Məhkəmə qərarları › İş №2(3-7)-345/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-345/2026

19.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-345/2026 19.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Tovuz rayonu Qovlar Bələdiyyəsinin cavabdeh Pənahov İlqar Məzahir oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 23.01.2026cı il tarixli, 2(062)-2327/2025 saylı qərardadından mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əhmədov Vaqif Qasım oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Tovuz rayonu Qovlar Bələdiyyəsi cavabdeh Pənahov İlqar Məzahir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qovlar bələdiyyəsinə aid 30 hektar örüş, otlaq sahəsindən ona məxsus bütün əşyaların və mal-qaranın birlikdə məcburi çıxarılması və 3 il ərzində torpaqdan istifadə etməklə, yəni örüş sahəsinin əkilməsi ilə torpağın münbit qatının korlanması ilə dəymiş ziyan kimi 10.000 manat ziyanın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 29.09.2025-ci il tarixli, 2(062)-2327/2025 saylı qətnaməsi ilə iddiaçı Tovuz rayonu Qovlar Bələdiyyəsinin cavabdeh Pənahov İlqar Məzahir oğluna qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əhmədov Vaqif Qasım oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Tovuz Rayon Məhkəməsinin 23.01.2026-ci il tarixli, 2(062)-2327/2025 saylı qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı Tovuz rayonu Qovlar Bələdiyyəsinin nümayəndəsi Əhmədov Vaqif Qasım oğlu şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətini geri qaytararkən onun tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmasına düzgün hüquqi qiymət verməmişdir. İstinad edilmiş 10 bəndin hüquqi əsası yoxdur. O, işlə bağlı dəlillərini açıqaydın göstərmişdir. Məhkəmə onun hüququnu məhdudlaşdırmışdır. Tovuz Rayon Məhkəməsinin 11.02.2026-cı il tarixli, 2(062)-2327/2025 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, qanunvericilik ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmamışdır. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi aydın və konkret şəkildə ifadə olunmalı, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırki iş üzrə şikayətdə şikayəti verən şəxsin tələbi aydın və konkret şəkildə ifadə edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olması və hazırki mübahisəyə aidiyyatı göstərilməmişdir. Bundan başqa, apellyasiya şikayəti Qovlar bələdiyyəsinin adından Əhmədov Vaqif Qasım oğlu tərəfindən imzalanmışdır. Halbuki, MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Əhmədov Vaqif Qasım oğlu isə əsas iş yerinin Qovlar bələdiyyəsi olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Odur ki, məhkəmənin apellyasiya şikayətini geri qaytarmaq barədə qərardadı əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 69.1-1, 361, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: Tovuz Rayon Məhkəməsinin 23.01.2026-cı il tarixli, 2(062)-2327/2025 saylı qərardadından mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əhmədov Vaqif Qasım oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 23.01.2026-cı il tarixli, 2(062)-2327/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar