Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-517/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı İsayev Elxan Bayraməli oğlunun iştirakı ilə, İddiaçı İsayev Elxan Bayraməli oğlunun cavabdeh Cavabdeh İskəndər oğluna qarşı ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İskəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi R X4 tərəfindən tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İsgəndər oğlu "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36cı maddəsinin İ bəndinin 3-cü hissəsinin tələblərini pozmuş və Tovuz-Əlimərdanlı avtomobil yolu ilə üzü Tovuz şəhəri istiqamətində idarə etdiyi VAZ 2106 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirərək öz hərəkətdə olduğu asfalt yoldan kənara çıxmış və bu zaman Tovuz-Əlimərdanlı avtomobil yolunun Tovuz rayonu Bozalqanlı kəndi ilə üzü Tovuz şəhəri istiqamətində yolun ehtiyyat hissəsi ilə at arabasına bağlı halda olan inəkləri aparan İsayev Elxan Bayraməli oğluna məxsus olan bir baş dişi cinsli Anqus sortlu inəyini vurmuş, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı at arabasının üzərində olan X1 at arabasından yolun ehtiyyat hissəsinə yığılaraq sağ gicgah nahiyəsinin məməyəbənzər çıxıntı hissəsinin əzilmiş yaradan sonrakı çapığı, sağ dirsək oynağının sıyrığı kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Həmin araşdırma zamanı Cavabdeh İsgəndər oğlu izahatında bildirmişdir ki, onun avtomobil idarə etmək üçün B1, B kateqoriyalı sürücülük vəsiqəsi var və özünə məxsus olan VAZ 2106 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. ## #### 2025-ci il tarixində saat təxminən 21 radələrində Tovuz rayon Bozalqanlı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin mahiyyəti ilə bağlı bildirirmişdir ki, həmin tarixdə o yaşadığı Tovuz rayonu, Əlimərdanlı kəndindən Tovuz rayon avtovağzalına gedirmiş. Həmin zaman onun yanında qonşusu var imiş. O Tovuz Əlimərdanlı avtomobil yolu ilə üzü Tovuz şəhəri istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkət edən zaman yolun üzərində yerləşən körpünü keçdikdən sonra qarşıdan bir avtomobilin gəldiyini görmüşdür. Qarşıdan gələn avtomobil iriqabaritli avtomobil idi, həmin avtomobil gur işıqlarla hərəkət etdiyi üçün həmin avtomobilin işıqları onun gözünə düşmüşdür. Bunun üçün də o qarşısını görə bilməyib. O həmin avtomobili ötüb keçməmiş idarə etdiyi avtomobilin nəyəsə dəydiyini bilmişdir. Bundan sonra o təcili olaraq avtomobildən yerə enib, avtomobildən düşən zaman idarə etdiyi avtomobilin at arabasına və həmin arabaya bağlı halda olan iribuynuzlu dişi cinsli inəyə dəydiyini görmüşdür.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizası Mərkəzindən daxil olmuş ## ###### 2025-ci il tarixli */**** №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2106 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İsgəndər oğlunun hərəkətlərində "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
3. Tovuz rayonu mal bazarından verilmiş arayışa əsasən 4 yaşı “jersey” və “anqus” cinsli inəyin mələzi olan bir baş iribuynuzlu heyvanın dəyəri 5000-7000 manat qiymətləndirilmişdir.
4. Tovuz rayonu Heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin Tovuz rayonu Abulbəyli və Bozalqanlı kəndlərində fərdi baytarlıq xidmətlərini yerinə yetirən fiziki şəxs X2 tərəfindən verilmiş baytarlıq rəyinə əsasən İsayev Elxan Bayraməli oğluna məxsus maldarlıq təsərrüfatında olan 4 yaşlı heyvan ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tələf olmuşdur.
5. ##.##.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı 87 manat məbləğində dövlət rüsumu ödəmişdir
6. Məhkəmə kollegiyasının sorğusu əsasında Tovuz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi R X4 tərəfindən tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əldə edilərək tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir.
7. Məhkəmə kollegiyasının sorğusu əsasında “xxxx” ASC-dən sığorta ödənişi ilə bağlı sənədlər əldə edilərək tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Cavabdeh İskəndərr oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilməsi qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı ilə iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İsayev Elxan Bayraməli oğlu cavabdeh Cavabdeh İskəndər oğluna qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 6700 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 87 manat pul vəsaitinin Cavabdeh İskəndər oğlundan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci ildə özünə məxsus malqaranı Tovuz rayonu Bozalqanlı kəndində yerləşən otlaq sahəsində otardıqdan sonra saat təxminən 20 radələrində otlaq sahəsindən heyvanları çıxarıb yaşadığı evə aparmışdır. Həmin heyvanları at arabasına bağlayaraq yolun kənarı ilə aparmışdır. Tovuz-Əlimərdanlı avtomobil yolu ilə üzü Tovuz şəhəri istiqamətində asfalt yolun kənarı ilə at arabası ilə və at arabasına bağlı halda dörd baş inək ilə hərəkət etmişdir. Asfalt yoldan kənarda əlində fanarla hərəkət etmişdir. Həmin vaxt qohumu X1 da onunla birlikdə olmuşdur. Asfalt yoldan kənarda hərəkət edən zaman qabaqdan gur işıqla bir avtomobilin yüksək sürətlə gəldiyini görmüşdür. Arxadan gələn avtomobil at arabasının sol tərəfinə bağlanmış bir baş dişi Anqus cinsli sarı rəngli inəyini vurmuş və at arabasına dəymişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət etmişdir. Avtomobil vurmuş inəyə baxdıqda isə inəyin qarnının cırıldığını və kürəyi üstə yerə yıxıldığını görmüşdür. Heyvanın çox pis vəziyyətdə və sağalmaz vəziyyətdə olduğunu görərək heyvanı satmaq üçün bir nəfər çağırmışdır. Sonradan cavabdeh heyvanı razılaşaraq 700 manata satıb pulunu da götürmüşdür. Ona məxsus anqus cinsli həmin heyvanın dəyəri 5200 manat təşkil edir. Ümumilikdə ona vurulan zərər 6700 manat təşkil edir. Cavabdeh ona vurulmuş zərərdən heç bir ödəmə etmir. Tovuz RPŞ-yə müraciət etdikdən sonra isə iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunaraq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
11. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İskəndər oğlundan vurulmuş ziyana görə 3600 (üç min altı yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 56 (əlli altı) manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı İsayev Elxan Bayraməli oğluna ödənilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İskəndər oğlunun törətdiyi əməl (yol-nəqliyyat hadisəsi) nəticəsində İsayev Elxan Bayraməli oğluna məxsus inək yaralanmış və ölmüş, iddiaçıya ziyan vurulmuşdur. Cavabdeh İskəndər oğlu tərəfindən törədilən hüquqazidd əməllə İsayev Elxan Bayraməli oğlunun inəyinin ölməsi nəticəsində ona zərər vurulması arasında səbəbli əlaqə vardır. İddiaçının inəyin dəyəri kimi qeyd etdiyi 5200 manat dəyəri məhkəmə ağlabatan hesab etmiş, dəymiş zərərin məbləğini müəyyənləşdirərkən inəyin tələf olmasına görə iddiaçının 1600 manat sığorta ödənişi alması nəzərə almışdır.
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1108-ci, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
14. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İskəndər oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin “apellyasiya şikayəti verən şəxsin tələbi” bəndində qarşılıqlı iddianın rədd olunması və iddianın təmin edilməsi qeyd edilsə də, kollegiya şikayətin məzmunu və işin halları baxımından həmin hissəni texnikixəta kimi qiymətləndirmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin istifadəsində olan VAZ 2106 minik markalı, 40-BN—789 dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün xeyli xərc tələb olunur. Məhkəmə qətnamə çıxararkən ona vurulan ziyanla bağlı qeyd etdiyi maddəyə istinad etməmişdir. Qeyd olunan tələblərinə əsasən iddiaçının heyvanı ona zərər vurmuşdur. Belə olan halda iddiaçı ondan ziyan tələb edə bilməz. Məhkəmə işə baxarkən işi obyektiv və hərtərəfli araşdırmamış, inzibati xətanın kimin tərəfindən törədildiyinə qiymət verməmişdir. Hesab etmişdir ki, məhkəmə qətnamə çıxararkən maddi normalara düzgün istinad etməmişdir. Hazırkı qətnaməni məhkəmə prossesual normaları da pozmaqla çıxarmışdır. Onun məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İnzibati xəta ilə bağlı protokol tərtib olunmuşdur. Elxan iddia ərizəsində inzibati xətaya görə 40 manat cərimə ödədiyini də qeyd etmişdir. Törədilən inzibati xətaya görə Elxan İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuş və təqsirli bilinmişdir. İnzibati xəta ilə bağlı onun əməlində inzibati xəta olmadığından və təqsirlilik iddiaçıda olduğundan o, ona vurulmuş ziyanı ödəməlidir. Elxan İsayev heyvanları asfalt yolla aparmaqla inzibati xəta törətmişdir. Ona məxsus heyvan onun maşınına zərər yetirmişdir. Məhkəmə isə qeyd etdiyi hala qiymət verməmiş, iddianı qismən təmin etmişdir. Halbuki, hadisə günü onun heç bir təqsiri olmamışdır. Ona görə də qətnamə ləğv olunmalı və iddia təmin olunmamalıdır. Məhkəmə işə baxarkən inzibati xətanın iddiaçı tərəfindən törədildiyi araşdırmamışdır.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsayev Elxan Bayraməli oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ##.##.2025-ci tarixində mənə məxsus olan mal-qaranı Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən otlaq sahəsindən heyvanları təxmini 19:00-20:00 radələrində çıxarıb, at arabasına bağlayıb yaşadığı evə aparırdı. Hadisə o zaman baş vermişdir. Heyvanları yolun kənarı ilə aparırdı və əlində fənər var idi. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, yolda heç bir işarə qoyulmamışdır. Yolun kənarı ilə heyvanları aparırdı. Avtomobil yüksək sürət ilə gəlirdi. Hadisə baş verən zaman yanında qohumu da var idi. O xəsarət almışdı. Sığorta onlara ödəniş etmişdir. 700 manat qohumu üçün 1600 manat isə heyvanına görə ödəniş edilmişdir. 6 ədəd iri buynuzlu heyvanı var idi, bir ədəd iri buynuzlu heyvanını vurdu və öldü. Cavabdeh iri buynuzlu heyvanını 700 manata satmış və pulunu özündə saxlamışdır. Cavabdeh Cavabdeh iri buynuzlu heyvanını satmışdır. 700 manat ondadır. Sığorta ona 1600 manat ödəmişdir. Ödəniş kart vasitəsi ilə olmuşdur. İri buynuzlu heyvanının qiyməti daha baha idi. Gündəlik 22-45 litrə süd verirdi.
18. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
30. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
31. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirilsə də, şikayətin dəlilləri və işin hallarında görünür ki, cavabdeh iddia tələbinin təmin edilmiş hissəsindən narazı qalmışdır, ona görə də birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
37. İş materialları ilə müəyyən edilmişdir ki, Tovuz-Əlimərdanlı avtomobil yolu ilə üzü Tovuz şəhəri istiqamətində idarə etdiyi VAZ 2106 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirərək öz hərəkətdə olduğu asfalt yoldan kənara çıxmış və bu zaman Tovuz-Əlimərdanlı avtomobil yolunun Tovuz rayonu Bozalqanlı kəndi ilə üzü Tovuz şəhəri istiqamətində yolun ehtiyyat hissəsi ilə at arabasına bağlı halda olan inəkləri aparan İsayev Elxan Bayraməli oğluna məxsus olan bir baş dişi cinsli Anqus sortlu inəyini vurmuş, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı at arabasının üzərində olan X1 at arabasından yolun ehtiyyat hissəsinə yığılaraq sağ gicgah nahiyəsinin məməyəbənzər çıxıntı hissəsinin əzilmiş yaradan sonrakı çapığı, sağ dirsək oynağının sıyrığı kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. İddiaçı İsayev Elxan Bayraməli oğluna məxsus maldarlıq təsərrüfatında olan 4 yaşlı heyvan həmin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tələf olmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatları və məhkəmə kollegiyasının əldə etdiyi sənədlərlə müəyyən edilmişdir ki, “xxxx” ASC tərəfindən zərərə məruz qalmış heyvanın qiymətləndirilməsinə dair akt tərtib edilmişdir. Həmin aktda iribuynuzlu heyvan (bir ədəd) inək bazar qiyməti 2000 manat müəyyən edilmişdir. Bundan sonra, “xxxx” ASC tərəfindən həmin heyvan üzrə sovtac hissə tətbiq olunmuş, 100 kq 4 manatdan 400 manat qiymət həmin məbləğdən çıxılmışdır. Bazar dəyəri – Sovtac hissə = yekun məbləğ (2000-400=1600) Qeyd olunan həmin zərər məbləği və sığorta ödənişi zərərçəkənin (iddiaçı İsayev Elxan Bayraməli oğlunun) şəxsi hesabına köçürülmüşdür.
39. İddiaçı Elxan İsayev məhkəmə kollegiyasının iclasında 1600 manat sığorta ödənişini almasını etiraf və qəbul etmişdir. “Paşa Bank” ödəniş qəbzindən görünür ki, ##.##.2025-ci il tarixdə qeyd olunan məbləğ iddiaçı Elxan İsayevin hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı Elxan İsayev həmin məbləğ ilə razılaşmış, həmin sığorta ödənişinin miqdarını mübahisələndirməmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı ona dəymiş ziyanın məbləğinin çox olmasını əsas gətirərək, sığorta ödənişindən əlavə pul məbləğinin cavabdehdən tutulmasını tələb etsə də, iddiaçı tələbində haqlı olmamışdır.
41. Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası barədə sığorta aktından görünür ki, sığorta məbləği 5.000 (beş min) manatadək müəyyən edilmişdir. Zərərçəkmişin əmlakına dəyən zərərə görə ona 1600 manat zərər məbləği müəyyən edilmiş və iddiaçı həmin məbləğ ilə razı olaraq, həmin məbləği qəbul etmişdir. Onun hazırda tələf olmuş heyvanın bazar qiymətinin yüksək olmasını səbəb gətirərək cavabdehdən pul tələb etməsi əsassız olmuşdur.
42. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiyas qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxa bilər. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
45. Azərbycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilsə də, düzgün tətbiq edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlməklə, iddia tələbi təmin edilmiş hissədə rədd edilməlidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi:
Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İskəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilmiş hissəsində rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.