Məhkəmə qərarları › İş №2(3-7)-402/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-402/2026

17.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-402/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi, Bərdə Rayon Vəkil bürosunun vəkili İsayeva Xanım Yusif qızının, cavabdeh Cavabdeh videokonfrans formasında iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil İsayeva Xanım Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2024-cü il tarixli *-********* nömrəli ödəniş qəbzindən görünür ki, 100 manat SH*******C******* adlı şəxsə göndərilmişdir.

2. ##.##.2025-ci il tarixli *-********* nömrəli ödəniş qəbzindən görünür ki, 1000 manat SAYAVUSH K***** adlı şəxsə göndərilmişdir.

3. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 416973******5830 (K*****S*****Ş***** oğlu) nömrəli karta 3000 manat mədaxil edilmişdir.

4. ##.##.2024-cü il tarixli *-********* nömrəli ödəniş qəbzindən görünür ki, 1000 manat SA*******K******* adlı şəxsə göndərilmişdir

5. ##.##.2025-ci il tarixli *-********* nömrəli ödəniş qəbzindən görünür ki, 3000 manat RAFİQ A***** adlı şəxsə göndərilmişdir.

6. ##.##.2025-ci il tarixli *-********* nömrəli ödəniş qəbzindən görünür ki, 1000 manat SH*******C******* adlı şəxsə göndərilmişdir.

7. ##.##.2024-cü il tarixli *********** nömrəli ödəniş qəbzindən görünür ki, 1700 manat Ş*****Q***** adlı şəxsə göndərilmişdir.

8. ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, 416973********** nömrəli karta (C*****Ş*****Q***** oğlu)1900 manat mədaxil edilmişdir.

9. ##.##.2025-ci il tarixli A******* nömrəli terminal qəbzindən görünür ki, 1900 USD məbləğində xarici valyuta 1USD=1.6980 AZN məzənnəsi ilə mübadilə edilərək 3226.00 manat çıxarılmışdır.

10. ##.##.2025-ci il tarixli qəbzə əsasən 100 USD məbləğində xarici valyuta 1USD=1.6980 AZN məzənnəsi ilə mübadilə edilərək 169 manat çıxarılmışdır.

11. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 523915********** nömrəli karta (B*****N*****M***** qızı) 2195 manat ödəniş edilmişdir.

12. ##.##.2025-ci il tarixli qəbzə əsasən 5*************** nömrəli karta 1200 manat köçürülmüşdür.

13. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 523915********** nömrəli karta (K*****S*****Ş***** oğlu) 2000 manat mədaxil edilmişdir.

14. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 523915********** nömrəli karta (B*****N*****M***** qızı) 5000 manat ödəniş edilmişdir.

15. ##.##.2025-ci il tarixli *-********* nömrəli ödəniş qəbzindən görünür ki, 3000 manat RAFİQ A***** adlı şəxsə göndərilmişdir.

16. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki 416973********** nömrəli karta (C*****G*****F***** qızı) 1600 manat ödəniş edilmişdir.

17. ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, 523915********** nömrəli karta (B*****N*****M***** qızı) 4000 manat nağd ödəniş edilmişdir.

18. ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki 416973********** nömrəli karta (C*****Ş*****Q***** qızı) 2000 manat nağd ödəniş edilmişdir.

19. ##.##.2025-ci il tarixli *-********* nömrəli ödəniş qəbzindən görünür ki, 570 manat GU*******C******* adlı şəxsə göndərilmişdir.

20. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 523915********** nömrəli karta (B*****N*****M***** qızı) 3800 manat ödəniş edilmişdir.

21. İşə əlavə edilmiş CD daşıyıcıda olan iddiaçı ilə cavabdehə aid olan səs yazılarında cavabdehin heyvan alqı-satqısı ilə bağlı iddiaçıya məlumat verməsi, həmçinin müxtəlif bank kartlarına iddiaçının müxtəlif məbləğlər göndərməli olması ilə bağlı göstəriş verməsi müəyyən edilir. a) Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 40000 (qırx min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir..

23. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2024-cü ilin ortalarında Bakı şəhərində tanış olmuşdur. Tanışlıq zamanı cavabdeh özünü “heyvan alqısatqısı ilə məşğul olan iş adamı” kimi təqdim etmiş, onun etimadını qazanmaq üçün çoxsaylı izah və vədlər vermişdir. Cavabdeh bildirmişdir ki, o, kənd təsərrüfatı heyvanlarını alır, müəyyən müddət-təxminən bir həftə saxladıqdan sonra onları guya “sosial heyvan” adı altında daha baha qiymətə satır və bu yolla gəlir əldə edir. O, bu işin gəlirli olduğunu dəfələrlə vurğulamış, onu da öz işinə qoşulmağa və ona pul verməyə razı salmışdır. O, cavabdehin sözlərinə inanaraq, 2024-cü ilin noyabr ayından başlayaraq indiyə qədər müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə ona ümumilikdə 43000 (qırx üç min) manat pul vermişdir. Cavabdeh hər dəfə pul alarkən məbləği qısa müddətdə, yəni heyvanı satdığı müddət ərzində 1-2 (bir-iki) həftə ərzində qaytaracağına söz vermiş, lakin bu vədini yerinə yetirməmişdir. Yalnız bəzi hallarda kiçik məbləğlər qaytarmış, lakin əsas məbləği qaytarmamışdır. Hazırda cavabdehin ona 40000 (qırx min) manat həcmində borcu qalmaqdadır. Əlavə olaraq qeyd edir ki, cavabdeh pul vəsaitini almaq üçün dəfələrlə müxtəlif üsullara əl atmışdır. Cavabdeh ona bəzi zamanlarda öz şəxsi bank kartı əvəzinə həyat yoldaşının, dostunun, hətta bacısının həyat yoldaşının adına olan kart nömrələrini təqdim etmiş, o da həmin kartlara pul köçürmüşdür. Bu fakt cavabdehin pulu almaq üçün müxtəlif şəxslərdən vasitəçi kimi istifadə etməsini, eyni zamanda etibarı qazanmaq məqsədilə ona müxtəlif yollar göstərməsini sübut edir. O, dəfələrlə cavabdehdən borcunu tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək ödənişi ləngitmiş, bəzən “heyvanların satışı hələ baş tutmayıb”, bəzən də “pul yolda, gəlir” kimi sözlərlə onu aldatmışdır. İndiki vaxta qədər cavabdeh nə borcunu qaytarır, nə də məsələni razılaşma yolu ilə həll etməyə çalışır. Cavabdehin bu hərəkətləri açıq-aşkar onun etimadından sui-istifadə etməklə, aldatma yolu ilə pul əldə etməsi xarakteri daşıyır. Bu davranışlar yalnız mülki hüquqların pozulması deyil, eyni zamanda vicdan normalarına və ədalət prinsiplərinə də ziddir.

24. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim H.S.Qəniyev) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona 40000 (qırx min) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21,3, 1096.1, 1096.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.3, 82.4 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edərək iddianın təmin edilməsini və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim etdiyi bank köçürmə qəbzlərinə, yazışmalara və digər sübutlara obyektiv və tam hüquqi qiymət verməmiş, məhkəmə sübutları ayrı-ayrı qiymətləndirərək onların məcmu nəticəsini nəzərə almamışdır. Cavabdeh borcun mövcud olmadığını sübut edən heç bir sənəd təqdim etmədiyi halda məhkəmə yenə də iddianı rədd etmişdir . Halbuki iş materialları pulun cavabdeh tərəfindən alındığını açıq şəkildə təsdiq edir və borc münasibətinin mövcud olduğunu sübut edir. Məhkəmə işin bütün hallarını araşdırmadan qanunsuz qərar qəbul etmişdir. Bu isə maddi və prosessual hüquq normalarının pozulması deməkdir və belə qətnamə ədalətli hesab oluna bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Xanım İsayeva apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin, qeyd etdi ki, iddiaçının cavabdehə tələb edilən məbləğdə pulu verməsi iş materiallarında olan qəbzlərlə sübut olunur.

31. Məhkəmə kollegiyasının iclasında whatsapp proqramından istifadə edilməklə dindirilmiş cavabdeh Cavabdeh izahatında və ona verilən suallara cavab olaraq bildirmişdir ki, o iddianı qəbul etmir. Belə ki, o, iddiaçıdan 8000 manat borc pul götürmüş, 1500 manat əlavə faiz olmaqla cəmi 9500 manat pul qaytarmışdır. Həmin pul və faizini iddiaçıya Tərtər yolunda çayxanada görüşüb yemək yeyərkən nağd formada əlbəəl qaytarmışdır. Onun tapşırığı ilə iddiaçının Siyavuşa pul göndərməsini ümumiyyətlə xatırlamır. Rafiq onun yeznəsidir, iddiaçı Rafiqi tanımır, o iddiaçıdan Rafiqə pul göndərməsini xahiş etməmişdir. Həmçinin arvadı Günelin kartına pul göndərməsini iddiaçıdan xahiş etməsini xatırlamır. İddiaçının onun kartına göndərdiyi pulların əvəzini iddiaçıya və onun yoldaşına kart vasitəsilə geri qaytarmışdır. O özü bir neçə dəfə iddiaçı və onun həyat yoldaşı Rəna xanıma pul göndərmiş və həmin ödəniş qəbzlərini evdə saxlamışdır. O bir neçə dəfə 1500 AZN, 1200 AZN kimi xırda məbləğdə borc pul götürmüş, amma onları da faiziylə birlikdə iddiaçının kartına geri göndərmişdir ki, həmin bütün məbləğləri belə toplasaq, ümumilikdə, iddiaçının ondan tələb etdiyi məbləğə uyğun gəlmir. O, iddiaçıdan götürdüyü 8000 manat pul üçün ayda 700 manat faiz ödəmişdir. Çekdə adının baş hərfləri qeyd olunan B.M.M qızı Siyavuşun həyat yoldaşıdır, amma ona 5000 manat ödənilməsinə dair o iddiaçıya heç nə deməmişdir. İddiaçı və Siyavuş bir - birini tanıyırlar, ola bilər ki, öz aralarında pul haqq hesabı olub. O, Siyavuşdan pul götürmüş, amma onları da geri qaytarmışdır, hansı ki, 70.000 - 75.000 manat dövriyyələri olmuşdur. Bunlara dair ödəniş çekləri də mövcuddur, ona görə Siyavuşun həyat yoldaşını tanımışdır.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

Maddə 385. Öhdəlik anlayışı Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

36. İddiaçının iddia tələbinin əsasını o təşkil edir ki, o, müxtəlif vaxtlarda cavabdehin tapşırığı ilə onun özünün, ailə üzvünün və digər şəxslərin bank kartlarına müxtəlif məbləğlərdə pul vəsaitləri göndərmiş, məqsəd də o olmuşdur ki, cavabdeh heyvan alğı-satqısı edərək mənfəət əldə etməli və bu mənfəət aralarında bölüşdürülməlidir. İddiaçı qeyd edir ki, o, ümümilikdə cavabdehə 43.000 manat pul vermiş, cavabdeh isə 40.000 manatını qaytarmamışdır. Cavabdeh tələbə etiraz edir və bildirir ki, o, iddiaçıdan yalnız 8000 manat götürmüş və sonradan onu qaytarmışdır. İşin hallarından həmçinin o da müəyyən edilir ki, cavabdeh hazırda həbs edilmişdir, o, məhkəmə kollegiyasının son iki iclasına onlayn formada qoşulmuşdur.

37. İşin müəyyən edilən hallarından görünən odur ki, iddiaçı ilə cavabdeh arasında işgüzar münasibətlər olmuş, onlar birlikdə heyvan alğı-satqısı ilə məşğul olmaq barədə sövdələşmişlər. İddiaçı bu sövdələşmə çərçivəsində cavabdehin tapşırığı ilə müxtəlif bank kartlarına pul köçürdüyünü bildirir. Cavabdeh bu halı inkar etsə də, iş materiallarına əlavə edilmiş səs yazılarından onların arasında məhz heyvan satışı ilə bağlı iş birliyinin olması müəyyən edilir.

38. İşə baxan məhkəmə iddia tələbini sübut çatışmazlığı səbəbi ilə rədd etmiş, bununla belə iş materiallarında olan, iddiaçı tərəfindən müxtəlif şəxslərin, eləcə də cavabdehin özününün adına olan bank kartlarına edilən pul köçürmələrini araşdırmamış, bu köçürmələrin məqsədinə aydınlıq gətirməmişdir. Eyni zamanda tərəflərin danışıqlarını əks etdirən səs yazılarına da hüquqi qiymət verilməmişdir.

39. Həmin qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin özünə, cavabdehin qohumu Səyavuş adlı şəxsə və onun həyat yoldaşına, cavabdehin digər qohumu Rafiq adlı şəxsə, eləcə də cavabdehin özünün həyat yoldaşına müxtəlif məbləğlərdə pul göndərmişdir.

40. Cavabdeh həmin pul köçürmələrini inkar edərək, iddiaçının digər şəxslərə pul köçürmələrinin onunla bağlılığının olmadığını, belə bir halı xatırlamadığını, iddiaçıdan aldığı borcu isə iddiaçının həyat yoldaşının kartına köçürmələr etməklə qaytardığını qeyd etsə də, məhkəmə kollegiyası cavabdehin etirazının dəlillərini inandırıcı hesab etmir.

41. Belə ki, işə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı Səyavuş adlı şəxsin və onun həyat yoldaşının bank kartına ayrı-ayrılıqda 3800 manat, 5000 manat, 2000 manat, 4000 manat, 1000 manat, 1000 manat, 2195 manat, 1200 manat köçürmüşdür. Səyavuş cavabdehin qohumudur və cavabdehə, onun qohumu olan şəxsə və cavabdehin həyat yoldaşına iddiaçının nəyə görə bu məbləğləri göndərməsinə cavabdeh məntiqi izah verə bilməmiş, bu halları sadəcə inkar etmişdir. Halbuki, onunla iddiaçının danışığını əks etdirən səs yazılarından müəyyən edilir ki, cavabdeh iddiaçıya heyvanların alınması və onların qiymətləri ilə bağlı məlumat verir, eyni zamanda qəbzlərdə olan məbləğlərlə eyni olan məbləğlərin əvvəlcədən aralarında müəyyən etdikləri bank kartlarına göndərilməli olmasını iddiaçıya deyir. Halbuki, cavabdeh belə bir halın olmadığını bildirirdi.

42. Bundan başqa, iddiaçı tərəfindən bank kartına pul göndərilən Rafiq adlı şəxs cavabdehin yeznəsidir və verilən suala cavab olaraq cavabdeh bildirir ki, iddiaçı Rafiqi tanımır. İşə əlavə edilən qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Rafiqə 3000 manat + 3000 manat pul göndərmişdir. Hazırkı vəziyyətdə də cavabdeh iddiaçının onun tanımadığı yeznəsinə nə səbəbdən pul göndərməsini izah edə bilməmişdir.

43. Eyni zamanda, işə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən qəbzdə GU**** C** kimi göstərilmiş şəxsin də kartına 570 manat, 1600 manat pul köçürülüb. Cavabdeh həmin şəxsinin onun həyat yoldaşı olduğunu bildirir. Digər məbləğlər isə cavabdehin özünün adına olan bank kartına köçürülmüşdür.

44. Göründüyü kimi, cavabdehin inkar etməsinə baxmayaraq, onun köçürülən məbləğlərlə bağlı əlaqəsinin olması işin halları ilə təsdiq edilir. Kollegiya belə qənaətə gəlir ki, məhz cavabdehin tapşırığı ilə həmin məbləğlər həm onun öz kartına, həm də digər şəxslərin kartlarına köçürülmüşdür.

45. Həmin məbləğlərin cavabdeh tərəfindən geri qaytarılması ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdeh bu halı sübut edə bilməmişdir. Cavabdehə bu halı sübut etmək üçün şərait yaradılmış, onun müvəqqəti saxlama məntəqəsində saxlanılması və özünümüdafiə imkanlarının məhdud olması nəzərə alınaraq iddia tələbinə əks-sübutların təqdim edilməsi üçün şərait yaradılmış və vaxt verilmişdir. Cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzlərindən müəyyən edilir ki, o, ümumilikdə iddiaçının həyat yoldaşına 1600 manat pul köçürmüşdür.

46. İddiaçı tələbində 3000 manatın cavabdeh tərəfindən qaytarıldığını etiraf edir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin bank kartına və onun tapşırığı ilə digər şəxslərin bank kartlarına göndərilən pul məbləğlərinin geri qaytarılmasına dəlalət edən hər hansı sübut təqdim edilməmişdir.

47. Belə olan halda, iddiaçı hazırkı tələbində haqlıdır, cavabdehin iddiaçıya münasibətdə 40000 manatın qaytarılmasından ibarət olan öhdəliyi mövcuddur.

48. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 40000 manat məbləğində pul sonuncudan alınaraq iddiaçıya qaytarılmalıdır.

49. Məhkəmə kollegiyası, yuxarıda qeyd edilən əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı İddiaçı nümayəndəsi vəkil İsayeva Xanım Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 40000 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar