Məhkəmə qərarları › İş №2(3-7)-469/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-469/2026

27.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-469/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz Ixrac İdarəsinin cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə Məmmədova Fİruzə Vüqar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz Ixrac İdarəsinin nümayəndəsi İsmayılov Rahid Mahal oğlunun, cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz Ixrac İdarəsinin cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı «tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz Ixrac İdarəsinin nümayəndəsi İsmayılov Rahid Mahal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X1 Kəmərləri Sahəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli akta əsasən Tovuz rayonu Düz Cırdaxan kəndində yaşayan cavabdeh2 Şəmil oğlu tərəfindən Tovuz QPS qaz kəməri qolu Ds219 mm p10kq\sm2 magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 5 metr məsafədə yaşayış evi inşa olunmuşdur.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Tovuz rayonu Düz Cırdaxan kənd sakini cavabdeh2 Şəmil oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evi magistral qaz kəmərinin 6.2 metr məsafəsində yerləşir.

3. ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 100 manat məbləğdə dövlət rüsumu ödənilmişdir.

4. ##.##.2025-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hesabına 95 manat vəsait ödənilmişdir.

5. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Toovuz rayonu Düz Cırdaxan kəndində yerləşən ümumi sahəsi 126 m2 olan fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi cavabdeh2 Şəmil oğlunun xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın reyestr nömrəsi 503013155883-10301, qeydiyyat nömrəli 2625005406, qeydiyyat tarixi ##.##.2025 göstərilmişdir. ##.##.2025-ci il tarixdə həmin fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir.

6. AK-*****/**-** nömrəli ##.##.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh2 və “Azəriqaz” İB arasında qaz satışı ilə bağlı razılığa gəlinmişdir.

7. ATS*************** nömrəli müqaviləyə əsasən cavabdeh2 və “xxxx” ASC arasında elektrik enerjisinin satışı ilə bağlı razılığa gəlinmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsi cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən, Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisindən keçən, "Tovuz QPS qaz kəməri qolu" magistral qaz kəmərinin 0.9-ci km-də, qaz kəməri ilə 05 (beş) metr məsafədə, inşa edilmiş yaşayış evinin cavabdehlərin öz vəsaiti hesabına tam sökülərək 50-metrlik mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 manat dövlət rüsumunun, mütəxəssis rəyi üçün ödənilmiş 95 manat vəsaitin cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametiri Dş 219 mm-lik yüksək təzyiqli Tovuz QPS qaz kəməri qolu" magistral qaz kəmərinin 09-cu km-də, qaz kəmərinin mühafizə zonasında, kəmərlə 5 (beç) metr məsafədə yaşayış inşa edilmişdir. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən magistral qaz kəmərinin 50-metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tətəfindən inşa edilmiş tikili yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər.

10. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.A.Hacıyev) iddia təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən ümumi sahəsi 126 m2 olan fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi cavabdeh2 Şəmil oğlunun xüsusi mülkiyyətindədir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi 503013155883-10301, qeydiyyat nömrəlsi 2625005406, qeydiyyat tarixi ##.##.2025 göstərilmişdir. ##.##.2025-ci il tarixdə əmin fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Texniki pasporta əsasən fərdi yaşayış evi 2023-cü il tarixdə inşa edilmişdir.

12. Cavabdehlərin sahibliyində və istifadəsində olan yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və həmin evin Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş özbaşına tikintiyə aid edilməsi üçün əsaslar mövcud deyildir. Hal-hazıra kimi cavabdehlər yaşayış evindən davamlı olaraq təyinatı üzrə istifadə edir. Evin tikintisi zamanı tikinti normalarının və qaydalarının ciddi surətdə pozulması halına dəlalət edən heç bir hal müəyyən edilməmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən daim təhlükə mənbəyi olması, qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsinin partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilməsinə dair iddiaçının dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, bu kimi hadisələrin baş verməsi ehtimal ediləndir. Lakin bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin baş verməsinin qarşısının alınması iddiaçının pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələrin vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməkla sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir.

13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 -cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonasının daxilindədir. Cavabdehlər tərəfindən, “Qaz İxrac” İdarəsinin Qazax Magistral X2 istismarında olan 219 mm diametri yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında 05 metr məsafədə tikili inşa edilmişdir. Həmin tikili magistral qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan Tovuz Rayon Məhkəməsi isə qətnamə çıxararkən qeyd etdiyimiz bu halların heç birini nəzərə almamışdır. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Mübahisəli ərazi insanhəyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, h ə m i n ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İsmayılov Rahid Mahal oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin, bildirdi ki, göstərilən magistral qaz kəmərinin 50-metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tətəfindən inşa edilmiş tikili yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək,bildirdi ki, həmin ev tikilərkən ona qaz kəmərinin yaxınlıqdan keçməsi ilə bağlı heç bir xəbərdarlıq edilməmiş, bundan məlumatı olmamış, tikintiyə heç kim mane olmamışdır. Həmin evə texniki pasport verilmiş, rəsmi sənədlər əsasında işıq, qaz və su xətləri çəkilmişdir. Həmin evdə ailəsi ilə birlikdə yaşayır. Hesab edir ki, iddia tələbi əsassızdır. Yalnız qanunla müəyyən olunmuş məbləğdə kompensasiya veriləcəyi təqdirdə evin sökülməsinə razı olar. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29.İ-IV. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz;

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşdən görünən odur ki, Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən ümumi sahəsi 126 m2 olan fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi cavabdeh2 Şəmil oğlunun xüsusi mülkiyyətindədir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi 503013155883-10301, qeydiyyat nömrəli 2625005406, qeydiyyat tarixi ##.##.2025 göstərilmişdir. ##.##.2025-ci il tarixdə həmin fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir.

28. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi və üzərindəki torpaq sahəsinə cavabdehin mülkiyyət hüquqları Dövlət orqanı tərəfindən tanınmış və bu barədə ##.##.2025-ci il tarixli çıxarış da verilmişdir.

29. Həmin çıxarış iddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədir.

30. Göründüyü kimi, iddiaçı tərəfindən torpaq sahəsi qanunsuz zəbt edilməmiş və orada qanunsuz tikinti aparılmamışdır.

31. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13, 29-cu maddələri).

32. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasın ın * saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.

33. Məhkəmə kollegiyası iddiaçının cavabdeh tərəfindən inşa edilən tikilinin potensial təhlükəli ərazidə yerləşməsi barədə dəlilini əsaslı hesab etmir. Ona görə ki, cavabdeh özbaşına tikii inşa etməmiş, o mübahisəli əmlaka mülkiyyət hüququ əldə etməklə, onu dövlət təminatı altına aldırmışdır. Belə olan halda, tikilinin potensial təhlükəli ərazidə yerləşməsi cavabdehin mülkiyyət hüquqlarının pozulmasına əsas yaratmır.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz Ixrac İdarəsinin nümayəndəsi İsmayılov Rahid Mahal oğlunun apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar