Məhkəmə qərarları › İş №2(3-7)-357/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-357/2026

08.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-357/2026 08.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiаçı İsmayılova Məleykə Calal qızının cavabdeh Abbasov İlqar Osman oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiаçı İsmayılova Məleykə Calal qızının və cavabdeh Abbasov İlqar Osman oğlunun iştirakları ilə, İddiaçı İsmayılova Məleykə Calal qızının cavabdeh Abbasov İlqar Osman oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Abbasov İlqar Osman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ##.##.2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanmasının rədd olunması barədə ##.##.2024-cü il tarixli qərardan görünür ki, İsmayılova Məleykə Calal qızının və X1 Abbasov İlqar Osman oğluna qarşı şikayət ərizələri əsasında Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı R X2 tərəfindən araşdırma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

2. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İsmayılova Məleykə Calal qızı tərəfindən Azərbaycan Respublikasının bütün idarə, müəssisə və təşkilatlarında, icra şöbələrində, qeydiyyat orqanlarında, təhqiqat, polis və prokurorluq orqanlarında onu müdafiə etməyi yox ancaq təmsil etməyi, sənədləri toplamağı, bütün dövlət idarələrində, мüəssisələrdə, təşkilatlarda, İcraçılarda, İcra və Probasiya Şöbələrində, Polisdə və digər hüquq mühafizə orqanlarında, İcra Hakimiyyətlərində, İcra Nümayəndəliklərində, Bələdiyyələrdə, DTX, Prezident Aparatında, Arxiv İdarələrində, ASAN Xidmət Mərkəzlərində, bütün dövlət, idarə və təşkilatlarında nümayəndəsi olmağı, bütün növ arayış və sənədləri toplamağı, sənədləri təqdim etməyi, adından ərizə verməyi, lazımlı sənədlərə imza etməyi, mənə çatası rəyləri, digər sənədləri almağı, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamaq, adından imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi Abbasov İlqar Osman oğluna etibar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İsmayılova Məleykə Calal qızı cavabdeh Abbasov İlqar Osman oğluna qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 1000 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə mülki işi ilə əlaqədar cavabdeh Abbasov İlqar Osman oğlu ona vəkil olmağını və məhkəmədə baxılacaq mülki işinə kömək edəcəyini bildirib, ondan 1000 manat pul almışdır. Məhkəmədə isə onun mülki işinə baxılarkən onun tərəfindən heç bir köməklik göstərilməmişdir. O, cavabdehdən pulunu geri qaytarılmasını tələb etsə də pulunu qaytarmamışdır. Onun bu dələduzluq əməlinə görə Tovuz Rayon Polis şöbəsinə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. ## ###### 2024-cü il tarixdə Tovuz rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı Məhərrəm Məmmədov tərəfindən İlqar Abbasovun əməlində cinayət əməlinin tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də o, məhkəməyə iddia ərizəsi müraciət etməli olmuşdur.

5. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Süleyman Hacıyev) Abbasov İlqar Osman oğlundan 1000 (min) manat məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın tutularaq, İsmayılova Məleykə Calal qızına ödənilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 425.1, 425.2, 442, 777.1 və 777.2-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.2, 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Abbasov İlqar Osman oğlu apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, heç ortada olan pul mübahisəsi 1000 manat olmamışdır, iddiaçı ona nə vermişsə, yol nəqliyyat xərclərinə, rüsumlara getmişdir, o əlavə pul almamışdır. Hətta, iddiaçı qeyd etmişdir ki, əgər iş xeyrinə həll olarsa, o zaman ona ödəniş ödəyəcəkdir. Həmin işlə bağlı dəfələrlə Gəncə şəhərinə getmiş, vəkillə müqavilə bağlamış, vəkilə ödəniş etmişdir. Bununla bağlı məhkəməyə ərizələrin surətini təqdim etmişdir, demək olarkı o, üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Onun məsuliyyəti yoxdur, o, məhkəmənin qətnamə çıxarmasına təsir edə bilməzdi. İddiaçı özü də bilmişdir ki, o, vəkil deyil, lakin sənədləşmə işlərinin tərtibinə köməklik edə bilər və iddiaçı da bu fikirlə razılaşmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abbasov İlqar Osman oğlu apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı ona iki üç dəfə müraciət etmiş, o da ona öz növbəsində vəkil tutmağını tövsiyyə etmişdir. Belə olanda iddiaçı vəkilə görə 3-5 min manat tələb edildiyini bildirmişdir. İddiaçıdan min manat məbləğində pul almışdır. Həmin pulları ödənişlərə keçirmişdir. Ona vəkil tutmuş, vəkilə də pulu özü vermişdir. Müəyyən işləri özü aparmışdır. İddiaçıdan hər hansı məbləğdə pul qazanmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılova Məleykə Calal qızının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, cavabdeh ona min manat qarşılığında bütün işlərinin özünün aparacağını bildirmişdir. İddiaçıya 1000 manat məbləğində pul vermiş, bundan əlavə 311 manat rüsümu özü ödəmişdir. Lakin, işlərini vəkil aparmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

17. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər arasında şifahi formada əvəzli tapşırıq müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən cavabdeh Abbasov İlqar Osman oğlu iddiaçı İsmayılova Məleykə Calal qızının torpaq sahəsinə yolun açılması ilə bağlı mülki hüquqi mübahisənin iddiaçının xeyrinə həll olunmasına kömək edəcəyini öhdəsinə götürmüş, buna görə də iddiaçı tərəfindən cavabdehə 1000 manat məbləğində ödənilmişdir. Cavabdeh İlqar Abbasov üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

36. Məhkəmə kollegiyasının qənaətinə görə işdə olan Tovuz rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R X2 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Abbasov İlqar Osman oğlu izahatında hüquqi işlərini aparmaq məqsədilə Məleykə İsmayılovanın ona 2021-ci ilin mart ayında 500 manat, bir həftə sonra isə daha 500 manat olmaqla, cəmi 1000 manat məbləöində pulun verməsini etiraf etdiyindən iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.

37. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

38. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

39. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə polis orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

40. Göründüyü kimi, polis orqanında aparılmış araşdırma zamanı cavabdeh iddiaçıdan 1000 manat məbləğində pul almasını etiraf etmişdir.

41. Lakin, cavabdeh həmin pulu rüsum ödənilməsi, vəkilə ödəniş edilməsi, Tovuz Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində gedən proseslər üzrə lazımi sənədlərin tərtibi, müxtəlif dövlət orqanlarına sorğuların və müraciətlərin yazılmasına sərf edildiyini qeyd etmişdir.

42. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

44. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

45. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

46. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, cavabdeh iddiaçının tələb etdiyi pulu rüsum ödənilməsi, vəkilə ödəniş edilməsi, Tovuz Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində gedən proseslər üzrə lazımi sənədlərin tərtibi, müxtəlif dövlət orqanlarına sorğuların və müraciətlərin yazılmasına sərf edildiyini bildirmiş, lakin bununla bağlı mötəbər sübutlarını təqdim etməmişdir.

48. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

52. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

53. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, Abbasov İlqar Osman oğlu polisdə izahatında iddiaçı Məleykə İsmayılovadan ona hüquqi yardım göstərmək adı ilə 1000 manat pul aldığını etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bu halı bir daha təsdiqləmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmaqla, işin mübahisəsiz halıdır. Məhkəmə Kollegiyası həmçinin, hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və formal xarakter daşıyır.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Abbasov İlqar Osman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar