Məhkəmə qərarları › İş №2(3-7)-287/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-287/2026

14.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-287/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarının 14-cü vərəqində olan sadə yazılı qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh ##.##.2025-ci il tarixdə İddiaçı 2500 manat məbləğində pulu borca götürdüm, həmin məbləği iki ay müddətində qaytaracağam, yazılanların doğruluğunu öz imzamla təsdiq edirəm. ” Qəbz Cavabdeh tərəfindən imzalanmış, şəxsiyyət vəsiqəsinin seriya və fin kodu qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona borc verdiyi 2500 (iki min beş yüz) manat pulun və ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə heç bir qohumluq əlaqəsi yoxdur, əvvəllər aralarında har hansısa bir münaqişə və ədavət olmamışdır. Onunla tanışlıq münasibəti olmuşdur. ##.##.2025-ci il tarixidə cavabdeh ondan 2500 (iki min beş yüz) manat məbləğində borc pul alaraq iki ay müddətində qaytaracağını bildirib. Lakin cavabdehin söz verdiyi vaxt tamam olmağına baxmayaraq borcunu ödəməkdən müxtalif bəhanələrlə boyun qaçırır. O, dəfələrlə ondan ona borc verdiyi 2500 (iki min beş yüz) manat pulu tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymur və aldatmağa davam edir. Cavabdehin ondan qeyd etdiyi tarixdə və miqdarda borc pul almasını təsdiq edən, yazıb imzası ilə təsdiq etdiyi qəbz də mövcuddur. Həmin qəbzin surətini iddia ərizəsinə əlavə edir.

4. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə 2500 manat məbləğində borc pul verməsini iddia etsə də məhkəməyə iddia tələbini sübut edəcək dəlilləri təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilən əlyazma qeyd isə mötəbərliyi mübahisəlidir, cavabdehin özü tərəfindən icra edilməsi müəyyən edilmir. Mülki iş sübutların məhkəmə araşdırılmasına təqdim edilməsi üçün üç dəfə hazırlıq iclası keçirilməklə, kifayət qədər müddət tanınmışdır.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 448 və 739-cu, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 88 və 217-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

7. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi cavabdeh tərəfindən əl ilə yazılmış və imzalanmış qəbzdən də görsənir ki, cavabdeh ondan ##.##.2025ci il tarixdə 2500 (iki min beş yüz) manat borc pul alaraq iki ay müddətinə qaytaracağını bildirmişdir. Lakin cavabdehin söz verdiyi vaxt tamam olmağına baxmayaraq borcunu qaytarmamışdır. Həmin qəbzi məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən görməzdən gəlinmiş və heç bir əsas yəni cavabdehin etirazı və sübutun saxta olması barədə ərizə olmadığı halda məhkəmə birtərəfli və qərəzli mövqe tutaraq, öz şəxsi mülahizəsinə əsaslanaraq həmin sübutu mötəbər sübut kimi qəbul edilməyərək, düzgün hüquqi qiymət verilməmişdir. Bununla da hüquqları pozulmuşdur. Cavabdeh ondan 2500 (iki min, beş yüz) manat borc alıb qaytarmayaraq ona maddi ziyan vurmuşdur. Ancaq məhkəmə əsassız olaraq maddi hüquq normalarının tələblərini pozaraq qətnamə qəbul edərək onun maddi hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehə dəfələrlə məhkəmədə iştirak etməsi üçün bildiriş göndərilməyinə baxmayaraq o, buna məhəl qoymamış və məhkəmədə iştirak etməmişdir. Cavabdehin məhkəmdə iştirak etməməsi və iddia tələbilə bağlı susması iddianı qəbul etməyi kimi qiymətləndirildiyi halda məhkəmə əsassız olaraq bu xüsusatı da nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən birtətəfli mövqe göstərmişdir. Məhkəmə iclasları zamanı iddiaçının təqdim ediyi sübuta obyektiv qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə həm mülki hüquqlarını, həm mülki prosessual hüquqlarını kobudcasına pozmaqla ədalətsiz və qanunlara söykənməyən qətnamə qəbul edilmişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdehə borc olaraq pul vermişdi. Cavabdehə pul verilməsi ilə bağlı qəbzin əsli iş materiallarında vardır.

11. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

13. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

26. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

32. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh tanışlıq münasibəti olmuşdur. Qohumluq əlaqəsi yoxdur. ##.##.2025ci il tarixidə cavabdeh iddiaçıdan 2500 (iki min beş yüz) manat məbləğində borc pul alaraq, iki ay müddətində qaytaracağını bildirmişdir. Lakin cavabdeh vaxt tamam olmağına baxmayaraq, borcunu ödəməmişdir.

33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir, bu isə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İşə baxan məhkəmə təqdim edilən əlyazmanın mötəbərliyini mübahisələndirmiş, cavabdehin özü tərəfindən icra edilməsinin müəyyən edilməsinin mümkün olmadığını göstərmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş iddia ərizəsi üzrə yekun məhkəmə aktı ##.##.2026-cı ildə çıxarılmışdır. Bu müddət ərzində üç dəfə hazırlıq iclası keçirilmiş, cavabdehin məhkəmə iclasında iştirakı üçün kifayət qədər müddət tanınmışdır. Cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməyi üçün məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, həmin bildirişlərin çatdırılmasını təsdiq edən xəbərnamədən (F.339, poçt göndərişlərinin çatdırılmasını təsdiq edən sənəd) görünür ki, cavabdeh tərəfindən həmin sənədlər qəbul edilmişdir (iş materialları 13, 19, 24 və 32-ci səhifələr). Lakin cavabdeh Cavabdeh məhkəmənin çağırışlarına məhəl qoymamış və məhkəmədə iştirak etməmişdir.

35. Bundan başqa, məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya onun bu hərəkətlərini ədalətli məhkəmə araşdırması üçün bilərəkdən törədilən maneə və mülki hüquq münasibətləri üzrə yaranmış öhdəliklərindən yayınma kimi qiymətləndirir və daxili inamına və təqdim edilmiş sübuta əsasən hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 14-cü vərəqində olan sadə yazılı qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh ##.##.2025-ci il tarixdə İddiaçı 2500 manat məbləğində pulu borca götürdüm, həmin məbləği iki ay müddətində qaytaracağam, yazılanların doğruluğunu öz imzamla təsdiq edirəm. ” Qəbz Cavabdeh tərəfindən imzalanmış, şəxsiyyət vəsiqəsinin seriya və fin kodu qeyd olunmuşdur. Dəfələrlə məhkəmə iclasından xəbəri olmuş cavabdeh qeyd olunan sadə yazılı qəbzin onun tərəfindən yazılmaması, saxta olması və ya öhdəliyin icra edilməsi ilə bağlı heç bir mövqe bildirməmiş, iddiaçı tərəfindən təqdim edilmiş həmin sübutun mötəbərliyinə şübhə yaradan əsas mövcud olmamışdır. Cavabdeh iddiaçının hesabına əsasız varlanmışdır.

37. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün əlində mövcud olan sübutla məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması üçün cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmiş, iddia tələbindən xəbəri olmasına baxmayaraq, mövqe bildirməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri).

38. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

39. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməlidir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 2500 (iki min beş yüz) manat pul və ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçı İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar