Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-56/2026 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(021)-2192/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli icra sənədinə əsasən, borclular İsmayılov Elman Əkbər oğlu və İddiaçı 23090,53 ABŞ dolları əsas, 1003,41 ABŞ Dolları faiz, 46,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 24140,74 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnə ilə Azərbaycan Respublikası manatı və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməli; Tələb cavabdeh İsmayılov Elman Əkbər oğluna məxsus və ipoteka qoyulmuş Kia Optima markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılmalı, avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına cavabdehlər İsmayılov Elman Əkbər oğlu və İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcu ödənilməli, borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti İsmayılov Elman Əkbər oğluna qaytarılmalıdır.
2. Mpay ödəniş terminalı vasitəsilə həyata keçirilmiş kredit borcunun ödənilməsinə dair qəbzlərdən görünür ki, BOA Agency ASC-yə müştəri İsmayılov Elman Əkbər oğlunun 112061- 1-6109 saylı müqavilə üzrə borcundan xx.xx.2025-ci il tarixdə cəmi 17000 manat ödəniş edilmişdir.
3. "xxxx" ASC Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2025ci il tarixli 5213 saylı məktubla borclu İsmayılov Elman Əkbər oğlu haqqında 24140.74 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-yə qaytarılması ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2174/2024 saylı xx.xx.2014-cü il tarixli icra sənədinin borclu ilə qarşılıqlı razılıqla əlaqədar məhkəməyə qaytarılmasını xahiş etmişdir.
4. "xxxx" ASC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla “Bank VTB (Azərbaycan” ASC ilə İsmayılov Elman Əkbər oğlu və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112061-1-6109 saylı ipoteka müqaviləsinə əsasən Kia Optima markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin bankın xeyrinə ipoteka ilə yüklü edildiyini, ipoteka ilə təmin edilmiş 112061-1-6109 nömrəli kredit müqaviləsi üzrə tələb hüququnun müqavilə əsasında “Bank VTB (Azərbaycan)” ASC-dən tam olaraq BOA Agency ASC-yə keçdiyini, müştəri tərəfindən ipoteka ilə təmin edilmiş öhdəliyin tam yerinə yetirildiyini, beləliklə Kia Optima markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad edilməsini və ipoteka qeydiyyatına xitam verilməsini xahiş etmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 manat Bank "xxxx"-yə ödənilən pulun, 141 manat dövlət rüsumunun əvəzi, cəmi 17141 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı Salman oğlu tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh Əmirov X1 Elman Əkbər oğlundan kredit müqaviləsinə əsasən ** VN *** dövlət qeydiyyat nişanlı avtomobili satın almışdır. Aralarında olan razılaşmaya əsasən həmin avtomobilə görə banka olan borcu Cavabdeh ödəməli və sonda avtomobil onun mülkiyyətinə keçməli idi. Həmin kredit müqaviləsi rəsmləşdirilərkən isə onunla zaminlik müqaviləsi bağlanmışdır. Avtomobil satıldıqdan bir müddət sonra isə borclu İsmayılov Elman Əkbər oğlu vəfat etmişdir. Cavabdeh isə həmin kredit üzrə borcdan heç bir ödəniş etmədiyindən Bank "xxxx" ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(011)-2174/2014 saylı qətnaməsinə əsasən həmin kredit müqaviləsi üzrə borclu İsmayılov Elman Əkbər oğlundan və zamin olaraq ondan 23090,53 ABŞ dolları əsas borc, 1003,41 ABŞ dolları faiz borcu, 46,80 ABŞ dollarə cərimə, cəmi 24.140,74 ABŞ dolları borcun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilmişdir. Qeyd edildiyi kimi borclu İsmayılov Elman Əkbər oğlu vəfat etdiyi üçün həmin pul zamin olaraq ondan tələb edilmişdir. Bu müddət ərzində cavabdehdən həmin avtomobil geri tələb etsə də, cavabdeh avtomobili qaytarmaqdan və avtomobilə görə olan krediti ödəməkdən yayınmışdır. Hal-hazırda da avtomobilin harada və kimin istifadəsində olmasından məlumatsızdır. Bakı şəhər Xətai Rayon İcra Şöbəsi qətnamənin icrası məqsədi ilə hazırki iş üzrə onun işlədiyi iş yerinə, yəni - "xxxx" MMCyə məktub göndərərək tələb olunan məbləği və 7 faiz icra ödənişini ondan tələb etmişdir. Bundan sonra o, tələbkar Bank "xxxx" ASC-yə müraciət edərək borclunun vəfat etməsi və bu səbəbdən də borc məbləğinə güzəşt tədbiq edilməsini xahiş etmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(021)-2192/2025 nömrəli qətnaməsi ilə (hakim Ziya Abdullayev) iddianın təmin edilməməsi; İddiaçı tərəfindən ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 386.1, 425.1, 442, 448.1, 1091.1 və 1091.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.4, 88, 217.3, 218.1, və 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, tələbkar Bank "xxxx" ASC-yə müraciət edərək borclunun vəfat etməsi və bu səbəbdən də borc məbləğinə güzəşt tətbiq edilməsini xahiş etmişdir. Tələbkar bundan sonra həmin borca güzəşt tətbiq edərək borc məbləğini 17000 manata endirmişdir. Həmin məbləği ödədikdən sonra reqres qaydasında cavabdehdən tələb etmişdir. Tələb olunan məbləğin onun tərəfindən ödənilməsinə dair qəbzlər mülki işə əlavə olunmuşdur. İş materialları ilə sübut olunur ki, “Kia Optima” markalı avtomobil cavabdehə etibar edilmiş lakin bundan sonra o məcbur qalaraq həmin avtomobilə görə yaranmış borcu ödəmək məcburiyyətində qalmışdır. Qətnamə qəbul edilərkən Mülki Məcəlllənin 1091-ci maddəsinə, yəni əsassız varlanmaya istinad olunmuşdur. Halbuki, cavabdehin əsassız varlandığı qənaətində deyil, onun yerinə məcbur şəkildə ödədiyi 17000 manat pulun reqres qaydasında onun xeyrinə tutulmalı olduğunu iddia etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
14. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
15. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor “Bank VTB (Azərbaycan” ASC ilə borcalan İsmayılov Elman Əkbər oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana kredit borcu verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla cavabdeh İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyindən kreditor borcun tutulması barədə tələblə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən borc məbləğinin borclu və zamindən müştərak qaydada tutulması qət edilmişdir. Qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmişdir. X2 kredit müqaviləsi üzrə 17000 manat borcun onun tərəfindən ödənildiyini, Cavabdeh borclu İsmayılov Elman Əkbər oğlundan kredit müqaviləsinə əsasən ** VN *** dövlət qeydiyyat nişanlı avtomobili satın aldığını və aralarında olan razılaşmaya əsasən həmin avtomobilə görə banka olan borcun Cavabdeh tərəfindən ödənilməli olduğunu, lakin sonuncunun öhdəliyini icra etmədiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
27. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
28. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. İddiaçı borclunun kreditor qarşısında öhdəliyini zaminlik müqaviləsi əsasında icra etdiyi iddiasındadır.
30. İddianın qanuni əsası kimi Mülki Məcəllənin 475.1-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
31. İddiaçı zaminlik müqaviləsi əsasında borclunun kreditor qarşısında öhdəliyini icra etdiyi iddiasında olduğu təqdirdə, borcluya (vəfat etdiyi halda hüquq varislərinə) qarşı ödədiyi vəsaitin əvəzinin reqres qaydasında qaytarılması barədə iddia irəli sürə bilərdi. Ancaq, Cavabdeh iddia edilən öhdəlik münasibəti üzrə borclu olmadığından iddiaçının ona qarşı hazırkı tələbi əsassız olmuşdur.
32. Digər tərəfdən, İddiaçı Cavabdeh borclu İsmayılov Elman Əkbər oğlundan kredit müqaviləsinə əsasən ** VN *** dövlət qeydiyyat nişanlı avtomobili satın aldığını və aralarında olan razılaşmaya əsasən həmin avtomobilə görə banka olan borcun cavabdeh tərəfindən ödənilməli olduğunu iddia etsə də, lakin bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
33. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
36. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
37. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
38. Birinci intansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(021)-2192/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.