Məhkəmə qərarları › İş №2(3-7)-257/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-257/2026

02.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-257/2026 02.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X2 tərəfindən yazılmış sadə yazılı qəbzdən görünür ki, o, İddiaçı 2024-cü ilin birinci ayında 37.400 manat borca pul almış və 07 ayının axırına pulu qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 03-cü vərəqində olan X2 adından olan qəbzin əlyazma mətni və imza – X2 tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatın dəyəri 127 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 37000 manat pulun, habelə ödənilmiş 202 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 onun qonşusudur. Cavabdeh, 2024-cü ilin yanvar ayında pula ehtiyacı olduğunu bildirib ondan 37.400 manat miqdarında borc pul istəmişdir. Cavabdeh Kəlbəcər rayonunda tikintidə işləyir. Cavabdeh ona demişdir ki, tikintidə işlətmək üçün maşın almaq istəyir. Dövlət maşının pulunu verən kimi borcunu qaytaracaqdır. O, cavabdehə 37400 manatı vermişdir və sonuncu öz xətti ilə qeyd yazıb imza edərək ona vermişdir. Qeydə də göstərdi ki, borcunu iyul ayında verəcəkdir. Lakin, cavabdeh öhdəliyini yerinə yetirməmiş və sentyabr-oktyabr aylarında hissə-hissə olmaqla onun kartına cəmi 400 manat pul keçirmişdir. Dəfələrlə pulu tələb etmiş, lakin cavabdeh hər dəfə bildirir ki, dövlət pul verən kimi borcunu qaytaracaq. Onun özünün pula ehtiyacı vadır. O, ailəsi birlikdə bir otaqlı mənzildə yaşayır. Borc verdiyi pulla ev alıb oğlu Ceyhunu evləndirmək istəyirdi. Cavabdeh borcunu qaytarmadığına görə məcbur olub məhkəməyə şikayət etməli olmuşdur. Cavabdeh borcunu ödəməlidir.

5. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X2 iddiaçı İddiaçı xeyrinə 37000 (otuz yeddi min) manat məbləğində borc pul və ödənilmiş 202 (iki yüz iki) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, ekspert tədqiqatının dəyərini təşkil edən 127 manat məbləğində vəsait cavabdeh X2 tutulub, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarını təhlil edərək, daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sadə yazılı borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 37400 (otuz yeddi min dörd yüz) manat borc pul vermiş, cavabdeh də aldığı borcu 2024-cü ilin iyul ayının sonuna kimi qaytaracağına vəd versə də, cəmi 400 manat ödəmiş, yerdə qalan 37000 manat borcu geri qaytarmayaraq, öhdəliyini icra etməmiş və nəticədə iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən məhkəməyə müqavilənin mülki qanunvericidə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdeh öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 739-cu, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh X2 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi normanın tətbiq edilməsini düzgün hesab etmir. Çünki cavabdeh ilə iddiaçı arasında borç müqaviləsi yazılı formada bağlanmamışdır. Onunla iddiaçı arasında heç bir müqavilə olmadığından onun heç bir öhdəliyi yaranmamışdır. Aldığı borcu isə şifahi razılaşma əsasında ödəyəcəkdir. Ona görə də hesab etmişdir ki, bu maddə ona qarşı düzgün tətbiq edilməmişdir. Cavabdeh məhkəmə tərəfindən iddiaçıya 37.000 manat pulun ödənilməsinin üzərinə qoyulmasını əsassız hesab edir. Çünki o, iddiaçıdan 10.000 manat borc almışdır.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, qətnamə çıxarılan zaman mənə bildiriş gəlməmişdir. Sələmə pul götürmüşdür. İş olmadığı üçün ödəyə bilməmişdir. Sonra bir hissəsini ödəmişdir. Sonra məlum olmuşdur ki, onu məhkəməyə vermişdir. Hazırda 9.300 manat borcu vardır. 3 il ərzində cəmi 10.000 manat pul almışdır. 700 manatı qaytarmışdır. Başqa pul almamışdır. Qəbzdə elə yazılmasının səbəbi iddiaçının onu şantaj etməsi və uşaqlarından qorxması olmuşdur.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ev almaq üçün pulu var idi. Sonra ona cavabdeh demişdir ki, bir aylıq pul versin qaytaracaqdır. 2024-cü ilin yanvar ayında birdəfəlik 37.400 manat pul vermiş, cavabdeh yalnız 400 manatı qaytarmışdır. O, sələm verən deyildir. Həmin pulu qızıllarını satıb və oğlunun pulları ilə düzəltmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 739.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyasına) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən, borcun miqdarı hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh X2 onun qonşudur. Cavabdeh, 2024-cü ilin yanvar ayında pula ehtiyacı olduğunu bildirib iddiaçıdan 37.400 manat miqdarında borc pul istəmişdir. İddiaçı cavabdehə 37.400 manatı vermişdir və sonuncu öz xətti ilə qeyd yazıb imza edərək ona vermişdir. Qeydə də göstərmişdir ki, borcunu iyul ayında verəcəkdir. Lakin, cavabdeh öhdəliyini yerinə yetirməmiş və sentyabr-oktyabr aylarında hissə-hissə olmaqla onun kartına cəmi 400 manat pul keçirmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, X2 tərəfindən yazılmış sadə yazılı əqddə o, göstərmişdir ki, İddiaçı 2024-cü ilin birinci ayında 37.400 manat borca pul almış və 07 ayının axırına pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 03-cü vərəqində olan X2 adından olan qəbzin əlyazma mətni və imza – X2 tərəfindən icra olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəf saziş ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh tərəf isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçıdan borca pul almağını etiraf etmiş, lakin borcun miqdarının cəmi 10.000 manat olmasını və həmin puldan 700 manatını qaytarmasını göstərmişdir. Qəbzə 37.400 manat yazmasını isə iddiaçının onu şantaj etməsi və uşaqlarından qorxması ilə əsaslandırmışdır. Amma cavabdeh dəlillərini təsdiq edəcək heç bir mötəbər sübutlarını kollegiyaya təqdim etməmişdir. Kollegiya isə onun bu dəlillərini əsassız sayaraq, hesab edir ki, cavabdehin izahatı qeyri-səmimi olmaqla, öhdəlikdən yayınmaq xarakterlidir.

30. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Sübutetmə vəzifəsinin bölgüsü baxımından müqavilə üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

31. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

32. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin həqiqi hallarını və obyektiv həqiqəti əks etdirmir. İş materialları və təqdim edilmiş sübutlar ilə dəstəklənmir. Ona görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Qətnamənin əsaslılığı dedikdə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.

34. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar