Məhkəmə qərarları › İş №2(3-7)-185/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-185/2026

20.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-185/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-KB-*** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomobil ##.##.2025-ci il tarixindən X2 məxsusdur.

2. Qaimə fakturalarından görünür ki, dövlət qeydiyyat nişanı **KB*** olan 2003 buraxılışlı Hyundai Sonata avtomobilinin ehtiyat hissələrində mövcud olan nasazlıqlar səbəbindən 2850 azn məbləğində xərc çəkilmişdir.

3. Fotoşəkillərdən aydın olur ki, avtomobilin mühərrik və digər hissələrində nasazlılar aşkarlanmış, iddiaçı bu barədə 16 və ## ###### 2025-ci il tarixlərində cavabdehə telefonun whatsap proqramı vasitəsi ilə məlumat vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2850 manat və 48.50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə 2025-ci ilin avqust ayında avtomobil elanları saytında avtomobil almaq üçün maraqlandığı zaman tanış olduğunu, onunla telefon əlaqəsi saxladığını və satışa qoyduğu avtomobil barədə düzgün məlumat verməsini xahiş etdiyini, cavabdehin isə maşının saz vaziyyətdə olduğunu və xırda xərclərdən başqa heç bir narahatçılığının olmadığını bildirmiş, özünün cavabdehin səmimliyinə inanaraq, insanlara inanan bir şəxs kimi ona başa saldığını və şərt kəsərək ona inanıb heç bir ustaya getməyib bir başa qeydiyyata getməyə razılaşdığını, ancaq bir qüsur olsa cavabdehlik daşıyacağını cavabdehə bildirdiyini, cavabdehin isə maşının yaxşı olduğunu onu bir dəfə də incitmədiyini söyləmişdir. Beləliklə, danışıb Respublika DYP həyətində görüşdüklərini, 2003 buraxılışlı Hyundai Sonata **KB*** dövlət qeydiyyat nişanı avtomobili adına qeydiyyata saldıqdan sonra razılaşdıqları kimi 1000 ABŞ dolları və 4300 manat məbləği ona verib problem çıxdıqda ona zəng vuracağını bildirdiyini demişdir. Sənədi DYP-dən alıb avtomobilə əyləşdikdən sonra problemlərinin başladığını, avtomobilin yolda gedərkən titrəyib sürət yığmağa çətinlik çəkdiyini, sönmək istədiyini, hidravlikin işləmədiyini, sanki yük maşını sürdüyünü, odur ki, tez cavabdehə zəng vurub olanları bildirdiyini, maşını elektrik ustasına apardığını, kompüter müayinəsi zamanı mühərrikdə çoxlu sayda səhvlər aşkar edildiyini, bundan əlavə motorxananın yağ içində olduğunu, yağ sızdığını, hidravlik nasos və baçokun işləmədiyini, qabaq təkərin dəstək diskəri və qabaq əyləc yastığı (tormoz nakladkaların), əl əyləcinin (tormozu) yox dərəcəsində olduğunu, səhəri gün avtomobili mühərrik ustasının yanına apardığını, ustası yağın haradan sızdığını müəyyən edib yararsız hissəni dəyişdirdikdən sonra mühərrikin qeyri-stabil işlədiyini, mühərrikin çox acınacaqlı vəziyyətdə olduğunu aşkarladığını, özünün də videonu çəkib cavabdehə göndərdiyini, ona bax gör nə vəziyyətdə maşın satıbsan deyərək, maşınını geri götürməsini və ya yaranacaq xərcləri ödəməli olduğunu söylədiyini, lakin Cavabdeh avtomobilin onu incitmədiyini, nə olubsa 1-2 gün ərzində onda olanda olduğunu bildirmiş, pulu artıq xərclədiyini və ona pul qaytarmayacağını söyləmişdir. Beləliklə, cavabdeh Cavabdeh bilə-bilə onu aldatdığını, bütün bu faktlardan sonra məhkəməyə müraciət etmək qərarına gəldiyini, avtomobili avqustun 13-ü alıb avqustun 15-dən usta yanında təmirdə olduğunu, avqustun 26-sı təmirin başa çatdığını, xərclədiyi tam məbləğin ancaq bu tarixdən sonra bəlli olduğundan məhkəməyə bu tarixdən sonra müraciət etdiyini bildirərək, 2850 manatın cavabdeh tərəfindən ödənilməli olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim R.R. Məmmədov) İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdehdən 2850 manat və 48.50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı əmlakına cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində ziyanın dəyməsi iş materialları ilə müəyyən olunmur və iddiaçıya iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 385.2, 386.1, 1096.1, 1096.2, 1097.1 -ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı ## #### 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 -cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi avtomobilin qüsurlarını – motorun qeyri-stabil işləməsi, yağ sızması, hidravlik nasos və baçokun yararsızlığı, qabaq təkər dəstək disklərinin və əyləc yastıqlarının (tormoz nakladkalarının) yararsızlığı, əl əyləcinin olmaması – sadəcə "sübut yoxluğu" ilə rədd etmiş, lakin bu qüsurların alınmasından dərhal sonra (avqustun 13-ü alındıqdan sonra yolda gedərkən) aşkar edildiyini və onların əvvəlcədən mövcud olduğunu araşdırmamışdır. Məhkəmə kompüter müayinəsi nəticələrini (çoxlu səhvlər aşkar edilməsi) və usta müayinələrini (yağ sızmasının səbəbi olaraq yararsız trubkanın dəyişdirilməsi) tədqiq etməmişdir. Bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, MM 588.1-ci maddəsinə görə, alıcı qüsurların alınmazdan əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübut edərsə, satıcı (cavabdeh) cavabdehdir. Bu fakt aydınlaşdırılsaydı, məhkəmə iddianı delikt (MM1096-1097-ci maddələr) kimi deyil, alğı-satqı müqaviləsi çərçivəsində (MM587.1-587.2-ci maddələr) qiymətləndirərək, qüsurların əhəmiyyətli dərəcədə olduğunu (aradan qaldırıla bilməyən və ya dəfələrlə üzə çıxan qüsurlar) qəbul edər və xərclərin ödənilməsini (2850 manat) təmin edərdi. Məhkəmə cavabdehin satış zamanı avtomobili "saz vəziyyətdə" kimi təqdim etməsini və "xırda xərclərdən başqa heç bir narahatçılığın olmadığını" bildirməsini araşdırmamış, bu ifadələrin keyfiyyət qarantiyası olaraq qəbul edilməsini nəzərə almamışdır. Həmçinin cavabdehin "maşın onu incitməyib" deyərək qüsurları inkar etməsi və pulu qaytarmamaq üçün "pulu xərclədiyini" bəhanə etməsi bilə-bilə aldatma kimi qiymətləndirilməyib. Bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, MM 588.2-ci maddəsinə görə, satıcı keyfiyyət qarantiyası verdiyi halda qüsurlar üçün cavabdehdir, əgər onların alıcı tərəfindən istifadə qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində yaranmadığını sübut edə bilmirsə. Cavabdeh belə sübut təqdim etməmişdir, lakin məhkəmə bunu araşdırmamışdır. Məhkəmə avtomobilin təmirinin avqustun 15-dən 26-sına qədər davam etməsini və ümumi xərcin 2850 manat olmasını "sübut yoxluğu" ilə rədd etmiş, lakin təmir sənədlərini (qəbzlər, usta hesabatları) və video çəkilişi (mühərrikin acınacaqlı vəziyyəti) araşdırmamışdır. Bu halın gec bəlli olması (təmirin başa çatması) nəzərə alınmayıb. Məhkəmə qüsurların alınmasından dərhal sonra (2-3 gün ərzində) aşkar edildiyini və qarantiya müddətinin olmaması halında 2 il (MM589.2-ci maddə) olduğunu araşdırmamış, işi delikt kimi qiymətləndirərək xüsusi alğı-satqı normalarını (MM587- 589-cu maddələr) tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, məhkəməyə birinci instansiya məhkəməsində işə baxılarkən üzrlü səbəblərə görə verə bilmədiyi işin halları ilə bağlı sübut qismində cavabdehlə olan yazışmaları ilə əlaqədar fotoşəkilləri maddi informasiya daşıyıcısında təqdim etdi.

13. Cavabdeh tərəf məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: Maddə 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

18. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında avtomobilin alğı-satqısı münasibətləri yaranmış və cavabdeh avtomobili iddiaçıya təhvil vermişdir. İddiaçı avtomobili qəbul etdikdən qısa müddət sonra texniki baxış üçün ustaya müraciət etmiş, nəticədə avtomobildə mövcud olan çoxsaylı nasazlıqlar aşkar edilmişdir. Həmin nasazlıqların aradan qaldırılması üçün 2850 manat xərc çəkilmişdir.

19. Məhkəmə iddiaçının təqdim etdiyi yazışmaları və videomaterialları sübut kimi qiymətləndirərək hesab edir ki, iddiaçı nasazlıqlar aşkar edilən zaman cavabdehi məlumatlandırmış, yaranmış vəziyyətlə bağlı etirazını bildirmişdir. Cavabdehin iddiaçı ilə yazışmalarında avtomobili “satarkən problem olmadığını”, “nasazlığın satdıqdan 1-2 gün sonra yarandığını” bildirməsi onun nasazlıqlar barədə məlumatlandırıldığını və tərəflər arasında mübahisənin mövcudluğunu təsdiq edir.

20. Məhkəmə kollegiyası hesab edir ki, aşkar edilmiş nasazlıqlar xarakteri baxımından qısa müddət ərzində yaranmamış, avtomobil satılan zaman artıq mövcud olmuşdur. Cavabdeh isə həmin qüsurlar barədə alıcını məlumatlandırdığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, alıcının avtomobili əvvəlcədən texniki baxışdan keçirməməsi satıcını qüsurlu mala görə məsuliyyətdən azad etmir. Mülki qanunvericiliyə əsasən, satıcı alıcıya müqavilə şərtlərinə uyğun keyfiyyətdə əşya verməlidir, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin.

22. Avtomobildə mövcud olmuş nasazlıqlar nəticəsində iddiaçı əlavə təmir xərcləri çəkməyə məcbur olmuşdur və həmin zərər cavabdehin satdığı nəqliyyat vasitəsinin qüsurlu olması ilə birbaşa səbəbli əlaqədədir.

23. Həmçinin Mülki Məcəllənin 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

24. İş materiallarının təhlilindən müəyyən olunur ki, cavabdeh iddiaçı tərəfindən əşyanın qüsurlarının ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirəcək hər hansı dəlil təqdim etməmişdir.

25. Məhkəmə kollegiyası, yuxarıda qeyd edilən əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh ddiaçı X2 xeyrinə 2850 manat pul və 48.50 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar