Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-347/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X1 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə Rayon Polis Şöbəsinin cinayət işini başlanmasının rədd olunması haqqında ##.##.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizə ilə polis şöbəsinə müraciət edərək Cavabdeh adlı şəxsin onun tikinti materialları mağazasından 3000 manat dəyərində inşaat materialları aldığını, lakin aldadaraq onun pulunu vermədiyini bildirmiş, həmin müraciət qeydiyyata alınmış və araşdırılma aparılmışdır. Araşdırma zamanı Cavabdeh izahatında İddiaçı nisyə tikinti materialları aldığını, ümumiliksə 2860 nanat borcu olduğunu, borcundan 500 manat, daha sonra isə 600 manat ödədiyini və hazırda 1000 manat borcu qalmasını bildirmişdir.
2. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, vəkil nümayəndə1 hesabına 320 manat ödəniş edilmişdir.
3. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 50.00 manat dövlət rüsumu ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2937 (iki min doqquz yüz yeddi ) manat məbləğində pulun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq əldən çıxmış faydanın illik 5% hesablanaraq həmin pulun və 51 manat dövlət rüsumun və 320 manata hüquqi yardıma görə ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə şəhərində yerləşən “Rekort” inşaat materialları mağazası ona məxsusdur. Bərdə rayonu Hacallı kəndində yaşayan Cavabdeh təxminən bir neçə ildir ki, tanıyır. Onunla qərəzliliyi və düşmənçiliyi yoxdur. Təxminən 2-3 il əvvəl cavabdeh onun təsərrüfat malları mağazasına gələrək avtomobillər üçün profilaktoriya inşa etdirmək istədiyini bildirirək ona nisyə tikinti materialları verməyini, aldığı materialların pulunu hissə-hissə, amma tezliklə qaytaracağını bildirmişdir. Cavabdeh ondan bir neçə ay ərzində 18000 (on səkkiz min) manatlıq tikinti materialları almışdır. Sonuncu dəfə 1 il əvvəl cavabdeh onun mağazasına gələrək qalan borcunun hesablanmasını istəmişdir və nəticədə məlum olmuşdur ki, cavabdehin onlara verəcəyi borcunun məbləği 3750 manatdır. Lakin cavabdeh ondan xahiş etmişdir ki, “yaxın günlərdə qardaşı Valeh rayona gələcək, sizin mağzaya gəlsə denən ki, borcum 750 manatdır”, qalan 3000 (üç min) manatı özü verəcəkdir. Bundan sonra, yəni cavabdehin qardaşı Valeh gəlib getdikdən sonra o, cavabdehə zəng etmişdir ki, qalan 3000 manatı göndər, çünki qardaşı 750 manatı verməmişdir. Cavabdeh əvvəlcə maddi sıxıntıları olduğunu, ona bir az möhlət tanımağını istəmişdir. O, bir neçə gün gözləyə biləcəyini demişdir. Sonra cavabdeh ona Nadim adlı şəxs vasitəsi ilə 500 manat pul göndərmiş, daha sonra isə 600 manat pulu özü vermiş, lakin cavabdeh yerdə qalan 2937 (iki min doqquz yüz otuz yeddi) manat borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin borcu qəsdən ödəməkdən yayınması ilə bağlı tərəflərindən Bərdə rayon Polis şöbəsinə yazılı ərizə ilə müraciəti olmuşdur. Şiakyəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh zidiyyətli ifadə verərək guya ona qalan borcunun 1000 (min manat) təşkil etdiyini demişdir. Cavabdehin ona ödəməli olduğu borcun məbləğinin 2937 manat təşkil etməsini X3 və Hacıyev kamil Xaləddin oğlu təsdiq edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
6. İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pulun, 51 manat dövlət rüsumun və 320 manata hüquqi yardıma görə ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bədə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 2650 (iki min altı yüz əlli) manat alınaraq iddiaçı İddiaçı verilməsi, iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və vəkilə ödənilən 320 manat xərc cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı nisyə tikinti materialları almışdır. Lakin borcunu ödəmədiyindən iddiaçı bu barədə Bərdə RPŞnə müraciət etmiş, araşdırma zamanı Cavabdeh izahatında 2860 manat borcu olduğunu lakin borcundan ödədiyini və hazırda 1000 manat borcu qaldığını göstərmişdir. Lakin cavabdeh borcundan ödəməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 2650 manat məbləğində borc qalmışdır. Lakin cavabdeh aldığı borcu bu günə kimi geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Bərdə Rayon Polis Şöbəsinin cinayət işini başlanmasının rədd olunması haqqında ##.##.2025-ci il tarixli qərarı nəzərə alınmaqla iddia tələbi təmin olunmalı, iddiaçı İddiaçı 2650 (iki min altı yüz əlli) manat alınaraq iddiaçı Cavabdeh ödənilməlidir.
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 390.1, 405.1, 567, 600.1, 600.4, 600.5, 601.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Bərdə Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bərdə rayon mərkəzində, “Rekord” inşaat mağazası iddiaçı İddiaçı Rafael oğluna məxsusdur. Cavabdeh həmin mağazadan, taxta materialları almışdır. Tikintidə istifadə olunan taxta inşaat materialları keyfiyyətsiz olmuşdur. Keyfiyyətsiz taxtalar, döşəmə kimi istifadə olmuşdur. Onun əlində maddi sübutları vardır ki, həmin taxta polları o, videoya çəkmişdir. Birinci instansiya məhkəməsi bu işlə bağlı tikinti ekspertizası keçirilməli olduğu halda, ekspertizaya təyin etməmişdir. Tikinti inşaat materiallarını ekspertizası təyin olduqdan sonra mübahisəli məsələyə qərəzsiz hüquqi qiymət vermək olar. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından narazıdır. Hakim qərəzli mövqe tutmuşdur. Ekspertiza təyin etməmişdir. Hesab etmişdir ki, məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir. Göstərilən səbəbdən hüquqları və qanunla qorunan mənafeyi pozulmuşdur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədlərinə çatmağına maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmışdır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşmaması, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi birinci instansiya məhkəməsini qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəmisinin qəbul etdiyi qətnamə maddi və prosseual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İş üzrə iddiaçıya işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Əvvəki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) nümayəndə1 apellyasiya şikayətinə etiraz etdiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. İş üzrə cavabdehə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır.
17. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
18. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
19. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
20. Maddə 567. Alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Maddə 600.1. Alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir.
22. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin mübahisəsiz halıdır ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı nisyə tikinti materialları almışdır. Cavabdeh aldığı tikinti materiallarının pulunu tam ödəməmiş, nəticədə iddiaçı İddiaçı 2860 manat borcu yaranmışdır. Bu hal cavabdeh tərəfindən də, təkzib edilməmişdir. İddiaçı malları təhvil versə də, cavabdeh malların pulunu müəyyən olunmuş vaxt ərzində ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, cavabdeh həmin mağazadan, taxta materialları almışdır. Tikintidə istifadə olunan taxta inşaat materialları keyfiyyətsiz olmuşdur. Keyfiyyətsiz taxtalar, döşəmə kimi istifadə olmuşdur. Onun əlində maddi sübutları vardır ki, həmin taxta polları o, videoya çəkmişdir. Birinci instansiya məhkəməsi bu işlə bağlı tikinti ekspertizası keçirilməli olduğu halda, ekspertizaya təyin etməmişdir
39. MM-nin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdeh iddiaçının ona qarşı pul tələbi irəli sürənədək aldığı əşyaların keyfiyyəti ilə bağlı iddiaçıya qarşı heç bir tələb irəli sürməmişdir. Həmçinin cavabdeh tikinti materiallarının keyfiyyətsiz olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
41. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
42. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin etməklə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Kollegiya eyni zamanda qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda apellyasiya şikayətində mübahisələndirilən hissə 2650 manat olduğundan qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.