Məhkəmə qərarları › İş №2(3-7)-197/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-197/2026

03.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-197/2026 03.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X9 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Zeynalova (Məmmədova) Ayna Sabir qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Zeynalova (Məmmədova) Ayna Sabir qızına və üçüncü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-2675/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Zeynalova (Məmmədova) Ayna Sabir qızının və Cavabdeh1 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü ildə vəfat etmişdir.

2. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə vəfat etmişdir.

3. JN-999A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Tovuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Həmin ailə üzvləri sırasında İddiaçı da qeyd edilmişdir.

4. Tovuz rayon “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli 1470 saylı məktubunun surətindən görünür ki, xx.xx.2023-cü ildə ünvan 1i ünvanında vəfat etmiş X6 miras qalmış əmlaka dair notariat ofisində mərhumun arvadı İddiaçı müraciəti və təqdim edilmiş sənədlər arasında V-994(2024) nömrəli vərəsəlik işi açıldığı və açılmış vərəsəlik işi ilə əlaqədar mərhumdam miras qalmış daşınmaz əmlaklar barədə sorğunu təqdim edən şəxs İddiaçı vasitəsilə ilə çıxarış verilməsi xahiş olunmuşdur.

5. Tovuz rayon “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli 1469 saylı məktubunun surətindən görünür ki, xx.xx.2003-cü ildə məktubunun surətindən ünvanında vəfat etmiş X2 miras qalmış əmlaka dair notariat ofisində mərhumun gəlini İddiaçı müraciəti və təqdim edilmiş sənədlər arasında V-993(2024) nömrəli vərəsəlik işi açıldığı və açılmış vərəsəlik işi ilə əlaqədar mərhumdam miras qalmış daşınmaz əmlaklar barədə sorğunu təqdim edən şəxs İddiaçı vasitəsilə ilə çıxarış verilməsi xahiş olunmuşdur.

6. Daşınmaz Əçlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz ərazi idarəsinin xx.xx.2025-ci il tarixli 321-3-37/2-2688/2025 saylı məktubunun surətindən görünür ki, ünvan 1ində yerləşən fərdui yaşayış evi üzərində mərhum X3 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əçlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz ərazi idarəsində baxıldığı və ərizənizin icrası ilə bağlı daşınmaz əmlaka baxış keçirilməsi üçün zəruri inventarlaşdırma işləri aparılarkən mübahisə olduğu aşkar edildiyi qeyd eilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Zeynalova (Məmmədova) Ayna Sabir qızına qarşı iddia qaldıraraq Tovuz rayon Abulbəyli kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinə qarşı qanunsuz edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ona və ailə üzvlərinə məxsus Tovuz rayonu Abulbəyli yaşayış ərazisində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. X1 xx.xx.2003-cü ildə və əri X10 xx.xx.2023-cü ildə vəfat etmişlər. O, mərhum qayınatası və ərindən qalmış miras əmlak üzrə vərəsəlik şəhadətnaməsi almaq fikrindədir. Bu məqsədlə evinin və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinin ölçmə işləri aparması vacibdir. Lakin cavabdehlər bu hərəkətlərin aparılmasına icazə vermirlər. Ona görə də, Tovuz rayon Abulbəyli kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinə qarşı qanunsuz maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir.

9. Tovuz Rayon Məhkəməsinin 2(062)-2675/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Zeynalova (Məmmədova) Ayna Sabir qızı tərəfindən Tovuz rayon Abulbəyli kəndində yerləşən, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinə edilən maneələrin aradan qaldırılması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, JN-1263 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Tovuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Həmin ailə üzvləri sırasında İddiaçı da qeyd edilmişdir. Həmçinin JN-999A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Tovuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Həmin ailə üzvləri sırasında İddiaçı da qeyd edilmişdir. Eyni zamanda İddiaçı vərəsələr sırasındadır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü ildə, X10 xx.xx.2023-cü ildə vəfat etmişdir. İddia tələbindən və tərəflərin izahatından məlum olur ki, iddiaçı mübahisə olunan fərdi yaşayış evinə çıxarış almaq üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinin sərhədlərinin ölçülməsi işlərinin aparılmasına cavabdehlər maneə törədirlər. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinin ölçmə işlərini aparmasının məhdudlaşdırılması iddiaçının mülkiyyət hüquqlarının pozulması deməkdir. Odur ki, məhkəmə cavabdehlərin müdaxilələrini qanunsuz hesab etməklə iddia tələbini qanuni hesab edir. Cavabdehlərin DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinə maneə törətməsi iddiaçının mülkiyyət hüquqlarını pozur və mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Ona görə də, cavabdehlər tərəfindən DƏDRXnin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinə yaradılan maneə aradan qaldırılmalıdır

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.3, 157.2, 157.4, 158.1.2 ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Tovuz Rayon Məhkəməsinin 2(062)-2675/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Zeynalova (Məmmədova) Ayna Sabir qızı və Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-2675/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və idianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh Zeynalova (Məmmədova) Ayna Sabir qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasında vərəsəlik qaydasında ona keçmiş daşınmaz əmlakın ölçülməsinə yaradılan maneənin qadağan edilməsini xahiş edir. Lakin, göründüyü kimi iddiaçının tələb etdiyi ölçmə işlərinin aparılmasına heç bir maneə yoxdur, iddiaçı onlara məxsus torpaq sahəsinin ölçülməsini tələb edir. Hansı ki, qeyd olunan torpaq sahəsinə dair dəfələrlə məhkəmə çəkişmələri olub, hər dəfə də müvafiq ekspertizalar təyin edilib və hərənin yeri də müəyyən edilib və bu gündə həmin məhkəmə aktlarına uyğun istifadə edilir. Məhkəmə iş üzrə iddianı rədd etməklə iddiaçıya daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi idarəsinin hərəkətsizliyindən inzibati məhkəməyə ərizə vermək hüququnun olmasını izah etməli idi. Hər birinin torpaq sahə öz istifasindədir və bu gündə özləri istifadə edir. İddiaçının da istifadəsində olan torpaq sahəsi və ev özünün sərbəst istifadəsində olmaqla, giriş-çıxış ayrıdır və heç bir maneçilik də yoxdur. İddiaçı iddiasında ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneənin qadağan edilməsini göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, ölçmə işlərinin aparılması tələb edilən ev və torpaq sahəsi iddiaçının faktiki olaraq öz sahibliyində və istifadəsindədir. Mübahisəli torpaq sahəsi və ev nə ümumi birgə mülkiyyətdə, nə də birgə istifadədə deyil, yalnız iddiaçının öz sahibliyində və istifadəsindədir. Məhkəmə iddianı təmin edərkən qətnamənin əsalandırıcı hissəsində qeyd edir ki, "iddia tələbindən və tərəflərin izahatından məlum olur ki, iddiaçı mübahisə olunan fərdi yaşayış evinə çıxarış almaq üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinin sərhədlərinin ölçülməsi işlərinin aparılmasına cavabdehlər maneə törədirlər. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının ölçmə işləri aparmaq istədiyi torpaq sahəsi və yaşayış evi iddiaçının öz istifadəsindədir və heç kim də ona maneçilik törətmir. Məhkəmə qətnaməsi işin hallarına uyğun gəlmir. İddiaçı onlara məxsus torpaq sahəsində durmaqla onların torpaq sahəsini göstərir və onlara məxsus torpaq sahəsini ölçmək istəyir. Məhkəmə də bunu təmin etmişdir.

14. Cavabdeh Zeynalova (Məmmədova) Ayna Sabir qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasında vərəsəlik qaydasında ona keçmiş daşınmaz əmlakın ölçülməsinə yaradılan maneənin qadağan edilməsini xahiş edir. Lakin göründüyü kimi iddiaçının tələb etdiyi ölçmə işlərinin aparılmasına heç bir maneə yoxdur, iddiaçı onlara məxsus torpaq sahəsinin ölçülməsini tələb. Hansı ki, qeyd olunan torpaq sahəsinə dair dəfələrlə məhkəmə çəkişmələri olub, hər dəfə də müvafiq ekspertizalar təyin edilib və hərənin yeri də müəyyən edilib və bu gündə həmin məhkəmə aktlarına uyğun istifadə edilir. Məhkəmə iş üzrə iddianı rədd etməklə iddiaçıya daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi idarəsinin hərəkətsizliyindən inzibati məhkəməyə ərizə vermək hüququnun olmasını izah etməli idi. Onlar hazırda iddiaçı ilə heç bir hüquq münasibətində deyillər. Hər birinin torpaq sahəsi öz istifadəsindədir və bu gündə özləri istifadə edirlər. İddiaçının da, istifadəsində olan torpaq sahəsi və ev özünün sərbəst istifadəsində olmaqla, giriş-çıxış ayrıdır və heç bir maneçilik də, yoxdur. Hazırki qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə mübahisəyə ümumiyyətlə düzgün qiymət verməmişdir. İddiaçı iddiasında ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneənin qadağan edilməsini göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, ölçmə işlərinin aparılması tələb edilən ev və torpaq sahəsi iddiaçının faktiki olaraq öz sahibliyində və istifadəsindədir. Mübahisəli torpaq sahəsi və ev nə ümumi birgə mülkiyyətdə, nə də birgə istifadədə deyil, yalnız iddiaçının öz sahibliyində və istifadəsindədir. İddiaçı onlara məxsus torpaq sahəsində durmaqla onların torpaq sahəsini göstərir və onlara məxsus torpaq sahəsini ölçmək istəyir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Zeynalova (Məmmədova) Ayna Sabir qızı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşları ölçmə işləri aparmaq üçün gələn zaman onlara sadəcə hazırda məhkəmə mübahisələri olduğunu bildirmiş, onları qovmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsasız olduğunu, buna görə də təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:

19. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun:

23. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

30. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-2675/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, JN- 1263 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Tovuz rayon AİKnin xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Həmin ailə üzvləri sırasında İddiaçı da qeyd edilmişdir. Həmçinin JN-999A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Tovuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Həmin ailə üzvləri sırasında İddiaçı da qeyd edilmişdir. Eyni zamanda İddiaçı vərəsələr sırasındadır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü ildə, X10 xx.xx.2023-cü ildə vəfat etmişdir. İddia tələbindən və tərəflərin izahatından məlum olur ki, iddiaçı mübahisə olunan fərdi yaşayış evinə çıxarış almaq üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinin sərhədlərinin ölçülməsi işlərinin aparılmasına cavabdehlər maneə törədirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsinə əsasən, iddiaçının həmin arayış əsasında vərəsəlik sənədini almaq hüququ vardır.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçının bu hüququnu həyata keçirməyə mane olur.

38. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi, Tovuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Nəzərə almaq lazımdır ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün ilk növbədə torpaq sahəsinin miras qoyana məxsus olması haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən notariat kontoruna müvafiq arayış təqdim edilməsi zəruridir.

39. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində göstərilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

40. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsinə dair ölçmə işlərini həyata keçirtmək və buna yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək onun mülkiyyətçi hüquqlarından irəli gəlməklə qanuni əsaslara söykənir.

41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdehlər apellyasiya şikayətində qeyd edirlər ki, mübahisəli torpaq sahəsi və ev nə ümumi birgə mülkiyyətdə, nə də birgə istifadədə deyil, yalnız iddiaçının öz sahibliyində və istifadəsindədir. Ölçmə işlərinə heç bir maneə törətmirlər və heç bir maneə yoxdur. Ardınca isə qeyd edirlər ki, iddiaçı onlara məxsus torpaq sahəsində durmaqla onların torpaq sahəsini göstərir və onlara məxsus torpaq sahəsini ölçmək istəyir. Göründüyü kimi, cavabdehlər ilkin olaraq maneənin və mübahisənin olmadığını qeyd etsələr də, ardınca iddiaçının onlara məxsus torpaq sahəsini ölçdürmək istəməsini qeyd etməklə iddiaçı ilə aralarında ölçmə işlərinin aparılması ilə bağlı mübahisənin və maneənin olmasını etiraf edirlər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, ölmə işləri müvafiq olaraq daşınmaz əəmlakın dövlət reyestri xidmətinin əməkdaşları tərəfindən aparılır və torpaq sahəsi ölçülərək koordinatları müəyyən edildikdən sonra həmin torpaq sahəsinin torpaqların elektron kadastr uçotu sistemində kimin mülkiyyəti kimi qeydə alınıb-alınması barədə sənəd təqdim edirlər. Cavabdehlər ölçmə işlərinin aparılacağı torpaq sahəsinin onlara məxsus olmasını qeyd etməklə mütəxəsislər tərəfindən ölçmə işlərinin aparılmasına mane olurlar.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Tovuz Rayon Məhkəməsinin 2(062)-2675/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Zeynalova (Məmmədova) Ayna Sabir qızının və Cavabdeh1 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2675/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar