərdə tutulmuşdur.

55. Bu baxımdan mübahisə borc müqaviləsindən deyil, pul vəsaitinin hüquqi əsas olmadan saxlanılıb-saxlanılmaması məsələsindən irəli gəlir və münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri ilə tənzimlənən əsassız varlanma institutu çərçivəsində qiymətləndirilməlidir.

56. Belə ki, cavabdeh iddia tələbinə etirazında 3000 manat pulun ona iddiaçı atasının icarəsində olan torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar konkret işlərin yerinə yetirilməsi üçün verildiyini bildirmiş, iddiaçı da iddia ərizəsində eyni arqumentlərdən çıxış etmişdir.

57. Belə olan halda iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər tapşırıqdan irəli gəlir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir Mülki Məcəllə maddə 777.1, 777.2).

58. Tapşırıq müqaviləsinin məzmunundan müəyyən edildiyi ki, tapşırıq alan işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Cavabdeh ümumiyyətlə icra etməyi üzərinə götürdüyü tapşırığın yerinə yetirilməsi istiqamətində hər hansı işlərin yerinə yetirilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.

59. Təqdim edilmiş qəbzlər isə xx.xx.2024-cü il tarixdən əvvəli əhatə edir ki, ödənilmiş icarə və sudan istifadəyə görə haqlarının tərəflər arasında razılaşmanın nəticəsi olaraq ödənildiyini təsdiq etmir.

60. Bundan başqa cavabdeh məhkəmə iclasında izahatında iddiaçıya görə xərclər çəkdiyini və pullarını ala bilmədiyi üçün bu adla ondan borcunun bir hissəsini aldığını bildirdi ki, cavabdehin bu izahatı cavabdehin ümumiyyətlə xidmətin göstərilməsi ilə bağlı fikrinin olmadığını təsdiq edir.

61. Cavabdeh xidmətlərin göstərilməsi ilə bağlı tapşırıq almış və tapşırığı icra etmədiyindən 3000 manat məbləğində əsassız varlanmışdır.

62. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanmış sayılır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma o halda baş verir ki, varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası mövcud olmasın və ya belə əsas sonradan aradan qalxsın.

63. Belə olan halda, cavabdehin pul vəsaitini özündə saxlaması üçün hüquqi əsasın mövcudluğu müəyyən edilməmişdir.

64. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı halda iddiaçı pul vəsaitinin qaytarılmasını tələb etmiş, cavabdeh isə həmin vəsaitin qanuni əsasla saxlanıldığını sübuta yetirə bilməmişdir.

65. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh 3000 manatı iddiaçının işlərinin yerinə yetirilməsi üçün xərclədiyi pulun əvəzi olaraq aldığı bildirir ki, bu halda da cavabdeh iddiaçının etibarından istifadə edərək onun əmlakını ələ keçirmiş və iddiaçının ona borclu olmasına dair məhkəməyə sübut təqdim etməmişdir.

66. Apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin hüquqi kvalifikasiyasını düzgün aparmadığından maddi hüquq normasını səhv tətbiq etmiş və nəticədə tərəflər arasında olan münasibətləri düzgün müəyyən etməmişdir. Halbuki, mübahisə əsassız varlanma münasibətləri çərçivəsində qiymətləndirilməli və cavabdehin hüquqi əsas olmadan əldə etdiyi vəsaitin qaytarılması məsələsi həll edilməli idi.

67. Belə ki, hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

68. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə ümumilikdə xx.xx.2024-cü il tarixdən etibarən 3.000 (üç min) manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh apellyasiya instansiyasında verdiyi izahatında iddiaçının onun əmisi oğlu olduğunu və iddiaçı tərəfindən ona 3000 manat pul verildiyini təsdiq etmişdir. Beləliklə, pul vəsaitinin cavabdeh tərəfindən alınması faktı tərəflər arasında mübahisələndirilmir.

69. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Eyni Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi həmin faktları sübut etmə vəzifəsindən azad edir.

70. Hazırkı iş üzrə cavabdeh 3.000 manat məbləğində pul vəsaitini aldığını etiraf etmişdir. Bu etiraf iş üçün əhəmiyyətli faktın – pulun cavabdeh tərəfindən qəbul edilməsinin – sübuta yetirilməsi baxımından kifayət edir və həmin fakt üzrə əlavə sübutlara istinad edilməsini zəruri etmir.

71. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, pul vəsaiti cavabdehə borc müqaviləsi əsasında qaytarılmaq şərti ilə deyil, torpaq sahəsinin sənədləşdirilməsi və fermanın saxlanılması ilə bağlı xərclərin təmin edilməsi məqsədilə verilmişdir. Deməli, tərəflər arasında klassik borc münasibətinin – yəni pulun müəyyən müddət sonra geri qaytarılması barədə razılaşmanın mövcudluğu sübuta yetirilməmişdir.

72. Cavabdeh iddiaçıdan sənədləşmə işlərinin aparılması adı 3000 manat pul almış, razılaşmalarına əsasən hər hansı iş görməmiş və nəticədə əsassız varlanmışdır ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

73. Eyni zamanda qeyd edilməlidir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

74. 3000 manat pul cavabdehə xx.xx.2024-cü il tarixdən etibarən verilmiş və iddiaçı hazırki tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda varlanmış şəxsin əldə etdiklərini qaytarmaq üçün müəyyən edilmiş müddət də keçməmişdir.

75. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən cavabdehdən hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş xidmət haqqının tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.1.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə aiddir.

76. Qeyd edilməlidir ki, vəkil xidmət haqqının cavabdeh tərəfdən tutulması avtomatik xarakter daşımır və təqdim edilmiş məbləğin faktiki olaraq ödənilməsi ilə yanaşı, onun zəruriliyi, ağlabatanlığı və işin həcminə mütənasibliyi də məhkəmə tərəfindən qiymətləndirilməlidir.

77. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

78. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, iddiaçıya göstərilmiş hüquqi yardıma görə çəkilmiş 320 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

79. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla və iddia tələbi təmin edilməlidir.

80. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsinə əsasən iddia təmin edildiyindən 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

81. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə iddia tələbinin qiyməti 5.000 (beş min) manatdan az olduğundan (3.000 manat) kassasiya şikayəti verilə bilməz.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.2, 385.1.1, 386, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-3271/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 3.000 (üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul və hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 3.370 (üç min üç yüz yetmiş) manat alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar